Xüsusi
Ağanatiq, Ağəli, Cəfərqulu və Qaqulya
“İrayonnu-bakılı” söhbəti 3 gündür müzakirədən düşmür. Gündəmə haqq qazandıranlar, digərlərini, fikir sahibinin “dərin fəlsəfi” fikirlərini anlamamaqda suçlayanlar da var. İlk belə müzakirələrin getdiyi, Əhməd Ağaoğlunun Bakıdan qovulduğu (haqlı, ya haqsız), “Molla Nəsrəddin”ə qarşı “Zənbur” məcmuəsi təsis olunduğu dövrdən bir əsr yarım ötüb. Bu müddətə milli dövlət qurmuşuq, siyasi etnosa çevrilmişik, amma kimsə hər fürsətbaşı bu söhbəti yeniləməkdən xüsusi zövq almaqda davam edir.
Mən, məzkur şəxsin demək istədiyi, amma deyə bilmədiyi məzmuna qarşı deyiləm. İntəhası, o məzmun başqa formada, başqa kontekstdə, başqa şəxsin dilində səslənməliydi. İllərlə “aerodrom kepka” qoyub ələ saldıqlarını, indi də qalstuk taxıb, ciletlənib təhqir etməkdir qıcıq doğuran. Təhəmmülsüzlüyün səbəbi məzmun deyil, o məzmunu demək istəyən, amma deyə bilməyən şəxsin qərəzli olduğu haqda qənaətin az qala hamı tərəfindən qəbul edilməsidir.
Və ölkədə mədəni deqradasiya getməsini bilməyimiz üçün KVN-çi və breyn-rinqçilərin Sion ya Dao müdriki pozasında füzulluqlarına, şundulluqlarına təhəmmül etməyə məcbur da deyilik.
Hara yuvarlandığımız haqda 1995-ci ildə gənc KVN-çi, ondan daha çox şəhərli olan, ən əsası mədəni elitamız adlanmağa layiq Akif İslamzadəni seçkidə “məğlub” edib “mən heç bir oyunu uduzmuram” deyə qürrələnəndə fikirləşmək lazım idi. Amma onda həyat hələ əlvan görünürdü və perspektivli rusdilli məzhəkəçi öz kapitanın yanında qürurla yer alırdı.
Hara yuvarlandığımız haqda rus tamaşaçısının simpatiyasını qazanmaq üçün azərbaycanlıları bazar adamı kimi təsvir edəndə, Rusiya və Mərkəzi Asiyadakı diaspor nümayəndələrimizin saysız-hesabsız etirazlarına məhəl qoymayanda düşünmək lazım idi.
Deqradasiya eyni şəxslərin həmişə eyni mövzuya taxılıb qalması, 30 il ərzində bir moddan, bir havadan çıxa bilməməsidir.
Deqradasiya bir milli dövlətin istiqlalının 32-ci ilində özünü mədəni, elitar, sosyetik sayanların yeganə fəzilət kimi Puşkini orijinalda oxumağı gözə soxmalarıdır. “Çastuşka”ya, “Qopak”a, “Polka”ya, 7/40-a qol götürüb saza burun sallamaqdır deqradasiya.
Deqradasiya Bayıl, Torqovı və Novxanı bağlarından ibarətmiş kimi təsəvvür etməkdir Azərbaycanı.
Deqradasiya hər dəfə özgə paytaxtlara yolu düşəndə erməni, yəhudi, rus əsilli “bakinets” dostları “Baku” restoranına yığıb Bokanın ifasında “Джан Баку, дом родной, мы живем одной семьей” dinləyib kövrəlməkdir.
Deqradasiya milliliyi onamastika üzərində sayasız əməliyyatlar aparıb “Ərəb”, “ Danil”, “Talış” şəxs adlarını yasaqlamaqdır.
Deqradasiya milliliyi Azərbaycan dilini hansısa dilin ləhcəsi elan etmək, sonradan bunu sübut etmək üçün akademik sürünün orfoqrafiyamızda “y” sünnəti aparmaq cəhdidir.
Deqradasiya ilbaşı sancıları tutanda İslamı aşağılamaq, hindus ayinlərinə bayılanları isə bizə milli elita kimi sırımaqdır.
Deqradasiya, təəssüf ki, assimilə edə bilmədiyimiz yaddilli, yadmədəniyyətli azlığın qudurub başımıza çıxması, qaqulizmi üstün dəyərə çevirməsidir.
“Rayonlular gəldi, rüşvət yayıldı” deyən var idi. İndi bir məhkəmə işini izləyirəm. Atasının 5-10 milyon pul “atması” haqda ittihamlar havada uçusur.
Patriotizm bütün əclafların son sığınacaq yeridir deyirlər. Mübahisələndirmək olar, bəlkə də. Amma məhəlli patriotizm (əyalətçilik) idbarcadır sadəcə; heç zaman şübhəniz olmasın.
Qaqulyanın gah sovetskili Ağanatiq, gah gəncəbasarlı Ağəli, gah da naxçıvanlı Cəfərqulu qiyafəsində zühuruna da aldanmayın. Qaqulya bütün ipostaslarında elə Qaqulyadır. Avatar nə qədər navidirsə, Qaqulya da o qədər azərbaycanlıdır. Yad ruhlu, yad dilli, yad mədəniyyətli. Amma saçı jelelənmiş, üzü ciletlənmiş olduğundan, bir az cazibədar, hətta xarizmatik də görünə bilər.
Cəmaləddin Quliyev
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə5 İyun 18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi






































