Açarı çaya atılan dünya gözəli restorandan REPORTAJ - FOTO
Bizi izləyin

Xüsusi

Açarı çaya atılan dünya gözəli restorandan REPORTAJ - FOTO

Bir ildən çoxdur Budapeştdə yaşamağıma baxmayaraq, o məşhur kafeyə gedib çıxa bilmirdim. Bu gün sizə həmin yer haqqında danışmaq istəyirəm. Bu istək həsrətə çevrilməyə başlamışdı ki, nəhayət Nyu-York kafeni ziyarət etməyə qərar verdim. Ən gözəl donumu geyinib qarşısında uzun növbələr olan kafeyə yollandım. Rezervasiya etməsəm də, inanırdım ki, orda məni gözləyən boş bir masa olacaq. Bəxtim gətirdi, darıxdırıcı növbə yox idi, qapıda isə məni nəcib bir ofisant qarşıladı. Sonra yer göstərib nəzakətlə menyunu təqdim etdi. Qiymətlərin bahalığından xəbərim olduğundan nə sifariş verəcəyimi əvvəlcədən bilirdim. Düzünü desəm, menyudan çox, tarixi abidənin arxitekturası ilə maraqlanırdım. Odur ki, klassik qəhvə ilə çizkeyk sifariş verib gözümü ətrafa zillədim.

Sifarişim hazır olana qədər gəlin bu tarixi yerlə yaxından tanış olaq və bir qədər keçmişə qayıdaq... 1867-ci ildə Avstriya-Macarıstan İmperiyasının qurulmasından sonra çox sürətlə inkişaf edən Budapeştdə qəhvə mədəniyyəti də çiçəklənməyə başlamışdı. “New York Café” o günlərdə açılan 500-dən çox qəhvəxanadan biri idi. Kafe Budapeştin tam mərkəzində, Elizabet bulvarında, 1894-cü ildə Amerika sığorta şirkətinin sifarişi ilə inşa edilmiş Nyu York Sarayının birinci mərtəbəsində yerləşir. Məkan sahibləri dünyanın ən gözəl kafesini tikmək istəyirdilər və görünən odur ki, buna nail olublar. Binanın interyeri, memarlığı və eksteryerini saatlarla təsvir etmək olar, izaholunmaz dərəcədə dəbdəbəlidir.

Macar rəvayətlərinin birində deyilir ki, açılış günü jurnalist Ferens Molnar dostları ilə birlikdə kafenin açarlarını Dunay çayına atıb ki, qapılar bağlanmasın. Təsadüfi deyil ki, Nyu-York Kafesi qeyri-adi memarlığına görə, bu günə qədər dünyanın ən gözəl beş restoranından biri hesab olunur. Onun hündür tavanlarını möhtəşəm freskalar və dəbdəbəli Venesiya çilçıraqları bəzəyir və bu, Macarıstan paytaxtının ən qədim kafelərindən biridir. Əvvəllər bura musiqiçilərin, rəssamların, aktyorların, bütün Avropa ziyalılarının toplaşdığı yer olub. İndi sırf turislər üçün kafe sayılır, lakin əvvəlkindən heç də az əzəmətli deyil, eyni zamanda tarixi statusunu qoruyub saxlamağa davam edir. Ən işlək günlərdə kafe mərmər sütunlarına və interyerin mələklərinə heyran olan 2000-dən çox müştərini qəbul edir.

Dünya müharibələri və Sovet İttifaqının Macarıstanı işğal etməsi kafeyə təsirsiz ötüşmədi, kommunistlər Budapeştin bir çox məşhur qəhvəxanalarını bağladılar. Ona görə də sosializm dövründə kafe idman mağazası kimi fəaliyyət göstərib. 2001-ci ildə “Boscolo Group” binanı lüks otele çevirdi, kafenin isə əvvəlki görünüşünə qaytarılmasına qərar verildi. Xoşbəxtlikdən binanın ilkin planları zirzəmidən tapıldı və 1894-cü ildəki görünüşü bərpa olundu, bütün orijinal çertyojlar yenidən işləndi. Ümumiyyətlə, macar xalqı tarixi köklərinə sıx bağlıdır və bu, özünü memarlıqda xüsusilə büruzə verir. Məsələn, şəhərdə yüzlərlə köhnəlmiş bina var ki, onları söküb yerində hündürmərtəbəli binalar tikmirlər, restavrasiya zamanı pəncərələrin rənginə qədər hər detal ilkin görkəminə qaytarılır.

İndi isə qayıdaq sirafişlərə... Təssüflə qeyd etməliyəm ki, çizkeykin görünüşü uzaqdan iştahaçıcı görünsə də, dadı-duzu yox idi. Qəhvədən də güclü bir tam almadım. Unutmadan onu da deyim ki, hesab ümumulikdə 25 avro tutdu. Ancaq Budapeştdə gəlsəniz, yadda saxlayın ki, qiymətlərin yüksək olmağına baxmayaraq, bu atmosferi hiss etməyə və dəbdəbəli bəzəklər fonunda fotolar çəkdirməyə mütləq dəyər! Bura təkcə bir dilim tort götürüb kofe içmək üçün deyil, həm də insanların şəkil çəkdirmək və keçmişin qoxusunu almaq üçün gəldiyi bir yerdir. Odur ki, missiya tamamlanmalı idi. Yazıda adının çəkilməsini istəməyən həyat yoldaşıma da sonda təşəkkür edirəm, həm şəkillərimi çəkdi, həm də hesabı ödədi.

P.S. Kafedə həftə sonları turist əlindən tərpənmək olmur, odur ki, əvvəlcədən rezervasiya etdirmək və girişdən uzaq bir masa sifariş etmək daha məsləhətlidir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm