Səməd Vurğun kimin adı gələndə papiros yandırırdı?
Bizi izləyin

Köşə

Səməd Vurğun kimin adı gələndə papiros yandırırdı?

Qan Turalı

Qan Turalı

Səməd Vurğun bu günəşli ölkəmizin ən böyük şairidir.

Ən tanınmışı, ən məşhuru, ən şöhrətlisi...

Bu sözlərdə zərrə qədər də mübaliğə yoxdur.

Misal üçün, onun “Vaqif” pyesini əzbərdən bilən minlərlə adam var.

Və əlbəttə ki, bu qədər böyük şöhrətə malik şair miflərdən qaça bilməzdi.

Onun haqqında yalanından gerçəyinə, həqiqətdən uydurmasına qədər yüzlərlə mif yaranmışdı.

Və bu mifyaratma prosesi hələ də davam edir.

Mən özüm də Səməd Vurğunu görmüş insanlardan onunla bağlı nə qədər əhvalat eşitmişəm.

Əlbəttə, bütün bunlar böyük şairə olan sevginin təcəssümü idi.

BDU-da mənə Azərbaycan fəlsəfəsi tarixindən müharizə oxumuş akademik Fuad Qasımzadənin söhbətlərini xatırlayıram.

Fuad müəllimin atası akademik Feyzulla Qasımzadə idi.

Feyzulla müəllim Mikayıl Müşfiq və filosof Heydər Hüseynovla bir sinifdə oxumuşdu.

Fuad müəllimin danışdığı iki əhvalatı burda qeyd etmək istəyirəm.

Nəcəf bəy Vəzirovun yubileyi imiş, bu barədə “Kommunist” qəzetində Feyzulla müəllimin böyük məqaləsi çap ediləcəkmiş.

Gecəyə az qalmış Səməd Vurğun Feyzulla müəllimə zəng vurur, telefonu Fuad müəllim götürür: “Dədən, evdədir?”.

Feyzulla müəllim telefona cavab verir, Səməd Vurğun “Bakinski raboçi” qəzetində də Nəcəf bəy Vəzirovla bağlı məqalə çap olunmalı olduğunu deyir.

Təklif edir ki, elə gecə ilə Akademiyadan tərcüməçilər çağırıb Feyzulla müəllimin məqaləsini rus dilinə tərcümə etdirsin.

(Səməd Vurğun o illərdə Akademiyanın vitse-prezidenti idi)

Feyzulla müəllim isə eyni məqaləni iki dildə çap etdirməyi etik saymır, Səməd Vurğun da onunla razılaşır.

Səməd Vurğun xahiş edir ki, akademik yatmasın, özü rus dilində məqalə yazacaq.

Bir neçə saat sonra Səməd Vurğun o tələsikliklə rus dilındə yazdığı məqaləni Feyzulla müəllimə, XIX əsr ədəbiyyatımızın ən görkəmli tədqiqatçısına oxuyur.

Feyzulla müəllim heyran qalır, çünki hələ heç kim Nəcəf bəy Vəzirov haqda belə sanballı məqalə yazmamışdı.

Başqa bir xatirəni də yazım.

Fuad müəllim danışırdı ki, Moskvadakı “Bakı” restoranında bir gün Moskvada oxuyan Azərbaycanlı tələbələr yeyib-içirlərmiş.

Çox böyük məclis imiş.

Təsadüfən, Səməd Vurğun da restoranın kabinetində rus ədəbiyyatının nəhəngləri - Simonov, Şoloxovla birgə şam edirmiş.

Bir ara Səməd Vurğun kabinetdən çıxır.

Və yuxarıdan azərbaycanlı tələbələrin qurduğu böyük məclisi görür.

Hardan azərbaycanlı olduqlarını anlayır?

Maraqlı sualdı...

Tələbələr içdiyi araqların butulkaları ilə stolun üstündə “Bakı” yazmaq istəyirlərmiş.

İlk iki hərfi yazıblar, qalanı qalıb.

Səməd Vurğun ofisiantı çağırıb tələbələrin hesabını ödəyir.

Bu mənim eşitdiyim əhvalatlardır.

Heç harda yazılmamışdı deyə özüm qeyd elədim.

İndi bu kitabdan yazacam.

“Səməd Vurğun xatirələrdə”. (Xan Nəşriyyatı. Xatirə Ədəbiyyatı. Bakı 2017-2018.)

***

1927-ci ildə Səməd Vurğun “İnqilab və mədəniyyət” jurnalına (İndiki “Azərbaycan” jurnalı-Q.T.) “Hazır ölünüz” adlı şeir göndərir. Jurnalın o vaxtkı ötkəm proletar redaktoru Səməd Vurğunun təxəllüsünü meşşanlıq əlaməti hesab edərək onu Məsrurla ( Sevincək-Q.T.) əvəz edir. Şeir jurnalda bu imza ilə çap edilir. Səməd Vurğun isə bu təxəllüsü heç cürə qəbul etməyərək Vurğun təxəllüsündə təkid edir.

Məmməd Arifin xatirələrindən

***

Belə bir mif var ki, guya Stalin Azərbaycan dilini bilirmiş. Əlbəttə, Stalin inqilabdan qabaq Bakıda yaşamış, burda qeyri-leqal siyasi fəaliyyətlə məşğul olmuş, hətta Bayıl həbsxanasında da yatmışdı. Ola bilsin ki, Stalin Azərbaycan dilində bir neçə söz də bilirmiş. Vaqif Səmədoğlunun yazdığı bu xatirə isə Stalinin dilimizi o qədər dərin bilməyini sübut etməklə yanaşı həm də maraqlı bir hadisəni əbədiləşdirir. Onların arasında Azərbaycan mədəniyyəti dekadasında rus dilində baş vermiş bu söhbəti Vaqif Səmədoğlu belə nəql edir:

- Səməd sənin adındır. Bəs soyadın nədir?

- Vəkilov, yoldaş Stalin.

- Bəs Vurğun nədir?

- Vurğun mənim təxəllüsümdür.

- Vurğun Azərbaycan dilində nə deməkdir?

- Aşiq...

- Kimə aşiq? Qıza?

- Yox, yoldaş Stalin. Vətənə və Sizə aşiq.

***

Səməd Vurğunun qızı Aybəniz on illik musiqi məktəbində təhsil alır. Yeddinci sinifə keçəndə musiqiçi ola bilməyəcəyini hiss edərək, atasından onu adi ümumtəhsil məktəbinə keçirməyi xahiş edir. Səməd Vurğun onu 132 nömrəli məktəbə keçirir. Lakin musiqi məktəbində texniki fənnlər yaxşı keçilmədiyindən Aybəniz texniki dərslərdən axsayır. Onun sinifdə qalmaq təhlükəsi yaranır. Səməv Vurğun məktəbə dəvət edilir. Vəziyyət ona izah edildikdən sonra Səməd Vurğun qızına müəllim tutaraq onun sinifdə qalmağının qabağını alır. Aybəniz xanımın attestatında texniki fənnlərin hamısından “3” qiyməti yazılıb. Qalanını Aybəniz xanımın özündən oxuyaq: “O zaman heç kəs təsəvvürünə gətirə belə bilməzdi ki, Aybəniz Vəkilova adlı şagirdə Səməd Vurğunun qızı olduğuna görə yüksək qiymət yazılsın”.

***

Səməd Vurğunu həyatda ən çox sarsıdan hadisə Mikayıl Müşfiqin güllələnməsi idi. Müşfiqin ölüm xəbəri yayılanda Səməd Vurğun günlərlə özünə gəlmədi. Qardaşının yazdığına görə Səməd Vurğun İstiqlaliyyət küçəsi ilə çox kefsiz halda gedirmiş. Qardaşının qulağına nəyə görəsə rus dilində bu cümləni deyib: “Poqib velikıy talant!” (Böyük istedad öldü. ) Ömrünün axırına qədər bu sarsıntı ilə yaşadı. Hətta bir dəfə şayiə yayılmışdı ki, Müşfiq ölməyib, sağdı, bir müddət sonra Bakıya qayıdacaq. Səməd Vurğun bu barədə şəxsən Mir Cəfər Bağırovdan soruşmuş, Mir Cəfər də ona acıqlanmışdı.

***

Azərbaycan Dövlət Universitetinin binasında keçirilən şeir gecəsində Mikayıl Müşfiq və Səməd Vurğun öz şeirlərini oxuyurmuş. Hər biri şeir oxuduqca zal alqışdan silkələnirmiş. Müşfiq növbəti şeirini oxuduqdan sonra gəlib Səməd Vurğunu qucaqlayaraq deyir: “Eyni zəmanədə ya gərək sən olaydın, ya da mən”. Səməd Vurğun isə belə cavab verir: “İkimizin olması daha yaxşıdır”.

Bir neçə gün sonra Mikayıl Müşfiq həbs edilərək güllələndi.

Mehdixan Vəkilovun xatirələri

***

Əfsanəvi rejissor Ədil İsgəndərov Səməd Vurğunun “Vaqif”ini hazırlayarkən, məşqlərdə şairin özü də iştirak edirdi. Məşqlərin birində rejissor Qacar rolunu oynayan Sidqi Ruhullaya belə bir mizan verir. Qacar əlindəki qılıncı oynada-oynada səhnəyə gəlməlidir. Həm onun zülmkar xarakterini tamaşaçıya çatdırmaq, həm də pauza yaratmamaq üçün Ədil İsgəndərov Səməd Vurğuna dönüb deyir: “Bura nəsə yazarsan”. Səməd Vurğun bədahətən deyir:

“Bir boynu olsaydı bəşəriyyətin

Onu bir qılıncla vurardım yəqin”.

Ədil İsgəndərovun xatirələri

***

Səmədin yatağından kağıza bükülü ülgüc tapmışdılar. (Şair ağrıları ona güc gələndə intihar etmək istəyirdi-Q.T.) Oğlu Vaqif ülgücü görüb qışqırmışdı.

Adelina Adalisin xatirələri

***

Ömrünün son illərində Səməd Vurğun Müşfiqi həyəcansız, hətta göz yaşısız xatırlaya bilmirdi. Onun adı çəkiləndə tutulur, papiros yandırır, uzun-uzadı fikirləşir, təkliyə çəkilirdi.

Adelina Adalisin xatirələri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm