3-cü sort müğənninin cani sevgilisini qaçırmağı haqda pritça
Bizi izləyin

Köşə

3-cü sort müğənninin cani sevgilisini qaçırmağı haqda pritça

Leyla Sarabi

Sən zindana düşəndə, gündəm sənə bürünmüşdü. Əlimdəki ali zümrə müsahibənin qələmini qırıb səni çoxlu qınamışdım.

“3-cü sort bir müğənni cani məşuqunun qaçmağına cığır açıb, bu qəhrəmanlığı səssizcə dəmir otaqda gizlədin, bağırmayın, böyütməyin...”

İki ildə mən səni kult etmədim, təsvirini ikonalara səpmədim, sənətin də gözümdə əsla ucalmadı. Amma qınadığım çəp izlərində ayağım yana-yana gəzdim. Qara daşı tanrı bildim, min caninin canını quru vicdanıma bağışladım.

Təsəvvür edirsən, Yer kürəsinin qurtuluş günü münasibətilə ən ağır ranqlı məhbusa amnistiya haqqı qazandım. Onu fəzaya yollayıb, özüm caniyə döndüm.

Sən zindanda azadlığına addım-addım yanaşanda, bir filmə baxdım. Küçələrdə böyüyən veyil qız sevgisini şeytanın ürəyində tapır. Hamı cüssəli vücudundan, dünyaya dur deyən baxışından, qüsursuzun qüsurlu qaldığı simasından meyxoş ikən, dərisindən qopmuş qanlı üzünü, bəbəklərindən qan daman gözlərini ancaq o qız görür. Gördüyünə köks ötürür, qorxusundan baxışları göynəyir, amma irin axan caynaqların sığalından savayı doğma tapmır ögey təbiətdə.

Şeytan şərindən qalxa bilmir, küçə qızı bərbad sevgisindən evinin yolunu unudub, onun yatağına uzanır. Çölün ətrin unudub kölə olur üfunətə. Ömür boyu can atdığın sevgiyə qovuşmaq bu qədər tragik olmamalıdır axı... Amma yenə nəfəsi borunun paslanmış nöqtəsində tıxanıb qalır.

Bir gün oyanır ki, şeytanın yerində qanlı yataq qalıb. Qapını açıb günəşə bürünməyin cəmi bir addımlığında donub qalır: “Cənnətimə addım atmaq istəmirəmsə? Elə bu üfunətin qoxusunu üstümə örtüb çürümək daha rahatdırsa?”

Günəşə toxunmaq ömrünün yarısını alır, amma sonda anlayır ki, ruhun tökdüklərini bədən yığıb-yığışdırır.

Dəmir zindanlara qapanmasam da, içimdəki ədalətim tabutumun hasarına hər gün bir daş hörür. Bacarsan keç günahımdan, mən səni çox daşlamışam. Gecələri göyərmiş bədəninin sancısına oyanıram. Artıq mənim üçün zindan başı üstə qarğa inildəyən tikanlı dəmirlərlə bəzədilmiş yeni il şamına bənzəmir. Anasını görmək üçün növbəyə duran bildirçin yumurtası boyda yetim ovucların içini kəsən qutu-qutu sovqatlar da deyil.

Bu divarlarda bildiyin adi çörək də daşa bənzəyir, qadın. İştah boğur. Bir yandan da önünə qoyulan sınıq qabdakı acı şorbanın dadı gün-gün, ay-ay daha xoş gəlir. İçindəki daş qırıqlarını pambıq kimi əzib udursan. Yediyin acıların yanında daş da utanıb mədənin divarına qısılır. Yaş artdıqca, həzm sistemin pozulur, artıq acıdan əziyyət çəkirsən. Hər səhər 1 boşqab şirin yalan, günortaya üstünə bol təsəlli sıxılmış duyğusuzluq pəhrizi bədəninə düşmür. Gecə dönür-dolaşır, yeməyə dünya boyda dərd axtarırsan, qocaldıqca içində çuval-çuval şeytan adda ah cücərdirsən.

Hər nə isə, təbrik edirəm, azadsan.

Bir də özünü şeytan eşqi uğruna ulduzsuz səmalara fəda etmə. Çünki, şeytanın məğlubiyyəti ən acı mütləqdir. O ya ölür, ya da ölür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm