Ali təfəkkürümüzün klimaks sancısı Cem Yılmaz
Bizi izləyin

Köşə

Ali təfəkkürümüzün klimaks sancısı Cem Yılmaz

Leyla Sarabi

Günlərin bir günü Rafaelin “Sikstin maddonası”nı Moskvaya gətirirlər. Mədəniyyət Nazirliyi dahi rəssamın adına layiq dəbdəbəli sarayda sərgi təşkil edir. Moskva elitasının çoxu Madonnanın müqəddəs energetikasından zərrə udmadan başlarını bulayaraq zalı tərk edirlər.

- Yox belə gözləmirdik.

- Haqqında gəzən tanrı gücünü əks etdirmədi.

- Sehrə bürünmüş Madonna bu qədər bəsit ola bilməz axı...

Sovet kinosunun "ikinci plan" kraliçası Faina Ranevskaya psevdointelligentlərin söhbətini balla kəsir: Bu zavallı Dama qərinələrdir, insanların zövqünə, həzzinə xidmət edib. İndi də icazə verin, kimin xoşuna gəlib-gəlməyəcəyinə özü qərar versin.

Yox, mən tanrını Rafaelə, Madonnanı Cemə, özümü isə Fainaya tay tutmuram. Hətta Yılmazın konsertindən sonra cahilliyimi də xurcunuma yığıb Viktorian ledi və centilmenlərindən uzaq diyarlarda dərvişlik etməyə qərar vermişəm.

Bilirsiniz də, viktorianlılar hər şeydən öncə cəmiyyətdəki qüsursuz nüfuzlarına, ali zövqlərinə toz qondurmurdular. Üstəlik başqa millətlərə qız verib, qız almırdılar ki, biznes sinif qan plazmalarına ekonom klass atomları yapışmasın. Eynən xalqımız kimi...

Ledis və centlmens, sizdən ayrılmışkən, izninizlə qədim Elladaya dönüm.

Kinizmlə epiküreizmdən doğan poeziyanın vətəninə...

Filosof əlindən iynə atsan yerə düşməyən antik Yunan elində Epikür adlı fikir adamı yaşayırdı. Epikürün düşüncələri fiziki ağrını, ölüm və tanrı xofunu rədd edir, sadəcə mövcud məqamdan zövq almağı önə çəkirdi. Kiniklər isə öz növbələrində "it" kimi azad, sədaqətli, riyasız yaşamın iyi ilə addımlayırdılar. Onlar üçün sosial siniflər, zümrələr ən azı tanrılar qədər əhəmiyyətsiz idi. Məsələn kinizmin atası Diogen sahildə it kimi xumarlanarkən, ən böyük Fanatı, planetin fatehi Makedoniyalı İsgəndərin kölgəsi üzünə düşür. Makedoniyalının "dilə məndən nə istəyirsən" təklifinə "günəşin önünü tutursan, kənara çəkil" deyir. Yəqin Diogen müasirimiz olsaydı, zəmanəmizin ən uğurlu standapçısı sayılardı. Ya da siyasi məhbus kimi Avropaya qaçıb yutub kanalı açardı.

Əlqərəz bu iki fəlsəfənin sevişməsindən pareziya doğulur.

Pareziastlar dövrün, cəmiyyətin, hakim sistemin eybəcərliyini, əlilliyini tam səmimicə, cəsurca, çılpaq yumor, bəzən acı ironiya ilə teatr səhnəsində dilə gətirərdilər. Onlar xalqın düşüncə zindanının sözükeçən avtoritetləri sayılırdı deyə hökmdarlar da hakim vəziyyətə əl bulamağa ehtiyat edirdilər. Yeri gələndə tanrıları söyür, bəzən əxlaqın pərdələrini yırtır, ən sonda isə şirin yumorla xalqın başına sığal çəkərdilər. Bir çox filosoflar, o cümlədən Platon pareziastların cərgəsinə qoşulmaqdan nəinki qorxar, hətta xalqı cəfəngiyatla hipnoz etdiklərinə görə suçlayardılar.

Bəli, bu gün pareziastların törəmələri stəndapçılardır. Stəndapçının vəzifəsi cəmiyyətin yumor zövqünü formalaşdırmaqdan ibarət deyil, eybəcərliyinin libasını cırıb öz əynində kütləyə nümayiş etdirməkdir. Cem Yılmazlar kimlərinsə hələ oturuşmayan satira molekullarını zehninə süni mayalamaq məcburiyyətində deyil. Çıxışında sancılandığımız məqamlar isə ali mədəni təfəkkürümüzün klimaksının qəfil zəngidir.

Mənə görə, mənim fikrimcə, mənim kapasitem çərçivəsində yetərincə dünyagörüşlü saydığım türk komiki sovet aktyorları ilə müqayisə etmək Pirayedən Axmatova şeirləri gözləməkdir. Çünki pareziastların qələmi dövrün, zamanın, hakimiyyətin, mühitin mürəkkəbi ilə yazır.

Rus mühitindən agah deyilsinizsə, dili mükəmməl bilsəniz də Urqantın, Volyanın zarafatları qulağınızda daşlaşıb qalacaq.

Cemdən gözləntiniz nədir? Kant fizikasının nəzəriyyəsini açmalı idi? Yoxsa transhumanizmin cizgiləri haqda danışacaqdı? İntellekt qıtlığınızı İlon Maskın futuro nağılları ilə doyura biləcək məqama yetişmisinizsə, o zaman Cemi niyə müzakirə edirsiniz?

Onunla eyni gündə SSRİ xalq artisti, əfsanə qadın İrina Muravyova da şəhərimizə qonaq gəlmişdi. Onunla eyni vaxta Madam Muravyova teatr səhnəsinə çıxacaqdı. Axı bu nəhənglikdə dilemmanız varkən, niyə saqqızınızı Cemin kürəyinə yapışdırırsınız?

Məncə, mənim zənnimcə, mənim kapasitem çərçivəsində Cem A-dan Z-yə qədər İQ-lü adamdır. Və mənim ağlayaraq düşündüklərimi o gülərək deyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm