Xəyallarımı ayaqlarına sərirəm, ölü şəhərim!
Bizi izləyin

Köşə

Xəyallarımı ayaqlarına sərirəm, ölü şəhərim!

Leyla Sarabi

Girovluqdan qurtulan Cəbrayıl üçün...

İnsanın öncəlikləri, vacibatları zamanın tələskən ətalətinə tabedir. Nə yaxşı ki, köhnələr ölür, yenilər cücərir. Duyğularımız da ilan kimi qabıq dəyişir. İncikliyimizi mis qazana doldurub, səbəbkarların süfrəsinə qonaq olmağa can atmırıq. 1 il, 10 il bəlkə də eramızdan əvvəlin, ömrümüzdən sonraya düyünləndiyi həmin o göz qırpımı, nifrətin altında çürüyən torpağı bətnimizdən qopan körpə canların istisi ilə dirildirik. Qanını əsir şəhərlərin damarına axıdıb, özləri buza döndükcə, hərəsindən bir Çinar doğulur sapsarı, qupquru torpaqlarda.

Hələ dünən qürbətimə dönüb, qərbin soyuğundan üşüməyi, səmasındakı günəşlə gizlənparç oynamağı seçərdim. Amma bu gün xəyallarımı ayaqlarına sərirəm, Ölü şəhərim! Nəfəsimlə ciyərini isitməyə gəlmişəm. Ən ucqar kəndində ferma qura bilərəm məsələn. Xəyal et ki, üzü dağlara baxan kərpic evim, futbol sahəsi həyətim, çoxlu quzularım, atım, itim, pişiyim olacaq. Hər səhər darçınlı südün ətri burnuma sürünəcək. Ocaqda nehrə yağı ilə qayğanaq bişirəcəm. Sonra qatıq, sonra kəsmik, sonra pendir, sonra qaymaq olub, bala qarışacam. Evin sağ küncündə ötən əsrdən yadigar qalmış nənə közərən təndirə çörək yapacaq.

Mən ən çox nanə əkəcəm... bir də qovun... Bəlkə tərxunu da calaq etməyi öyrənərəm. Təki sən həvəsimi ürəyimdə qoyma. Hərdən şəffaf havan bədənimi haldan salacaq. Ən çox kabab istəyəcəm. Qaçıb, quzularımı qucaqlayacam. Doyub, evə qayıdacam. Toyuqlarımın, ördəklərimin cücələrini öpəcəm.

Ancaq öz dilimdə danışacam. Yəqin onda Vaqif Səmədoğlunu da bu ehtirasla sevməyəcəm... Svetayeva adiləşəcək gözümdə. Yerinə nərgizlərim çiçəkləyəcək, 1 nüsxəlik kitabıma hər gün bir-iki cümlə düzəcəm.

Sonra... Hər sevdiyimə bir günümü həsr edəcəm. Ancaq onun üçün qaynayacaq qazanım, kərpic qutum vərəq-vərəq xatirələrə bürünəcək. Atamın çəkdiyi şəraba qonaq edəcəm onu. İnan, səni ən çox sevdiklərimlə tanış edəcəm, təsadüfən tale yolumda tıxac yaradanlarla ürəyini yormayacam.

Çinarların da böyüyüb, buludlara əl yelləyəcək bir gün. Qışda onların saçına dən düşən kimi, odunları yana-yana kövrələn sobanın üstündə bişən heyvaların ətrini çəkəcəyik içimizə. Qapımı, pəncərələrimi taybatay açacam üzünə. İndiyədək həsrət qaldığın bütün ətirlərin adını, meyvələrin dadını körpəm kimi yenidən alışdıracam canına. Təki sən həvəsimi ürəyimdə qoyma, yarımcan Şəhərim.

Fotolar: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm