Köşə
Mənim sınmış parçalarım sənin cibindədir
Leyla Sarabi
Küsməyə bəhanələr axtarmaq münasibəti çürük hüceyrələrindən diriltməkdir. Kimsənin haqqını çeynəmədən, yormadan, yorulmadan, son yarpaqlar qopub ayağının altında xıncımlanmadan oyuncaqlarınla həmyaş qalırsan.
Gerçək budur ki, infeksiyalar bədəninə darışmadan, əlin-ayağın yeni xəstəliklərə məzar olmadan, bir tərəfin iflic gəzirsən. Məncə, bu dünyanın möcüzəsidir övlad. Yox, fizioloji prosesləri, nəsil artırma instinktini, insan bədəninin anatomik quruluşunu nəzərdə tutmuram. Bizdən doğulan hər yeni can zaman maşınının qucağımıza qoyduğu yaralarımızdır.
Və bu möcüzənin fərqində olan mən övladımı özümə yox, yaşamağa vaxtım, imkanım, nəfəsim çatmayan ali kimsələrə bənzətməyə çalışıram. Anam məni soyuqdan qoruduğu dərəcədə oğluma sərt iqlimi sevdirirəm. Bəlkə də doğulduğu ölkənin havası da üzünə buz üfürüb, bilmirəm, amma mən onu mühitə uyğun ayağıyalın, saçı küləyin əlində böyütmüşəm.
Bəlkə indiki ağlımı o vaxta yamaq etsəydim, vaksinlərdən də yan gəzərdim. Mən oğlumun qızdırma ilə davasına da, baxçadan udub gətirdiyi fransız viruslarına da tolerant yanaşmışam. Bədəni qaynamadan dərmanını, acmadan yeməyini mədəsinə doldurmamışam. Gedə bilmədiyim dərnəklərin, məhrum olduğum hüquqların qapısını açmışam üzünə.
Qorxularımı onunla kiçiltməyə, əzib üstündən keçməyə çalışıram bu yaşımda. Əsas mübarizəm onun cəmiyyətin yaş travmasını ağıl meyarına dəyişməsidir. Yox, mənim balam, bəzilərindən insan olmur, beli bükülüb qəbrinə boylansa da...
Bəziləri müəllim olmur, "30 ilin pedaqoquyam" deyib qürrələnsə də... Bəziləri həkim olmur, ölüm xəbərini məzar daşına verirmiş kimi rahatca üzünə zillənsə də...
Bəziləri sevgi doğmur, ciyəri qupquru nəfəs məşqindən ziyadə işə yaramır. Sən mənə bənzəyib hamının pas tutmuş açarını itiləməyə can atma. Sən ölmüş ürəkləri morqdan çıxarıb həyat verməyə tələsmə. Bu canfəşanlıq müddətində özünü unudacaqsan. Ömrünün mürəkkəbinə bulaşıb, canını cəfa etdiklərin enerjini sümürüb diriləcək.
Amma inan mənə, günəş olub yeri göyü isitməyəcək. Səni yenidən cücərtməyəcək. Sən ayından, ilindən öz savaşına cığır aç. Özünü ən çox özünə xərclə, ən yaxşı özünü tanımağa çalış, öz dərdlərinə şərik olmağı öyrən, içindəki fəsillərin ardıcıllığını qur. Qoy, yay payızı gözləməsin, istəsən, bir gününə 4 fəsil sığdır, amma gecə gələndə, başını yastığa yük edəcək qədər divarlarını didib qanatma.
Özünə verə bilmədiyin sevgini, aça bilmədiyin süfrəni, aşiq ola bilmədiyin yönünü, təmizləyəməyəcəyin tör-töküntünü başqasının çiyninə yük etmə. Doğru istiqamət göbək bağının mənə uzanan yolu deyil.
Bəzən it hürən, bəzən də işıq gələn tərəfdir. Sən hər ikisi ilə addımlamağa çalış. Yanlışlarının qurbanı deyilsən. Vicdanından qaçıb gizlənmə. Amma başqasının səhvləri altında da özünü əzmə. Mənim ömür boyu axtardığım sınmış parçalarım sənin cibindədir. Heç kimdən sevgi dilənmə.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO