Köşə
Növbə terroru
Soyuq yataqda isti yorğan qucağı kimi ocağını tap içində. Səndən qeyri heç kimin ayaq basmayacağı, damını dağıtmayacağı, şüşələrini çilikləməyəcəyi, divarları özün olan kərpic otaq, 5 addımlıq da bağçan varsa, əbədisən.
Eşqini itirəndə otaqdakı dolabların arasından tapasan.
Yağış yağsa, pəncərədən boylanıb kirdən, pasdan yuyasan, səni tanrıya bağlayan pıtraqlaşmış tellərini.
Ürəyin buzlayanda bağçana düşən günəşin altında isidəsən, qaynatmadan!
Bu günədək oxuduğun ən sən şeiri dinlə əllərindən.
Nəfsini doyurmaqçün insan bişir, lap daş qovur özünə. Axırda da qus, təmizlə, sənə məhrəm “mən” adlı orqanını.
Boynumu kaktus kimi dalayan xırıltılı nəfəs evimin kərpiclərini yağışda yuduğum başıma tökür.
- Qızım, qazın üstə yemək qoymuşam. Qoy, mən keçim.
Bağçamdakı günəşimin altında əriyən dilimi soyumağa aman vermədən, saçına soğança hopan xala aldıqlarını kassadakı biçarənin əllərinə geyindirir. Barmağımda misram susur.
Olmaz, ay xala. Qazandakı yeməyin kül olsa da, südün daşıb evinə dağılsa da başqasının sərhədini tapdamaq olmaz. Axı bunu sovet adlı daş divarların arxasında böyüyən sən, məndən yaxşı bilməlisən.
Viran qalmış evim bir yana, sən mənim növbəmə də çağırılmamış qonaq olursan.
Bəlkə mən Fransadan danışanda çoxunuz qıcıqlanırsınız. Amma qızıl gördüklərimi pasa dəyişə bilmirəm. Fransada həftənin iki günü küçə bazarları qurulur. Fermerlər də becərdiklərini gətirib satırlar. Sizə fermer deyirəm. Piştaxtasındakı yerkökünü zər kimi əzizləyən saraydan çıxmışlar klanı...
Gəlin, elə xəyal edək ki, Avropa həqiqətən ən zərərli vərdişlərin məskənidir. Amma ünsiyyət mədəniyyəti, danışıq nəzakətini təcili onlardan oğurlamaq zəruridr. O küçə bazarlarındakı səliqəni paytaxtımızın mərkəzindəki hipermarketlərdə qorunmayan növbəni faizi bahasına kreditə götürmək lazımdır. Aram-aram ödəyərik. O müddətdə önümüzdəki növbə gözləyənin də bizim kimi damarında qan, saatında zaman axdığını öyrənərik.
Məmləkətimin növbə terrorunun qurbanlarındanam mən. Axı 10 dənə kartof (firəngcə yer alması) almağa gəlmişəm, əzizim fransız. Özümü niyə sonuncu ayfon növbəsinə duran bankir qızı kimi hiss etdirirsən mənə? Qüsursuz səbrindən bir damcı mənim də ovcuma sıxsan...
Davamlı növbə savaşlarımdan ağzıqanlı çıxmaqdan yorulmuşam, əziz millətim. Təklif edirəm, lap elə firənglərdə olduğu kimi hipermeqasuper marketlərdə “asan kassalar”ın sayı çoxalsın. Ocaqda südü daşan, dolması yanan, bir çörəyin bəlasına düşüb quyruğun ucundan yapışan, xərçəngin şərlədiyi bir qutu siqareti alıb çəkmək üçün ciyərləri göynəyənlərin də arzuları gözlərində qalmasın. Ən vacibi, səbrimin qabığı soyulmasın. Nəsimi eşqinə, canımı bədəndən ayırmayın!
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)



















