İlham Əliyevin Türk Şurası üçün iqtisadi “yol xəritəsi”
Bizi izləyin

Nida Təhlil

İlham Əliyevin Türk Şurası üçün iqtisadi “yol xəritəsi”

Bu günlərdə paytaxt Bakıda olduqca mühüm siyasi hadisələr bir-birini əvəzlədi. Xüsusilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü əhəmiyyətli hadisə kimi tarixə düşdü. Artıq Türk Şurasına bir təşkilat olaraq həm türk dövlətlərinin, həm də bütövlükdə dünyanın diqqəti artmaqdadır.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı oktyabrın 14-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ ) VII Zirvə Görüşünü şərh edərkən deyib. O, TDƏŞ-in 10 illik yubileyinə təsadüf edən 7-ci Zirvə Görüşünün məhz Azərbaycanda keçirilməsinin təsadüfü olmadığını bildirib:

“Prezident öz çıxışında 10 il bundan öncə qurumun Naxçıvanda yaradılmasının rəmzi məna daşıdğını bildirdi. Hesab edirəm ki, 10 illik yubileyinə təsadüf edən 7-ci Zirvə Görüşünün Bakıda keçirilməsi də xüsusi məna daşıyır. Belə ki, Türk Şurasına sədrlik Azərbaycana keçdi və belə demək mümkündürsə, yeni dönəmə start verildi”.

A.Camalqızı qeyd edib ki, Azərbaycanın sədrliyi ilə Türk Şurasının yeni hədəflərini Prezident İlham Əliyev öz çıxışında ümumiləşdirdi:

“TŞ-nin bundan sonrakı fəaliyyət istiqamətləri Prezident İlham Əliyev tərəfindən dəqiqliklə ifadə olundu. Başqa sözlə desək, Azərbaycan Prezidentinin TŞ-nin Yedinci Zirvə Görüşündəki çıxışı bundan sonra görüləcək işlərlə bağlı əsl “Yol xəritəsi”dir”.

A.Camalqızı Prezident İlham Əliyevin Zirvədəki çıxışında toxunduğu bir sıra vacib məsələlərə diqqət çəkib:

“Prezident Azərbaycanın işğal altında olan ərazilərini, Qarabağ problemini bir daha diqqətə çatdırdı və türk dövlətlərinin hər birinin ərazi bütövlüyünün Türk Şurasının prioritetinə çevrilməsinin vacibliyinə diqqət çəkdi. Prezident bunun həm də coğrafi mənzərəsini cızdı. Azərbaycanın ərazi bütövlüyünün pozulması, - xüsusilə Zəngəzurun Ermənistana ilhaq edilməsi kontekstində, - türk ölkələrinin coğrafi baxımdan parçalanması planı olduğu Prezidentin nitqində aydın şəkildə göstərildi. Başqa sözlə, Azərbaycanın üzləşdiyi təzyiqlərin səbəbinin əslində türk dünyasına düşünülən zərbələrin tərkib hissəsi olduğu diqqətə çatdırıldı”.

Politoloq Türk Şurasının Avropaya inteqrasiyası ilə bağlı səsləndirilən fikirlərdən də danışıb:

“Prezident İlham Əliyev söylədi ki, TŞ-nin Avropaya inteqrasiyası bizim üçün prioritet bir məsələ olmalıdır. Biz digər prezidentlərin də çıxışlarında bu nüanslara diqqət verildiyini gördük. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Türk Şurasının BMT, ATƏT və NATO kimi strukturlarda təmsil olunmasının vacibliyini qeyd etdi. Bundan əlavə, Macarıstan Baş naziri Orbanın Avropa Birliyində TŞ-nin təmsilçiliyi bağlı çıxışı maraqlı idi. Məsələnin müsbət tərəfi ondan ibarətdir ki, artıq Macarıstanda Türk Şurasının nümayəndəliyi açılıb və bu da TŞ-nin başda AB olmaqla, Avropa təşkilatlarına inteqrasiyası üçün geniş imkanların açılması deməkdir”.

A.Camalqızı türk dövlətlərinin iqtisadi, mədəni və digər sahələrdə atdığı addımların gələcəkdə bu ölkələr arasında siyasi əməkdaşlığın bazasına çevrilə biləcəyini deyib:

“Biz İlham Əliyevin cızdığı “Yol xəritəsi”ndə müşahidə etdik ki, Prezident qurumun gələcəkdə siyasi birliyə çevrilmə perspektivinə doğru aydın, uzaqgörən, düşünülmüş konsepsiya ilə çıxış edir. Yəni Prezident hər şeydən öncə, ticari-iqtisadi və kommunikativ inteqrasiyanın inkişafı modelini ortaya qoydu.

Prezident Azərbaycanın iqtisadi baxımdan potensial imkanlarını, ölkə iqtisadiyyatına 270 milyard dollardan artıq sərmayə qoyulduğunu xüsusi şəkildə məhz buna görə qeyd etdi. Ölkə başçısı Azərbaycanın qədim İpək Yolunun üzərində yerləşdiyini və 2017-ci ildə istifadəyə verilən Bakı-Tiflis-Qars beynəlxalq dəmir yolunun məhz ölkəmizin İpək Yolunun bərpasına töhfəsi kimi vurğuladı. Bakı Beynəlxalq Dəniz Limanının gücünü xüsusi qeyd elədi, turizmin inkişafının əhəmiyyətindən danışdı. Dövlət başçısı bütün bunlarla Azərbaycanın bu ticari-iqtisadi əlaqələri gücləndirmək, gələcəkdə türk dövlətlərinin bir-biri ilə ticarət dövriyyəsini maksimuma çatdırmaq, enerji, nəqliyyat xətlərini birləşdirmək, yəni birlikdə qlobal iqtisadi fakta çevrilmək yolunda iqtisadi-coğrafi-logistik imkanlara sahib olduğunu göstərdi. Bu, Prezidentimiz tərəfindən strateji hədəflərə doğru getmək üçün təklif edilən plandır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm