75 illik qələbə, yaxud Ermənistan faşizmi qəhrəmanlaşdırmağa davam edir - FAKTLAR
Bizi izləyin

Nida Təhlil

75 illik qələbə, yaxud Ermənistan faşizmi qəhrəmanlaşdırmağa davam edir - FAKTLAR

Bu gün faşizm üzərində qələbənin 75-ci ildönümüdür. 75 il öncə qazanılan qələbədə cəbhədə döyüşən 600 min azərbaycanlının, sovet ordusunun hərbi texnikasına can verən Bakı neftinin və arxa cəbhədə gecə-gündüz çalışan Azərbaycan xalqının payı böyükdür. Və bu gün Azərbaycan faşizm üzərində qələbəni bayram edir.

Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra faşizm üzərində qələbə bayram kimi təqvimdən çıxarılmışdı, halbuki, bu qələbədə azərbaycanlıların qanı və əməyi həkk olunub. Ümumilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra təqvimdə 9 may Qələbə Günü olaraq yerini aldı.

Heydər Əliyev deyirdi: “Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən, 1991, 1992, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs, bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də ordan-burdan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz”.

Tarixin təhrif edilməsi bağışlanmaz haldır və Heydər Əliyev bu yanlışın qarşısını aldı. 1993-cü ildən etibarən hər il 9 may Qələbə Günü olaraq qeyd olunur və II Dünya müharibəsi veteranları dövlətin qayğısı ilə əhatə olunub.

TASS-a müsahibəsində həmin dövrü xatırladan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan İkinci Dünya müharibəsində qələbəyə sanballı töhfə verib: “Azərbaycan xalqı xidmətləri layiqincə qiymətləndirilən 123 Sovet İttifaqı Qəhrəmanı ilə fəxr edir”.

Dövlət başçısı qeyd edib ki, hər il olduğu kimi bu il də veteranlar mükafatlandırılacaq.

“Hər il veteranlar üçün mükafatlar ayrılır, onların problemləri həll olunur. 2020-ci ildə mükafatın məbləği 1500 manat olacaq”, - Prezident açıqlayıb.

Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Heydər Əliyev Azərbaycanda Böyük Vətən müharibəsi haqda tarixin təhrif olunmasının qarşısını aldı. İndi Prezident İlham Əliyev tarixi təhrif edən, faşizmi və faşist canilərini qəhrəmanlaşdıran ölkələrin olduğunu, buna qarşı birgə mübarizə aparmağın vacibliyini vurğulayır.

Azərbaycan tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. İkinci Dünya müharibəsində Qələbədə Sovet İttifaqının rolunu azaltmaq və faşizmi qəhrəmanlaşdırmaq üçün əlaqələndirilmiş səylər göstərilir. Bəzi ölkələrdə baş verənlər, İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır. Bu meyillər pislənməli, bu cəhdlərə son qoyulmalı və dünya liderləri bu barədə daha açıq danışmalıdırlar”, - TASS-a müsahibəsində Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı müsahibəsində Ermənistanın nasistlərə işləyən Qaregin Njdenin timsalında faşizmi qəhrəmanlaşdırdığını da yenidən gündəmə gətirdi və diqqətə çatdırdı ki, hər bir ölkə bu məsələyə öz münasibətini selektivlik, siyasi korrektlik mülahizələrinə görə deyil, birbaşa və açıq şəkildə bildirməlidir.

Qələbənin 75 illiyinin qeyd olunduğu günlərdə belə Ermənistan Njdenin qəhrəmanlaşdırılmasına davam edir. Bu cəhdlər xüsusilə erməni mediası və rəsmi dairələri tərəfindən Njdenin “təmizə çıxarılması” fonunda müşahidə olunur.

Keçmiş daşnak, Njde ləqəbli Qaregin Ter-Arutyunyan Üçüncü Reyxin əsas adamlarından olub və Nasistlər tərəfindən yaradılan Cəza legionlarından birinə rəhbərlik edib. 1942-ci ildə ermənilərdən ibarət yaratdığı cəza legionu ilə Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törədib. Tarixi məlumatlara görə, bu legion təkcə Krımda 20 min insanı məhv edib. Rusiya Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. 1948-ci ildə Njde hərbi cinayətkar qismində həbs edilərək, 25 il həbs cəzası alıb və 1957-ci ildə Vladimir həbsxanasında ölüb.

Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Njdenin əsas şüarı belə idi. Onun davamçılarının Xocalıda nasistlərin soyqırımı üslubunu daha da inkişaf etdirərək, bəşəri cinayət törətməsi təsadüfi deyildi.

Njde istintaqa ifadəsində deyirdi: “Mən Berlində erməni komitəsində işləyəndə bütün diversantlar alman forması ilə təchiz olundu və Krıma göndərildik. Orada Simena kəndində yerləşdik. Krımda bu qrup 4-cü alayın ətrafında idilər. Krım da diversiya məktəbinin bütün üzvləri təxribatlar törətmək məqsədilə Sovet Ermənistanbına göndərilmək üçün hazır vəziyyətdə gözləyirdilər”.

Q.Njdenin rəhbərlik etdiyi “erməni legionerləri” Almaniyada 8 ay ərzində hərbi təlimlər keçmiş və Ermənistanda Vermaxt hakimiyyəti qurmaq üçün hazırlanmışdı.

2016-cı ildə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın iştirakı ilə Qaregin Njdeyə İrəvanda 6 metr hündürlüyündə heykəl qoydular. Bu heykəli ucaldan Sarkisyan Xocalı soyqırımına haqq qazandırmaq üçün deyirdi ki, “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdülər”.

Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının gerbində nasizm simvolunun əks olunması da bunun məntiqi davamıdır. Hərçənd, Sarkisyanı devirib hakimiyyətə gələn Nikol Paşinyan da faşizm sevgisindən əl çəkmir və Njdeyə qoyulan 6 metrlik abidə hələ də İrəvan küçələrində boylanır. Bu fakt Ermənistanda nasizm təbliğatının hakimiyyət yox, dövlət siyasəti olduğunu sübut edir.

Prezident İlham Əliyev ötən il MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında çıxışı zamanı Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması faktlarla gündəmə gətirdi. Paşinyanın cavabı isə həm gülməli, həm də nasizm sevgisindən əl çəkməyəcəklərinin etirafı idi.

Məsələ aktuallaşandan sonra Rusiya ictimaiyyəti Q.Njdenin qəhrəmanlaşdırılmasına qarşı etiraza başladı. Krasnodar diyarının Armavir şəhərində Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlandı. Daha sonra Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov erməni apostol kilsəsinin yanında yerləşən Njdenin xatirə lövhəsini qara rəngə boyadı. Ermənistan isə buna Rusiyadakı səfirliyi səviyyəsində etiraz etdi.

Və budur, nasizmi təbliğ edən, faşistləri qəhrəmanlaşdıran Ermənistanın siyasi rəhbərliyi Böyük Vətən müharibəsi veteranlarını faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təbrik edir. Gerçəkdə isə faşizmin qəhrəmanlaşdırılması davam edir. Bununla bağlı bir neçə fakta diqqət çəkək.

Birincisi, bütün etirazlara baxmayaraq, Qaregin Njdenin İrəvanda ucaldılan 6 metrlik abidəsi hələ də sökülməyib və Paşinyan beynəlxalq ictimaiyyətin bu məsələni unutması üçün əlindən gələni edir.

İkincisi, digər post-sovet ölkələrindən fərqli olaraq, Ermənistanda Böyük Vətən müharibəsi veteranlarına diqqət çox zəifdir. Misal üçün, “Çiçəklənən Ermənistan” parlamentinin deputatı, vitse-spiker Vaqe Enfiadcan ötən ay veteranlara maddi yardımın 100 min dramdan (200 dollar) 200 min drama (400 dollar) qədər artırılması ilə bağlı məsələ qaldırdı. Lakin hakim partiyanın deputatları bu məsələnin əleyhinə səs verdilər. Son statistikaya görə, Ermənistanda cəmi 276 veteran qalıb. Onların sosial təminatının olduqca zəif olduğu deyilir. Bunun fonunda Azərbaycanda bu il Böyük Vətən müharibəsi veteranlarına dövlət tərəfindən 1500 manat (900 dollar) birdəfəlik yardım ayrıldığı faktı diqqət çəkməyə bilmir.

Üçüncüsü, Paşinyan hakimiyyəti Njdeni təbliğ edənlərə qucaq açmaqda davam edir. Misal üçün, Rusiyada neonasizmi təbliğ edən Vladimir Şişkin “qaçqın” statusu ilə Ermənistana sığınıb və Qaregin Njdenin “şərəfli ömrü” haqqında kitab yazır. Ötən ilin 3 sentyabr tarixində Şişkin sosial şəbəkə hesabında Njdenin heykəli önündə çəkdirdiyi fotonu paylaşıb və belə yazıb: “Yəqin ki, böyük erməni dahisi haqda hər şey Ermənistan xalqına məlum deyil. Ümid edirəm ki, 3-5 gün ərzində onun haqqında kiçik kitabı bitirəcəm və rus dilində onun görkəmli həyatı, mübarizəsi, fəlsəfi və qəhrəman ölümü ilə tanış olacaqsınız”.

V.Şışkin Rusiyada neonasizm təbliğatına görə təqib olunduğunu və buna görə Ermənistanın ona sığınacaq verdiyini deyir. Bu, Ermənistanın təkcə faşistləri qəhrəmanlaşdırmadığını, həm də neonasizmi müdafiə etdiyini göstərir.

Dördüncüsü, erməni diasporu Avropada Njdenin qəhrəmanlaşdırılması istiqamətində “əzmlə çalışır”. Macarıstanın nüfuzlu “Daily News Hungary” nəşri bu ilin fevralında yazır ki, “Ermənistanda hakimiyyət dəyişsə də, Qaregin Njdenin timsalında faşizmin qəhrəmanlaşdırılması siyasəti dəyişməyib. Erməni diasporu Avropada Njdenin qəhrəmanlaşdırılması istiqamətində çalışır, Bolqarıstanda Njdeyə qoyulan heykəl bunun nümunəsidir”.

Faktlar Ermənistanın nasizm siyasətinin sübutudur. Hərçənd, təkcə Azərbaycan yox, faşizm üzərində qələbədə payı olan, bunun uğrunda qurbanlar verən hər bir ölkə bu siyasətə son qoymağa çalışmalıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm