Zəfərə gedən yolun inşası: Azərbaycan tarixinin qələbə səhifəsi necə yazıldı? – TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Zəfərə gedən yolun inşası: Azərbaycan tarixinin qələbə səhifəsi necə yazıldı? – TƏHLİL

8 noyabr: Azərbaycan tarixinin Zəfər günü, yaxud bu günə 200 ildən artıq davam edən məğlubiyyət sindromunun sındırıldığı, tarixin axarının dəyişdirildiyi təqvim də deyə bilərik. Axı Nadir şahın ölümündən sonra xanlıqlara bölünən Azərbaycanın tarixi 200 ildən artıq itkilərlə yadda qaldı:

- XIX əsrin əvvəlində Azərbaycanı iki hissəyə parçaladılar;
- XX əsrin əvvəlində - 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi;
- SSRİ-nin dağılmasından sonra Azərbaycan torpaqlarının 20 faizi işğal altında düşdü: əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı aktları törədən ermənilər Qarabağı və ətraf 7 rayonu işğal etdi;

Son 200 il Azərbayan üçün ağır tarixdir: Cümhuriyyətin qurulması və müstəqilliyin bərpa edilməsindən savayı bu tarixin qazandığımız səhifəsi yoxdur, hərçənd, Cümhuriyyət qurulanda İrəvan şəhəri ermənilərin nəzarətinə keçdi, müstəqilliyimizi bərpa edəndə Qarabağ işğal olundu. Sanki tarixin bizə qəsdi var idi və zaman irəlilədikcə itkilərimiz də artırdı. Bunun üzərinə xalqın üzləşdiyi soyqırımılar, deportasiyalar, qaçqınlıq həyatını da gəldikdə faciənin obrazını aydın görmək olur.

Hər şey 2020-ci ilin 27 sentyabr günündə dəyişdi və 8 noyabrda, Şuşanın azad edilməsi ilə Zəfərə yüksəldi. 44 gün davam edən müharibə təkcə torpaqlarımızın azad edildiyi savaş deyildi, həm də 200 illik tariximizin dönüş nöqtəsi idi.

Bu savaşa və Zəfərə gedən yol uzun illər inşa edilib və yolun inşası üçün qoyulan hər daşın qələbəmizi yetişdirən strateji əhəmiyyəti var.

Və tarix şahidlik edir ki, Zəfərə aparan yolun memarı Prezident İlham Əliyevdir.

Zəfərə aparan yolun strategiyası: Azərbaycan liderinin illər ərzində torpaqlarımızın azad olunması uğrunda həyata keçirdiyi siyasəti belə ifadə edə bilərik. Və müharibə dövründə anladıq ki, əslində buna qədər atılan hər addımın bir səbəbi varmış, hər şey böyük günə hazırlığın tərkib hissəsi imiş.

Əliyev sülh danışıqlarında iştirak edir, həm də Azərbaycanı bütün istiqamətlərdə gücləndirirdi.

İqtisadi müstəqillik: “İqtisadi müstəqillik olmadan siyasi müstəqillik olmaz” prisnipinə əsaslanan Prezident İlham Əliyev ölkənin sosial sferasından tutmuş, neft və qeyri-neft sektoruna qədər bütün sahələrdə davamlı təməl formalaşdırdı.

Güclü ordu: illər ərzində Azərbaycan Ordusunun peşəkarlığı, hərbi arsenalının gücləndirilməsi, zabit heyətinin yetişdirilməsi istiqamətində mühüm addımlar atıldı və regionun ən güclü Silahlı Qüvvələrinə çevrildi.

Və ən mühüm olan İlham Əliyevin işğalçı Ermənistanı dalan ölkəsinə çevirən, regionu Azərbaycanın təsir dairəsinə çevirən xarici siyasətidir.

Vətən Müharibəsinə qədər Azərbaycanın xarici siyasəti iki təməl üzərində qurulmuşdu.

1. Balanslı siyasət: Heç bir geosiyasi cəbhədə yer almadan bütün tərəflərlə qarşılıqlı əlaqələr qurmaq, region ölkələri ilə mehriban münasibətlərə dayanan bərabərhüquqlu əməkdaşlıq etmək. Bu, Azərbaycana hücum diplomatiyasını uğurla həyata keçirmək üçün etibarlı tərəfdaşlar qazandırırdı.

2. Hücum diplomatiyası: Ermənistanı bütün cəbhələrdə sıxışdırmaq, işğalçının “nəfəsliklərini” bağlamaq və təslim olmağa məcbur etmək.

Prezident İlham Əliyevin apardığı bu siyasət türk dövlətlərinin sınaqdan çıxmış “Aypara” hərbi taktikasının döyüşün cəbhədə deyil, masada aparıldığı şərtlərdə müasir diplomatiyaya uğurla köçürülməsi idi: düşmən bütün tərəflərdən mühasirəyə alınır və zərərsizləşirilir.

Balans siyasəti və hücum diplomatiyasına əsaslanan bu strateji taktika bölgədə yeni reallığın yaranması ilə nəticələndi: Bütün ölkələrlə bərabərhüquqlu faydalı əməkdaşlıq quran və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən güclü Azərbaycan və ənənəvi tərəfdaşlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizimlər burulğanında boğulan Ermənistan.

Azərbaycanın regionda qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı, tərəfdaşı və icraçısı olan ölkəyə çevrildi:

- Avropa bazarında əhəmiyyətli paya sahib olan neft kəmərləri;
- Cənub Qaz Dəhlizi;
- Bakı-Tbilisi-Qars dəmiryolu xətti;
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi;
- Şərq-Qərb nəqliyyat dəhlizi;


Azərbaycan Şərqlə Qərbin, Asiya ilə Avropanın körpüsünə, qapısına çevrildi. Və iqtisadi əlaqələr fonunda siyasi əlaqələr də inkişaf etdi.

İkitərəfli əməkdaşlıq:

Azərbaycan-Türkiyə;
Azərbaycan-Rusiya;
Azərbaycan-İran;
Azərbaycan-Gürcüstan;

Üçtərəfli format:

Azərbaycan-Türkiyə-Gürcüstan;
Azərbaycan-Rusiya-Türkiyə;
Azərbaycan-Rusiya-İran;

Region ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Azərbaycan Uzaq Şərqdə Çin, Uzaq Qərbdə ABŞ daxil olmaqla bütün ölkələrlə də qarşılıqlı etibara əsaslanan əlaqələr qurdu. O cümlədən, Avropa İttifaqı və ittifaq ölkələri ilə strateji tərəfdaşlıqlar yaradıldı.

Bu strategiya regionda və beynəlxalq aləmdə Ermənistanın təcrid olunması ilə nəticələndi, hətta güclü erməni lobbsi belə çox çalışsa da, Əliyevin strateji siyasətinin önünü kəsə bilmədi.

Bu strategiya Ermənistanda hakimiyyət dəyişikliyi ilə də nəticələndi. Blokada vəziyyətində qalan ölkədə sosial-iqtisadi çətinliklə üzləşən ermənilər keçmiş xunta rejimini devirərək, Paşinyanı küçədən hakimiyyətə gətirdi.

Və bu dəyişiklik Qarabağ münaqişəsinin həllinə də müəyyən ümidlər yaratdı.

2018-ci il: Ermənistanda hakimiyyət dəyişikliyi yeni baş vermişdi və daxili xaos davam edirdi.

Prezident İlham Əliyev 2018-ci ilin 26 iyun tarixində - Silahlı Qüvvələr Günündə Azadlıq meydanında keçirilən hərbi paradda bəyan etdi ki, “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Bir il sonra – 2019-cu ildə Azərbaycan lideri 2020-ci ildə münaqişənin həllində ciddi dönüş olacağının mesajını verdi.

Əslində Azərbaycan bütün ssenarilərə hazır idi: masada dalana dirənmiş danışıqlar prosesini diriltmək istiqamətində çalışır və münaqişənin həllindən 3 həmsədr ölkəsinin məsul olmasına baxmayaraq, bunu təkbaşına edirdi; hərbi variant üzərində davamlı işləyir və müharibədən sonra biləcəkdik ki, bütün əməliyyatlar öncədən detallarına qədər hazırlanıb, təlimlərdə məşq edilib;

Ermənistanda hakimiyyəy dəyişikliyi və Əliyevin “Qambit” gedişi

2018-ci il Ermənistanda xaos yaşanırdı və baş verənlər ərazilərin azad olunması üçün hərbi zərbə vurmaq üçün unikla şərait kimi görünürdü. Lakin İlham Əliyev uzlaşma yolunu seçdi: səbəbini çox sonralar anlayacaqdıq...

2018-ci ilin 28 sentyabrında İlham Əliyev və Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclası zamanı ilk dəfə görüşdü. “Lift diplomatiyası” olaraq təqvimə düşən bu görüşdə cəbhədə “atəşkəs rejimi”nə əməl edilməsi ilə bağlı razılıq əldə olundu. Sonrakı aylarda təmas xəttində itkilərin sayı demək olar ki, sıfırlandı.

Sual açıq qalırdı: Azərbaycan Ermənistandakı xaos vəziyyətindən niyə istifadə etmədi?

Əliyev “Qambit gedişi” (şahmatda tərəflərdən birinin oyunu inkişaf etdirmək, daha səmərəli mövqe əldə etmək məqsədilə maddi üstünlüyü qurban verməsi) edir, həlledici zərbəni müvəqqəti təxirə salırdı və bu səbəbsiz deyildi:

Birincisi, getdikcə dalana dirənən danışıqların düz yola çıxması üçün “nəfəslik açır”: ordunun hərəkətini müvəqqəti təxirə salır və Moskvanın qarşısında alternativ qoyurdu.

Düşənbə görüşü nə qədər Moskvanın planı kimi görünsə də, Qərb layihəsi ilə siyasi Olimpə yüksələn Paşinyan hakimiyyətinin möhkəmlənməsinə hesablanmış “atəşkəsin davam etdirilməsi” və üçüncü tərəfi oyundan kənarlaşdıran “tərəflər arasında operativ əlaqənin qurulması” razılaşması rusların marağında deyildi. Bu baxımdan, Bakı İrəvanla birbaşa razılaşma ilə ABŞ-a ötürmə verir, münaqişənin həllini inhisarda saxlayan Rusiyaya alternativin olduğunu nümayiş etdirirdi. Bu, iki tərəfin də - ABŞ və Rusiyanın həll variantları təklif etməsini aktivləşdirəcək və Azərbaycanın imkanlarını genişləndirəcəkdi. Sonrakı proseslər – ABŞ və Rusiyanın görüşlərin təşkili üçün yarışa girməsi, bir sıra razılaşmaların olması da Bakının atdığı topun qapıdan keçdiyini göstərirdi.

İkincisi, Bakının “daha səmərəli mövqe əldə etmək məqsədilə maddi üstünlüyü qurban verməsi” cəbhədə ordumuzun mövqelərinin möhkəmləndirilməsinə, gözlənilən real danışıqların olmayacağı təqdirdə, başlaya biləcək müharibədə maddi üstünlüyünün təmin edilməsinə hesablanmışdı.

Azərbaycan ordunun cəbhədə mövqelərini həqiqətən də gücləndirirdi. Erməni ekspertlər müharibədən sonra yazırdılar: “Əliyev böyük oynadı, Paşinyana vaxt verdi və ordusunu döyüşə hazırladı”.

Sonralar – müharibəyə sayılı günlər qalmış İlham Əliyev Paşinyanın Düşənbədə ondan hakimiyyətini möhkəmləndirmək üçün vaxt istədiyini açıqlayacaqdı və bu da Azərbaycan liderinin strateji manevrlərindən biri idi.

Düşənbə görüşündən sonra Nikol Paşinyan hakimiyyətini möhkəmləndirmək, İlham Əliyev mümkün hərbi əməliyyatın üzərindən bir daha keçmək, ordunun mövqelərini gücləndirmək üçün vaxt qazandı. Əliyev Paşinyana həm də ona görə vaxt vermişdi ki:

- həmin dövrdə geosiyasi və regional şərtlər hərbi həll variantı üçün unikal deyildi;
- münaqişənin danışıqlar masasında həlli ümidləri yaranmışdı, xüsusilə beynəlxalq oyunçuların istəkləri fonunda;


Dekabr ayında – Ermənistanda seçkilərdən öncə ABŞ prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dedikləri sözlər də münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürləri formalaşdırırdı.

2019-cu ilin yanvarında Azərbaycan və Ermənistan XİN rəhbərləri Parisdə üç saatlıq müzakirə apardı, “xalqları sülhə hazırlamaq” üzərində razılıq əldə olundu. 23 yanvar tarixində isə Prezident İlham Əliyevlə Nikol Paşinyanın Davosda görüşü keçirildi.

Proseslər pozitiv istiqamətdə inkişaf edirdi, lakin hakimiyyətini möhkəmləndirmək üçün Düşənbədə Əliyevdən vaxt istəyən Paşinyan buna nail olan kimi təxribatlara başladı.

2019-cu ilin 26 fevralında - Xocalı soyqırımının 27-ci ildönümü günü soyqırımın müəllifi olan Ermənistanın müdafiə naziri Davod Tonoyan “yeni müharibə yeni ərazilər” iddiası ilə gerçək niyyətlərini ortaya qoydu.

Martın əvvəlində Nikol Paşinyan danışıqlar masasında “format dəyişikliyi” iddiasını irəli sürdü: Qarabağdakı separatçı-terrorçuları münaqişənin “tərəfi” olaraq qəbul etdirmək istəyirdi.

Martın 12-də Ermənistan Təhlükəsizlik Şurasının iclası tarixdə ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində – Xankəndidə separatçıların iştirakı ilə keçirildi və iclasda “Qarabağın tərəf olması” tezisi yenidən gündəmə gətirdi.

Martın 26-da erməni hərbi birləşmələri Azərbaycan əsgərini şəhid etdi. Bu, Düşənbədə “lift diplomatiyası”nan sonra cəbhədə verilən ilk şəhid idi.

Martın 29-da Azərbaycan Prezidenti ilə erməni baş nazir Vyanada bir araya gəldi. Əslində Tonoyanın hərbi ritorikaya müraciət etməsi və Azərbaycan əsgərinin şəhid edilməsi bu görüşün də digərləri kimi nəticəsiz olmasına hesablanmışdı.

Vyana görüşündə Ermənistanın separatçıları danışıqlara “tərəf” kimi daxil etmək iddiası alt-üst edildi, lakin bu, həmsədrlərin yox, Azərbaycan liderinin siyasi iradəsinin nəticəsi idi. Minsk qrupu sadəcə nəticəsiz bəyanatlar vermək vərdişini davam etdirərkən, Nikol Paşinyan Vyanadan qayıdandan sonra da sülh danışıqlarını baltalamağa başladı.

İyul ayından başlayaraq, işğalçı ölkə təxribat hücumlarını təmas xəttindən dövlət sərhədinə - Qazax istiqamətinə keçirdi.

Avqustun 5-də Paşinyan işğal altındakı torpaqlarda “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iddiasını gündəmə gətirdi və iddia etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

Prezident İlham Əliyev işğalçı ölkənin rəhbərinin cavabını tarixi “Qarabağ Azərbaycanındır və Nida” bəyanatı ilə verdi.

2020-ci ilin ilk ayından etibarən Ermənistan separatçı rejimi danışıqlarda “tərəf” kimi iştirak etmək iddiasını daha da genişləndirdi və sülh prosesini pozmaq üçün təxribatlarını davam etdirdi.

15 fevralda İlham Əliyev və Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında canlı debata çıxdı: bu, münaqişə tarixində ilk idi və Azərbaycan lideri tarixi faktlarla erməni baş naziri dünyanın gözü önündə alt-üst etdi, bununla həm də beynəlxalq ictimaiyyətə haqlının kim, haqsızın kim olduğunu, işğalla məruz qalanla işğalçı arasındakı fərqi nümayiş etdirdi.

Masada məğlub olan Ermənistan təxribatlarını gennişləndirirdi. Mayın 22-də işğal altındakı ərazilərdə separatçı rejimin yeni “rəhbəri”nin qondarma “andiçmə” mərasimi Şuşada keçirildi. Mərasimin baş qonağı Ermənistanın baş naziri Nikol Paşinyan idi.

İyulun 12-də Ermənistan Tovuz istiqamətində - dövlət sərhədində təxrubat hücumuna keçdi: işğalçı ölkə “yeni müharibə, yeni ərazilər” prinsipini praktiki müstəviyə keçirməyə cəhd etdi. Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi. Artıq ox yaydan çıxmışdı və bütün yollar müharibəyə aparırdı.

Ermənistanın bu qədər rahatlıqla təxribat törətməsinin əsas səbəblərindən biri də cəzasızlıq mühiti idi: nə Minsk qrupu, nə də beynəlxalq ictimaiyyət işğlalçının aqressiyasının önünə keçmir, keçmək istəmirdi.

2020-ci ilin sentyabr ayı: Azərbaycan lideri iki strateji gediş etdi.

Birincisi, Düşənbə görüşünün bütün detallarını itimaiyyətə açıqladı. Bu, Ermənistanın daxili siyasətində partlayışın yaradılması məqsədi “minaların döşənməsi” gedişi idi:

- Bununla Nikolun Azərbaycanla razılaşmaqda ittiham etdiyi rəqibləri ona qarşı eyni ittihamı irəli sürmək imkanı qazandı;

- Müxalifət “Paşinyan İrəvanda hakimiyyətini quranda, Əliyev Qarabağda güclənirdi” ittihamlarını irəli sürməyə, onu Bakı ilə gizli razılaşmada günahlandırmağa başladı;

- Ermənistan daxilində siyasi qarşıdurmanın güclənəcəyi, atmosferin daha da pisləşəcəyi şübhəsizdir və bu, mümkün müharibədə Azərbaycanın istəyinə uyğun idi;

Müharibə üstünlüyü ələ almağın yollarından biri düşmənin içində inamsızlıq, qarışıqlıq yaratmaqdır. Bakıdan İrəvana atılan “güllə” hədəfə dəymişdi.

İkincisi, beynəlxalq ictimaiyyətə sonuncu xəbərdarlığı etdi: Azərbaycan Prezidenti 2020-ci ilin 24 sentyabrında BMT Baş Assambleyasında sonuncu çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilmədiyindən, Ermənistanın təxribatlarından, mülki əhalini hədəfə almasından, silahlanmasından bəhs etdi və baş verə biləcək hərbi toqquşmanın məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü bildirdi;

Azərbaycan bütün dünyaya mümkün müharibənin səbəbkarını və səbəblərini göstərmişdi.

Bu xəbərdarlıqdan üç gün sonra Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı terror hücumlarına genişmiqyaslı şəkildə start verdi. Və illərdir müqəddəs günü yaxınlaşmaq istiqamətində fəaliyyət göstərən Ali Baş Komandan İlham Əliyev Orduya əks-hücum əmri verdi.

27 sentyabr, 2020-ci il: Azərbaycanın son 250 illik tarixində məğlubiyyət sindromunun qırıldığı, 30 il sonra torpaqlarımızdakı işğala son qoyulduğu müqəddəs gün.

Azərbaycan Ordusu düşmənin 4 ilə işğal etdiyi torpaqları cəmi 44 günə azad etdi: 5 şəhər, 4 qəsəbə və 286 kənd;

Tarixi Qələbənin təqvimi: əməliyyatlar günbəgün

27 sentyabr: Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri; Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri. Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər;

3 oktyabr: Tərtər rayonunun Suqovuşan və Talış kəndləri; Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri; Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi;

4 oktyabr: Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri;

5 oktyabr: Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri;

9 oktyabr: Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi; Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri; Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri; Tərtər rayonunun Çaylı kəndi;

14 oktyabr: Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri; Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri;

15 oktyabr: Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri; Füzuli rayonunun Arış kəndi; Cəbrayıl rayonunun Doşulu kəndi;

16 oktyabr: Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri;

17 oktyabr: Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri;

18 oktyabr: Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı;

19 oktyabr: Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri;

20 oktyabr: Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri; Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri;

21 oktyabr: Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri; Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri; Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri;

22 oktyabr: Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi. Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri; Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri;

23 oktyabr: Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri; Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri. Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri; Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri;

25-26 oktyabr: Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri. Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri; Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri;

28 oktyabr: Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri. Füzuli rayonunun Mandılı kəndi. Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri. Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri;

30 oktyabr: Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri; Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri. Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri;

2 noyabr: Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri. Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri. Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri;

4 noyabr: Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri; Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri. Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri;

7 noyabr: Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri. Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri; Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri. Zəngilan rayonunun Beşdəli kəndi. Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri; Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri;

8 noyabr: Şuşa şəhəri.

9 noyabr: Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri; Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri. Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri; Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri; Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri; Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi. Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri;

10 noyabr: Ermənistan kapitulyasiya aktına imza atdı və torpaqlarımızdakı 30 illik erməni işğalı sona çatdı.

Kapitulyasiya aktına əsasən, bir güllə atmadan noyabrın 20-si Ağdam, noyabrın 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı.

Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı. İlham Əliyev Prezident kimi diplomtiya cəbhəsində, Ali Baş Komandan kimi hərbi cəbhədə bu Zəfərə liderlik etdi. Və Azərbaycan liderinin 44 günlük müharibədə iki istiqamətdə fəaliyyəti də xüsusilə diqqət çəkirdi.

Birincisi, müharibə boyunca xalqa müraciətləri idi: bu çıxışlar Azərbaycan xalqında böyük ruh yüksəkliyi və qələbəyə inam yaratdı; ön cəbhədə müharibənin taleyini həmişə arxa cəbhədəki əhval-ruhiyyə həll edir və Prezidentin çıxışları bu ruhun qorunub saxlanılmasında mühüm rol oynadı, hətta Ermənistanın mülki əhaliyə qarşı terror hücumları belə xalqın əzmini qıra bilmədi;

İkincisi, informasiya cəbhəsində düşmənin məğlub edilməsi idi: Siyasi və hərbi cəbhədə Ermənistana ağır zərbələr endirən Azərbaycan lideri informasiya müharibəsinə də sərkərdəlik edirdi; 44 gün ərzində dünyanın müxtəlif ölkələrindən ən nüfuzlu media orqanlarına müsahibələr verir, gerçəkləri beynəlxalq ictimaiyyətə çatdırır və ədalətli mövqeyimizi qoruyurdu; bunun nəticəsində işğalçı ölkə informasiya müharibəsindən də məğlub ayrıldı;

Biz qalib gəldik, Azərbaycan Zəfər çaldı. İllərdir hazırlanan və tətbiq edilən siyasi-hərbi strategiya bu qələbənin təməlini atdı.

Azərbaycan Ordusu təkcə torpaqlarımızı azad etmədi, həm də erməni miflərini darmadağın etdi.

Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda yeni reallıqlar yaratdı və bu reallığın aparıcı oyunçusu məhz Bakıdır.

Artıq müharibə və münaqişə bitib, indi yeni dövr başlanıb və 44 günlük müharibə ilə tarix yazan Azərbaycan xalqı, bu xalqın lideri yeni dövrün də memarıdır.

Günümüz, Zəfər tariximiz mübarək...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm