Londonda Bakı və Ankaraya qarşı yeni cəbhə: Milli Şuranın yer aldığı planın hədəfi nədir?
Bizi izləyin

Nida Təhlil

Londonda Bakı və Ankaraya qarşı yeni cəbhə: Milli Şuranın yer aldığı planın hədəfi nədir?

- Britaniya parlamentinin İcmalar Palatasında “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsi gündəmə gətirildi;
- Azərbaycanın radikal müxalifəti – “Milli Şura” adlanan qurumun rəhbəri Cəmil Həsənli, eləcə də fəalları Qubad İbadoğlu, Gültəkin Hacıbəyli və digərləri Londonda bir araya gəliblər;


Bu iki hadisə arasında ilk baxışdan əlaqə görünməsə də, əslində dərin bağlar var: Erməni diasporu/lobbisinin də yer aldığı anti-Azərbaycan şəbkəsi Bakı və Ankaraya qarşı yeni hücum kampaniyasına start verir və bu dəfə mərkəz London seçilib.

Radikalların Londona səfərinin məqsədi “Pandora sənədləri” ilə bağlı “faktlar toplamaq və Britaniyanın rəsmi dairələrinin diqqətinə çatdırmaq”dan ibarətdir. Cəmil Həsənli bildirir ki, “Böyük Britaniyanın diqqətini “Pandora sənədləri”nə çəkmək istəyirlər”.

Niyə Britaniya, niyə London?

Bu sualın cavab axtarışına əvvəldən – erməni diasporu/lobbisinin Bakıya qarşı məkrli planlarından başlamaq lazımdır. Hələ 2016-cı ilin “aprel müharibəsi”ndə - I Qarabağ müharibəsindən sonra Azərbaycanın qələbə qazandığı ilk döyüşdə erməni mediası yazırdı:

“Azərbaycan Rusiyadan, İsraildən və bir çox ölkədən rahat şəkildə silah alaraq ordusunu gücləndirdi. Amma bizim hakimiyyətimiz buna qarşı heç nə edə bilmədi, ən yaxşı halda susdular. Ermənistanda hakimiyyət artıq çoxdandır ölkənin təhlükəsizliyi məsələsini diasporun çiyinlərinə yükləyib. Hansı ki, diaspor Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb edəcək və rəsmi Bakının qollarını qandallayacaqdılar. Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq. Haradadır o sanksiyalar?! Onlar yoxdur”.

Bu, Azərbaycana qarşı müxtəlif adlar altında illərdir aparılan kampaniyanın əsl hədəfinin etirafı hesab oluna bilər. “Aprel müharibəsi”ndə Vətən müharibəsinin məşqini edən Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə torpaqlarını azad etdi. Bu qələbə beynəlxalq siyasəti hörümçək toru kimi bürümüş erməni lobbisinin, onu müdafiə edən anti-Azərbaycan şəbəkəsinin də məğlubiyyəti deməkdir. Nə Ermənistan, nə erməni diasporu/lobbisi, nə də onlara havadarlıq edən şəbəkələr Azərbaycanın, Prezident İlham Əliyevin qarşısında dayana bilmədi.

Bu qələbə Azərbaycan liderinin beynəlxalq nüfuzunun artması və Azərbaycanın qlobal platformalarda mövqelərinin güclənməsi ilə nəticələnir. Təbii ki, bu nəticələr həm də anti-Azərbaycan şəbəkəsi üçün böyük itkidir.

Eyni şəbəkə artıq klassikə çevrilmiş eyni yola əl atır: Azərbaycana qarşı qarayaxma kampaniyasının başladılması, artan beynəlxalq nüfuzunu zədələmək.

Məqsəd ermənilərin etiraf etdiyi kimi, “Bakının qollarını qandallamaq” və Ermənistanın maraqlarının təmin edilməsidir.

Şəbəkənin tərkibi:

- Anti-Azərbaycan qüvvələr;
- Erməni diasporu/lobbisi;
- Azərbaycanın radikal müxalifəti;
- Radikal müxalifətin Avropa paytaxtlarında yerləşmiş nümayəndələri: “bloger”, “mühacir” adı altında fəaliyyət göstərən azərbaycanlılar;


Şəbəkənin fəaliyyət mexanizmi də sirr deyil: Azərbaycan haqqında mənfi rəyin yaradılması üçün ortaya atılan iddialar bütün iştirakçılar tərəfindən təkrar formada tirajlanır.

Vətən müharibəsinin ildönümü ərəfəsində qondarma “Pandora sənədləri” ortaya atıldı və məqsəd bu yalan ətrafında daha çox kütlə toplamaq, cəmiyyətin diqqətini ölkə daxilində qabardılan “süni problemlərə” yönəltmək, hakimiyyəti, həm də hakimiyyət üzərindən dövlətin böyük Zəfərini kölgələməkdir. Lakin nəticə vermədi.

Prezident İlham Əliyev də ötən ay İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirdi ki, bu çirkin hekayələrin onun və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur, bu informasiya təxribatları da əvvəlkilər kimi iflasa uğradı.

“Pandora sənədləri”nin ortaya atılmasına, müxtəlif şəbəkələr üzərindən kütləvi şəkildə tirajlanmasına baxmayaraq, Azərbaycan cəmiyyətinin bu yalana reaksiya verməməsi də bunu təsdiq edir. Və məhz iflasın müşahidə edildiyi, yalanın heç bir nəticə vermədiyi vaxt mərkəz Vaşinqtondan Londona köçürülür, proses yenidən təkrarlanır.

Bu dəfə məqsəd yalana kütlənin yox, Azərbaycanın tərəfdaşlarının, haqq işimizdə ölkəmizə dəstək verənlərin inandırılmasıdır. Cəmil Həsənli də açıq şəkildə etiraf edir ki, britaniyalı rəsmiləri bu yalana inandırmaq üçün Londona gediblər.

Burada “niyə London” sualının cavabı da aydınlaşır: Böyük Britaniya Vətən müharibəsində Azərbaycana dəstək verən əsas ölkələrdən biridir, hətta müharibənin gedişinə təsir etdiyini də deyə bilərik; Müharibənin gedişində BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə “hərbi əməliyyatların dərhal dayandırılması, proseslərə üçüncü ölkələrin müdaxiləsinin yolverilməzliyi və “münaqişə zonasında terrorçuların mövcudluğu”ndan ibarət qətnamənin qəbul edilməsi cəhdi oldu və bu baş tutsaydı, BMT TŞ-nin Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı icra edilməyən qətnamələrindən fərqli olaraq, dərhal həyata keçiriləcəkdi; Məhz Böyük Britaniya prosesin qarşısını aldı və Azərbaycanın haqlı mövqeyini sona qədər müdafiə etdi;

“Pandora yalanları” ilə Azərbaycanın qələbəsinə və artan nüfuzuna təsir edən bilməyən anti-Azərbaycan şəbəkəsi görünür Bakıya dəstək verən Londonun mövqeyini dəyişdirməyə çalışır. Buna paralel olaraq, qondarma “erməni soyqırımı” məsələsi üzərindən London-Ankara yoluna tramplinlər düzürlər. Hadisələrin inkişafı da məkrli planı anlamağa imkan verir:

- 9 noyabrda – Vətən müharibəsinin birinci ildönümündə Britaniya parlamentində erməni lobbisi qondarma “erməni soyqırımı”nı müzakirə çıxarır;
- Qondarma soyqırımı ilə bağlı “qanun layihəsi”nin ikinci oxunuşu dekabrın 10-da – Azərbaycanın qələbədən sonra Türkiyə prezidentinin də iştirakı ilə keçirdiyi Zəfər Paradının ildönümü tarixinə təyin edilir;
- Radikal müxalifət – Cəmil Həsənli, Qubadlı İbadoğlu, gültəkin hacıbəyli və digərləri Londonda toplanır və britaniyalı rəsmiləri “Pandora yalanları”na inandırmaq üçün əllərindən gələni edirlər;

Hədəf aydındır: Londonda Bakının “vahiməli” obrazını formalaşdırmaq, Azərbaycan-Britaniya münasibətlərini pozmaq, London-Bakı, London-Ankara xəttində çatlar yaratmaq;

Prosesdə eyni hədəfə vuran bütün tərəflərin maraqları var:

Anti-Azərbaycan şəbəkəsi: qələbə ilə daha da güclənən Bakının müstəqil siyasət yürütmək gücünü zəiflətmək istəyir;
Erməni diasporu/lobbisi: “Bakının qollarını qandallamaq”, Ermənistanı qorumaq və erməni maraqlarını təmin etmək istəyir;
Müxalifət adına çıxış edən anti-milli qrup: anti-Azərbaycan kampaniyasına ayrılan pullardan pay əldə etmək, öz “siyasi mövcudluqlarını” qorumaq istəyir və “maraqları uğrunda şeytanla da əməkdaşlıq” prinsipindən çıxış edirlər;

Və bununla həm də əslində kim olduqlarını, kimə işlədiklərini də ifşa edirlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm