Antarktida quru torpaq olub? – Piri Rəisin gizli xəritəsi - FOTOLAR
Bizi izləyin

Gizli tarix

Antarktida quru torpaq olub? – Piri Rəisin gizli xəritəsi - FOTOLAR

Antarktidada tarixdən öncə mövcud olmuş sivilizasiya İkinci Dünya müharibəsindən sonra peşəkar tarixçilərin diqqət mərkəzində olub. Bu hipotezi orta əsrlərə məxsus xəritələr, Qərbdə fəaliyyət göstərən paleoqraf və digər alimlərin apardığı tədqiqatlar təsdiqləyir...

1820-ci ilin yanvar ayında Rusiya İmperatoru donanmasının leytenantı Mixail Petroviç Lazarev planetimizin o dövrə aid xəritəsində yeni materik kəşf etdi. Brokqauza və Efronun məhşur rus ensiklopedik lüğətində XIX əsrin hələ əvvələrində cənub qütb kontinenti, demək olar ki, çox az tədqiq edilib. Flora və fauna materikdə yoxdur. Bu isə materikin təxmini qiymətini bildirir. Bundan əlavə, məqalənin müəllifi Antarktidanın su yosunları və dəniz heyvanları ilə zəngin olduğunu bildirirdi...

İyirmi il sonra İstanbul Muzeyinin direktoru Halil Edhem sultan sarayında Bizans imperatorlarının kitabxanasını təmizləyirdi. Kitabxanada, tozlu bir rəfdə o, Piri Rəisin xəritəsini tapdı. Ceyran dərisinə bükülən xəritə lülə formasında idi. Xəritəni tərtib edən Piri Rəis burada Afrikanın qərb sahillərini, Cənubi Amerikanın cənub sahillərini və Antarktidanın şimal sahilini təsvir etmişdi. Halil gözlərinə inanmadı. Antarktida quru torpaq sahəsi idi. Burada buz qatı yox idi. Xəritədə bu ərazi dağlıq ərazi kimi qeyd edilmişdi. Xəritəni tərtib edən insanın adı Edhemə çoxdan tanış idi. Bu, Osmanlı İmperiyası hərbi dəniz donanmasının admiralı, kartoqraf Piri Rəis idi. O, XVI əsrin birinci yarısında yaşayıb. Xəritənin orijinal və ya saxta olub-olmaması heç bir şübhə doğurmurdu. Xəritəni incələyən qrafoloji ekspertiza onun admiralın əli ilə hazırlandığını sübut edirdi...

1949-cu il. Britaniya və İsveç tədqiqatçılarından ibarət olan ekspedisiya cənub materikində seysmik kəşfiyyata başladı. Onlar qalın buz qatı üstündə tədqiqata başladılar. ABŞ hərbi-hava qüvvələrinin strateji komandanlığına məxsus texniki kəşfiyyat qoşunu 8-ci eskadrilyanın komandiri podpolkovnik Harold Z.Olmeyerin verdiyi məlumata görə, xəritənin aşağı hissəsində qeyd edilən coğrafi məlumatlar seysmik kəşfiyyat nəticəsində əldə edilən məlumatlarla, demək olar ki, eynidir. 1513-cü ildə bu xəritə hansı biliklər və məlumatlarla işlənib? Bu dəqiqlik necə əldə edilib?

Piri Rəis XVI əsrin əvvəlində tərtib etdiyi xəritənin bir kənarına konkret olaraq qeyd edib ki, şəkil və kartoqrafiyaya görə heç bir məsuliyyət daşımır. Çünki xəritə çox qədim mənbələr əsasında tərtib edilib. O, bu xəritəni hazırlamaq üçün başqa xəritələrdən də istifadə edib. Onlardan bəziləri Piri Rəislə eyni dövrdə yaşamış insanlar, məsələn, Xristofor Kolumb tərəfindən hazırlanıb. Digər bir xəritə isə eramızdan əvvəl IV əsrə aiddir. Başqa bir mənbə isə Makedoniyalı İsgəndərə məxsusdur.

Təbii ki, qədim dünyanı öyrənən peşəkar tarixçilər və bu sahə üzrə ixtisaslaşan alimlər bu xəritəni görüb: "Yeni bir nəzəriyyə. Bəs, görəsən, sənədli məlumat və mənbələr nə dərəcədə doğrudur? Onların qədimliyi şübhə doğurmur ki? Türk admiralın fikri, xanalarda olan qeydlər və s. – bütün bunlar çox mübahisəli mövzudur", - deyə bilərlər.

Bu məsələ ilə bağlı Kin kollecinin (Nyu-Hempşir, ABŞ) professoru, tarix elmləri namizədi Çarlz Hepqudun fikrinə də nəzər salmaq maraqlı olardı. 1959-cu ilin sonlarında Hepqud Vaşinqton konqresinin kitabxanasında bir xəritə tapır. Bu xəritə Oronteus Finius tərəfindən tərtib edilmişdi. Xəritə 1531-ci ilə aiddir. Oronteus Finius Antarktidanı bu xəritədə buzsuz ərazi kimi qeyd edib. Dağlar, buzsuz sahillər və çaylar burada yer alıb. Kontinentin mərkəzi hissəsinin relyefi xəritədə təsvir edilməyib. Hepqudun fikrincə, buna səbəb bu ərazidə buzlaqların olması ola bilərdi.

Finiusun xəritəsi sonradan Massaçuset Texniki institutunun doktoru Riçard Streyçan tərəfindən 1960-cı illərin ilk yarısında tədqiq edildi. Bu işdə ona Hepqud kömək etdi. Bu incələmə zamanı Finius tərəfindən, həqiqətən də, Antarktidanın buzsuz sahillərinin qeyd edildiyi məlum oldu. Ümumi təsvir və relyefin xarakterik özəllikləri 1958-ci ildə müxtəlif ölkələrdən dəvət edilmiş mütəxəssislər tərəfindən materikin buz altında qalan hissəsinin xəritəyə alınmış sxemləri ilə eynidir.

Oronteusun xəritəsinə dünyada Merkator adı ilə məhşur olan Gerard Kremer də inanırdı. 1959-cu ildə o, Finiusun xəritəsini öz atlasına saldı. Bu atlasda Antarktidanın və Merkatorun bir neçə xəritəsi var idi. Bundan başqa, Merkatorun 1569-cu ildə tərtib edilmiş xəritəsində maraqlı bir xüsusiyyət var – 1569-cu ildə tərtib edilmiş xəritədə Cənubi Amerikanın qərb sahilləri 1538-ci ildə elə Merkatorun özü tərəfindən tərtib edilmiş xəritəyə nisbətən daha az dəqiqliklə işlənib. Bu ziddiyyətin səbəbi budur: 1538-ci ildə hazırlanmış xəritə bizə gəlib çatmayan qədim mənbələr əsasında tərtib edilib. 1569-cu ildə isə xəritə hazırlanarkən, Cənubi Amerikanın qərb hissəsinin tədqiqatı ilə məşğul olan ilk ispan səyyahlarının mənbələri əsas götürülüb. XVI əsrdə dəqiq ölçü üsulları, dəqiq uzunluq və en dairələri kəşf edilməmişdi və bu səbəbdən, bəzən yüzlərlə kilometr səhvə yol verilə bilərdi.

Nəhayət, Filipp Buaşe, Fransa Elmlər Akademiyasının həqiqi üzvü 1737-ci ildə özünün Antarktidaya aid xəritəni tərtib etdiyi nəşr etdirdi. Buaşe Antarktidada qətiyyən buzların olmadığı dövrün dəqiq xəritəsini çəkmişdi. Onun xəritəsində bütün qitənin buzaltı topoqrafiyası verilib. Bəşəriyyət eramızdan əvvəl IV minillikdən tutmuş 1958-ci ilə qədər bundan xəbərdar olmayıb. Bundan başqa, mənbələrə istinad edən fransız akademik cənub materikinin tam ortasında su ərazisini qeyd edib. Bu su ərazisi materiki iki hissəyə bölür: bir hissə qərbə, digəri isə şərqə doğru uzanır. Bu ərazi indi xəritələrdə Transantarktik dağları kimi qeyd edilib. 1958-ci ildə keçirilən beynəlxalq geofizika ilində tərtib edilən proqram çərçivəsində aparılan tədqiqatlar sübut edir ki, ən cənubda yerləşən və müasir xəritələrdə vahid bir qitə kimi təsvir edilən Antarktida, əslində, 1.5 km qalınlığında buz qatı ilə örtülmüş arxipelaqdan, adalar qrupundan ibarətdir.

Orta əsrlərdə tərtib edilən xəritələrdə Antarktida buz qatı olmayan və ya bir hissəsində buz olan qitə kimi təsvir edilib. XVI əsrdə tərtib edilmiş xəritələrin kartoqrafik dəyərləri çox yüksəkdir və bir çox məsələlərdə insanı heyrətə salır. Bu xəritələrdə olan məlumatlar dəqiqliyinə və texniki imkanlarına görə XVI əsrin sonlarına doğru hazırlanmış xəritələrdən dəfələrlə üstündür. Ən yaxşı halda, bu tip dəqiqlik səviyyəsinə mühəndislər və müasir kartoqrafiya elmi XVIII əsrin son dördüncü rübündə çatdı. Amma qeyd etmək lazımdır ki, müasir kartoqrafiya hələ də buzaltındakı relyef barədə ancaq orta əsrlərin məlumatına və xəritələrinə əsaslanır.

Bununla belə, orta əsrlər tarixi üzrə mütəxəssislərin fikrincə, Piri Rəisin, Finiusun və Merkatorun Antarktida xəritəsini inandırıcı saymaq da olmaz. Orta əsrləri araşdıran tarixçilər həmin dövr kartoqraflarının bu qədər yüksək elmi dərəcəsini müzakirə etməkdən boyun qaçırırlar. Bəzi tarixçilər isə, Piri Rəisin xəritəsini sənədli-sübutlu formada əsaslandırılmamış cızma-qara sayırlar. Təbiətşünaslıq sahəsində ciddi elmi qiymətləndirmələrə əsaslanan müasir kartoqrafların fikri zəif hesab olunur.

Ortodoksal geologiya elmi Antarktida buzlaqlarının yaşının 25 milyon ildən az olmadığını iddia edərək, bu xəritələrin dəqiqliyinə qarşı çıxır. Amma etiraf etmək lazımdır ki, son illər bu buzlaqların yaşı 25 milyondan 6 milyon ilə qədər enib. Yəqin ki, yaxın gələcəkdə bu rəqəm daha da azalacaq. Bu tip düzəlişlər artıq sərt akademik xarakter alıb.

Belə bir halda, Piri Rəisin xəritəsinin aşağıdakı xüsusiyyətini qeyd etmək yerinə düşər: bu xəritədə qitənin buzlamayan sahilyanı xəritəsi qeyd edilib. Piri Rəisin xəritəsindən 18 il sonra tərtib edilən Finiusun xəritəsində isə, Cənub qütbünün ətrafında buz qatı saxlanılıb. Bu buz qatı 80-ci və 75-ci paralellərin ortasına düşür. Buaşe isə 200 il sonra Antarktidanın buzsuz xəritəsini tərtib etdi. Buradan belə çıxır ki, illər ötdükcə, Antarkitada yuxarıda adı çəkilən üç insan tərəfindən buzlaşma yox, tərsinə gedən prosesin xəritələri hazırlanıb.

1949-cu ildə admiral Berdin ekspedisiyası Ross dənizinin dibində qazıntı işləri apardı. Bu yerlər Oronteus Finiusun xəritəsində çay yatağı kimi qeyd edilib. Mədəndən çıxan lüləşəkilli süxur qatlarında xırda dənəli bitki qalıqları tapılıb. Bu qalıqlar süxur qatlarına çöküb. Bir versiyaya görə, bunlar dənizə çaylar vasitəsilə axıb gəlib və bu çayların mənbəyi buzlaqların olmadığı dağlardan başlayırmış.

Vaşinqton şəhərində yerləşən Karnegi institutunun alimləri, doktor Uri tərəfindən icad edilən radioaktiv üsul vasitəsilə süxurları və qalıqları analiz ediblər. Məlum olub ki, xırda dənli bitkilərin axdığı Antarktida çayları Finiusun tərtib etdiyi xəritədə də qeyd edildiyi kimi, 6 min il əvvəl də mövcud olub. Bu tarixdən sonra, eramızdan 4 min il əvvəl Ross dənizinin dibinə buztipli çöküntülər axmağa başlayıb. Kernin bildirdiyinə görə, buna uzun müddət davam edən isti dövr səbəb olub.

Beləcə, Piri Rəis, Finius və Merkatorun xəritələri bizdə Misir və Şumer sivilizasiyalarının yaranma ərəfəsində Antarktida haqqında təsəvvürlər yaradır. Bu nöqteyi-nəzər, demək olar ki, dünyanın bütün peşəkar tarixçiləri tərəfindən yekdilliklə qəbul edilir.

İstənilən peşəkar tarixçi söyləyə bilər ki, eramızdan əvvəl V minilliyin sonlarına qədər belə sivilizasiyalar planetimizdə mövcud deyildi. Amma İllinoy universitetinin alimi doktor Cekob Hokun fikrinə görə, günümüzdəki tarixdən yola çıxsaq, bu proses 6-12 min illik tarixə malikdir. Bu məsələni paleontoloq və ya paleobioloqlar müzakirə etməlidir. Çünki onların fəaliyyət sahəsi tarix elminin çərçivələrindən kənara çıxır. Onların köməyi ilə bu tip sivilizasiya və mədəniyyətlərin qaranlıq qalan tərəflərini öyrənmək mümkündür.

1991-ci ilin sentyabrında Nil çayından 13 kilometr aralıda, Abidosda amerikalı və misirli arxeoloqlar 12 iri ağacdan hazırlanmış qayıq tapdılar. Bu qayıqlar Firona məxsus imiş! Bu qayıqların yaşı 5 min ildir. Ekspedisiyanın rəhbəri, Pensilvaniya universitetinin elmi əməkdaşlarından biri olan D. Okonnorun fikrincə, bu qayıqlar dünyanın ən qədim su nəqliyyat vasitələrindən biridir. Hələlik, tapıntılara ənənəvi qiymət verilib. Guya bu qayıqlar dini ayinlər üçün nəzərdə tutulub.

Amma nəzərə alaq ki, hələ eramızdan əvvəl V əsrdə Heredot yazır və iddia edirdi ki, misirlilər 10 min ildən çoxdur, ulduzların hərəkətini müşahidə edirlər. Bir çox alim, Heredotun bu iddiasını əsassız, fantastik və həqiqətəuyğun olmayan sayır. Çünki dənizlə əlaqəsi olmayan millətlər çox nadir hallarda astronomiya ilə maraqlanır. Bəlkə, qədim misirlilərin ulduzlar və astronomiya ilə bu qədər maraqlanması onların dənizlərə səyahət etməsi ilə bağlı olub? Kim bilir...

Yenə də qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin texniki kəşfiyyat idarəsinin əməkdaşları Piri Rəisin xəritəsinin mərkəzi proyeksiyasını (cismin bütün nöqtələrindən perpendikulyarlar endirməklə səth üzərində alınan həndəsi şəkil) müəyyən ediblər. Bu məlumatlar eradan əvvəl IV minilliyə aiddir. Xəritənin mərkəzi proyeksiyası bugünkü Qahirə şəhərinin yaxınlığına düşür. Tarixçilərin bir çoxunun fikrinə və iddiasına görə, o dövrdə dünya tarixinin millətləri inkişafın çox bəsit və primitiv səviyyəsində idi.

Eradan əvvəl V və X minillik arasında Yer planetində naviqasiya, kartoqrafiya, astronomiya sahəsində çox yüksək savad və elmə sahib sivilizasiya olub. Onların bu sahələrdə səviyyəsi XVIII əsrdə yaşayan insanların elmindən üstün olub.

Qədim mətnləri və Platonun Atlantida haqqında qeydlərini araşdıran bəzi alimlərin fikrinə görə, Antarktida Atlantidanın bir parçasıdır. Eramızdan əvvəl X minillikdə planetar faciə baş verib və qlobal kataklizmlər yaşanıb. Baş verən fəlakətlər böyük bir materikin məhvinə səbəb olub. Burada Platonun qeydini nəzərə almaq lazımdır. Bu qeydlərə görə, Atlantida eramızdan əvvəl 9570-ci ildə məhv olub. Amma 12 min il ərzində Atlantidanın arxeoloji və geoloji qalıqları izsiz yoxa çıxa bilməzdi. Onları harada axtarmaq lazımdır?..

Ola bilər ki, bu axtarışların açarı Antarktida buzlarının altında axtarılmalıdır. 50 il əvvəl İtaliyanın "Europeo" jurnalında dərc edilən bir məqaləyə görə, amerikalı tədqiqatçılar planetimizdə 15 min il əvvəl mövcud olmuş sivilizasiyanın izlərinə rast gəliblər. Bu nəzəriyyə italiyalı Barbiero Flavionun "Buz altında sivilizasiya" kitabında da öz əksini tapıb. Bu kitabda əfsanəvi Atlantidanın müasir Antarktidada, buz altında olduğu sübut edilib. Antarktida Atlantidası Sakit, Hind və Atlantik okeanlarında yerləşir. Platonun qeydlərinə görə, onun sakinləri üç qitənin sahillərinə nəzarət edə bilirdilər. Məsələn, Afrikanın cənubu onlardan uzaqda deyildi, Cənubi Amerikaya da yaxın yerləşirdilər.

Son geoloji tədqiqatların nəticələrinə görə, Antarktida quru körpü və ya adalar zənciri ilə birləşdirilibmiş.

Antarktidanın bəşəriyyətin sivilizasiyasının evolyusiya prosesinə daxil edilməsi qədim dövrün antik filosofu Aristotel, məhşur astronom Hipparx və coğrafiya alimi Ptolomeyin nəzəriyyəsini aydınlaşdırır. Onların fikrincə, Atlantika hər tərəfdən vahid qitə ilə əhatələnmişdi. Bu səbəbdən, Heredot Atlantik okeanının dəniz, Aralıq dənizini isə körfəz adlandırır. Həqiqətən də, Antarktida Avropa, Asiya, Afrika və Amerikanı vahid materik kimi birləşdirən halqanın çatışmayan obyektidir.

Müasir Antarktidanın 99 faizi qalınlığı 5 km-lik buz qatı ilə örtülüb. Yayda orta tempratur -30, -50 dərəcə, qışda isə -60, -70 dərəcə təşkil edir. Amma Flavionun fikrincə, keçmişdə bu qitədə hava kifayət qədər xoş və yaxşı olub. Sadəcə, dünyanın məhvəri (oxu) dəyişdiyi üçün iqlim də dəyişikliyə uğrayıb. Eramızdan əvvəl 11600 və 11500-ci illər arasında baş vermiş fəlakətin səbəbi nə olub? Flavionun fikrincə, bir neçə milyard ton çəkisi olan asteroid yerə çırpılıb və dünyanın məhvərini sarsıdıb. Nəticədə dəhşətli zəlzələlər, subasmalar və leysanlar olub. Bu fəlakətlərin izlərinə Şander və Kürdüstan mağaralarında, Niaqara şəlaləsi ətrafında rast gəlmək mümkündür. Bu fəlakətlər Kordilyer dağlarının yüksəlməsinə, planetdə nəmişliyin artımına, Amerika qitəsindən qədim insanların yox olmasına, ümumiyyətlə planet əhalisinin sayının ciddi surətdə azalmasına səbəb olub. Bu faciə bütün xalqların əfsanələrində subasma kimi əksini tapıb.

Atlantlar isə mədəniyyətlərini Antarktidada, buzların altında gizlədiblər. Yəqin ki, bu, fantastik, ağlasığmaz bir versiyadır. Amma unutmaq lazım deyil ki, tarix hələ də araşdırılan, minlərlə, on minlərlə versiyalar yürüdülən bir sahədir. Bu məqalədə isə Antarktida barədə bir neçə versiyaya toxunduq.

Hikmət Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm