Azərbaycan Ordusu elə bir tarix yazdı ki, gələcəkdə... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Azərbaycan Ordusu elə bir tarix yazdı ki, gələcəkdə... - MÜSAHİBƏ

Ordumuza və dövlətimizə uğur gətirən bu birliyi sındırmaq istəyirlər.

Bu sözləri Publika.az-a müsahibəsində Bərdə və digər şəhərlərimizin Ermənistan tərəfindən bombalanması haqqında danışarkən politoloq Ərəstun Oruclu deyib.

Politoloqla müsahibəni təqdim edirik:

- Ərəstun bəy, Ermənistanın Bərdə və Gəncə şəhərlərini hədəf seçməsinin əsas məqsədi nədir? Dinc əhalini bombalamaqla nəyə nail olmaq istəyirlər?

- Ermənistan sadəcə Gəncə və Bərdəni deyil, bundan əvvəl Naftalanı, Tərtəri, Goranboyu və digər yaşayış məntəqələrini də atəşə tutub, dinc əhalini hədəfə alıb. Başlıca səbəbi Ermənistan ordusunun ağır itkilər verməsi və məğlubiyyətə uğramasıdır. Onlar döyüşə hazır deyildi. Digər səbəbi Azərbaycanda əhalinin dövlətlə, hakimiyyətlə, ordu ilə səfərbər olmasıdır. Ölkədə xof yaratmaq, əhalini qorxutmaq, inamını qırmaq və ruh düşkünlüyü yaratmaq məqsədiylə belə cinayətlərə əl atırlar. Bu gün ordumuza və dövlətimizə uğur gətirən bu birliyi sındırmaq istəyirlər. Bu, birmənalı olaraq hərbi cinayət və terror aktıdır. Təbii ki, Ermənistan dövləti bu addımı ilə öz mahiyyətini bir daha ortaya qoyur.

- Bu cür hadisələr nə vaxta qədər davam edəcək və azğınlaşmış düşmənin qarşısını almaq üçün hansı addımlar atmalıyıq?

- Ermənistan ordusunun məğlubiyyəti qaçılmazdır, onlar məğlub olduqca bundan daha pis cinayətlərə əl atmağa çalışacaqlar. Əminəm ki, gələcəkdə də terror aktları həyata keçirmək üçün müxtəlif planlar qururlar. Azərbaycanda olmasa da, ölkəmizdən kənarda yaşayan Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirməyə can atacaqlar. Bu terrorların qarşısını almağın ən optimal, ən effektiv və ən düzgün yolu cavab tədbirləri görmək, adekvat zərbələr endirməkdir. Əlbəttə ki, söhbət erməni əhalisini bombalamaqdan getmir, Ermənistanın hərbi strukturlarına, döyüş kontingentinə zərbələr endirməli, düşmənin canlı qüvvəsini məhv etməli, onun atəş nöqtələrini, istər Qarabağda, istərsə də Ermənistan ərazisində yerləşən raket bazalarını sıradan çıxarmalıyıq. Belə bir hərbi əməliyyat artıq keçirilib, hesab edirəm ki, bunu qətiyyətlə davam etdirmək lazımdır.

- Sizcə, müharibə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yekunlaşandan sonra ermənilərlə birgə yaşayış mümkün olacaqmı?

- Düşünürəm ki, bundan sonra azərbaycanlılarla ermənilərin birgə yaşayışı ən yaxşı halda uzun müddət mümkün olmayacaq. Ona görə ki, erməni cəmiyyətində faktiki olaraq dərin nifrət kök salıb. Yaşayış məntəqələrinin və dinc sakinlərin atəşə tutulması da erməni nifrətinin, həmçinin qəddarlığının təzahürüdür. Bu qədər nifrət içində olan və cinayətlər törətmiş xalqla birlikdə yaşamaq demək olar ki, qeyri-mümkündür. Bu, yalnız o zaman mümkün ola bilər ki, hadisələrin üzərindən illər keçsin və erməni cəmiyyəti dəyişsin, etnik nifrət kimi meyarlar qalmasın.

- Ermənistanın cəbhəyə qadınları və uşaqları cəlb etdiyini təsdiqləyən real faktlar var. Baş nazir Paşinyanın həyat yoldaşı Anna Akopyanın Azərbaycana qarşı vuruşmaq üçün qadınlardan ibarət dəstə topladığına dair xəbərlər yayılıb. Bu da Ermənistan ordusunun çoxsaylı itkilərinin olmasından xəbər verir. Niyə hələ də məğlub olduqlarını qəbul etmək istəmirlər, niyə təslim olmurlar?

- Ermənistanda təkcə qadınların deyil, olduqca gənc əhali qrupuna daxil olan uşaqların da səfərbərliyi həyata keçirilir. Ermənistan ordusunda fərarilik kütləvi hal alıb, bu barədə artıq rəsmi açıqlamalar da var. Ermənistanda siyasi durum canlanır, siyasi təlatümlərin olması qaçılmazdır. Belə halların qarşısını almaq üçün baş nazirin xanımı belə bir ideya ortaya qoyub. Guya qadın batalyonu dəstəsi yaratmaqla ölkəsinin müdafiəsinə qalxır. Hansısa effektinin olacağını düşünmürəm.

Ermənistan iki səbəbdən məğlubiyyətini heç vaxt etiraf etməyəcək. Birincisi odur ki, Ermənistanda siyasi hakimiyyət bunu etiraf edərsə, getməli olacaq. İkincisi odur ki, Ermənistan məğlubiyyətini qəbul etməməklə öz təsəvvüründə Dağlıq Qarabağ ərazisinin mübahisəli ərazi kimi qalması üçün bir şans saxlayacaq. Bu səbəblərdən məğlubiyyətlərini dilə gətirəcəklərini gözləmirəm. Ermənistanın məğlubiyyəti etiraf etməsi yalnız o halda real olar ki, onun həm iqtisadi, həm də hərbi potensialı tamamilə sıradan çıxarılsın, hakimiyyət dəyişsin və yeni gələn hakimiyyət bunu etiraf etsin.

- Azərbaycan Ordusunun bir ay ərzində qazandığı uğurlar haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Ordusu çox uğurlu hərbi əməliyyatlar həyata keçirir, Azərbaycan torpaqlarını heç bir siyasi-hərbi ekspertin proqnozlaşdıra bilmədiyi və heç kəsin gözləmədiyi sürətlə işğaldan azad edir. İşğaldan azadetmə və ya anti-terror əməliyyatları həqiqətən dünya hərb tarixinə yazılacaq bir nümunədir. Azərbaycan tarixdə ilk dəfə dünyaya müasir texnoloji müharibə nümunəsini təqdim edir. Bu barədə dünyanın məşhur media orqanlarında çoxsaylı məqalələr, ekspert rəyləri dərc olunub. Hətta Amerika ordusunun yüksək rəsmiləri də etiraf edib ki, Cənubi Qafqazda gedən bu müharibə göstərdi ki, ordunun modernləşdirilməsini sürətləndirmək lazımdır. Bu mənada Azərbaycan Ordusu tarix yazır. Döyüş əzmi də gözləniləndən yüksək oldu. Ordunun belə qətiyyətli və iradəli döyüş aparmasına iki amil təkan verdi. Birincisi, ölkə rəhbərliyinin verdiyi siyasi qərar. Bu, çox məsuliyyətli bir qərar idi. İkincisi, xalqın birmənalı olaraq həm dövlət rəhbərini, həm də ordunu dəstəkləməsidir.

- İşğaldan azad edilmiş torpaqlarımız Azərbaycanın gələcəyi üçün nə vəd edir?

- Torpaqlarımızın işğaldan azad olunması təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, bu, Azərbaycan xalqının və dövlətinin dünyada statusunu dəyişəcək bir hadisədir. Azərbaycan və Azərbaycan insanı artıq dəyişdi. Bununla da biz məğlub xalq statusundan çıxdıq, bu gün biz qalib xalqıq. Düşmən əzilib, onun ordusu, hərbi qüvvələri darmadağın edilib, bütün dünya Azərbaycanın hansı döyüş qabiliyyətində olduğunu gördü. Bu, bizim üçün qürur məsələsi idi, Azərbaycan xalqı sındırılmış qürurunu bərpa edib. Sözsüz ki, bütün sadalananlar ölkənin yaxın gələcəkdə inkişafı və onun hərtərəfli irəli getməsi üçün çox zəruri zəmindir. İnanıram ki, belə də olacaq.

- Sizcə, gələcək nəsillərə bütöv Azərbaycan qoya biləcəyikmi?

- Son bir ayda keçirilmiş əməliyyatlarda Azərbaycan xalqının Ali Baş Komandan və ordu ətrafında unikal birlik, iradə və əzm nümayiş etdirməsinə istinad edərək deyə bilərəm ki, bəli, biz artıq gələcək nəsillərə büyük bir irs qoyub gedə biləcəyik. Azərbaycan Ordusu elə bir tarix yazdı ki, gələcəkdə Azərbaycanın bütün nəsilləri bununla fəxr edəcək və qürur duyacaq. Bu, tariximizin ən parlaq səhifələrindən olacaq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm