İsrailin hüquq eksperti: "Qarabağ haqda yazdığım məqalədən sonra gizli nömrələrdən zənglər gəldi"
Bizi izləyin

Xüsusi

İsrailin hüquq eksperti: "Qarabağ haqda yazdığım məqalədən sonra gizli nömrələrdən zənglər gəldi"

"Vətənimin əmin-amanlığı üçün son gücümədək mübarizə aparmağa hazıram. Xurşidbanu Natəvanın soyundanam. Ulu nənəmin şərəfinə adımı Natəvan qoyublar".

Bu sözləri Publika.az-a müsahibəsində İsrailin azərbaycan əsilli hüquq eksperti Natəvan Katsman deyib.

- Natəvan xanım, qardaş İsrail bu gün Azərbaycanın yanında olduğunu sözdə deyil, hər bir jest ilə sübuta yetirən dövlətlər sırasındadır. Elə söhbətimizi də bu incə məqamdan başlamaq istərdim.

- Haqlısınız. İsrailin Qarabağ müharibəsi ilə bağlı rəsmi dövlət mövqeyi məlumdur. Bu siyasi mövqe səssiz, göstərişsizdir. Çünki haqlı tərəfə dəstək bildirmək boş kəlmələrdən, səs-küydən uzaq olmalıdır. İsrail hakimiyyəti də buna ehtiyac duymur. Azərbaycanla İsrail uzun illərdir ki, strateji müttəfiq və dostdur. Bundan başqa, Azərbaycan yəhudilərin təhlükəsizlik və sülh içərisində yaşadığı ölkələrdəndir. Azərbaycan sözdə yox, əməldə multikultural dövlətdir. Heç vaxt antisemitizm cücərtiləri olmayıb. Bu, həmçinin milli maraqdır. Benyamin Netanyahu kimi liderlər hakimiyyətdə olduğu müddətdə erməni lobbisi nə qədər təsir etməyə çalışsa da, iki dost ölkə arasındakı münasibət dəyişməyəcək.

- İsraillə Azərbaycanı birləşdirən dəyərlər çoxdur. Dediyiniz kimi, hər iki ölkə multikulturalizm, tolerantlıq prinsiplərinə sadiqidir. Bəs müxtəlif xalqların yaşadığı İsraildə vətəndaşların mövqeləri hansı istiqamətlərdə şaxələnib?

- Bəli. İsrail mədəniyyət və dillərin qarışdığı ölkələrdən biridir. Bütün şəhərlərində müxtəlif saylı xalqlar yaşayır. Biz azərbaycanlı olaraq ölkəmizin tarixini olduğu kimi təbliğ etməkdən yorulmuruq. Tarixi təhrif edən, faşist döyüşçülərini qəhrəman kimi qələmə verən ermənilərə qarşı mübarizədə ayıq olmalıyıq. Son 30 il ərzində Azərbaycan bütün sahələrdə inkişafını dünyaya sübut etdi. Güclü iqtisadiyyat, sağlam beynəlxalq münasibətlərin qurulması, müstəqilliyimizin dünya ölkələri tərəfindən qəbul edilməsi, mədəniyyətimizin təbliği, bir sıra nüfuzlu idman və musiqi yarışları, festivallara ev sahibliyi kimi çox ciddi addımlar atdıq. Lakin təəssüf ki, informasiya savaşı ləng getdi. Bu da bilirsiniz nədən irəli gəlir? Biz hüquqi dövlət olaraq olduqca doğru yoldayıq. Özünü təsdiq yolunda, dünyaya qışqırmaq üçün heç bir səbəbimiz yoxdur. BMT-nin 4 qətnaməsindən tutmuş digər hüquqi sənədlərə qədər hamısı bizim tərəfimizdədir. Təəssüf ki, rəqibimizin nə qədər vəhşi, amansız olduğunu təsəvvür etməmişik. Dövləti haqda miflər, illüziyalar yayan Ermənistan lobbisi bu müddət ərzində yalançı tarixlərinin propaqandası uğrunda çox fəal çalışdı. Səbir, dözüm, alicənablığımız bizi digər sahələrdə irəli aparsa da, sırf təbliğatda bir addım geridə saxladı. Bu gün əsas vəzifəmiz dünyaya yayılan vəhşi ermənilərin saxta əhvalını dağıtmaqdır. “Çox qışqıran haqlı deyil” kredosunu sübuta yetirməliyik. Erməni rejiminin nağıllarını ifşa etməliyik. Bəli, İsraildə yaşayan bəzi insanlar ermənilərin dedikləri yalanları kortəbii şəkildə təkrarlayır. İsraildə ali təhsil aldığım müddətdə professorlarım, tələbə yoldaşlarım qarşısında hər dəfə deyirdim ki, aqressor tərəfi müəyyən etməyə lüzum yoxdur. Məsələ olduqca sadədir. Biz Ermənistanın sərhədlərinə göz dikməmişik. Azərbaycanın tarixi ərazisi, qəbul edilmiş qətamələr var və biz bu savaşda haqlıyıq. Dünya bu faktları öz gözü ilə görməlidir. İnanın, bu sübutları ilk dəfə eşidənlər həqiqətən təsirlənirlər.

- Erməni milləti övladlarını o qədər qlobal yalanların içində yetişdirir ki, özləri də danışdıqları yalanlara ürəkdən inanır.

- Bir millət məhv olmamaq üçün özünü çox yalana inandıra bilər. Amma bu dünya xəyal gücümüz üzərində qurulmayıb. BMT-nin mövqeyi çox sadə və anlaşılandır. İşğalçılar mütləq qonşu dövlətin ərazisindən çıxmalıdırlar. Eyni yalanlardan yorulan ermənilər 30 il sonra qətnamələri qüvvədən salmaq üçün əllərindən gələni etməyə çalışsalar da, cənab İlham Əliyev və dövlət rəsmilərimizin uğurlu fəaliyyəti nəticəsində buna nail ola bilmədilər. Bu böyük nailiyyətin nəticəsini də günbəgün görürük. Azərbaycan beynəlxalq arenada misilsiz qələbələrimizlə yadda qalır artıq. Erməni lobbisinin çox güclü olduğu ölkələr təzyiq göstərsələr də, faktı dəyişmək mümkünsüzdür. Məsələn, Emmanuel Makron anlamır ki, təcavüzkar Ermənisatana açıq-aşkar şəkildə dəstək göstərmək, Fransanın Minsk Qrupunun həmsədri kimi neytrallıq mövqeyinə zidd addım atmağı ölkəsinin və öz fəaliyyətinin ciddiliyini sual altında qoyur.

- Məni həmçinin İsraildə yaşayan ermənilərlə bağlı müşahidələriniz maraqlandırır...

- İsraildə yaşayan ermənilərlə ünsiyyət qurmağa çalışmışam. Çoxu kədərlidir. Baş verənlərə görə təəssüflənirlər. Övladları, qohumları ölür. Hətta deyirlər ki, bəzi əsgərlərin heç 18 yaşı da tamam olmayıb. Etiraz edirlər ki, bizim balalarımızı niyə yad torpaqlara ölümə göndərirlər. Amma təbii ki, qondarma “Qarabağ Respublikası”nın Ermənistana məxsus olduğunu deyənlər, hətta əllərində plakatlarla gəzənlər də var. Bu, çarəsiz məğlubiyyətdir. Bundan zərrə qədər narahat olmağa dəyməz. Çünki düşmənin acizliyinin, geriyə addımının şahidi oluruq. Belə hallarda məsələ qışqırtı ilə deyil, adekvat şəkildə, hüquq mühafizə orqanlarına müraciət edərək, qanunsuzluğu sübut edərək həll olunmalıdır. Pandemiya dövründə ictimai yerlərdə maskasız gəzənləri, karantin qaydalarını pozanları məsuliyyətə cəlb etdiyimiz kimi bunu da adekvat şəkildə çözməliyik. Bildiyiniz kimi, dağ yəhudiləri dəfələrlə nümayiş keçirib, Azərbaycana dəstək olublar. Hamısında ermənilər kütləvi şəkildə hücum çəkib, əsl simalarını göstəriblər. Biz bu özbaşınalığı da hüquqi yolla həll etmişik. Fürsətdən istifadə edib, bütün dünya azərbaycanlılarını, həmçinin milliyyətindən asılı olmayaraq hər kəsi bombaların altında həyatını itirmiş dinc əhalinin ölümünə göz yummamağa və sağlam informasiya müharibəsində iştirak etməyə səsləyirəm. Nəzərə almalıyıq ki, erməni işğalçı rejimi qadınları, yaşlıları, həddi buluğa çatmamış uşaqları cəbhə bölgəsinə göndərərək, xalqının taleyinə etinasız yanaşaraq insan hüquqlarını kobud şəkildə pozur. Bu siyasi rejim öncə öz xalqı qarşısında cavab verməlidir.

- Natəvan xanım, ailənizlə, soyunuzla bağlı təsirli faktları oxucularımızla bölüşməyinizi istəyirəm...

- Mən də hər bir azərbaycanlı kimi bu mübarizədə iştirak etməyə borcluyam. Atamın əsli xan nəslindəndir. Xurşidbanu Natəvan ulu nənəmdir. Mənə də onun şərəfinə Natəvan adı veriblər. Anamın ailəsi isə naxçıvanlıdır. Uzun illər öncə azərbaycanlılar müasir Ermənistan ərazisindən qəddarcasına qovularkən İrəvan xanlığından didərgin salınan minlərlə həmvətənimiz Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvanda məskunlaşır. Ulu babam Məmmədqasım da öz ailəsi və doğmaları ilə İrəvandan Naxçıvana köçürülür. Məmmədqasım bəy gözəl geyimlər tikər, naxışlar vurarmış. İrəvandan qovulmaqları qış aylarına təsadüf edir. Məmmədqasım yaxın dostuna üst geyimi tikir ki, üşüməsin. Həmin dostu cənab Prezidentimiz İlham Əliyevin babası Əlirza bəy olur. Bəli, təəssüf ki, əsrlər boyu sürən erməni vandallığı sıravi vətəndaşından tutmuş, cənab Prezidentimizədək hər bir azərbaycanlının taleyində sağalmaz yaralar buraxıb. Odur ki, bu münaqişənin yalnız bir məntiqli çıxış yolu var. Ermənilər onlara məxsus olmayan torpaqlardan birdəfəlik çıxmalıdırlar. Fürsətdən istifadə edib, bir məqamı da bölüşmək istəyirəm. Ötən həftə Azərbaycan haqda yazdığım növbəti məqalədən sonra mənə gizli nömrədən zəng gəldi. Gələcək taleyimi həll edəcəyini iddia edən kobud kişi səsi idi. Təbii ki, bu məni qorxutmadı. İsrail qanunları hər bir vətəndaşını qoruyacaq gücdədir. Bu məsələ bütün qanuni yollarla öz həllini tapacaq. Azərbaycan mənim vətənimdir. Tezliklə qələbəmizi Şuşada qeyd edəcəyimizə əminəm!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm