Arina Şeyxdən Azərbaycana BÖYÜK DƏSTƏK: Dünyanın gələcəyi naminə... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Arina Şeyxdən Azərbaycana BÖYÜK DƏSTƏK: Dünyanın gələcəyi naminə... - MÜSAHİBƏ

Vətənimizin şərtsiz yanında olan qardaş Pakistan xalqının dəstəyini Avropanın ən qaynar nöqtələrindən hiss etmək qürurvericidir. Norveçin Pakistan əsilli gənc fəal siyasətçisi Arina Şeyx də xalqlarımız arasında dostluq, qardaşlıq prinsipinə daim sadiq qaldığını bildirir.

Publika.az-ın müsahibi 2020-ci ildə Norveçin bir günlük naziri seçilən gənc siyasətçi Arina Şeyxdir.

- Arina, Norveç tarixində iz qoyan bir sıra yeniliklərə imza atmısınız. Məncə, ən maraqlısı bir günlük nazir vəzifəsinə təyin olunmağınızdır.

- 15 yaşım var. Norveçin fəal gənc siyasətçilərindənəm. Əslən pakistanlıyıq. Bildiyiniz kimi hər ildə bir dəfə ölkənin gənc fəallarından bir nəfər yalnız 1 günlük Norveçin naziri seçilir. Ölkədəki problemləri dövlətin nəzərinə çatdırır, həlli yolları üzrə təkliflər verir. Bu günlərdə belə qürurlu vəzifəyə məni layiq gördülər. Norveçin bir günlük naziri vəzifəsinə təyin olundum.

- Valideynləriniz də Norveçin fəal siyasi xadimləridirlər...

- Anam Afşan Rəfiq 2001-ci ildə Norveçin ilk əcnəbi qadın millət vəkili seçilib. Atam isə uzun illərdir ölkələr arasında sülhməramlı layihələri beynəlxalq siyasi masaya gətirir. Norveçin tanınan siyasətçisi və diaspor sədridir. Kəşmir münaqişəsində də beynəlxalq səviyyədə bir çox işlər görüb.

- Norveçin ən gənc yazıçısı kimi də tarixə düşmüsünüz...

- Bununla qürur duyuram. Kitab Norveçdə yaşayan müsəlmanların taleyindən bəhs edirdi. Xristianların çoxluq təşkil etdiyi Avropa ölkələrində müsəlmanların gündəlik həyatından neqativ və pozitiv məqamlara toxunurdum. Ən gənc Nobel laureatı, feminist yazıçı Malala ilə də bu dönəmdə tanış olub dostlaşdıq. Birlikdə həmçinin dünyada yaşayan qız uşaqlarının təhsil hüququnu təbliğ edirik.

- Bununla yanaşı fəaliyyətinizdə Azərbaycana da geniş yer ayırırsınız...

- Azərbaycan adı hər zaman ailəmizdə hörmətlə anılıb. Musiqi həyatımın böyük hissəsidir. Ölkənizlə yaxın tanışlığım da bu zəmində baş tutub. Uzun illərdir ki, "Eurovision" musiqi müsabiqəsində yalnız Azərbaycana səs verirəm. Azərbaycan həyatımın ayrılmaz hissəsidir. Son günlər isə hamımız Qarabağda gedən müharibənin xəbərlərini həyəcanla izləyirik. Mənim üçün bu dünyada insan hüquqlarından üstün heç nə yoxdur. Heç kim öz uşaqlığından, təhsil hüququndan, evindən, şəhərindən məhrum edilməməlidir. İnsanlar təhlükəsizlik içərisində yaşamalıdırlar. Təəssüf ki, Azərbaycan xalqı 30 ildir layiq olduğu rahatlığından məhrumdur. Hətta atəşkəs elan olunduğu dövrdə cəbhə bölgəsindən çox uzaqlarda yaşayan yüzlərlə uşaq bombaların qurbanı olub. Təbii ki, biz sülh tərəfdarıyıq. Bir masa arxasında əyləşib, razılığa gəlmək mümkündürsə, müharibələr nəyə lazımdır?! Lakin yenə də qeyd edirəm, hər bir xalq öz hüquqları uğrunda mübarizə aparmalıdır ki, uşaqları üçün xoşbəxt həyat təmin etsin. Dünyanın gələcəyi naminə hər bir uşaq sakit mühitdə böyüməlidir. Norveçdə yaşayan ermənilərin sayı az deyil, amma erməni tanışım yoxdur. Tanıdığım azərbaycanlıların hamısı humanist insanlardır. Ümid edirəm ki, tezliklə ərazi bütövlüyünüzü təmin edəndən sonra digər qonşu dövlətlərlə olduğu kimi Ermənistanla da stabil münasibətlərinizi bərpa edəcəksiniz.

- Dəyərli, doğma fikirləriniz, dəstəyiniz üçün minnətdaram, əzizim. Xalqlarımız arasında qədim tarixə söykənən qardaşlıq var. Əmin olun ki, Azərbaycana səfər etsəniz, özünüzü evinizdə hiss edəcəksiniz.

- Valideynlərim Azərbaycana səfər etsələr də, mən ölkənizdə olmamışam. Buna baxmayaraq, Norveçdə Azərbaycanın təbliğatı ilə məşğul oluram. Təşkil olunan bütün tədbirlərdə fəal iştirak edirəm. Xüsusən də CAN təşkilatının fəaliyyəti təqdirəlayiqdir. Ölkənizə çoxdan arzusunda olduğu aydın səma və əmin-amanlıq arzu edirəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm