Xüsusi
100-dən çox ermənini məhv edən kəşfiyyatçımızın ürəkdağlayan şəhidlik dastanı: Ölümündən 2 gün əvvəl... - - VİDEO
Video əlavə olunub.
xxx
Silvestr Stallone və Ceki Çan kimi savaş filmlərinin ulduzları dünyada milyonların pərəstiş etdiyi qəhrəmanlardır. Amma Azərbaycanın daha uydurulmuş heç bir qəhrəmana ehtiyacı yoxdur. İndi bizim Böyük Vətən müharibəsində yüzlərlə erməniyə qan udduran gerçək əfsanələrimiz var. Şəhidlik taleləri isə hansısa ssenarist və rejissorun qələmi ilə deyil, Allahın əli ilə yazılıb. Bu qəhrəmanlar adlarını çəkdiyim insanlarla müqayisəyə gəlməyəcək elə bir şücaət göstərdilər ki, hekayələri tarix boyu dillərdən düşməyəcək. Onlardan biri də təkcə qolunun qüdrəti ilə deyil, həm də əslən talış olması ilə öyünən XTQ-nin kəşfiyyatçısı Hüseynov Samir Əlizadə oğludur.
Əslində Samir də o ulduzların savaş səhnələri ilə böyümüşdü. Filmin ən həyəcanlı yerində qəhrəman olmaq arzusu gözəl ürəyində dərin kök salmışdı, amma onun xəyalları həyatın şəffaf pəncərələrinə söykənirdi. Çünki o, xalqının erməni kimi mənfur düşməni olduğunu anlayırdı. Bu düşmən gec-tez Samir kimi qeyrətli oğullarımız qarşısında hesabat verməli idi. Demək olar ki, Qarabağ uğrunda gedən döyüşlərin hamısında iştirak edən Samir Hüseynov 100-dən çox ermənini məhv edib, 100-lərlə silahdaşını mühasirədən sağ-salamat çıxarıb, özü isə şəhadətə qovuşduqdan sonra orden və medallarla təltif olunub.
Anasını 17 yaşında xərçəngdən itirən şəhidimizin şərəfli ömür və qəhrəmanlıq yolundan Publika.az-a xalası Rübabə Səfərova danışıb.
- Rübabə xanım, Samirin ömür yolundan danışmağınızı istərdim.
- Samir 15 noyabr 1994-cü ildə Lerik rayonunun Vov kəndində anadan olub. Evin son beşiyi idi, özündən böyük əkiz qardaşları var. Uşaqlıqdan xeyirxah və zəhmətkeş olub, evin son beşiyi idi deyə anasına həmişə o, kömək edərdi.
9-cu sinfi bitirdikdən sonra Samir İslam dinini öyrənməyə başladı, fərdi şəkildə dini dərslər aldı, “Qurani-Kərim”i mükəmməl öyrəndi. Ruhunu İslam dəyərləri ilə tərbiyələndirmişdi, eyni zamanda idmanla məşğul olardı. Kənddəki evlərində özü üçün idman alətləri düzəltmişdi. Bütün gününü idman zalında keçirərdi. İndi turnikindən bayrağı asılıb...
2013-cü ildə həqiqi hərbi xidmətə çağırıldı. Cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə xidmətini başa vurdu. Vətən borcunu yerinə yetirdikdən sonra bir neçə il Rusiyada çalışdı. Sonradan Azərbaycana dönüb hərbçi olmağa qərar verdi. Əslində hərbiyə marağı uşaqlıqdan var idi, döyüşlə bağlı bütün filmləri izləmişdi. 2016-cı ildə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin imtahanından müvəffəqiyyətlə keçərək ora qəbul olundu. Xidmətdə olduğu dövrdə fərqləndiyinə görə dəfələrlə fəxri fərmanlar, tərifnamələr, təşəkkürlər almışdı. Bilirsiniz ki, xüsusi təyinatlıların təlimləri çox ağır keçir. O, bütün kursları fərqlənmə ilə başa vururdu.
- Şəhidlikdən söz düşəndə nə deyirdi?
- Onun üçün çox narahat olurdum, bu barədə heç vaxt danışmazdı. Hərbçi idi, bilirdim ki, odun-alovun içindədir, həyatı hər an təhlükədədir, amma şəhid olacağını heç vaxt ağlıma gətirməzdim. Samir şəhid olandan sonra hərbçi yoldaşlarından öyrəndik ki, “Ya Qarabağı almalıyıq, ya da şəhid olmalıyıq. Bu yoldan qayıtmaq yoxdur, sadə ölümə məhkum olmayacam” sözləri dilindən düşməyib. Həqiqətən də adi ölümə məhkum olmadı, şəhidlik zirvəsinə ucaldı. O, özünü bu ali məqama hazırlamışdı. Ölümündən iki gün əvvəl ən yaxın dostu ilə bir-birinə söz veriblər ki, hansımız şəhid olsaq, birimiz digərinə şəfaət edərik.
- Müharibə başlamazdan əvvəl sizinlə hansı mövzulardan danışardı?
- Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə Samir hələ dünyaya gəlməmişdi. Amma içində böyük bir kin bəsləmişdi, qisas hissi ilə yaşayırdı. Bir dəfə Rusiyada yaşayan qardaşım oğlunun erməni sinif yoldaşı ilə davası olmuşdu. Rusiyada ermənilər çox olduğundan bu hadisə bizdə narahatlıq doğurdu, Samir isə dayısı oğlunun “Qarabağ bizimdir” deyən ermənini döyməsi ilə fəxr edirdi, deyirdi ki, yaxşı etmisən. Əslində döyüşçü ruhunu alovlandıran ermənilərə bəslədiyi nifrət hissi idi. Qeyrəti yol vermirdi ki, düşmən Azərbaycan torpaqlarında yaşasın və orada kef çəksin.
Müharibədə onlar bir həyətə girib görüblər ki, ermənilər yeni doğulan inək balasını anasından ayrı bağlayıblar, ikisi də zarıyırmış. Samir ikisinin də ipini açıb, su və yemək verib, sonra buraxıb. Onun ürəyində qarışqaya da mərhəmət var idi, vicdanlı və ədalətli insan idi.
Erməni kişiləri uşaqlarını, qadınlarını, ana və bacılarını atıb qaçmışdılar. Onlardan fərqli olaraq Azərbaycan əsgərləri mülki əhaliyə toxunmayıb, heç bir qadınına və uşağına silah açmayıb. Samir çəkdiyi videolarda da deyir ki, sizin kimi şərəfsiz deyilik.
İşi haqqında bizimlə heç bir məlumatı paylaşmazdı. Şəhid olandan iki ay sonra telefonu bizə verildi. Onda gördük ki, Samir xüsusi təyinatlı olduğu üçün hələ müharibədən əvvəl çox riskli əməliyyatlarda iştirak edib, ən ağır sınaqlardan keçib. 12 qrup arasında Heydər zirvəsinə birinci çatan hərbçi də Samir olub və ora “talış balası” sözünü yazıb. Ona görə də onu “Talış balası Samir” deyə çağırırmışlar. Eyni zamanda “Qəssab” ləqəbiylə də tanınmışdı. İşğaldan azad olunmuş yerlərə də talış sözünün çoxunu Samir yazıb.
- Sonuncu görüşünüzü necə xatırlayırsınız?
- Sentyabrın 26-da səhər 6-da onu oyadıb yola salmalı idim. Müharibəyə gedəcəyini deməsə də, artıq müəyyən söz-söhbət yayılmışdı, təxmin etmişdik ki, bizdən nəsə gizlədir. Demişdim ki, səhər səni “Quran”ın altından keçirəcəm. Səhər otağına girəndə gördüm ki, Samir yoxdur, sonra aşağı düşüb ayaqqabılarını axtardım. Onda bildim ki, balamı aparıblar. Gecə saat 3-də təcili çağırmışdılar. Samirin anası 2010-cu ildə xərçəngdən dünyasını dəyişib. Anasına bağlı uşaq idi, bacımın itkisi onu çox sarsıtmışdı, həm də evin ən kiçiyi olduğundan onu himayəmizə aldıq, bizim evin ən əziz övladı idi, bizimlə birlikdə yaşayırdı. Hərbi xidmətdən qayıtdıqdan sonra onu təmtəraqlı şəkildə rayona aparmışdıq, bütün kənd onu qarşılamağa çıxsa da, o qədər insanın arasında Samirin gözü ancaq anasını axtarırdı. “Elə bilirdim ki, əsgərlikdən evə qayıdanda məni anam qarşılayacaq” demişdi.
- Qələbə xəbərlərini sizinlə bölüşərdi?
- Qardaşları xaricdə yaşadığı üçün əlaqə saxlaya bilmirdi, əsasən mənimlə, atası və oğlum Şakirlə danışırdı. Bir gün xəbər tutmayanda əlim-ayağım əsirdi, nəzir deyirdim ki, ay Allah, Samirdən xoş xəbər gəlsin. Xüsusi təyinatlı dəstədə olduğundan onların döyüş yolu çox çətin olub, telefonundakı videolardan gördük ki, hər bir qələbə ağlımıza gəlməyən əzab-əziyyətlər hesabına əldə olunub. Dağlara alpinist kimi dırmaşıblar, sonra əlbəyaxa döyüşüblər.
- Hansı şəraitdə və necə şəhid olduğu haqqında məlumatınız varmı?
- Noyabrın 10-da səhər saat 9-da xəbər gəldi ki, Samir Şuşa döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Onda biz Bakıda idik. Bakıdan Lerikə gedənə qədər bütün yol boyu dua etdim ki, nə olar Ay Allah, bu xəbər yalan olsun. Amma tabutu açılanda bildik ki, özüdür...
Samirin və 18 yaşlı əsgərin 5 metrliyinə top düşüb, güclü partlayış olub. Bombanın atıldığı 4-6 saniyədə eşidilir. Samir səsi eşidən kimi 18 yaşlı əsgəri qorumaq məqsədiylə qucaqlayıb yerə yıxıb. Qəlpələrin böyük hissəsi Samirə dəyib. O, aldığı qəlpə yarasından və qanaxmadan dünyasını dəyişib. Böyrəyinə qəlpə girib, ayaqları dağılıb, boynunun arxasından dəyən qəlpə beyninə doğru gedib. Qəlpə yarası aldıqdan sonra Samir dərhal şəhid olmayıb, ona ilkin tibbi yardım göstərilib. Amma balamı xilas etmək mümkün olmayıb, həddən artıq qan itirib. Kəlmeyi-şəhadətini gətirdikdən sonra gülərək deyib ki, anamın yanına gedirəm... Silahdaşlarının sözlərinə görə, Samir bir dəfə huşunu itirib, üzünə vurandan sonra yenidən özünə gəlib. Dostlarını sakitləşdirmək üçün deyib ki, narahat olmayın, özünüzü qorxutmayın. O vəziyyətdə belə Samir güclü olub, yaralı olsa da, özünü yox, dostlarını və postu düşünüb, göstərişlər verib.
Müharibə ərzində özünü dəfələrlə riskə atıb, onlarla hərbçi yoldaşının həyatını xilas edib. Yoldaşları deyir ki, yaralı əsgərlərə yardım etdiyi üçün üst-başı qan içində olurdu. Videolara diqqətlə baxsanız, görərsiniz. Onların hamısı Samirin məzarını ziyarət etməyə gəlmişdi. Samirgilin xüsusi təyinatlı dəstəsi mühasirəyə düşmüş əsgərlərimizi xilas ediblər. Mühasirədən xilas etdiyi bir əsgəri Samir öz çiynində hərbi həkimə aparıb. Əsgər Samirə həyatını xilas etdiyi üçün təşəkkür edib və adını soruşub. Sonra məlum olub ki, həmin əsgər də talışdır. Əsgər deyib ki, inşallah sağ qalsaq, görüşərik, həyatımı sənə borcluyam. Samir isə “Şəhid olmasaq” cavabını verib. O əsgər sağalıb evə buraxılandan sonra öz atasından öyrənib ki, həyatını xilas edən Samir Hüseynov şəhid olub. Əsgər bizə başsağlığı verməyə gələndə dedi ki, əgər Samir məni çiynində daşımasa idi, öləcəkdim.
- Son dəfə vidalaşmağa icazə verdilər?
- Atası, əkiz qardaşlarının biri və oğlum vidalaşdı. Əkizlərin o biri tayı xaricdə olduğundan gəlib çata bilməmişdi. Üzündə heç bir yara izi yox idi, sadəcə birdən-birə yaşlandığı hiss olunurdu. 44 günlük müharibədə çox əziyyət çəkmişdilər, yuxusuzluq, aclıq, soyuq onları əldən salmışdı. Dini inanclara görə, insanlar cənnətə 33 yaşında daxil olur. Sanki Samiri cənnətə 33 yaşlı vəziyyəti ilə aparırdılar. Halbuki onun 26 yaşı şəhadətindən 7 gün sonra tamam olmalı idi. Tək təsəllimiz odur ki, Samiri son dəfə cənnətə yola saldıq, indi o, xoşbəxt olduğu daha ədalətli bir dünyadadır.
- Şəhidin ən böyük arzusu nə idi?
- Xüsusi Təyinatlıların Qüvvələrinə qəbul olunmaq və müharibədə iştirak etmək istəyirdi. Düşünürəm ki, arzusuna çatdı... İllərlə hərbi təlimlərdə çəkdiyi əziyyətləri və təcrübələrini döyüş meydanında göstərməyi arzulayırdı. Müharibənin son gününədək son damla qanına qədər döyüşdü, öz hünərini göstərdi və qəhrəmancasına həlak oldu. Dostları deyir ki, ən çətin koordinasiyaları və tutulması lazım olan yerlərin kordinatlarını çətin mövqelərə gedərək Samir özü birbaşa verib, 100-dən çox ermənini öldürüb.
Samirgilin qrupu mühasirəyə düşüb, erməni hərbçiləri qarışqa kimi onlara doğru hücuma keçib. Məhz Samirin qurduğu plan nəticəsində onları geri qaytarıblar. Yoldaşlarına tapşırıb ki, çox güllə sərf etməyin, yaxınlaşmaqlarını gözləyin, sonra başlarından snayperlə vurun. Samirin bu planı həqiqətən erməniləri qorxudub. 12 xüsusi təyinatlımız 20-30 nəfəri başından vurduqdan sonra ermənilər qorxub qaçmağa başlayıb.
- Dostlarına və ya sizə hər hansı vəsiyyət etmişdi?
- Qardaşlarını və atasını oğluma tapşırmışdı, deyib ki, xalaya deyin çox fikir etməsin. Mənə də deyirdi ki, xala, ağlasan məndən incimə... Dağlara təlimlərə getdiyini məndən həmişə gizlədirdi. Dostlarından öyrəndiyim qədəri ilə Qarabağın taleyindən çox narahat idi. Amma sonuncu gün artıq biliblər ki, ermənilər təslim olmaq niyyətindədir. Ona görə şəhid olanda ruhu şad idi.
- Şəhidin ailəsinə dövlət tərəfindən dəstək göstərilirmi?
- Atası və qardaşlarına yetəri qədər diqqət göstərilir. Amma bizim istəyimiz odur ki, Samirin adı yaşasın, ruhu ehtiramla yad olunsun. Ölümündən sonra Samir “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Düşünürəm ki, digər medallarla da nə zamansa təltif olunacaq. Çünki Samir demək olar ki, bütün döyüşlərdə iştirak edib. Silahdaşları deyir ki, Samir döyüşlərin hər birində ən öndə gedən qəhrəmanlardan olub. Ona görə də onun ölüm xəbəri yoldaşlarına pis təsir edib, hətta əsgərlərdə ruh düşkünlüyü yaranmaması üçün komandirləri deyib ki, şəhid olmayıb, yaralıdır.
- Qəhrəmanın atası necədir?
- Pərişandır. Samir gətiriləndə bütün gecə tabutunu qucaqlayıb yatmışdı...
- Rübabə xanım, heç bir qəhrəmanımızın dırnağının belə əzilməsini istəməzdik, amma bilin ki, Samirin timsalında hər bir şəhidimizin ömür yolu ilə qürur duyuruq. Xatirələrinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm.
- Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət etsin.
Aytən Məftun
Səs: Sevinc Xanqızı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO