Türkiyəli məşhurları gözəlləşdirən azərbaycanlı: “Əvvəlki kimi dəbdəbəli toylar olmasa da...”
Bizi izləyin

Xüsusi

Türkiyəli məşhurları gözəlləşdirən azərbaycanlı: “Əvvəlki kimi dəbdəbəli toylar olmasa da...”

Türkiyədə yaşayan azərbaycanlı vizajist Kamran Cabbarov bacarıqlı işləri ilə qısa müddətdə böyük populyarlıq qazanıb. Deniz Seki, Deniz Akkaya, Tuğba Özbay kimi məşhurlarla işləmək şansı qazanan vizajist Publika.az-a müsahibəsində baharın makiyaj trendləri haqqında danışıb.

- Kamran bəy, həyatınızın hansı mərhələsində makiyaj ustası olmağa qərar verdiniz?

- Özümü tanıdığım gündən bəri rəsmə çox böyük marağım olub. Rəssamlıq kurslarına və məktəblərinə yazılmışam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini qırmızı diplomla bitirmişəm. 17 yaşında hər bir gənc həyatda məşğul olmaq istədiyi bir peşə seçir, ixtisas seçimi düşüncələrinə qapılır.

2013-cü ildə makiyaj trenddə idi. Makiyaja rəssamlığın bir qolu kimi baxmağa başladım, hər şey bu düşəncələrdən başladı. Məşhur kosmetika markalarının birində işləməyə başladım. Sonra Moskva, Ukrayna və Türkiyədə masterklass keçdim, bacarıqlarımı daha da inkişaf etdirdim. Bir müddət Bakıda çalışdım, sonra isə İstanbula köçməyə qərar verdim.

- Türkiyənin ən sanballı məşhurları ilə çalışmaq imkanı qazanmısınız. İstərdim ki, bir qədər bu barədə məlumat verəsiniz. Makiyaj ustaları arasında böyük rəqabətin olduğu Türkiyədə çalışmaq sizi yormur ki?

- Rəqabəti sevirəm, o olmasa motivasiya olmaz. Əslində hər kəsin özünəməxsus tərzi və duruşu var. Bizi fərqli göstərən də tərzimizdir.

- Türkiyəli sənətçilərin kaprizlərinə necə dözürsünüz?

- Bu ölkədə çalışmağın əsas avantajı sevilməkdir. Türklər azərbaycanlıları həm çox sevir, həm də rəğbət bəsləyir. Əslində çalışdığım ulduzların eqolu davranışlarını görməmişəm. İşinizi sevərək və düzgün şəkildə yerinə yetirdikdən sonra heç kim sizinlə kaprizli davranmaz.

- Qadını gözəl göstərən ən vacib detal nədir?

- Hər bir xanımın gözəlliyi individualdır, biz vizajist olaraq sadəcə bu gözəlliyi ön plana çıxarırıq. Lakin qaşlar və gözlər daha çox diqqət cəlb edir. Qadının gözəlliyini qaşları ilə göz forması təyin edir.

- Pandemiya və maskalar fonunda kosmetikaya marağın azaldığını müşahidə edirsinizmi?

- Yanılırsınız, gözəllik sənayesi tək sahədir ki, pandemiyada satışları davam edir. Dünyanın tanınmış markalarının yeni çıxardığı kolleksiyalar sürətlə satılır, influserlər reklam edir və satışlarını həyata keçirir. Üstəlik inanılmaz sayda marka var. Məncə, makiyaj dönəminin bitdiyini demək tezdir. Xanımların makiyaja olan sevgisi tükənməzdir.

- Azərbaycanlı və türk xanımların makiyaja münasibəti haqqında nə deyə bilərsiniz?

- Türk xanımlar makiyajı azərbaycanlı xanımlar qədər sevmir. Bizim xanımlarımız günün istənilən saatında baxımlı olmağa çalışır, ən azından gözünə tuş, yanağına ənlik çəkir. Türkiyədə bu tendensiyanı görmürük.

- Bəs makiyajdan həddən çox istifadəni özgüvənsizlik əlaməti kimi qiymətləndirmək olar?

- Bir insanın güzgüyə baxanda özünü sevməsindən və “Bu gün çox gözəl oldum” deməsindən sağlam nə ola bilər? Makiyaj qadını sadəcə gözəlləşdirməklə qalmır, istənilən gözəllik özü ilə birlikdə xoş ovqat və müsbət enerji gətirir. Bir insanın özünü sevib, özünə qarşı sayğılı davranmasından möhtəşəm bir duyğu ola bilməz.

- Makiyajın mükəmməl alınmasını istəyən xanımlar mütləq bahalı kosmetik məhsullar almalıdır?

- Kosmetika bazarı o qədər böyükdür ki, istənilən qiymətə məhsul tapmaq olar. Əsas odur ki, məhsul orijinal olsun, dəriyə zərər verməsin.

- Yaz və yay aylarının makiyaj trendləri haqqında ipucu verə bilərsiniz?

- Həddən artıq makiyaja gərək yoxdur. Bir az bronzlaşmış dəriyə narıncı pomada və üzərinə dodaq parladıcısı çəkməklə şən bahar obrazı yarada bilərsiniz. Gözlərinizə isə qızılı tonlarda kölgə, qəhvəyi tuş çəkməyi tövsiyə edirəm. Bu, sizi həm daha təbii, həm də romantik göstərəcək. Dərinin təravətli görünməsini təmin edən sabitləyici sprey isə makiyajın əsas tamamlayıcısı olacaq. Yeri gəlmişkən, daranmış qaşlar həm bu, həm də gələcək mövsümün trendidir.

- Toy və şənliklərin azalması maddi durumunuza təsir edirmi?

- Türkiyədə işlər bir qədər fərqlidir. Əvvəlki kimi dəbdəbəli toylar olmasa da, gəlinlərimiz nikah günü gözəl makiyaj istəyirlər. Gəlinlər toy fotosessiyası üçün makiyaja gəlirlər.

- İnstaqramda Kerimcan Durmazla fotonuzu gördüm. Onun həyat tərzinə, müğənnilik iddialarına münasibətinizi bilmək istərdik.

- Kerimcan məhsuldar insandır, yerində dayanmağı sevmir, yenilikləri ilə insanları təəccübləndirməyi yaxşı bacarır. Həm makiyaj markası var, həm də DJ kimi səhnələrə çıxır. İndi isə özünü ifaçı kimi sınamağa qərar verib. Hesab edirəm ki, məhsuldar insan həyatda heç bir halda itirmir. İlk gündən bəri işinə can yandırdığını görürəm və dəstək oluram. Bu işdə də bacarıqlı olacağını ona demişdim. Yutub trendlərində də birinci yerdən düşmək bilmir.

- Deniz Akkaya, Tuğba Özbay, Qonca Vuslateri, Deniz Seki və digər məşhurlarla əməkdaşlıq etmisiniz. Ümumiyyətlə, ulduzlarla işləyən vizajist hansı keyfiyyətlərə sahib olmalıdır?

- Əlbəttə ki, işini sevməlidir, sonra ən çətin şərtlərdə çalışmalıdır. Çünki bir anda özünü Uludağda qarın ortasında çəkiliş meydançasında tapa bilər. Bir neçə gün davam edən klip çəkilişlərinə hazır olmalıdır, ən önəmlisi, axşam bütün fırçaları təmizlənib dezinfeksiya edilməlidir. Xüsusilə bu dönəmdə daha tədbirli olmalıyıq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm