Şuşada Prezidentlə görüşən MƏŞHUR: Təyyarədən enən kimi zəng gəldi ki... - - FOTO
Bizi izləyin

Xüsusi

Şuşada Prezidentlə görüşən MƏŞHUR: Təyyarədən enən kimi zəng gəldi ki... - - FOTO

Uşağından böyüyünə xalqımız üçün ən qürurlu, heç bir dinə sığmayan ən müqəddəs günləri yaşadıq. Milli kimliyimizə Şuşanın dağlarında qovuşduq. Xalqın sərkərdəsinin gözləri sevincdən yaşardı, multikultural vətənimizin bütün sakinləri əl-ələ verib yallı getdi.

Bu möhtəşəm yaz səhərində, Xarı bülbül festivalının enerjisinin Şuşanın dağlarına hopduğu bir tarixdə gözəl Şuşamızda işini davam etdirən məşhur fotoqraf Reza Deqati ilə əlaqə saxladıq.

Publika.az-ın həmsöhbəti dünya şöhrətli fotoqraf Reza Deqatidir.

-Şuşalı sabahınız xeyir, Reza bəy. Vətənimizdə hava necədir?

- Şuşanın günəşli səhərində sizi salamlayıram.

- Düşünürəm ki, Xarı bülbül festivalı, Cənab Prezidentimizlə görüşünüz barədə bölüşmək istədiyiniz məqamlar var.

- Əlbəttə. Bilirsənmi, fərqi yoxdur, fransızsan, azərbaycanlısan, yaxud digər millətin nümayəndəsisən. Torpaqların işğal edilibsə, mədəniyyətinin ən gözəl nümunələri yadlar əlindədirsə, təbii ki, ümidsizliyi, məyusluğu eyni şəkildə duyacaqsan. Hər bir xalqın səsi onun müğənniləridir. Eləcə də Şuşa Azərbaycanın səsidir. Görün, bu torpaqda nə qədər sehrli səslər doğulub. Xan Şuşinski, Bülbül... Bu xanəndələrin hamısı Azərbaycan incəsənətinin ən parlaq simalarıdır. Şuşanın mədəniyyət evi, onlarla digər önəmli tədris ocaqları dağıdılıb, yararsız hala salınıb.

Təbii ki, hər bir xalqın itirdiyi doğma torpağını ona geri qaytaracaq liderə ehtiyacı var. Bu baxımdan, İlham Əliyev xalqın xilaskarıdır. Onun Azərbaycan bayrağı ilə birgə Şuşada söylədiyi qətiyyətli sözlərin hər biri yaddaşımıza əbədi yazıldı.

2 günlük festival çərçivəsində səslənən musiqilər, oxunan mahnılar, o gözəl səslərin enerjisi günəş kimi Şuşanı yenidən dirçəltdi.

Cənab Prezidentlə görüşdə onun yaradıcılığıma, gördüyüm işlərə verdiyi yüksək dəyər məni çox qürurlandırdı. Bu gün burada olduğum üçün ürəyim çox şaddır.

- Reza bəy festivaldan sonra da Şuşada qaldınız. Maraqlıdır, nə işlər görürsünüz?

- İkinci dəfədir, Şuşaya gəlmişəm. Möhtəşəm yenidənqurma, bərpa işləri gedir. İlk səfərimdə dağıntılar daha çox idi. İndi isə Şuşa abadlaşır. Təəssüf ki, Şuşa yerlə yeksan olmuşdu. Lakin buna baxmayaraq, erməni vandalizminin izləri hələ də bu şəhərdə var. Həm də o görüntüləri obyektivimə həkk etmək istəyirəm. Yenə də qeyd edirəm, insan zəhmətlə tikdiyi evini, qurduğu həyatını yandırıb, dağıdıb gedərmi? Əsla! Həmin dağıntıları dünyanın diqqətinə bir daha çatdırmalıyam.

Bir məlumat da bölüşüm ki, ilk Beynəlxalq Fotoqraflar İnstitutunun Şuşada yaranması ehtimalı var. Şuşa mədəniyyət şəhəri olduğu üçün bu arzumuzun gerçəkləşməsini istəyirik. Axı fotoqrafiya incəsənətin unikal növüdür. Hər bir foto bütün dünyanın anlayacağı dildə danışır. Odur ki, layihəmiz üzərində çalışırıq. Çox istərdim ki, dünyanın ən məşhur fotqrafları Şuşaya səfər etsinlər. Buranın gözəlliklərini, dağıdılmış, məhv edilmiş köşələrini çəkib planet sakinlərinə göstərsinlər.

ADA təhsil ocağı ilə də bir sıra böyük layihələrimiz üzərində çalışırıq. Yəqin ki, ADA-nın tələbələri ilə çalışmaq da mənə nəsib olacaq.

- Bütün layihələrinizin tezliklə gerçəkləşməsini arzulayıram. Şuşamızdan sonra növbəti stansiya haradır?

- Təşəkkür edirəm. Bir həftəlik Parisə ailəmin yanına getmişdim. Elə təyyarədən enən kimi Bakıdan zəng gəldi ki, Xarıbülbül festivalına qatılmalısan. Parisdə gecələyib, yenidən Azərbaycana qayıtdım.

- Məncə, siz artıq Şuşaya köçməlisiniz... (gülürük) Reza bəy, Şuşalı növbəti gününüz uğurlu olsun. Görüşənədək!

- Çox sağ ol! Bakıya salamlar və sevgilər!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm