Xüsusi
Nüvədiyə qayıtmasaq, Ermənistan bizə təzminat ödəyəcək – MÜSAHİBƏ
Ermənistanda azərbaycanlıların tərk etdiyi sonuncu kənd - Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət edərək doğma torpaqlara qayıtmaq hüququnun təmin olunmasını istəyiblər.
Müraciətlə bağlı ətraflı məlumatı onun müəlliflərindən olan hüquq elmləri doktoru, professor Əmir Əliyevdən öyrənməyə çalışdıq.
Əmir Əliyev Publika.az-a müsahibəsində söylədi ki, dünyanın ən nüfuzlu təşkilatları artıq müraciətləri qəbul ediblər.
- Müraciətə neçə ailə imza atıb? İmza atanlar Nüvədidə doğulanlardır, yoxsa?
- Bizim Nüvədi kəndinin camaatı 8 avqust 1991-ci ildə tarixi-etnik torpaqları olan Qərbi Azərbaycandan deportasiya olunublar. Nüvədililər Qərbi Azərbaycandan ən axırıncı çıxan insanlardır. Həmin tarixə qədər onlar erməni cinayətkarlarına qarşı böyük dəyanət göstəriblər. 1991-ci ildə bizi öz ata-baba torpaqlarımızdan zorla qovdular. Nüvədidən çıxanda ailə sayı az idi. Amma üstündən 30 il keçib və artım da təbiidir. Nüvədiyə qayıtmaqla bağlı beynəlxalq təşkilatlara ünvanladığımız müraciətə 452 ailə imza atıb. Bu sənədə o şəxslər qol çəkiblər ki, onlar Nüvədidə anadan olublar.
- Əsasən hansı təşkilatlara müraciətlər ünvanlanıb?
- Əsas müraciətlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasının prezidentinə, UNESCO-nun Baş direktoruna və ICESCO-nun rəhbərinə ünvanlanıb. Müraciət iki istiqamətlidir.
- Hansı istiqamətlərdir?
- Biz UNESCO və ICESCO-ya müraciət etmişik ki, bu, tarixi-mədəniyyət abidələrinin qorunması, digər təşkilatlara isə bizim qayıtmaq hüququmuzla bağlıdır. Biz doğulduğumuz ana vətənimizdən qovulmuşuq. Bütün əmlaklarımız da orada qalıb. Bizim qayıtmaq hüququmuz var. Bununla bağlı beynəlxalq sənədlər mövcuddur. Özüm də bu sahədə mütəxəssisəm. 1966-cı il paktı, 1998-ci ildə BMT-nin prinsipləri bəyannaməsi var. Nüvədidə orta əsrlər dövrünə aid qəbiristanlıq var idi. Ermənilər onu dağıdıb. Nüvədinin çox böyük ziyarətgahları var. Yerüstü və yeraltı kəhrizlər sistemi mövcud idi. Onların hamısını ermənilər dağıdıblar. Bunları saymaqla bitirmək olmaz. İlk növbədə biz UNESCO və ICESCO-dan tələb edirik ki, həmin tarixi abidələr qorunsun. Ermənilər bizim tarixi abidələrimizi beynəlxalq təşkilatların, qurumların müşayiəti altında ziyarət etdikləri kimi, bizi də himayə etsinlər, biz də gedib oraları, oradakı ziyarətgahlarımızı ziyarət edək. Onlara baş çəkək. Onlar bizə də dəstək verməlidirlər.
- Ermənilər Nüvədinin adını dəyişib “Nrnadzor” qoyublar. Buna münasibətiniz necədir?
- Nüvədinin adının dəyişməsi tamamilə qeyri-qanunidir. Çünki 300 illik tarixi olan bir adı necə dəyişmək olar? 1991-ci ilə qədər orada heç bir nəfər də erməni yaşamayıb. Bu məsələnin digər tərəfi ondan ibarətdir ki, biz başqa beynəlxalq təşkilatlara da müraciət etmişik ki, ermənilərlə birgəyaşayış qaydalarına əməl etməyə hazırıq. Bir sözlə, biz öz tarixi yurd-yuvamızda yaşamaq istəyirik. Bunu qəbul edib-etməmələri onların öz işidir. Amma mənim hüququmu təmin etməlidirlər. Biz Nüvədiyə qayıdaraq orada yaşamaq istəyirik.
- Bəs müraciəti nə zaman ünvanlamısınız?
- Müraciəti təxminən 2 həftə əvvəl ünvanlamışıq. Hətta 2 həftədən də çoxdur. Artıq müəyyən təşkilatlar müraciətlərimizi götürüblər. Yəqin ki, proses bir müddət çəkəcək. Mətbuatda bu məsələni işıqlandırdığınıza görə sizə təşəkkür edirəm. Bu işə dəstək vermək lazımdır. Nüvədi Zəngilanla Mehrinin arasında yerləşir. Zəngilanın axırıncı kəndi olan Vejnəli ilə qonşudur. Nüvədi Vejnəli ilə qonşudur və birinci kənddir.
- Bəs Azərbaycan dövlətinin bu məsələyə mövqeyi necədir?
- Nüvədi camaatı öz hüquqlarının müdafiəsi üçün beynəlxalq təşkilatlara müraciət edib. Azərbaycan dövləti də bu işə ciddi dəstək verir. Çünki öz ərazisində yaşayan vətəndaşlarının hüquqlarının müdafiəçisidir. Ümid edirəm ki, gələcəkdə də bu işə dəstəyini davam etdirəcək. Cənab Prezident də dəfələrlə bəyan edib ki, Qərbi Azərbaycandan, Zəngəzurdan qovulan insanlar öz yurd-yuvalarına qayıtmalıdır, çünki bu, onların haqlarıdır. Heç kim bizi bu hüquqdan məhrum edə bilməz.
- Nüvədililər Ermənistan vətəndaşları olaraq qalır, yoxsa Azərbaycan vətəndaşlığına keçiblər?
- Xeyr, biz Ermənistan vətəndaşı deyilik. Biz qaçqın olaraq Azərbaycana gəlmişik və buranın vətəndaşlığını qəbul etmişik. Bunun məsələyə heç bir dəxli yoxdur. Mənim əmlakım, mülküm orada qalıb. Mən öz doğulduğum məkandan qovulmuşam. Könüllü olaraq, öz istəyimlə buraya gəlməmişəm.
- Evlərinizin, mülklərinizin sənədləri hələ də qalırmı?
- Bəli, qalır. Hamı qol çəkib, bütün sənədləri bir yerə yığmışıq. Oraya qayıtmaq mənim hüququmdur. Mən bu gün Azərbaycan vətəndaşlığından çıxıb Fransanın da, ABŞ-ın da vətəndaşlığını qəbul edə bilərəm. Amma mənim Nüvədidə əmlakım var. Mən istənilən vaxt oraya qayıda bilərəm. Bu kimi məsələlər beynəlxalq hüquqla tənzimlənir. Ermənistanın qondarma hüququ deyil ki, ürəyi istədiyi vaxt ondan imtina etsin… Digər tərəfdən, biz birgəyaşayış qaydalarına hazırıq. Məsələnin mahiyyəti bundan ibarətdir.
- Nüvədiyə qayıdacağınız təqdirdə sizin təhlükəsizliyinizi kim təşkil edəcək?
- Nüvədi camaatının təhlükəsizliyini beynəlxalq təşkilatlar - məsələn, ATƏT təmin etməlidir. Yalandan tullanıb gəlib ortalığa düşməklə deyil. Pis mənada yox, gəlirlərsə, deməlidirlər ki, mən problemi həll etməyə gəlmişəm. Problemin biri də budur, gəlib bizim təhlükəsizliyimizi təmin etməlidirlər. BMT-nin sülhməramlı qüvvələri var. Regionun özünün sülhməramlı qüvvələri formalaşdırıla bilər. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Bizi bir dənə də tarixi-mədəniyyət abidəsini ziyarət etməyə qoymurlar. Sülhməramlıların nəzarəti ilə oraya gedə, bir-iki gün qala bilərik. Bilirsiniz, orada çox böyük tarixi mədəniyyət abidələri var.
- Bəs sizi öz yurd-yuvanızdan çıxardığı üçün Ermənistandan təzminat tələb edəcəksinizmi?
- Hələlik təzminat məsələsi ortada yoxdur. Amma ola bilər. Əgər Ermənistan Nüvədi sakinlərinin öz doğma yurdlarına qayıtmasına icazə verməsə, o zaman təzminat məsələsi də ortaya çıxacaq.
Tural Turan
-
Hadisə14:03
“Bu gün qan içəcəm” deyib bıçaqla hücum etdi - Gəncədə şok hadisə
-
Dünya13:08
ABŞ-dan Türkiyəyə də təsir edəcək qərar: Bütün yolları bağladılar
-
Rəsmi xronika12:10
Prezident Surinamın dövlət başçısını təbrik etdi
-
Avropa11:40
Bu ölkə müharibəyə hazırlaşır: Bomba sığınacaqları artırılır
-
Sosial10:44
Hökumət hərəkətə keçdi: Kommunal borclar silinir - Kimlər faydalanacaq?
-
İdman09:44
Berdıyev "Turan Tovuz"u tərk etdi: Rəhbərliklə arasında nə baş verib?
-
Nida Xəbər 09:07
Rusiya səfirindən sülh müqaviləsi ilə bağlı vacib açıqlama: Moskva istəyir ki...
-
İdman06:46
Babasının kəlləsini stadiona gətirdi - VİDEO