“Kremlin uşaqları” niyə Paşinyana uduzdu? - Tofiq Zülfüqarovla MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

“Kremlin uşaqları” niyə Paşinyana uduzdu? - Tofiq Zülfüqarovla MÜSAHİBƏ

Ermənistan 20 iyun seçkilərindən sonra yeni mərhələyə qədəm qoyur. Bir çoxları düşünür ki, Qarabağla bağlı məsələlərin həlli bundan sonra sürətlənəcək. Qarabağdakı qanunsuz hərbi birləşmələr Ermənistan tərəfindən çıxarılacaq.

Bəs daha nələr baş verəcək?

Bütün bunları keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə etdik.

Tofiq Zülfüqarov Publika.az-a müsahibəsində söylədi ki, Qərb heç seçki pozuntularına görə də Nikol Vovayeviçə “gözün üstə qaşın var” deməyəcək.

- Tofiq müəllim, 20 iyun seçkiləri Ermənistanda nələri dəyişəcək? Kremlin “uşaqları” bu seçkidə niyə uduzdular?

- Son seçkilər göstərdi ki, Ermənistan ictimiayyəti bir neçə il bundan öncə etdikləri seçimin üzərində dayandılar. Bir neçə il bundan əvvəl onlar Qərbyönlü siyasəti dəstəklədiyini bəyan etmişdilər. Məhz bunun nəticəsində də Nikol Paşinyan hakimiyyətə gəlmişdi. 20 iyun seçkiləri ilə biz bu prsesin davamını gördük. Biz görürük ki, Ermənistanı təcrid vəziyyətinə salan və vaxtilə Sovet İttifaqının dağılmasından sonra Rusiya tərəfindən dəstəklənən siyasi layihələrdən – qonşulara qarşı ərazi iddiaları və başqa məqamları nəzərdə tuturam – İrəvan özünü azad etməyə başlayıb. Çünki bunlar siyasi yüklərdir. Qarabağda baş verən proseslər də buraya daxildir. Bu da onu göstərir ki, geopolitik dəyişiklər bir qanunauyğunluqdur. Ermənistandakı 20 iyun seçkiləri də böyük geopolitik dəyişikliklərin bir mərhələsidir. Daha doğrusu, həmin mərhələlərdən biridir. Bu baxımdan, təbii ki, proses heç də asan keçməyəcək. Amma biz görürük ki, toplanan səslər Paşinyanın xeyrinədir. Bu da ondan irəli gəlir ki, Rusiyapərəst siyasətçilər əhaliyə yeni vədlər, onların qulağına xoş gələcək təkliflər, təzə yanaşmalar səsləndirmədilər. Koçaryan-Sarkisyan-Sarukyan üçlüyünün də uduzması məhz bundan irəli gəlir.

- Yəni, Paşinyanın rəqibləri bundan sonra ona qarşı siyasi müqavimət göstərməyəcəklər?

- Xeyr, onların müqaviməti təbii ki, bundan sonra da davam edəcək. Bu, müxtəlif yerlərdə və səviyyələrdə gerçəkləşəcək. Amma hesab edirəm ki, proseslər qabağa doğru gedəcək. Yəni, siyasi böhran olaraq bu qarşıdurma vəziyyəti davam edəcək. Çünki cəmiyyət bölünüb. Ermənistan cəmiyyətinin böyük bir hissəsi Qərbyönümlüdür. Kiçik bir hissə isə köhnə mövqedə olan dəstələrdir. Bu da o deməkdir ki, onların qarşıdurması zaman-zaman baş verəcək, davam edəcək. Bütün bunlarla yanaşı, Qərbyönümlü siyasət daha da sürətlə irəliyə gedəcək. Qərb-Rusiya qarşıdurması Ermənistanın siyasi səhnəsində daha da irəliyə sürüklənəcək.

- Tofiq müəllim, düşünürsünüzmü ki, bunlar gələcəkdə vətəndaş qarşıdurmasına və ya müharibəsinə çevrilsin?

- Bu məsələlərin bu həddə qədər gəlib çıxacağına inanmıram. Sanki həm Qərbyönümlülər, həm də rusiyapərəstlər mövcud reallıqlarla barışmağa və onunla razılaşmağa hazırdırlar. Yəni, reallıq ondan ibarətdir ki, Ermənistan kimi iki əsrə yaxındır ki, həyata keçirilən siyasi layihə artıq Rusiya üçün öz marağını itirib. Kimsə deyə bilər ki, Rusiyanın Ermənistanda hərbi bazaları var. Ondan sonra bir sual ortaya çıxır ki, bu baza nəyə lazımdır?! O qədər problemləri olan bir ölkənin Ermənistanda bazasının olması bir o qədər də aktual mövzu deyil. Yəni, Ermənistan bir siyasi layihə kimi aktuallığını itirib. Hesab edirəm ki, Rusiyada olan real siyasətçilər bəlkə də Ermənistandakı rusiyapərəst siyasətçiləri dəstəkləyəcəklər, buna təbii baxmaq lazımdır, amma vəziyyəti qarşıdurma həddinə gətirib çıxarmayacaqlar. Buna bir misal da çəkmək istəyirəm. Bundan əvvəl Ermənistanda baş qərargah rəisinin dəyişməsi ilə bağlı qalmaqal baş verdi. Biz orada Rusiyanın hansı mövqe sərgilədiyini gördük. Yəni, qarşıdurmalar qalacaq. Kəskin siyasi mübarizələr davam edəcək. Amma hansısa hərbi toqquşmaların olmasını mən gözləmirəm. Bəlkə də səhv edirəm, amma hər halda mənim rəyim belədir.

- Bir çoxları düşünürdü ki, seçkilərdən sonra Qarabağla bağlı məsələlər də sürətlə öz həllini tapacaq. Sizcə Qarabağdakı erməni qoşunlarının qalıqları 20 iyun seçkilərindən sonra çıxarılacaqmı?

- Bəli. Mən hesab edirəm ki, bəlkə də Azərbaycan bu mövzuları, məsələləri kəskin qoymuşdu. Amma sonra Ermənistanda ortaya seçkilər məsələsi gəldi. Azərbaycan siyasi təmkin nümayiş etdirdi. Bakı imkan yaratdı ki, Ermənistanda siyasi hakimiyyət təsbitləşsin. Buna baxmayaraq, biz öz tələblərimizdə və məqsədlərimizdə israrlıyıq. Həmin məsələlər mütləq şəkildə öz həllini tapmalıdır. Müharibənin məntiqi ondan ibarət idi ki, Azərbaycan ərazisində Ermənistanın işğalçı ordusu qalmasın. Yəni, bizim ərazilərimizdə qeyri-qanuni hərbi birləşmələr olmasın. Düşünürəm ki, hədəflərimizin icrası daha sürətli və tez şəkildə öz həllini tapacaq.

- Dünən səs verdikdən sonra Rusiyanın adamları hesab olunacaq şəxslər də seçki barəsində danışmaq istəmədilər. Susdular. Necə düşünürsünüz, Kreml də Paşinyanın qalibiyyəti ilə barışıb? Moskva üçtərəfli bəyanatın altında imzası olan Paşinyana həmin bəndləri icra etdirmək üçün onun qələbəsinə “hə” dedi?

- Siz sualınızda çox düzgün qeyd elədiniz, elə bir təəssürat var idi ki, əslinə qalsa Paşinyan bəzi tənqidlərə baxmayaraq, ümumi maraqlara uyğun davrandı. Söhbət Rusiyanın ümumi maraqlarından gedir. Bəli, biz başa düşməliyik ki, Moskvanın siyasi səhnəsi bir-iki mövqedən ibarət deyil. Orada digər siyasətin tərəfdarları da var. Erməni lobbisinin və diasporunun öz siyasi prioritetləri var. Bu baxımdan hesab edirəm ki, Koçaryana və Sarkisyana verilən dəstək bir növ nümayişkəranəlik missiyası daşıyır. Təbii ki, biz baş verən hər şeyi görürük. Bayaq da dedim, əslində Koçaryan-Sarkisyan cütlüyü yeni bir model təklif edə bilmədilər. Məhz ona görə də camaat onlara inanmadı. Onların cəmiyyətə təklif etdikləri köhnə modellər və üslublardır. Koçaryan isə təklif eləmişdi ki, biz Şuşanı və Hadrutu qaytarmalıyıq. O hansı şəkildə bunu edə bilərdi ki... Müharibənin davamını istəyirdi?!. Camaaat da öz-özünə fikirləşirdi ki, bu adam müharibə istəyir. Camaat da deyirdi ki, sənin oğlun heç müharibədə iştirak etməyib, amma biz itkilər vermişik. Sadə ermənilər də düşündülər ki, Koçaryanın siyasi konsepsiyasına görə yenidən müharibə etmək olmaz. Yəni, insanlar da müharibədən yorulublar. Bəlli oldu ki, Koçaryan “ölü” siyasi layihə idi. Belə adlandırmaq olar.

- Ermənistandakı seçkilərdə 319 qayda pozuntusu qeydə alındı. Güllə atıldı. 26 cinayət işi açıldı. Adətən Azərbaycanı qara hədəf taxtasına çevirmiş Avropa İttifaqı, ATƏT, AŞPA Ermənistandakı seçki pozuntularına hər hansı irad bildirəcəkmi?

- Yox, yox... Qərbin xeyrinədir ki, Ermənistandakı siyasi proseslər bu cür davam eləsin. Ona görə də Nikol Paşinyana hər cür dəstək verəcəklər. Onu seçki pozuntularına görə günahlandırmayacaqlar.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm