Xüsusi
Şuşanın azad edilməsi səhnələrini çəkmək istəsək... - İlqar Fəhmi ilə MÜSAHİBƏ
Bu vaxta qədər əsərlərimizin finalı yox idi. Ədəbiyyatçılar uzun illərdir ki, əsərlərini xoşbəxt sonluqla bitirə bilmirdi. Bilmirdik ki, sonunu hara bağlayaq... O torpağa ayaq basandan sonra artıq gözlənilən final səhnələri də yazılacaq. İstər “Xarıbülbül” festivalı, istərsə də Vaqif poeziya günləri kimi tədbirlər ədəbiyyatımıza gözəl finallı əsərlər bəxş edəcək.
Bu sözləri Publika.az-a müsahibəsində şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi deyib.
İlqar Fəhmi ilə müsahibəni təqdim edirik:
- İlqar bəy, Fulya Öztürk haqqında çəkilən sənədli filmin müzakirə olunması sizdə hansı təəssüratları yaratdı? Ümumiyyətlə, Fulya xanımın 44 günlük savaşdakı personaj cizgiləri bir obraz olaraq sənədli filmin qəhrəmanı olmağa layiqdirmi?
- Layiqdir, burada incə məqamlar var. Həmişə öz həqiqətlərimizi dünyaya çatdırmağa çalışmışıq. Təəssüf ki, Birinci Qarabağ müharibəsində haqq səsimizi dünyaya çatdıra bilmirdik. Bu, yaralı yerimiz idi. Ermənilərin saxta təbliğatı daha güclü aparılırdı, nəinki bizim. Bu xüsusda da Fulya xanımın simvol olaraq seçilməsi məni qane edir. Əslində, məqsəd sadəcə obraz təqdim etməkdən ibarət deyil, o obrazın ətrafında baş verən hadisələr barəsində söhbət açılacaq.
Ermənilər hər hansı detal ətrafında öz “həqiqətlərini” dünyaya elan etməyi sevir. Burada əsas diqqət o detal yox, kənarda baş verən hadisələrdir. Nəzərə alaq ki, o, CNN-in əməkdaşı olub. Müharibə dövründə hadisələri qaynar nöqtələrdən bizə çatdırmalarını bir kənara qoyaq, çəkiləcək film CNN xətti ilə dünyada təbliğ olunacaq. Kanal öz əməkdaşı haqqında çəkilən filmi nümayiş etdirəcək, təbii ki, İkinci Qarabağ müharibəsi burada öz əksini tapacaq. Fulya obrazını məqsəd yox, vasitə kimi qəbul etmək lazımdır. Onun fonunda öz səsimizi çatdıracağıq. Əminəm ki, rejissorun niyyəti jurnalistin obrazını şişirtmək və ilahiləşdirmək deyil. Ən azından Gəncə və Bərdə hadisələrində gördüklərindən, yaşadığı hisslərdən söz açacaq. Beləliklə, biz o hadisələr haqqında daha çox məlumat vermiş olacağıq.
Sözsüz ki, yerli jurnalistlərin göstərdiyi fədakarlıqlar barəsində film çəkməliyik. Məsələ burasındadır ki, biz bu filmi dünya ekranlarına çıxara bilməyəcəyik, çıxış yoxdur.
- Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün hansı işlər görülməlidir? Bu barədə ssenari yazmağı düşünürsünüz?
- Müharibə mövzusunda pyesim, filmim və ssenarilərim var. Problem odur ki, biz həmişə tələsirik. İkinci Dünya müharibəsi başlayandan təxminən bir və il yarım sonra filmlər çəkilməyə başladı. Texnika baxımından əvvəlki kimi çətinliyimiz olmasa da, ssenarinin yazılması, qəbul olunması və ekranlaşdırılması vaxt tələb edir. Tez-tələsik yazılan layihələr adətən keyfiyyətsiz olur. Rusiyada indiyə qədər İkinci Dünya müharibəsindən filmlər çəkilir. Bundan sonrakı Azərbaycan ədəbiyyatı və kinosunun bazasının bir hissəsini müharibə mövzuları təşkil edəcək.
Hazırda sənədləşdirmək və publisistika dövrüdür. Real baş verən hadisələri olduğu kimi təqdim edirik, onu bədiiləşdirmək isə vaxt aparır. Öz filmlərimizi Hollivud layihələri ilə müqayisə etmək yersizdir. Onların texniki bazası və maliyyə imkanları bizimkindən çox-çox yuxarıdır. İnanıram ki, müəyyən vaxtdan sonra biz də öz imkanlarımız çərçivəsində çox maraqlı işlər və əsərlər çəkə biləcəyik.
- Filmlərimizin Hollivud səviyyəsində ola bilməməsinin səbəbi maliyyə məsələləridir?
- Ümumi maddi-texniki bazadan söhbət gedir. Şuşada hazırda quruculuq işləri gedir, təmir olunur. Gələcəkdə Şuşanın azad edilməsi səhnələrini çəkmək istəsək, çəkə bilməyəcəyik. Şəhər təmir olunduğundan dağıntıları göstərə bilməyəcəyik. Böyük vəsaitin olmalıdır ki, Şuşa kimi şəhərin dekorunu qura biləsən. Partlayış səhnələrini qurmaq üçün peşəkarlar tələb olunur, bizdə o səviyyədə mütəxəssislər yoxdur.
Xarici rejissor və ssenaristlər işə cəlb oluna bilərlər. Lakin bu zaman film texniki cəhətdən yüksək səviyyədə olsa da, milli ruh olmayacaq. Hər hansı Hollivud filmi kimi izləyəcəyik. Tərəfdarıyam ki, maddi-texniki keyfiyyət aşağı olsun, amma o doğmalıq bizə də ötürülsün.
- Əsərlərinizin baş qəhrəmanı adətən mühafizəkar obrazlar olur. Bu personajlar daim kiminlə mübarizədədir – zamanla, özləri ilə, yoxsa əks qütblərlə?
- Ən əhəmiyyətlisi daxili mübarizədir. İnsanın ən böyük ziddiyyətləri öz içindədir. Daxili ziddiyyətləri dəf etmək daha çətindir, nəinki özünlə zaman arasındakı ziddiyyətləri. Elə mənzərə yaranır ki, sanki başqaları ilə yola gedə bilmirəm. Əslində, əsas səbəb öz içindəki ziddiyyətləri dəf edə bilməməkdir. Kənardakı konfliktlər içəridəkinin hər hansı formada sublimasiyasıdır. Öz içimdəki problemi dəf edə bilmirəm, onun əsəb və qeyzini kənardakılardan çıxmağa çalışıram. Bir çox problemlərin səbəbini tapmaq üçün daxilə yönəlmək lazımdır.
- Bu mübarizə sonsuza qədər davam edir?
- Bu proses bitmir. İnsan onsuz da yaradılışdan ziddiyyətli məxluqdur. Ya bütün hirsini açıb ətrafa yaya bilər, ya da hər hansı formada lokallaşdırıb o ziddiyyətlərlə yaşamağı öyrənə bilərsən.
- Bu mübarizələrdə özünüzə məğlub olmusunuz?
- Əslində, həyatım bu məğlubiyyət üzərində qurulub. İçimdəki alovu tamamilə söndürə bilməmişəm, sadəcə əhatəyə almağa çalışmışam ki, kənara yayılmasın. Ziddiyyəti tamamilə dəf etmək, qələbə çalmaq məndə alınmayıb. Bu da bir məğlubiyyətdir.
- İcazənizlə bir qədər konkretləşdirək. Alov dedikdə nəyi nəzərdə tutursunuz?
- Yaradıcılıq baxımından içimi yandıran yanğınlar var. İstərdim ki, kino sahəsi bizdə də yetəri qədər inkişaf etsin. Bəzi dostlarımız var ki, bunun qəzəbini ətrafa sızdırırlar. Çıxış yolu göstərmək və ya dəstək olmaq yerinə “Niyə bizdə yoxdur” şüarını əldə bayraq edib ürək bulandırırlar, sosial şəbəkələrdə qəzəb püskürürlər, xalqa və dövlətə qarşı müəyyən iradlar səsləndirirlər. Nəticədə ətrafla münasibətləri korlayırlar. Ümumiyyətlə, bu üslubla nəyəsə nail olmaq mümkün deyil. Bu, qəzəbin təzahürüdür, problem odur ki, o insan öz içindəki ideyaları reallaşdıra bilmir. Bütün qəzəb və nifrəti ətrafa yaymaqdansa, mümkün olan çərçivədə özün bir iş gör.
- Qəhrəmanlarınız, yoxsa özünüz tez-tez yalan danışmaq məcburiyyətində qalırsınız?
- Qəhrəmanlarım yalan danışırsa, həm də mən yalan danışmış oluram. Əgər bu yalana özünü və ətrafdakıları da inandıra bilirsənsə, o, artıq həqiqətə çevrilir.
- Yazıçı, şair və ya kinodramaturq nə zaman bizi inkişafa yaxınlaşdırır?
- Bu o zaman mümkün olur ki, insan öz içindəki qəzəb və hikkəni sıxıb, sosial problemlərə yönəlir. Hər hansı şair və yazıçının fiziki ağrıları, psixoloji problemləri və ya xəstəliyi ola bilər. Onlar konkret olaraq bu məsələlərə köklənir, problemlərini sətirlərə köçürməklə özlərini sakitləşdirə bilərlər. Bir də gərginliyi boğub toplumu vətənpərvərlik və milli ruha kökləyən, onu düşünməyə məcbur edən ziyalılarımız var. Bu, artıq uzun bir yoldur.
Bəzən deyirlər ki, yazıçı öz içini olduğu kimi sətirlərə köçürməlidir. Bu fikirlə razı deyiləm. Yaxşı sənətkar və yaxşı düşünən insan birinci növbədə kənarı özündən qorumalıdır. Ancaq bu halda sənətkar ali səviyyəyə qalxa bilər.
- Pandemiya dövrü yaradıcılığınızda hansı izləri qoydu?
- Qorxu, vahimə, müəyyən qədər qeyri-müəyyənlik oldu. Bütövlükdə məndə xüsusi bir dəyişiklik yaratmadı. Yazı onsuz da özünə çəkilmə prosesidir. Odur ki, “evdə qal” şüarının bizə təsiri olmadı. Daha çox rejissor, aktyor və musiqiçilər depressiya yaşadı. Çünki onlar ekstravert sənətə aid edilir, həmişə kollektiv içində olublar. Bu baxımdan mən də daxil olmaqla pandemiyanı ən rahat keçirən yazı əhli oldu. Bəzi sahələr bağlandı deyə daha çox yazmaq imkanımız oldu. Çox məhsuldar işlədik. Həyat tərzimizi dəyişmədik, kollektiv sənətə aid olanlar isə həyat tərzini dəyişməyə məcbur oldu.
- Müsahibələrinizin birində demisiniz ki, əsəbiləşəndə bıçaq itiləyirəm. Bəs darıxanda hisslərinizi necə cilovlayırsınız?
- Ağlımdan keçən istənilən fiqurun rəsmini çəkirəm. Bir gün dostlarımdan biri siyirtməsini açanda gördüm ki, bir bağlama kağız çıxardı. Film və kitab barəsində hər dəfə müzakirə apardıqdan sonra çəkdiyim rəsmlər masanın üstündə qalırdı. Dedi ki, hər dəfə sən çıxıb gedəndən sonra çəkdiyin kağızları yığıb saxlayıram.
- Kimə və ya nəyə inanmaqdan heç vaxt vaz keçmirsiniz?
- Mistikaya. İnsanlara inamın arxasında da qeyri-müəyyənlik var. O mənada ki, bu gün inandığın birinə sabah inanmaya da bilərsən və ya əksinə, bu gün inanmadığına sabah inana bilərsən. Tanrıya və ya ağılla dərk olunmayan hadisələrə inam da mistikadan başlayır.
- İlqar bəy, xoşbəxt ola bilmək üçün möcüzələrə inanmalıyıq?
- Mütləq, mistikaya inanan adamam, ümumiyyətlə mistika həyatın ayrılmaz bir hissəsidir. Ən xırda həyat hadisələrində belə mistika olmasa, insan çox quru və strukturlu bir varlığa çevrilər. Planlı, rasional, çərçivəli, dəqiq və məntiqli həyat çox sıxıcı olar. Hər kəsin öz içində vaz keçmədiyi mistikası olmalıdır. Bilinməzlik həyata mistik rəng qatır.
- Ən unudulmaz mistikanızı bizə danışa bilərsiniz?
- İctimai insanların adı ilə bağlı olduğundan tək-tək misal gətirmək istəməzdim. Bəzi mərhələlərdə istəmişəm ki, sənətdən ayrılıb başqa bir xətlə gedim. Qərar qəbul etsəm də, dəfələrlə olub ki, o tərəfə addım atan kimi qarşımı bir maneə kəsib. Hansısa ilahi qüvvə məni geri çəkib.
- Buna şükür etmisiniz?
- Həmin məqamda əsəbiləşsəm də, sonradan anladım ki, hər hansı bir qüvvə məni bu sənətdən kənara çıxmağa qoymur.
- Mistikanın ömrünü uzatmağın bir qaydası var?
- Bunun üçün bütün varlığınla ona inanmalısan. 5 dəqiqədən sonra başına nə iş gələcəyini bilmirsən, bu, mistika deyil, nədir? Həyat təsadüflərlə doludur. Bu təsadüflər təkrarlananda görürsən ki, artıq adi təsadüf deyil, mistikanın özüdür.
- Vaqif poeziya günlərinin keçirilməsi Azərbaycan ədəbiyyatına hansı töhfələri verəcək?
- Şuşada gələcəkdə keçiriləcək istənilən layihə Azərbaycan ədəbiyyatındakı 30 illik məğlubiyyət sindromunu silib aparacaq. Bu vaxta qədər əsərlərimizin finalı yox idi. Ədəbiyyatçılar uzun illərdir ki, bu mövzuda əsərlərini xoşbəxt sonluqla bitirə bilmirdi. Bilmirdik ki, sonunu hara bağlayaq... O torpağa ayaq basandan sonra artıq gözlənilən final səhnələri də yazılacaq. İstər “Xarıbülbül” festivalı, istərsə də Vaqif poeziya günləri kimi tədbirlər ədəbiyyatımıza gözəl finallı əsərlər bəxş edəcək.
- Gənc yazarlar Yazıçılar Birliyinin 13-cü qurultayının Şuşada keçirilməsini təklif etmişdilər. Yaşlı nəslin yazarları da onlara dəstək vermişdi. Amma AYB sədri bu təklifi soyuq qarşılamışdı. Siz bu barədə nə düşünürsünüz?
- Bu təklifi Şuşanı görməyənlər verib. Biz oranı görmüşük deyə vəziyyət və şəraitin necə olduğunu bilirik. Odur ki, belə bir vəziyyətdə 13-cü qurultayın Şuşada keçirilməsi real görünmür. İstənilən tədbiri Şuşada keçirmək çox ağrılı və əziyyətli prosesdir. Yolundan, təhlükəsizliyindən şəraitinə qədər olan vəziyyəti nəzərə almalıyıq. Hər şey qaydasına düşəndən sonra onsuz da Şuşada mütəmadi olaraq tədbirlər həyata keçiriləcək. İndidən mən də tərəfdarıyam.
- Sizcə, indiki dövrdə əruz vəzni ilə dünya ədəbiyyatına düşmək mümkündürmü?
- Əruz vəzni milli və kollektiv təhtəlşüurumuza oturan həqiqətlərin, dəyərlər sisteminin qorunub saxlanılması üçündür. Hazırda qəzəl yazmaqla dünyaya çıxa bilmərsən, amma milli identifikasiyanı saxlaya bilərsən. Bu dəyərləri qoruyub saxlamaq üçün əruz vəzninə maraq yetəri qədərdir. Narahatam ki, gözünü açandan əlində smartfonla böyüyən yeni nəslin təfəkkürü necə formalaşacaq, telefonlar onları necə dəyişəcək... Milli təfəkkür, millət və xalq anlayışını onlar başa düşə biləcəkmi? Bu, mənim üçün çox maraqlıdır. Həyat onlar üçün ətraf mühitdən yox, çərçivədən başladı, sonra dil açdılar. Kompüter və televizorların təsir qüvvəsi o qədər güclü deyil, orada seçim yoxdur. Smartfonların psixoloji təsiri ondan ibarətdir ki, istənilən mövzuda məlumatlar tapa bilərsən və sən dünyaya oradan açılırsan. Fikirləşirəm ki, o uşaqlarda reallığın dərki daha zəif olacaq. Çərçivə - telefon onlar üçün real həyat, o reallıq isə virtual həyat olacaq.
- Niyə bizimkilər “Nobel” mükafatı ala bilmir? “Nobel” almaq üçün nələrimiz çatmır?
- Ümumiyyətlə, niyə biz dəyəri yalnız “Nobel” mükafatı ilə ölçürük? Əruz vəznində yazılan əsərlər tərcümə oluna bilməz. Tərcümə olundu, forma dəyişdisə, artıq məna itir. Belə çıxır ki, əruz vəznində yazılan əsərlər heç vaxt “Nobel” mükafatı almaq imkanına malik olmadığına görə, sənət nümunələri sayılmamalıdır?
Müəyyən tipli yazarlar var ki, indiki dövrdə dünyaya çıxa bilirlər. Bir müddət sonra bu yazıçılar “Nobel” ala bilərlər. Amma sırf milli ruhda olan əsərlər heç vaxt “Nobel” almır. Bu, Yaponiya, İngiltərə və ya Fransa üçün də keçərlidir. Milli ruhda yazan yazıçılara heç vaxt “Nobel” mükafatı verilmir. Yaponiyada iki Murakami var, biri Haruki, digəri Ryu. Ryu Murakami sırf yapon psixologiyası üzərində köklənən bir yazıçıdır. Gərək yapon olasan ki, onun dərinliyini hiss edəsən. Mənim üçün onun yazdıqları o qədər maraqlı deyil. Amma Haruki Murakami daha fərqli və dünyəvi yazır, onu hiss edə bilirəm. Yaponlar Harukini yapon yazıçısı kimi qəbul etmir, Amerikan yazıçısı kimi daha çox məşhurdur. Beləliklə, ədəbiyyatda ikili xətt yaranır, biri daxili, digəri xarici bazar üçün.
- Siz xarici ölkələrdə çap olunmağa can atırsınızmı?
- Həvəsim yoxdur, çox nadir əsərlərimi tərcümə etdirmişəm. Burada marketinq məsələsi də var. Bilirik ki, son 30-40 ildə dünya ədəbiyyatına çıxış daha çox bazar münasibətləri ilə bağlıdır. Arxasında maliyyə dayanmalıdır. Yazdığın əsər dünya bazarına təqdim olunmaq üçün ən azından tərcümə olunmalıdır. Tərcümə isə maddi yatırım deməkdir.
Siyasi məsələlər də var. Qərbdə sevirlər ki, Şərq aləmi tənqid olunsun. Bu, onların xoşuna gəlirsə, deməli, Qərbə çıxmaq üçün mən də onların istədiyi kimi yazmalıyam, onların həqiqətlərini təbliğ və tərənnüm etməliyəm. Bunu isə hər yazıçı özünə yaraşdırmır.
- Varlığınızın mənası nədir? Bu sualı özünüz üçün necə cavablandırırsınız?
- Həyatın mənasını tapandan sonra insanın yazmaq və yaratmaq eşqi sönə bilər. Bu, hər şeyin bitməsi deməkdir. Nə qədər ki, insan yazıb yaratmaq uğrunda çalışır, deməli, hələ axtarışdadır. Yəqin ki, tapsam, mən də susacam. Fikirləşirəm ki, tapmamaq daha yaxşıdır.
Aytən Məftun,
Foto: Ceyhun Rəhimov
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO