Xüsusi
Qızım 10 il sonra Xankəndidəki Adelinaya məktub yazdı ki... - Vahid Qazi
Ağdamda dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək... Gecələr yağış damlalarının evimizin damında bəstələdiyi simfoniyanın notlarını səhərlər günəş bütün şəhərə yayacaq.
Bu sözləri Publika.az-a müsahibəsində yazıçı-publisist Vahid Qazi deyib.
Müsahibəni təqdim edirik:
- Vahid müəllim, 27 il Ağdamın işğal gününü qeyd etdik. Ancaq bu gün başqa əhval-ruhiyyədə bu tarixi xatırlayırıq. Artıq azad Ağdam var. Bu tarixlə bağlı təəssüratınız necədir?
- İkili duyğu yaşayır adam. Biri sevinc duyğusudur, ömrün yarısını həsrətlə yaşayan adam üçün bu sevincin miqyası ölçüyəgəlməzdir. O biri itkidir. İşğal illərində elə bilirdin, bir gün şəhərin azad olacaq və sən qoyub getdiyin yerə qayıdacaqsan. Yalançı bir illüziyan vardı. Xarabalıqlar bulduzerin ağzına veriləndə bildim ki, daha o illüziya da yoxdur. Əlbəttə, əvvəlkindən də gözəl şəhər salınacaq. Bu, bizim uşaqların, nəvələrin şəhəri olacaq. Bizim şəhəri isə daha heç vaxt görməyəcəyik.
Bir də son vaxtlar nigarançılıq yaranıb. Əsgəran, Xankəndi erməni-rus nəzarətindəykən yeni şəhərimizdə dinclik olacaqmı, nigarançılığı.
- Qeyd edirsiniz ki, Ağdamda yaşadığım yüzlərlə xatirələrim var, baxıram, o xatirələr azad ola bilməyiblər. Azad görmədiyiniz xatirələriniz hansılardır?
- Azad ola bilməyən xatirələr bax, elə o şəhərdə qaldı. İllüziya şəhərdə. Şüşə dalından baxırmış kimi baxacaqsan, amma keçib gedə bilməyəcəksən. Azad görmədiyim xatirələr həmişəlik elə o şüşə arxasında qalanlardır. Nə vaxtsa gələcək nəsillər ermənilərlə barışacaqlar. Əbədi düşmənçilik olmur. Xatirələri həmişəlik əsir qalan bizim nəsil isə bunu edə bilməyəcək. Alınmır. Mümkün deyil. Bu gün isə əsas bu deyil, bu gün əsas odur ki, şəhərim azaddır və mən yuxudan bu gözəl xatirələrlə oyanıb, “Salam, Ağdam” deyirəm.
- Ağdamda ən çox nə üçün darıxırsınız?
- Evimizin birinci mərtəbəsində kirayə qalan musiqi texnikumunun qızlarının səhər obaşdan çaldıqları, məni yuxudan oyadan piano səsi üçün.
- Hazırda Ağdamda görmək istədiyiniz, ən çox darıxdığınız məkan haradır?
- Həyətimiz, illah da nar, gilənar, armud çiçəkləyən vaxtı, bir də çıxıb Xıdırlı dağlarına, küçədə gəlib-gedənlərə baxdığım taxtapuşumuz.
- Ağdamı necə təsəvvür edirsiniz? 28 il fərqlə görmək istədiyiniz Ağdam təsəvvürünüzdə necədir?
- Dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək... Gecələr yağış damlalarının evimizin damında bəstələdiyi simfoniyanın notlarını səhərlər günəş bütün şəhərə yayacaq. Şəhər yeni sevgi dastanı yaşayacaq... Heç bilirsənmi, Ağdamı xəyallarımda neçә dәfә tikmişəm?! Uşaq vaxtı qonşu Şahinlə həyətimizdəki qum təpəciyində şəhər salırdıq - yolları, tunelləri, evləri olan şəhər. Hər dəfə də dağıdıb әvvәlkindәn daha yaxşısını tikirdik. Bax, o qumluqdakı kimi hər gecə dünənki şəhəri dağıdıb yenisini tikirəm.
Şuşa yolunun üstündəki abidənin yerində Qarabağ müharibəsi qurbanlarına əzəmətli heykəl ucaldarıq. Elə uca abidə ki, Bərdə yolu gələndə Uzundərədən, bir də Şuşa yolu gedəndə Əsgərandan görünsün. Ağdamın şəhid olmuş 6 min adamının adını qranit lövhəyə yazarıq bir-bir. Vəssalam! Müharibəni xatırladacaq daha heç nə lazım deyil! Savaşla yaşadığımız yetər, onun bizə yaşatdıqları yeddi arxa dönənimizə də bəsdir. Təzələnmiş şəhərimizdə yeni həyata başlarıq! Xahiş edəcəm bizi küçələrə adqoyma komissiyasına yazsınlar. Küçələrə ağac adlarını qoyarıq. “28 Aprel” olar “Palıd” prospekti, əvvəlindən axırınadək palıd əkərik. Kommunist küçəsini “Küknar” edərik. “Süleyman Sani Axundov” olar “Vələs”, “Əzizbəyov” “Şam”, “Voroşilov” “Gilas”, “Maksim Qorki” “Alma”, “Lenin”in əvvəlki çinarlarını bir də əkərik, olar “Çinar” küçəsi. “Budaqov”u “Heyva”, “İslam Hacıyev”i “Söyüd” adlarına dəyişərik. Şuşa dayanacağındakı məşhur armuddan o yana armud əkərik, “Armud” küçəsi deyərik. “26 Bakı Komissarı”nın sağ-solunda şabalıd əkərik, çiçəkləyəndə bilirsən nə gözəl görünür? Kiyevdə görmüşəm, onlar “kaştan” deyirlər şabalıda, şəhərin simvoludur. Mənim “Əli İbrahimov” küçəm “Gilənar” adlanacaq.
Ağdam bazarında dünyanın hər yerindən gül toxumu gətirib satdırarıq. Hamı alar. Həyətlər, küçələr, bağlar çiçəklə dolub daşar. Hər məhəllədən bir gülün ətri gələr. Fəvvarələrin içində su zanbağı əkərik, yaşıl yarpaqları, ağ gülləri suyun üzünə çıxar. Aeroportu tez tikmək lazımdır. Əvvəllər adına “alverçi”, “zavmaq”, “tovaraved” dediyimiz neçə-neçə biznesmenimiz Dubaya, İstanbula, Moskvaya, Şanxaya birbaşa uçacaq. Yanındakı “Xəlilin stalovası”na mütləq әl gәzdirmәk lazımdır. Gələn turistlər “Xəlilin tabakası”nı yeməmiş getməsinlər.
Çörək muzeyinə qaçqınlıq illərinin yadigarı olan çörəkləri eksponat kimi düzərik. Ərəblərin, almanların, türklərin göndərdiyi yardım unlarını qalın şüşə altında nümayiş etdirərik. Gələcək balalar, nəvələr, nəticələr elin dar gününü unutmasınlar...
Ağdamda evlərin hamısının damını ağ dəmirdən vurdurarıq ki, bir rəngdə olsun. Yuxarıdan ağ damlı Ağdama baxan Allahın da üzünü ağ edək! Xalça fabrikini ən son texnika ilə təchiz edib, Qarabağ gəbələrinin kütləvi istehsalına başlarıq. Çaxır strateji məhsuldur, zavodları təcili bәrpa edәrik. Şellidə nar zavodu açarıq. Ta pambıq əkmərik, əvəzində taxıl becərərik. Mərzilidən üzü Haramı düzünə elə bir taxıl zəmisi salarıq ki, sorağı Qazaxıstana çatsın, təcrübəmizi öyrənməyə gəlsinlər. Amma Mərzilidəki üzərlik təpələrinə toxunmarıq, qalar.
- Səbəbi nədir?
- Uşaq vaxtı Mərziliyə qonaq getmişdik. Bir kömbə çörək götürüb nənəmlə üzərlik yığmağa çıxmışdıq. Nənəm üzərliyi qoparıb yerinə çörək qoyurdu. Deyirdi ki, üzərliyin yerini boş qoymazlar. Bax həmin yerləri saxlayarıq, üzərlik olan yerə başqa şey əkməzlər.
- Heç zaman unutmayacağınız, hər il xatırladığınız ağdamlı xatirələrinizdən biri haqda danışmağınızı istərdim.
- Nənəmin çox maraqlı söhbətləri olardı. Amma şərtlə danışardı öz xatirələrini. Bir gün babamla bağlı xatirəsini elə şirin yerində saxladı ki, maraqdan birtəhər olacaqdıq. Dedi, çıx zoğalı yığ, danışım. Zəhləm gedirdi zoğal yığmaqdan. Sonra daladığı yer gün boyu qaşınırdı. Maraq güc gəldi, çıxıb yığdım. O gün bildim ki, Həbib babam ermənilərlə döyüşübmüş. Sonralar öyrəndim ki, Cümhuriyyət ordusuna qoşulubmuş, Əsgəran döyüşündə dizindən yaralanıbmış. Bu, ən çox yadıma düşən nənəli xatirələrimdəndir.
23 iyuldur, bir xatirə də anamdan danışım. Yaşın elə həmin çağı idi. Anam Yolçu əminin dükanına bitişik Zivər müəllimənin baxçasından bizi götürüb evə aparırdı. Şəhərə çoxlu qar yağmışdı. Yalan olmasın, mənim diziməcən. Bacımla uşaq kimi sevinirdik. Onda bacım lap uşaq idi. Qara basıb üz-gözün qar eləsəm də ağlamırdı, elə hey gülürdü. Evə çatdıq. Həyətimiz dümağ qara bürünmüşdü. Onu belə gözəl görməmişdik. Darvazadan pilləkənəcən qarın üstüylə yumalandıq. Bu dəfə anam da bizə qoşuldu. Bədənim su olanadək anamla qartopu oynadıq. Bu, bizim anamızla ilk oyunumuz idi.
- 10 il əvvəl qızınız Xankəndidə yaşayan erməni həmyaşıdına məktub yazmışdı. Artıq qızınız da böyüyüb, onun hazırda proseslərə yanaşması necədir?
- Ağdam azad olunanda ona ikinci məktubunu yazdı. “Xankəndidəki Adelinaya. 10 il sonra ikinci məktub”. Sonra nədənsə dərc etmədi. Yaxşı yadıma saldınız, gərək niyəsini soruşam.
Akqabay Mıradov
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz