Xüsusi
“Qırmızı oda”, “İstanbullu gəlin”, “Camdakı qız”ın məşhur yazarı SİRLƏRİ AÇDI - MÜSAHİBƏ
Video əlavə olunub.
***
Son illərdə bütün Türkiyə və türk dövlətləri onun yazdığı kitablar əsasında çəkilən seriallara baxır: “İstanbullu gəlin”, “Camdakı kız”, “Qırmızı oda”, “Doğduğun ev kaderindir” və “Masumlar apartmanı”. Bu serialların reytinq qırmasının səbəb odur ki, bütün hekayələr həyatın özüdür. Yazdığı kitabların demək olar ki, hər biri bestseller oldu. O, həqiqətən fenomenal psixiatr və yazıçıdır. “İstanbullu gəlin”, “Camdakı kız”, “Qırmızı oda”, “Doğduğun ev kaderindir” adlı kitabların müəllifi, Türkiyənin tanınmış psixoloqu - Gülseren Budayıcıoğlu hesab edir ki, cəmiyyət üçün sağlam övlad yetişdirmək istəyiriksə, uşağın valideynlər qarşısında məsuliyyəti olmalı və öhdəsinə düşən vəzifələri yerinə yetirə bilməli, həmçinin ailə tərəfindən sevilməli, etibar və hörmət görməlidir.
Məşhur yazıçının Publika.az-a müsahibəsini təqdim edirik:
- Gülseren xanım, seriallarınız bütün dünyada böyük maraqla izlənir. Psixoloji romanlarınız əsasında çəkilən seriallardan sonra Türkiyədə psixiatr və psixoloqlara müraciətlərin sayında ciddi bir artım olduğu deyilir. Kitablarınız isə ən çox satılanlar arasında yer almağa davam edir. Amma hər kəsin maraqla gözlədiyi bir layihə var - “Kral kaybederse”. Bu əsəri hansı aktyorun canlandırmasını istərdiniz?
- Gözəl sözləriniz üçün təşəkkür edirəm. Kitablarım övladlarımdır. Uşaqlarınızı bir-birindən ayıra bilmədiyiniz kimi, kitablarım arasında da fərq qoymaq istəmərəm. Amma yenə də “Kral kaybederse” mənim üçün özəl mövzudur. Çünki Kənan 20 il pasientim olub. Bu, həyatımın böyük bir hissəsidir. Hərdən yoxa çıxar, yanıma gəlməzdi, sonra yenidən peyda olar və klinikaya baş çəkərdi. Mənə gəldiyi zaman bir kral idi, bu kitabda onun krallıqdan necə endiyini və həyatının necə dəyişdiyini yazmışam. Serialın daha peşəkar və keyfiyyətli alınmasını istəyirəm. Bu yaxınlarda verilən bir qərarı sizinlə paylaşıram, 2022-ci ildə serial inşallah ekranlarda olacaq. Hazırlıqlara və çəkilişlərə artıq başlamışıq. Ümid edirəm ki, gözləntilərimizə dəyər.
“İstanbullu gəlin”, “Camdakı kız”, “Qırmızı oda”, “Doğduğun ev kaderindir” seriallarında da çox sevdiyim aktyorlar rol alıb. Məsələn, Binnur Kaya komediya aktyoru idi, amma “Qırmızı oda” da nə qədər istedadlı olduğunu gördük. Ezgi Mola da həmçinin, Safiye rolu ilə partlayış etdi, rolunun altından çox gözəl qalxır. Enis Arıkan isə Muzo rolu ilə qəlblərə yol tapdı, o da bir komediya aktyoru idi.
Təbii ki, bütün aktyor heyətini mən seçmirəm. Hər halda hamımızın çox dəyər verdiyi və aktyorluğuna güvəndiyimiz insanlarla işləməyə çalışırıq. Eyni prinsip “Kral” serialında da olacaq.
- Qəhrəmanlarınızın adlarını dəyişdirirsinizmi?
- Bütün adlar, yaşadığı şəhərlər, hətta işləri də dəyişir, adını saxladığım heç bir personaj olmayıb. Onların tanınmasının qarşısını almaq üçün ciddi dəyişiklik edirəm. Xəstələrin verdiyi məlumatları ifşa etməmək psixoloqun vəzifə borcudur.
- Öz həyatını ekrandan izləyən pasientlərinizin sizə geri dönüşü necə olur?
- Çox həzinli olur, özlərini izləyərkən çox ağlayırlar... Romanlarımda əsasən daha keçmişə dayanan hekayələri yazmağa çalışıram, təəssüf ki, bəziləri o qədər də köhnə əhvalatlar deyil. Buna baxmayaraq, “Mənim həyatmı da yazın, nə olar, özümü uzaqdan seyr edim” deyənlər də kifayət qədərdir.
Bu günə qədər həyatlarını yazdığım insanlar bundan çox məmnundur, “İstanbullu gəlin” serialının real qəhrəmanları özlərini böyük zövqlə izləmişdi. Serial çəkiləndə Esma Sultan artıq həyatda yox idi, mənə dedilər ki, nənəmizi necə belə gözəl hiss edə və tanıya bilmisiniz?
- Sizcə, öz həyatımıza, xüsusilə səhvlərimizə kənardan baxmaq və oxumaq nə dərəcədə effektivdir?
- Bizim gördüyümüz dünya ilə insanların iç dünyaları bir-birindən tam fərqlidir. Dedim ki, bunları özümlə məzara aparmayım. O qədər acılı-şirinli həyat hekayələri dinlədim ki, nəhayət, yazmağa qərar verdim. Yazmağa başladıqdan sonra gördüm ki, özümə də yaxşı təsir edir, mən də rahatladım. Gördüklərimi başqalarının da görməsini istədim. Sözsüz ki, bizə yaxşı təsir edir. İnsan o zaman səmimi olur ki, özünü başqasının yerinə qoya bilir. Serial və kitablarda isə biz qarşı tərəfin də keçirdiyi emosional vəziyyətin şahidi oluruq.
- Psixoloji problemlərin çoxu bizim uşaqlıq travmalarımıza gedib dayanır. Bu travmalar şüuraltında elə dərin qatlar salır ki, istər gələcək həyatımıza, istərsə də işimizə bu və ya digər şəkildə təsir edir. Gülseren xanım, özgüvənli və güclü uşaq böyütmək üçün analara nə tövsiyə edərdiniz?
- Birinci ondan başlayım ki, heç birimiz mükəmməl deyilik. Hər kəsin yaxşı və pis tərəfləri var. Bu yaşımda hələ də öyrənirəm, yeniliklərə açığam. Özümdə bəyənmədiyim tərəflərimi rəndələməyə səy göstərirəm. Türkiyədə uşaqlar ya döyülüb-söyülür, aşağılanır və əzilir, ya da bunun tamamilə əksini görürəm. Uşaqlar hər şeylə təmin olunur, onlara şahzadələr kimi baxılır, əllərini isti sudan soyuq suya vurmurlar, istəkləri dərhal artıqlaması ilə yerinə yetirilir, yüzlərlə oyuncaqlar və çoxlu pal-paltar alınır. Bu nümunənin ikisi də səhvdir. Dəyər, diqqət, qayğı və nəvaziş görmədən böyüyən uşaqlar öz dəyərini özü də görə bilmir və bunu kəşf etmək xeyli zaman alır. Ən pisi odur ki, sevməyi və sevilməyi bacarmırlar. Özünü bəyənməyən, özü ilə barışmayan insan nə işində, nə də şəxsi həyatında uğur qazana bilir.
Digər nümunədə isə ərköyün bir uşaq görürük. Bu uşaqlar həyatın heç bir üzünü tanımır. Ayağına daş dəyəndə nə edəcəyini bilmir. Bu iki nümunə arasında bir balans tapmağı tövsiyə edirəm. Nizam-intizam hər bir evdə hökm sürməlidir, uşağın evdə valideynləri qarşısında məsuliyyəti olmalı və öhdəsinə düşən vəzifələri yerinə yetirə bilməli, həm də ailə tərəfindən sevilməli, etibar və hörmət görməlidir. Özgüvəni yüksək, dünyaya faydalı ola biləcək, uğurlu, ailəsini də qürurlandıra biləcək bir övladlar bu ailələrdən çıxır.
Əgər uşaq ailəsindən ehtiyac duyduğu qeyd-şərtsiz sevgini və qayığını almasa, ömür boyu ac qalacaq! Övladlarınızı təhqir etməyin. Onları günahlandırmayın. Heç vaxt fiziki və ya emosional zorakılıq tətbiq etməyin.
Lazım olduğundan artığını vermək də, heç verməmək də insanı məhv edir. Xüsusilə uşaqlar üçün edilən hədsiz qurbanlar o uşaqların kürəyində ödənilməmiş borc kimi qalır.
- Doktor, boşanmaların artmasının səbəbini nədə görürsünüz, cütlüklər harda və hansı səhvlərə yol verir?
- Bütün dünyada insanlar sürətlə evlənir və boşanırlar. Vəziyyət o nöqtəyə gəlib ki, boşanma adiləşib. Ən önəmli səbəb odur ki, özümüzü daha çox düşünməyə başlamışıq, asıllıqdan qurtulmuşuq, hər birimiz öz haqlarımızın arxasınca gedirik, heç kim başqası üçün fədakarlıq etmək istəmir. İndi qadın da, kişi də deyir ki, qarşı tərəf bizim üçün fədakarlıq etməli və ya həyatımıza ayaq uydurmalıdır. Maraqlısı odur ki, bir çox cütlüklər gözləntilərini bir-biri ilə paylaşmır, sadəcə şəxsi ehtiyacları və tələblərinə köklənirlər.
Hesab edirəm ki, nikah müqaviləsindən əvvəl insanlar xəyallarında qurduqları evlilik planlarını və qaydaları bir-biri ilə bölüşməlidir. Qadın kişiyə deməlidir ki, mən ərimin bu xüsusiyyətlərə sahib olmasını və evlilik həyatının bu şəkildə davam etməsini istəyirəm və s. Görürəm ki, cütlüklər arasında gözləntilər xaric olmaqla, hər şey danışılır. Maraqlar və istəklər üst-üstə düşməyəndə evləndikdən sonra bunları dəyişdirmək çox çətindir. Vəziyyət o həddə çatmadan cütlüklər bunları müzakirə etməli və ortaq çıxış yolu tapmalıdır. İnanın ki, bunları öz aralarında müzakirə etsələr, boşanmalar bu qədər olmayacaq.
Əvvəllər insanlar görücü üsulu ilə evlənirdi və boşanmalar da az olurdu. Niyə? Çünki qaydalar və maraqlar əvvəlcədən bəlli idi. Hər kəsin rolu və vəzifələri hər iki tərəfə də aydın idi. İndi qayda-qanun yoxdur, hər kəs öz qaydalarını yazır. Deyir ki, mənim doğrum budur və başqalarını qəbul etmirəm. Bunları evlənməzdən əvvəl danışın da. Evəndikdən sonra hər kəs öz tərəfinə çəkilir, problemlər də ordan başlayır. Mənim gəncliyimdə boşanma ayıb və qeyri-adi bir hadisə sayılırdı. Evliliyin necə getdiyindən daha çox şikayət eşidirəm. Ayrıldıqdan sonra bambaşqa bir həyata addım atacaqlarının fərqində deyillər, ayrılmaqla qarşı tərəfi cəzalandırdıqlarını düşünürlər. Evlilik önəmli bir qərar olduğu kimi, ayrılıq da gələcəyimiz adına çox mühüm qərardır. Kaş ki, insanlar dərindən düşünmədən anidən boşanmağa qərar verməsinlər.
- Yeni kitabınız nə zaman çıxacaq?
- Hələ başındayam, bir yandan seriallar vaxtımı çox alır, bir tərəfdən də başım televiziya verilişlərinə dəvətlər və konfranslara qarışır. Yəqin ki, gələn il yazıb bitirərəm.
- Sizi Bakıda da görmək istəyirik, gəlin, qonağımız olun...
- İnşallah bir gün gələr və kitabları tək-tək imzalayaram.
- Əminəm ki, buradan da bir hekayə ilə geri dönəcəksiniz.
- Niyə də olmasın.
Aytən Məftun
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı