Paşinyan hər kəsi aldadır, əslində... - Brüssel görüşünün şifrələri
Bizi izləyin

Xüsusi

Paşinyan hər kəsi aldadır, əslində... - Brüssel görüşünün şifrələri

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Azərbaycan təklifə "hə" deyib.

Politoloq İlqar Vəlizadə Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün hansı imkanlar yaradacağı ilə bağlı Publika.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- İlqar bəy, Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Brüsseldə baş tutacaq görüşüylə bağlı gözləntilər nələrdən ibarətdir? Hansı məsələlər müzakirə oluna bilər?

- Bu görüş sadəcə olaraq vasitəçilər hesabına təşkil olunur. Vasitəçilərin bu görüşdə iştirak etməsi şərtilə dialoq keçiriləcək. Ancaq düşünmürəm ki, təkbətək görüş olacaq. Bu görüşdə əsas məsələlər çox güman ki, 2022-ci ildə tərəflərin görəcəyi işlərlə bağlı olacaq, yəni xüsusi olaraq ilk növbədə hansı məsələlər həllini tapmalıdırsa, onlar müzakirə olunacaq. Hazırda biz bilirik ki, üçtərəfli formatda sənəd hazırlanır. Rusiyanın iştirakı ilə bu sənədin imzalanması nəzərdə tutulur. Ola bilsin ki, Brüsseldə sözügedən sənədin mətni ilə bağlı fikir mübadiləsi də aparılsın.

- Sərhəddəki gərginlikdən sonra Avropa İttifaqı hərəkətə keçdi. Bu fonda görüşü Aİ-nin təşkil etməsini necə anlamaq olar?

- Avropa İttifaqının vasitəçiliyini daha çox ikitərəfli dialoqun təşkilində görürəm. Bu dialoq məhz ən yüksək səviyyədə Brüsseldə baş tutacaq. Vasitəçilik eyni zamanda mexanizmlərin olması və onların tətbiqi deməkdir. Aİ belə mexanizmləri təklif etmir və bununla bağlı işlər getmir. Onlar sadəcə danışıqları təşkil edir. Aİ-nin təşkil etdiyi bu platforma çox önəmlidir. Amma əsas məsələlər konkret işlək mexanizmlər üzrə həyata keçirilməlidir. Məsələn, Avropa İttifaqında üçtərəfli komissiya fəaliyyət göstərir. Həmin komissiya demarkasiya və delimitasiya ilə bağlı da təşkil olunmalıdır və əsas məsələlər bu komissiya çərçivəsində həll olunmalı, tərəflər razılığa gəlməlidir. Avropa İttifaqının danışıqlar platforması sərhədlərin müəyyən olunması ilə bağlı komissiyanın yaradılmasına impuls verə bilər.

- Rusiya keçiriləcək görüşdə sanki arxa planda qalır. Burada Rusiyanın mövqeyi necə olacaq?

- Düşünürəm ki, Rusiya burada arxayındır. Çünki hansısa sənəd imzalanmayacaq və ya hansısa razılığa gəlməyəcəklər. O razılıq ki, Avropa İttifaqı bunu təşkil etsin və ya bunun reallaşmasına konkret addımlar atsın. Çox güman ki, belə şeylər olmayacaq. Ona görə ki, Aİ-nin heç bir mexanizmi yoxdur, sadəcə dialoqu təşkil edir. Rusiya da bunu kifayət qədər dərk edir. Buna görə də sərbəst yanaşır. Digər tərəfdən, düşünürəm ki, burada ATƏT-in Minsk qrupunun təşkilatçılığı olacaq. Onlar da bu və ya digər formada danışıqlar platformasının yaradılmasında iştirak edəcəklər. Minsk qrupunun tərkibində Rusiya da var. Buna görə də güman ki, Rusiya bu məsələlərə rahat yanaşacaq.

- Görüşün keçiriləcəyi ilə bağlı məlumat elan olunandan sonra Vladimir Putin Paşinyanla danışdı. Bunu necə anlamaq olar?

- Nikol Paşinyan hər zaman olduğu kimi, bu dəfə də ənənəsindən kənara çıxmır. Güman ki, bu görüşdə hansı məsələlərin müzakirə olunması, Ermənistanın mövqeyinin nədən ibarət olacağı ilə bağlı Rusiya tərəfinə ətraflı məlumat verdi. Düşünürəm ki, görüşdən dərhal sonra da Paşinyan Putinə zəng edib məlumat verəcək. Bu da onu təsdiq edir ki, Rusiya bu məsələdə çox rahatdır. Ermənistan Rusiyanın marağı olmadan heç bir addım ata bilməz.

- Bəs Rusiya hansı addımı ata bilər? Rusiyanın vasitəçiliyilə Brüssel görüşündən sonra yenidən dialoqun təşkili gözlənilirmi?

- Burada əsas proseslər Rusiyanın vasitəçiliyilə həyata keçirilir. Kommunikasiyaların açılması ilə bağlı artıq komissiya fəaliyyətdədir. Düşünürəm ki, görüşdən asılı olmayaraq, Rusiya israr edir ki, demarkasiya və delimitasiya ilə bağlı üçtərəfli komissiya yaradılsın. İstər Brüsseldə görüş keçirilsin, istərsə də keçirilməsin, bu komissiya mütləq yaradılmalıdır. Paşinyan da son zamanlar bununla bağlı müsbət bəyanatlar səsləndirir. Düşünürəm ki, Rusiyanın növbəti addımı ondan ibarət olacaq ki, üçtərəfli komissiya yaransın və bu komissiya çərçivəsində tərəflər sərhəd məsələlərini həll etməyə başlasın.

- Noyabrın 10-da üçtərəfli görüşün olacağı deyilirdi. Bu, baş tutmadı. Bu fonda keçiriləcək Brüssel dialoqunu necə dəyərləndirmək olar?

- Burada belə bir mənzərə yaranır ki, tərəflər Rusiyanın vasitəçiliyindən imtina edirlər və Avropa İttifaqının vasitəçiliyinə keçirlər. Bu, yanlış fikirdir. Avropanın və Rusiyanın özlərinəməxsus ayrı-ayrı fəaliyyət meydançaları var. Onlar kəsişmirlər. Görüş ona görə alınmadı ki, Rusiyanın təşkil edəcəyi görüşdə konkret sənədin imzalanması və tərəflərin bir sıra öhdəlikləri üzərlərinə götürməsi məsələsi var idi. Ancaq Aİ-nin təşkil edəcəyi görüşdə belə bir məsələlər gündəmdə yoxdur. Ona görə də Rusiya tərəfinin iştirakı ilə baş tutacaq dialoqda işlək mexanizmlərdən söhbət gedir, onların yaranması ilə bağlı məsələlər müzakirə olunur. Avropa İttifaqının təşkil edəcəyi görüşdə isə danışıqlardan başqa konkret nəsə ortada görünmür. Hər hansı mexanizm və mexanizmlərin icrası ilə bağlı təklif də yoxdur.

- Ortada belə bir ehtimal da var ki, Brüssel görüşündən əvvəl Rusiyanın vasitəçiliyilə tərəflər arasında videoformatda bağlı dialoq baş tuta bilər.

- Hər şey ola bilər. Bütün bunlar gedişatdan asılıdır. Hətta Rusiya tərəfi gözləyirdi ki, 10-11 noyabr ərəfəsində üçtərəfli görüş olacaq. Ancaq Ermənistan tərəfi bundan boyun qaçırıb. Burada Ermənistanın mövqeyi də dəyişə bilər. Hər şey mümkündür.

- Təkbətək görüşün olması, tərəflərin birbaşa dialoqa girməsi bundan sonrakı proseslərə necə təsir edəcək?

- Hələ ki, sadəcə görüşlə bağlı məsələlər var. Ola bilsin ki, təkbətək görüşməsinlər, vasitəçilərin orada olması şərtilə də dialoq platforması yaradısın. Bütün hallarda, dialoqlarda tərəflər arasında birbaşa təmas olmalıdır. Bunun qurulması ondan xəbər verir ki, doğrudan da tərəflər bu vəziyyəti daha konkret addımlar atmaq şərtilə çözmək istəyirlər. Buna maksimum nail olmağa çalışırlar. Bunu etmək istəməsəydilər, görüş təşkil olunmazdı və ya onların razılığını əldə etmək çətin olardı. Hər halda, Azərbaycan Prezidenti Nikol Paşinyanla danışıqlara hazır olduğunu dəfələrlə bildirib. Ancaq bizim şərtimiz ondan ibarət olub ki, baş tutacaq danışıqlar boş müzakirələrdən ibarət olmasın, konkret gündəlik olsun və konkret məsələlərin üzərində danışıqlar aparılsın. Bu görüşün də təşkil olunması ondan xəbər verir ki, biz öz istəklərimizə nail olmuşuq. Yəni bu, boş görüş olmayacaq, konkret məsələlər müzakirə ediləcək.

- Ola bilərmi ki, bu görüşdə Nikol Paşinyan Rusiyanı kənarda saxlamaq istəsin?

- Ola bilər ki, Paşinyan KİV-də virtual olaraq belə bir mənzərə yarada bilsin. Amma reallıqda bunu edərkən nəzərə alacaq ki, Rusiyanın 102-ci hərbi bazası oradadır, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədində fəaliyyət göstərir. Hətta ermənilər etiraz etsələr də, gələcəkdə Azərbaycan-Ermənistan sərhədində rus sərhədçiləri dayana bilər. Rusiya sülhməramlıları Qarabağda fəaliyyətlərini davam etdirirlər. Belə bir məqamda Ermənistanın Rusiyanı kənarda saxlamaq istəməsi mümkün deyil. Paşinyan da bunu dərk edir. Sadəcə KİV-də oyun oynayır, daxili auditoriyaya, Qərb dairələrinə ismarışlar verir. Qərb siyasətçiləri və qərbyönümlü insanlar nə qədər sadəlövh olsunlar ki, buna inansınlar.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm