Elə həmin gündən onun sehrinə düşdüm - Məşhur rus alimlə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Elə həmin gündən onun sehrinə düşdüm - Məşhur rus alimlə MÜSAHİBƏ

Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum keçirilir. Dünyanın tanınmış alimlərinin iştirakı ilə regionun mədəni, siyasi və fəlsəfi istiqamətlərdə inkişafında Nizami yaradıcılığının təsiri müzakirə olunur.

Tədbirin fəxri qonaqlarından biri də Rusiyanın nüfuzlu şərqşünas alimi Olqa Yastrebovadır.

Publika.az Nizami irsinin tədqiqatçısı ilə müsahibəni təqdim edir.

- Olqa Mixaylovna, Şərq aləminin sevimli Nizamisi ilə tanışlığınızdan danışmağınızı istərdim.

- Hələ məktəbdə oxuyurdum. Bir gün kitabxanada rəngli ədəbiyyat gördüm. Açıb oxudum. Elə həmin gündən Nizami yaradıcılığının sehrinə düşdüm. Yaxşı xatırlayıram, dünya ədəbiyyatı Nizaminin əlyazmalar kitabı idi. Miniatür rəsmlərə baxdıqca obrazların taleyi ilə maraqlanmağa başladım. Bəxtim gətirdi ki, Nizami yaradıcılığının inciləri rus dilinə tərcümə edilib. Lakin bu da mənə bəs etmədi. Şərqşünaslıq fakültəsinə daxil olub fars dilini öyrəndim. Sonra Nizaminin əsərlərini orijinaldan oxumaq şansım oldu.

- Maraqlıdır, fikirləriniz dəyişdi?

- Təbii ki, əsərləri yazıldığı dildə oxumaq daha əyləncəli və maraqlıdır. Çünki tərcümə nə qədər mükəmməl olsa da, orijinalın yerini verə bilməz. Təhsilimi tamamladıqdan sonra Rusiya əlyazmalar kitabxanasında işləməyə başladım. Düşünürəm ki, Nizami ilə daha yaxın tanışlığım da oradan başladı. Onun fikirləri olduqca mürəkkəbdir, erkən yaşda oxuyub dərk etmək qəlizdir. Amma tələbələrimə sevdirməyə, Nizamini orijinaldan oxumağa yardım etməyə çalışıram.

- Nizaminin hansı obrazı ruhunuza yaxındır? Yəni onun timsalında özünüzü görürsünüz?

- Şübhəsiz, Şirin. Müdrik, sədaqətli və səbrli qadındır. Bütün bu keyfiyyətlər onun həyat yolunu təyin edir. Qarşısındakı kişiyə zahiri görünüşü ilə deyil, intellekti ilə təsir etməyi bacarır.

- Hətta 9 əsr öncə Nizami qadını belə azad və güclü təsvir edir...

- Doğrudur. Özü də Şirin gözəl qadın deyil, qarşısındakını gözləri, işvəsi ilə yox, müdrik fikirləri ilə məst etməyi bacarır. Güclü xarakterə sahibdir.

- Nizaminin vətənində olmaq necə duyğudur?

- Hələ ki, Gəncəyə səfər etməmişəm. Amma Bakı diqqətimi çəkdi. Eyni məqamda həm sovet dövründə tikilmiş binalar, həm tarixi abidələr, Xəzər dənizi, bir yandan da müasir tikililər... Bir sözlə, təzadların vəhdəti şəhəridir.

- Sonda nə demək istərdiniz?

- Nizami yaradıcılığı həqiqətən mədəniyyətlər arasında körpü yaradan çox güclü təsir vasitəsidir. Pərdəarxası maraqları olmayan səmimi, humanist münasibətlərin cəmidir. Odur ki, 2021-ci il mənim yaddaşımda çox gözəl xatirə kimi qalacaq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm