Bayrağımızı oğurlamaq istəyirdim ki, polislər gəldi... - Atabəy Nəcəfpurla MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Bayrağımızı oğurlamaq istəyirdim ki, polislər gəldi... - Atabəy Nəcəfpurla MÜSAHİBƏ

Publika.az Norveçdə yaşayıb fəaliyyət göstərən diaspor fəalı Atabəy Nəcəfpur ilə müsahibənin ikinci hissəsini təqdim edir.

Birinci hissəni buradan oxuya bilərsiniz.

- Qürbətdə yaşayan həmvətənlərimiz üçün bu, çox önəmlidir.

- Bilirsiniz, mən öz ana dilimi səlis bilmirəm, Urmuda yaşayanda müxtəlif yollarla əldə etdiyim, lakin ərəb əlifbası ilə yazılmış kitabları bir az öyrəndim. Çünki doğulduğum yerdə Azərbaycan dili qadağan idi, kitabları yandırırdılar, insanlarımızı həbs edirdilər. Mən ancaq evdə valideynlərimdən örnək alıb dilimizi yaşadırdım. Övladıma da aşılamağa çalışdım. Qızımın taleyi mənimlə eyni olmasın deyə, ona latın əlifbası ilə yazılmış kitabları çətinliklə olsa da, əldə edib oxuyurdum. Evdə isə klassiklərimizi dinləyirdik.

Ancaq etiraf edim ki, övladlarımızı daha çox Türkiyənin mədəniyyəti ilə böyütdük. Çünki türkdilli materialları daha çox əldə etmək imkanımız vardı. Odur ki, qızımın leksikonunda türk şivəsi daha çox hiss olunur. 2006-cı ildə cənab Prezident İlham Əliyevin dəvətilə Dünya Azərbaycanlılarının Qurultayında iştirak üçün Vətənimə dəvət olundum. Müstəqil Azərbaycan Respublikasına səfər edirdim, sevincdən uçurdum. Çünkü Novruz bayramı ərəfəsində ilk dəfə həsrətimə son qoyurdum. O anı əsla unutmaram, təyyarənin ekranlarındakı xəritədən gözümü ayırmırdım. Xoşbəxt idim, sanki Urmuyaya uçurdum və məni anam gözləyirdi. Təyyarədən enəndə ayaqlarım əsirdi. Ayağım torpağa dəyər-dəyməz diz çöküb torpağımı öpdüm. Həmin an lentə alındı. Ancaq çoxları mənə rişxənd etdilər. Onlar hardan bilsinlər ki, Vətən həsrəti nədir. İllər boyu qürbətdə azad dalğalanan bayrağımızı görmək arzusu ilə yaşadığımızı hardan bilsinlər.

- Qürbətdə yaşamadan Vətən həsrətini dərindən dərk etmək mümkün deyil…

- Elədir. Həmin gecə saat 03.00-də bizim bir toplantımız bitdi. Hərkəs hotelə gedirdi, ancaq mən Bulvara yollandım. Səhərə kimi Xəzərin qoxusunu içimə çəkdim, və təkcə gəzdim. Sevincdən yata bilmirdim.

- Bir də Vətəndə maraqlı “Bayraq” xatirənizin olduğundan xəbərdaram...

- Qızıma bayraq hədiyyəsi söz vermişdim. Lakin hara müraciət etdimsə, heç kim mənə bayraq alacağım yeri demədi. Səfərim Novruz bayramına təsadüf etdiyi üçün hər yer bağlı idi. Amma qızıma verdiyim sözü tutmalı idim. İçərişəhərdə şam yeməyimizi bitirib, hazırlaşmaq üçün yola çıxdıq. Küçədə gözümə bir bayraq dəydi. O bayrağı oğurlamağa qərar verdim. Ətrafıma da baxdım ki, polsilər məni görməsinlər. Çünki bu addımıma haqq qazandıra bilməyəcəkdim. Bayrağı endirməyə çalışdıq, amma alınmadı. Bu məqamda polislərin bizə yaxınlaşdığını gördük Bayrağımızı öpüb, gözümüzün üstünə qoyduq. Polislər gedən kimi çətinliklə də olsa, bayrağı endirə bildik. Bilirəm ki, bayraq oğurluğu da yasaqdır, amma qızıma Vətənimin simvolunu söz vermişdim. O da məni 4 gözlə gözləyirdi.

İstəyimə nail oldum, qızım da çox xoşbəxt idi. Bayrağımızın kənarlarını tikib, səliqəyə saldı. Qızım Şervin o bayraqla ən azı 16 ölkədə beynəlxalq müsabiqələrdə qalibiyyət qazandı. Qürurla dalğalandırdı.

- Ailəniz Azərbaycanı Norveçdə layiqli təmsil edir, lobbiçilik işlərində durmadan çalışır. Bu barədə danışmağınızı istərdim.

- Norveçdə ən əsas fəaliyyətlərimizdən biri isə lobbiçilikdir. Çalışmışıq ki, daim Vətənimizi və dövlətimizi layiqi təmsil edək. Haqq səsimizi çatdırmaq üçün çox vacib addımlar atmışıq. Bilirsiniz, Norveç və Azərbaycanın münsaibətləri son 15 ildir ki, həddən artıq pisləşmişdi. Mən çəkinmədən bunu ifadə edəcəm ki, burda saxta yollarla oturum və vətəndaşlıq alan üz qaralarımız, satqınlarımız və vətən xainlərimiz var. Onların sayəsində münasibətlər get-gedə daha da gərginləşmişdi. Ancaq həmişə demişəm ki, öz vətənini satan, əsla başqa dövlətə bel bağlaya bilməz. Yeri gələr, bir gün yaşadığı ölkəni belə satar.

Biz çox çətinliklərlə bu ölkədə rəsmi yerlərdə, Milli Məclisdə, deputatlarla görüşlərdə bu qarayaxmalara qarşı mübarizə aparmışıq. Çalışmışıq ki, burdaki insanları maarifləndirək. Lakin yolumuz heç vaxt hamar olmayıb. Yeri gəlib böhtanlarla üzbəüz qalmışıq, ancaq yenə də ümidimizi itirməmişik. Etiraf edim, burdakı ayrı-seçkilik məni çox üzür. Vaxtı ilə qurmağa çalışdığımız birliyi bir necə içi çürüklər pozub. Yenə də biz öz yolumuza davam edirik və daha strateji addımlar atırıq.

- 44 günlük Vətən müharibəsi, tarixi Zəfərimiz sizdə hansı təəssüratları yaratdı?

- Nə xoşbəxt bizə ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirir. Yorulmaz əməyi və uzaqgörən siyasəti sayəsində hər zaman olduğu kimi beynəlxalq aləmdə də Azərbaycanımız üçün uğurlar qazandırıb. Biz onun daim 50 milyon azərbaycanlının Prezidenti olduğunu hiss etmişik. Cənab Prezident dəmir yumruq ətrafında 50 milyon Azərbaycan türkünü bir araya gətirərək 44 günlük Vətən müharibəsində xalqımıza tarixi Zəfər qazandırdı. Dünya azərbaycanlılarının heç vaxt belə güclü bir birliyi olmamışdı. Bu da məhz onun siyasi iradəsi sayəsində oldu.

- Siz də, qızınız Şervin Nəcəfpur da bu müddət ərzində bir çox mühüm layihələr həyata keçirdiniz…

- Bizlər də 44 günlük Vətən müharibəsində Norveçdə səsimizi daha gur ucaldaraq, bir çox böyük uğurlara nail olduq. Bu da bizim burda doğulub boya-başa çatan gənclərimizin sayəsində baş tutub. Başqa millətlərlə əməkdaşlıq elədiyimiz üçün onlar da bizə dəstək olurlar və daha böyük kütləyə səs sala bilirik. Artıq yeni nəsilə tüm dəstəyimizi göstəririk, onlar Norveç dilini bizdən daha səlis bildikləri, burdakı qayda-qanunlara daha çox hakim olduqları üçün ən böyük yük onlara düşür. Biz böyüklər də daim onların yanında durub, həm maddi, həm də mənəvi dəstək oluruq.

- Qarabağın zəfəri ilə bağlı uğurlu layihələriniz baş tutub.

- Doğrudur. 30 illik həsrətimizi sona çatdırdıqdan bir necə gün sonra Osloda 200-ə yaxın billboardlar quraşdırdıq. Yerli qəzetdə məqalələr dərc olundu, minalara qarşı yerli qəzetdə kampaniyalar, 4 deputatla rəsmi görüşlər keçirildi. Bundan əlavə, Norveç və Azərbaycan dostluğunun təməllərini 90-cı illərdə quran Heydər Əliyev və Tur Heyerdalın dostluq münasibətlərini əks ettirən sərgi böyük uğurlara səbəb oldu. Münasibətlər güclənilir, mədəniyyət köprüləri qurulur, nail olunan uğurlara baxdıqca gələcəyimizlə bağlı daha çox ümidlənirəm. İnanıram ki, daha da böyük nailiyyətlər bizi gözləyir. Gənclərimiz hər gün diaspor fəaliyyətlərimizə yeni nəfəs qataraq, buzları əritməyə nail olublar. Qürbət ölkədə belə vətənpərvər gəncləri böyüdə bilmişiksə, onların da ailə quranda Azərbaycan türkçülük ideologiyasını öz övladlarına aşılayacaqlarından və bu ağır yükü davam etdirəcəklərindən əminəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm