Xüsusi
Məşhur aparıcı: “Qarabağ” - “İnter” oyununda hakimə o qədər əsəbiləşdim ki, səhər…
Azad Azərbaycan radiosunun (106.3 FM) məşhur aparıcısı, tanınmış şair Raqif Raufoğlu hesab edir ki, radio düşündüyümüzdən də böyük tribunadır və aparıcıların çoxunun ona yanaşması səhvdir.
Publika.az “Danışa bilsə dünya”, “Ölü yazarlar dərnəyi”, “Qadağan olunmuş kitab” və “Çirkinlik” adlı yazılarını özündə birləşdirən kitabların müəllifi ilə onun fəlsəfi dünyası ətrafında söhbət aparıb.
Raqif Raufoğlu ilə müsahibəni təqdim edirik:
- Dünyada, yaxud ətrafınızda baş verən olaylar dözülməz həddə çatanda özünüzü bu xaosdan necə xilas edirsiniz?
- Çalışıram özümlə baş-başa qalım. Bir az zamanın üzərinə çıxmağa çalışıram. Özümü başa salıram ki, dünya həmişə belə olub. Sadəcə, arada bir neçə il sakit dövr olub, vəssalam. Əslində, elə doğrudan da belə olub. Ətrafıma yaxşı insanlar toplamışam. Onlarla görüşüb hər şeyi unutmaq olar.
- Özünüzdən başqa kimin xilaskarı ola bilmisiniz?
- Xilaskar bir az böyük çıxar məncə, amma özümü tanıyandan ətrafımda kimə kömək edə bilmişəmsə, etmişəm.
- Radionun dəyərini ilk dəfə nə zaman anladınız?
- Radio heç vaxt mənim arzum olmayıb, amma əlimə belə imkan düşən kimi bir müddət auditoriyanı özüm üçün analiz etdim. Gördüm ki, çox aparıcı ona səhv yanaşıb. Radio düşündüyümüzdən də çox böyük tribunadır. Aparıcılığımın ilk aylarında bunu anladım və buna uyğun da davrandım.
- İllərdir radioda çalışır, həm də şeir yazırsınız. Səsiniz, yoxsa sözünüz daha qiymətlidir?
- Həmişə qorxmuşam ki, işim mənim yaradıcılığıma mane olacaq. Təbii ki, müəyyən qədər mane də olur. Enerjini alır. Amma məncə balansı qoruyub saxlaya bilmişəm. Çox şükür, hər ikisi yerindədir.
- Teleaparıcılar daha çox tanınır, radio aparıcıları isə demək olar ki, yox. Şöhrət aclığından əziyyət çəkmirsiniz?
- Televiziyadan həmişə təkliflər almışam, amma bir neçə dəfə olub ki, haradasa TV həmkarlarımla bərabər olanda məni tanıyıblar. Ona görə də buna ehtiyacım yoxdur. Sosial şəbəkə hesablarımdan video çəkilişlərim mənə bəs edir.
- Canlı efirdə utancverici xətanız olubmu?
- Yox, utancverici heç nə olmayıb. Texniki səhvlər ola bilər, vəssalam. Yalnız bir dəfə “Qarabağ” - “İnter” oyununda hakimə o qədər əsəbiləşdim ki, səhər salamlaşanda dedim hakimgildən gələnlərin sabahı xeyir. Bunu bəzi saytlar yazdılar ki, aparıcı efirdə vulqar ifadə işlətdi. Amma o hakim hamıya elə od qoymuşdu ki, bu ifadəm mənim əksimə yönəlmədi.
- Efirdə və real həyatda səs tembriniz fərqlidirmi?
- Düşünürəm ki, yox. Danışığımdan tutmuş davranışlarıma qədər real həyatda necəyəmsə efirdə də eyniyəm.
- Mənə elə gəlir ki, şeirləriniz uşaqlıq məsumluğunu gizlədə və ya qoruyub saxlaya bildiyiniz ayrı bir dünyadır. Bu dünyada kimə və ya nəyə yer yoxdur?
- Ola bilər. Hər halda şeirlərimə kommersiya, kiməsə yaltaqlanmaq kimi elementlər heç vaxt daxil olmayıbsa, bu özü böyük uğurdur. Bir növ elə öz ibadətimdir. İnsanı da ancaq belə dəyərlər təmiz saxlaya bilər.
- Ümumiyyətlə, həyat yolunun hər dönüşündə hansı prinsiplərinizə tabe olursunuz?
- Mənim üçün əsas həmişə bu prinsip olub ki, heç kimdən heç nə gözləmək olmaz. Bütün incikliklər də onda olur. Mən heç vaxt Allahdan da pul, maşın, maddi dəyəri olan bir şey istəməmişəm. Həmişə sadəcə təşəkkür etmişəm və demişəm ki, gözün üzərimdə olsun, bəsimdir.
- Şeir dili ilə tez-tez kimdən və nədən gileylənirsiniz?
- Şeir təkcə gileylənmək üçün deyil ki. Bəzən sevgini ifadə edirsən, bəzən suallar verirsən, nəsə axtarırsan, bəzən bəli, üsyan edirsən.
- Həyatda nəyə gec qaldığınızı düşünürsünüz?
- Hadisələri qabaqlamaq istəmirəm. Bəlkə gec qaldığımı düşündüyüm şeylər hələ qarşıda başqa cür gələcək. Məncə, bu cavab üçün hələ gözləməliyəm.
- Yaxşı, bəs şeirlərinizdəki həsrət və nisgilin səbəbi nədir?
- Elə bilirəm ki, hansısa böyük bir sevgiyə cavab verə bilməmişəm. Bəlkə də mənə elə gəlir. Ola bilər ki, ruh halıdır. Amma etiraf edim ki, dünyaya hələ təzə-təzə adaptasiya oluram. Çox tez-tez olur ki, birdən durduğum yerdə deyirəm, mənim burada nə işim var? Bu adamlar kimdir?
- Bir şair kimi bunlardan hansını dilə gətirməyə çətinlik çəkirsiniz: bağışla, ya əlvida?
- Məncə, bağışla deyə bilməyən adam əvvəl-axır əlvida deməli olacaq.
- Mümkünsə, sonda oxucuları xoşbəxt edən ən ümidverici misranızı bizimlə paylaşın...
- Bunu birdən seçib demək çətindir. Amma ilk ağlıma gələni deyə bilərəm:
Yalan danışmayın, heç kim ölməyib,
Harasa gediblər, qayıdacaqlar.
Bir gün gülə-gülə qapını döyüb,
Bizsiz necə idi soruşacaqlar.
- Raqif bəy, maraqlı cavablar üçün çox sağ olun. Arzu edirəm ki, şeirləriniz oxucularınıza həmişə çıraq və ümid olsun.
- Mən təşəkkür edirəm.
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb
-
Rəsmi xronika11:08
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - Yeniləndi
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi