Kamal Yaşar: Həzrəti İsa və 12-ci İmam gələnə qədər... - VİDEO
Bizi izləyin

Xüsusi

Kamal Yaşar: Həzrəti İsa və 12-ci İmam gələnə qədər... - VİDEO

Rejissor, aktyor, radio və TV aparıcısı, dublyaj sənətçisi və qiraətçi Kamal Yaşarın son müəllifi olduğu “Şeir mənim üçün” layihəsi son günlərin ən sevilən və alqışlanan işlərindən biridir. Hər həftə bir şairin yaradıcılığından və şeirlərindən danışılan layihə cəmiyyətimizdə ədəbiyyata marağın artırılmasında da müstəsna rola malikdir. Bu yazının qəhrəmanı da elə Kamal Yaşarın özüdür.

Publika.az Kamal Yaşarla müsahibəni tədqim edir:

- Mənə belə gəlir ki, aşiqlik və ya ayrılıq dövründə istənilən sənət əsəri, xüsusilə şeir misraları ruhumuzun daha dərin qatlarına hopur. Şeir aləminin sehri sizi ilk dəfə nə zaman yaman yerdə yaxalayıb, o anı necə xatırlayırsınız? Ədəbiyyata nə zaman aşiq oldunuz?

- Adətən aşiqlik, ya da ayrılıq vaxtı şeirlər bizə çox təsir edir. Ənənəvi olaraq yazılan şeirlərin də böyük əksəriyyəti həmin dövrdə qələmə alınır. Sadəcə təsnifat var, ayrılıq şeirinin primitiv formaları da çoxdur. Bu, məni cəlb etmir təbii ki. Məhəmməd Füzuli də qəmdən yazıb, “oturub-durduğu” qəmdir, amma bayağı formada deyil.

İnsan adi vaxtda da şeiri sevə bilər. Məsələn, Mikayıl Müşfiqi xatırlayanda hər hansı sevgi və ya ayrılıq vəziyyətini yox, üzü səmaya əllərini göyə qaldıraraq fırlana-fırlana rəqs edən bir insan təsəvvürümdə canlanır. Müşfiqi sevmək və dinləmək üçün nə sevmək, nə də ayrılmaq lazımdır. İnsan ən ayıq vaxtında belə Müşfiqin yaradıcılığına vurula bilər.

Əslində ədəbiyyata aşiqliyim nəsrlə bağlıdır, anamın kitablarını oxuyurdum. Atamın kitabları rus dilində idi. Odur ki, məktəb illərində anamın təsiri üzərimdə daha çox idi. Bəzən də kitabxanadan yaşıma uyğun olmayan kitablar əlimə keçir və icazəsiz alıb oxuyurdum. Suat Dərvişin “Ankara məhbusu” əsəri üç ay depressiyaya düşməyimə səbəb olmuşdu. Şeirsə məktəb vaxtı doğma bir janr deyildi, bu bağlılıq sonradan yarandı. İnsan yetkinləşdikcə, yaşa dolduqca poeziyaya olan marağı da böyüyür.

- Ədəbiyyata marağın böyüməsində sizin kimi qiraətçilərə də minnətdar olmalıyıq. Məhz səs tonu və şeiri səsləndirmə tərzi onu daha yaddaqalan edir. Həqiqətən bu sahədə kifayət qədər ciddi işlərə imza atmısınız, şair və yazıçılarımızın gənc nəslə tanıdılmasında rolunuz böyükdür.

- Əgər belədirsə, vasitəçi ola bilməyimiz çox əladır. İllər əvvəl təqdim etdiyim ilk layihəm “Canlı kitab” adlanırdı. Müəyyən səbəblərdən yarımçıq qaldı. O, efirə getməyə başlayanda radio rəhbərinin də inamı yox idi ki, kimsə ona qulaq asar, yaxud onun üçün sponsor gələr... Amma tam əksi baş verdi və layihə zamanında ciddi rezonans doğurdu.

İkinci “Kino kitab” layihəsi də ədəbiyyatla bağlıdır, hazırda Mədəniyyət kanalında da yayımlanır. Çox maraqlı nümunələr çəkirik.

src="/storage/files/upload/bc86c12ac74d70e250b2f6d02f1859b78cf4b1ac.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Kamal bəy, 104 FM-də yayımlanan “Şeir mənim üçün”dən danışaq. Bu ideya necə yarandı və arzuolunan reaksiyanı ala bilirsinizmi?

- Bütün bu layihələri indi sadaladıqca insan qürur duymaya bilmir, bu da Azərbaycan ədəbiyyatının inkişafı naminə görülən bir xidmətdir. Onsuz nə vaxtsa biz ölüb gedəcəyik, amma bizdən qalan bu tərz xidmətlərimiz olacaq, ədəbiyyat, insanlıq və cəmiyyət üçün...

Görürdüm ki, yanlış səsləndirmə nümunələri var. Hamı evində telefonun kamerasını kökləyib şeir oxuyur və internetə qoyur. İnsanlara demək olmaz ki, bunu etmə, ya sən səhv edirsən... Doğru da olmazdı. Qərara gəldim ki, insanlara “Doğru səsləndirmirsiniz” deməkdənsə, daha yaxşı necə olmalıdırsa, onu göstərim. Konseptual şəkildə həll etmək lazımdır ki, insanlar şeirə doğru yanaşma və düzgün deyilmə qaydalarını mənimsəsin. Əlbəttə ki, bizim də qüsurlarımız ola bilər, bu, ayrı məsələdir. Bəzən xətalarım olur, müəllimlərim zəng edir, ya da yazırlar ki, bəlkə yenidən nəzərdən keçirəsən.

Əsas niyyətim ortaya yaxşı bir nümunə qoymaq oldu ki, insanlar yaxşını görsünlər. O zaman işığı olan adam yaxşı və uğursuz səsləndirilən şeirin fərqini görəcək və yaxşıya qucaq açacaq. Bu ideya ağlıma gələndən sonra qiraətçi Xəzər Süleymanlı ilə bölüşdüm, o da böyük məmnuniyyət və sevgiylə razılıq verdi. Beləliklə, layihə barədə planlar qurmağa başladıq, həm də inzibati məsələləri həll etdik. Nəticədə yaxşı bir iş alındı, bizi dünyanın dörd yanında yaşayan soydaşlarımız dinləyir. Avropa və Amerikadan, Türkiyə və Rusiyadan yazanlar var. Layihə haqqında çox yaxşı rəylər alırıq, insanların bu qədər sevgi göstərməsi bizi çox sevindirir. Demək ki, niyyətimizə çata bilirik, insanlara yaxşını göstərməyi bacarırıq.

- Səs, ya sözlər daha təsirli olmalıdır?

- Əslində səsin də, sözün də texnikası ayrıdır. Sözün deyilmə qaydası və bir ərkanı, diksiya və ağız aparatı da istənilən halda düzgün olmalıdır. Səsin də öz mayası və texnikasını işlətmək qaydasını bilməlisən. Şeiri deyən zaman təbii ki, onu səslə rəngləyirəm, səsin ona bir qatqısı var. Amma şeirin, nəsrin və ya nəzmin üstünə çıxmağa, ondan böyük görünməyə çalışmıram. Əgər mətn yaxşıdırsa, əgər ona sevgi ilə yanaşsam, səsin minimal imkanları belə bəs edir ki, yaxşı bir nümunə ortaya çıxsın. Yüngülcə səslə şeirin halını hiss etməyə, şairin nə yazdığını duymağa və auditoriyaya çatdırmağa çalışmalısan.

Şeiri səsləndirərkən prioritetimiz mətn olmalıdır, mən olmamalıyam, şeirin önündə görünməməliyəm. Şeiri yaxşı demək və onu dinləyiciyə çatdırmaq başlıca hədəfimizdir.

src="/storage/files/upload/2bd1bd677e158ed314006872d5ff85a323b9a052.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Kimin şeirlərini səsləndirməkdən daha çox zövq alırsınız?

- Mətn yaxşıdırsa, kimin şeirini səsləndirməyin mənim üçün fərqi yoxdur. Amma onu deməliyəm ki, Müşfiqə həsr olunan həftə çox xoşuma gəlmişdi. Müşfiqdə qəribə bir həyəcan, həm müəyyən dövrün və illərin kəsişməsi, həm də əşyaları və səsləri duyma qabiliyyəti var. Məsələn, onun “Düdük sədaları”, yəni fit səsləri adlı şeiri var. Əsas peşəm rejissor olduğu və kino sahəsində də çalışdığım üçün düşünürəm ki, Müşfiq şair olmasaydı, səs rejissoru ola bilərdi. O, səsi çox gözəl duyur və təsvir edirdi. Onun bu xüsuyyəti mənə yaxşı təsir bağışlamışdı.

Ramiz Rövşənin yaradıcılığı onunla fərqlənir ki, süjetli şeirlər yazır. Kino adamı olduğum üçün onun da şeirlərində kino estetikası olduğunu görürəm. Bu da mənə tamam fərqli təsir bağışlayır.

Zülfüqar Rüfətoğlunun da şeirlərini çox bəyənirəm. Onun yaradıcılığının da öz orijinallığı var. Yadıma düşən bunlar olsa da, bəyəndiyim müəlliflər çoxdur.

- Ümumiyyətlə, oxucuların bədii intellekt səviyyəsi qənaətbəxşdirmi?

- Nəzmlə müqayisədə nəsrdə daha yaxşıdır. Dünyada roman, hekayə və povest yazan yazıçılar çox, şeir isə daha azdır. Çünki şeir xüsusi bir istedad tələb edir, məzmun olmalıdır, həm də forma qorunmalıdır. Eyni zamanda şeiri duyan adamlar da azdır. Oxucular yumşaq və ilk sözdən anlaşılan, birbaşa mənanı ifadə edən şeirləri xoşlayır. Məhəmməd Füzulinin şeirlərində isə daha böyük zəhmət yatır. Çünki onun misralarında qapalı işarələr var. Əgər mifologiya və teologiyanı bilsən, müqəddəs kitabların mətnindən, əfsanə, əsatir və dastanlardan xəbərdar olsan, onda nə demək istədiyini biləcəksən. Əks halda Cəmşidin camı, Əshabi Kəhf, “Süleymana qalmayan dünya” kimi ifadələrin eyhamını anlaya bilməyəcəklər. Qəzəl yazmaq da, anlamaq da çətindir və bir qədər unudulub. İlqar Fəhmi, Kamal Hüseynzadə, İsa Şirinov, Həsən Lütfi kimi müasir varinatlarını yazanlar var.

Hər halda roman, povest və hekayə ədəbiyyatında vəziyyət daha ürəkaçandır. Nəsr oxuyan və hiss edən daha çoxdur.

- Poeziya bizim çox zaman dilə gətirə bilmədiklərimizi şairlərin cəsarətlə qələmə aldığı başqa bir ruh halı və dünyadır. Bu aləmdən ayrılıb reallığa düşəndə kim olursunuz?

- Poeziya bir oyundur, ümumiyyətlə insan həyatı da, varlığı da, hətta dünyaya gəlişi də bir oyundur. Paltarlarımızı geyinib qaydalara uyğun olaraq oyuna daxil olur və sonra ordan çıxıb başqa bir oyuna giririk. Şairin poeziya nümunəsini qiraət edən zaman həmin insanın əhvalına bürünür, onun əhvalından çıxış edir və həmin ovqata qapılırsan. Təbii ki, bu əhvalı hər yerə daşıya bilməzsən. Aktyor da səhnədə oynayır, səhnədəki ovqatından çıxa bilməsə, həyatı məhv olar. Odur ki, yaxşı mənada oyun çərçivəsində o hisləri yaşayır və orda da qoyursan.

- Həyatınız hansı şairin hansı şeirinin misralarında gizlənib?

- Statusundan asılı olmayaraq, şeir misralarındakı yaşantılara hamının həyatında rastlamaq olar. Yenə də Müşfiqin adını çəkəcəm. Müşfiq ətrafımızda baş verən adi hadisələrdən yazırdı, pambıqdan da yazanda qəşəng alınırdı. O, üzümü güldürür.

- O da maraqlıdır ki, ömür yolunuzda əsaslı dönüşə səbəb olan əsər olubmu?

- Bir çox nümunəlar var. Söhbətin əvvəlində birini dedim. “Qobusnamə” və “Tutinamə” yeniyetməlik dövrümdə şirin gəlirdi. Böyüdükcə əlbəttə ki, ədəbiyyatlar və janrlar dəyişir.

“Qurani-Kərim” kitabında Yusifin və İbrahimin hekayəti təsvir edilib, dinlə yanaşı, bədii çalar var. Onu oxuyanda hər dəfə yeni görünür. Dönə-dönə oxuyursan və sənin üçün hər dəfə yeni bir pəncərə açılır. Amma bu kitab da sənin həyatını qəfil dəyişmir, sadəcə nələrinsə rəng və halını bir nöqtədən sonra anlamağa başlayırsan, insan həyatını yeni və gözəl bir rəngə bürüyür.

- 2018-ci ildən etibarən “Audiokitab” layihəsinin heyət üzvüsünüz. Layihə çərçivəsində yerli müəlliflərdən və dünya ədəbiyyatından bir çox yazıçıların romanlarını səsləndirmisiniz. Bu layihə sizə, eyni zamanda cəmiyyətə nə qazandırdı?

- Yeni dinləyicilər və dostlar qazandırdı. Bir dəfə işlə bağlı Gözdən Əlillər Cəmiyyətinə getmişdim, içəri girəndə gördüm ki, hamı məni səsimdən tanıyır, bu, mənim üçün çox doğma oldu. Hamının oxuyub xəyal etməsi gözəldir, amma görmə məhdudiyyəti olan dostlarımızın ədəbiyyatın dalğalarında mənim səsimlə səyahət etməsi qiymətlidir... Sözsüz ki, biz mətni səsləndirir və pul qazanırıq, mənəvi dəyəri isə ölçüyəgəlməzdir. İstənilən adam səsimlə istənilən ədəbi nümunəni oxuya və xəyallarında uçub harasa gedə bilər. Səsim insanların əllərindən tutub onları London, Paris və ya Bakı küçələrində gəzdirir. Ən böyük qazancım məhz budur.

“Kinokitab” layihəsini kim yutubda açıb axtarsa, bütün ədəbi nümunələrə baxa bilər. İnsanların öhdəsinə vermişik ki, istifadə etsinlər, pulsuz bir kapitaldır.

- Müasir dövrdə kino informasiya müharibəsinin aparıcı qoluna çevrilib. Bu baxımdan milli kinematoqrafiyamızın xarici və yerli auditoriya üçün nəzərdə tutulan, Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq filmlərin çəkilməsi önəmli məsələdir. Son günlərdə ən çox müzakirə olunan məsələlərdən biri də budur ki, il yarım ərzində qələbəmizi simvollaşdıran yaxşı film və ekran əsərləri çəkilməyib. Siz bu haqda nə düşünürsünüz?

- Bu, ənənəvi və çox ağır bir problemdir. Hamı qınamağa çalışır, aydındır, problem var. Amma gözləntimiz varsa, müharibədən bir il sonra qınanılası deyil. Filmin ərsəyə gəlməsi üçün zatən bir il lazım olur, üstəlik də bizdə bu sahədə mütəxəssis və maliyyə resurslarının qıtlığı var. Maliyyə Nazirliyinin kino üçün illik ayırdığı büdcəsi təxminən 5 milyondur. Bu, uğurlu kino üçün yetərli məbləğ deyil. Kino gələndə özü ilə 50 min dərd gətirir.

Mütəxəssislər yetişməli, İncəsənət Universitetində səs rejissorluğunun hələ də ayrıca ixtisası yoxdur. Montaj və bədii işıq da ayrı olmalıdır, operatora aid edilməli deyil. Xarici ölkədə yetişən mütəxəssislərə ehtiyac var, bu qədər sadə. Və hesab edirəm ki, kino nəzarətə götürülməlidir. Muğam milli brendə çevrildi, dünyanı gəzdi, çünki Heydər Əliyev Fondu da onu diqqətdə saxladı. Kino da diqqətə götürülməlidir ki, sonra ciddi nümunələr tələb olunsun. Əks halda axsaya-axsaya gedəcəyik.

- Yazıçı və şairləri zəfər ədəbiyyatı yaratmamaqda ittiham edənlərə sözünüz nədir?

- Əslində, yavaş-yavaş yaranmaqdadır. Kino ciddi və kollektiv sənət olduğundan burda ərsəyə gələn nümunələr gec görünə bilər, cəmiyyət bundan gec xəbər tuta bilər. Hərçənd ki, artıq İkinci Qarabağ müharibəsinə həsr olunan bir neçə film çəkilib. Ən azından sosial çarxları göz önündədir. Şeir nümunələri və hekayələr isə kifayət qədərdir. Ola bilsin ki, gözə dəymir. Bu məsələ ilə bağlı Fərid Hüseyn uzun bir siyahı paylaşmışdı.

- Bu gün bir aktyor olaraq sizə ehtiyac nə qədərdir? Rejissor və bugünkü tamaşaçı aktyordan nə tələb edir? Bu tələblər arasında sizə nə yaddır, yaxud hansı tələblər sizi sıxır?

- Az qala yox kimidir. Bunu kiminsə boynuna atmaq, hamı pisdir, mən yaxşıyam deyib deyinmək istəmirəm. Ümumi mənzərə odur ki, rejissor kimi də, aktyor kimi də bu cəmiyyətdə nələrsə etmək problemlidir. Aktyor bir ömür gözləyir ki, onu arzuladığı bir rola dəvət etsinlər. Əslində, faciəvi haldır. Həm də böyük bazarımız yoxdur ki, ard-arda nələrsə lentə alınsın və aktyor orda özünü realizə etsin. Ötən il “Xosrov və Şirin”ə çəkildim. Yeni rolun təklif edilməsi üçün hələ gözləməliyəm. Nəticədə hansı aktyor texnikasından istifadə etdiyimi və digər məqamları unudacam, çünki davamlı oynamamaq işin keyfiyyətinə də təsirsiz ötüşmür. Ya insanlara azadlıq verilməli və azad bazar şərtlərindən yaradıcı insanlar faydalanmalı, ya da kino sahəsi yaxşı mənada nəzarətə alınmalıdır.

src="/storage/files/upload/4c71679dba1776d5ab45f33ab867d0f30050ecc8.jpg" style="width: 506px; height: 285.047px;" class="fr-fic fr-dib">

- Son dövrlərdə dünyada baş verən müharibələr, insanların çəkdiyi acılar çoxumuzu dərindən yaralayır. Bu qədər qiymətli sənət əsərləri, poeziya nümunələri yazılır, filmlər çəkilir. Amma belə görünür ki, bütün bunlar bəşəriyyətə humanizm və sevgi toxumları səpmək üçün yetərli deyil. Bəs bu qədər sənət əsərləri kim və ya nə üçün yazılır... Dünyanın ictimai-siyasi durumunun bu qədər ağır olduğu bir vaxtda ədəbiyyatın, incəsənətin qarşısında hansı vəzifələr durur?

- Başa düşüləndir, bütün bunlar insan nəfsinə dayanır. İnsanlar sevməyi unudub, bir-birini bağışlamaq istəmir, bir-birinin haqqına müdaxilə edirlər, çünki sevgi və məsuliyyət yoxdur. Bu boyda dünya primitiv səviyyədə üç-beş adamın əlində qalıb. Bu, bir tərəfdən dünyanın da oyun olduğunun bir nümunəsidir.

Dostoyevskinin müharibə ilə bağlı məşhur bir müsahibəsi var. Biz ona “Kino Kitab”da yüngül toxunduq. O deyirdi ki, müharibələr olmalıdır, çünki insan cəmiyyətləri quruluşlardan asılı olmayaraq bir yerə çatandan sonra passivləşməyə başlayırlar. Passivləşmə müəyyən insani fitri hissləri unutdurur, o hisslər unudulduğuna görə insanlar müharibə edir və qurbanlar verilir. O hesab edir ki, müharibə hissləri qaynatmalıdır.

İnsanlar özünü, nəfsini tanımalıdır, sevgilərini çoxaltmalıdır... Görülən bu qədər işlər təsir etmirsə, deməli, hardasa problem var... Hər şey fərdlərdən asılıdır, tək-tək hamımız düzəlməliyik. Ya da düzəlməyəcək, sona qədər belə davam edəcək, bilmirəm...

Dini baxışa görə, xristianlıqda Həzrəti İsa, müsəlmanlıqda 12-ci İmam gələnə qədər ədalətli hakimiyyət olmayacaq, dünyanın düzəni düzəlməyəcək. Yalnız bu baş verəndən sonra ədalət düzəni yaranacaq. Bu, bir konsepsiyadır... Ona görə ki, bütün insanların azad və rahat olmaq, həm də asayişdə yaşamaq ümidi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm