Heydər Əliyev 99: O, batan gəmini necə xilas etdi? - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Heydər Əliyev 99: O, batan gəmini necə xilas etdi? - MÜSAHİBƏ

Heydər Əliyev 80 illik ömrünün böyük bir qismini Azərbaycan dövlətçiliyinə, onun nüfuzunun yüksəldilməsinə həsr edib. O, ikinci dəfə hakimiyyətə gələrkən dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qurtarıb. Ulu öndər bu yolda bir sıra çətin sınaqlardan Azərbaycan adlı gəmini peşəkar kapitan kimi çıxarmağı bacarıb.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Publika.az-a müsahibəsində bildirdi ki, Heydər Əliyev fenomeni olmasaydı, indi Azərbaycan dövləti və xalqımız taleyin ümidinə qalmışdı.

Müsahibəni təqdim edirik:

src="/storage/files/upload/f9c50c5784fa9750d19fc2522a3874c1d66b889c.jpg" style="width: 499px; height: 374.25px;" class="fr-fic fr-dib">

- Nəsib müəllim, Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişi ərəfəsində Azərbaycanda mövcud ictimai-siyasi durum hansı səviyyədə idi? Heydər Əliyevin bu prosesdəki rolunu necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin fəaliyyətinə qiymət vemək üçün 1990-cı illərin əvvəllərinə ekskursiya etmək lazımdır. O dövrdə Azərbaycanda çox ciddi ictimai-siyasi böhran yaşanırdı. Ölkədə müharibə gedirdi. Torpaqlarımız işğal olunurdu. Artıq Şuşa, Laçın, Kəlbəcər kimi rayonlar erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Hətta digər ərazilər də işğal altına düşmüşdü. Elə bir zaman idi ki, hər an vətəndaş müharibəsi başlaya bilərdi. Bütün bunlarla yanaşı, hər bir rayonda, hər bir kənddə silahlı dəstələr peyda olmuşdu. Kriminal qruplar mövcud idi. Ölkənin müxtəlif bölgələrində separatçılıq meylləri baş qaldırmışdı. Cənubda bədnam “Talış-Muğan Respublikası”, şimalda “Sadval” adlı təşkilat, qərb bölgəsində ermənilər dövlətçiliyimizin varlığına təhlükə yaratmağa çalışırdılar. Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibəyə başlamışdı. Bütün bunlar Azərbaycan iqtisadiyyatını tamamilə dağıtmışdı. Üstəlik, 1988-ci ildən 1993-cü ilə qədər dövrdəki beş ildə beş siyasi hakimiyyət bir-birinin ardınca dəyişmişdi. Daxildə ictimai-siyasi sabitlik pozulmuşdu. Müəyyən sosial problemlər baş qaldırmışdı. Həmin xaotik zamanda o dövrün siyasi hakimiyyətləri, respublika rəhbərləri bir-birinin ardınca canlarını götürüb ölkədən qaçırdılar. Ölkəni tərk edirdilər. Yəni problemləri həll etmək əvəzinə, öz canlarının hayına qalmışdılar. Xalqı taleyin ümidinə buraxmışdılar.

- Bəs bütün bunlar nələri şərtləndirirdi?

- Bütün bunlar təbii ki, iqtisadiyyatın yenidən qurulmasını, Azərbaycan siyasi sisteminin formalaşdırılmasını, ümumiyyətlə, dövlətçiliyin əsaslarının yaradılmasını şərtləndirirdi. Hər şeydən əvvəl artıq Gəncədə baş qaldırmış vətəndaş müharibəsinin qarşısını almaq lazım idi. Ölkədəki qeyri-qanuni qruplaşmaların ləğv olunması zərurəti yaranmışdı. Hərbi-siyasi, dağıdıcı müxalifət neytrallaşdırılmalı idi. Yəni bütün bunlar ölkənin qarşısında duran ən ciddi vəzifələr hesab olunurdu. Bununla yanaşı, dövlətin iqtisadiyyatı mütləq şəkildə inkişaf etdirilməli idi. İqtisadiyyatın da əsasını təşkil edən neft-qaz, energetika sektoru ən optimal istiqamət hesab olunurdu. Belə olan halda müharibə gedən, qeyri-stabillik hökm sürən ölkəyə hər hansı bir xarici şirkət investisiya qoymağı özü üçün riskli hesab edirdi. Ümumiyyətlə, bu istiqamətdə cəhdlər də olunmurdu. Ələlxüsus, o dövrdə şimaldan və cənubdan Azərbaycana çox ciddi təhdidlər var idi. Deyirdilər ki, Xəzərin hüquqi statusu müəyyənləşməyib.

- Vəziyyəti gərginləşdirən siyasi amillər daha nələr idi? Belə olan halda çıxış yolu nələrdə görülürdü?

- Belə olan halda Xəzər dənizindən kənar dövlətlərin dənizin karbohidrogen ehtiyatlarına sərmayə qoyması qeyri-mümkün görünürdü. Şimaldan və cənubdan Azərbaycana açıq şəkildə təhdidlər olunurdu. Buna görə də Azərbaycan hakimiyyətində elə bir şəxs olmalı idi ki, bütün bu prosesləri uzlaşdıra bilsin. Bütün bunları nizamlamağı bacarsın. Bunu bacara biləcək yeganə şəxs var idi. Həmin şəxs Ulu öndərimiz Heydər Əliyev idi. O, əvvəllər Sovet İttifaqı dövründə 1969-cu ildən 1982-ci ilə qədər 14 il Azərbaycana rəhbərlik etmişdi. Eyni zamanda ondan sonrakı dövrdə 5 ildən artıq bir müddətdə - 1982-87-ci illərdə SSRİ-nin siyasi rəhbərlərindən biri Heydər Əliyevə xalq öz üzünü tutdu. Beləliklə, xalqın təkidi və tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Hətta “Miatsum”un liderlərindən olan Aqanbekyan deyirdi ki, əgər 1987-ci ilin oktyabrında Heydər Əliyev politbürodan istefa verib getməsəydi, biz noyabr ayında Qarabağ məsələsini gündəmə gətirə bilməzdik.

- Heydər Əliyev belə bir çətin durumdan ölkəni hansı addımları ataraq çıxara bildi?

- Heydər Əliyev çox böyük, bütün dünya liderləri tərəfindən qəbul edilən bir siyasətçi idi. Ulu öndər mərhələli şəkildə bütün prosesləri həyata keçirdi. Ümumiyyətlə, bir şeyi deyim ki, tarix yazan insanlar, əsl tarixi şəxsiyyətlər o insanlardır ki, onlar qlobal strateji düşüncə qabiliyyətinə malikdirlər. Bu, xüsusi bir istedaddır. Bu, Allah vergisidir. Eyni zamanda sonradan əldə olunmuş təhsil, praktiki təcrübə əsasında formalaşmış bir fenomenlikdir. Bu strateji uzaqgörənlik məhz ona gətirib çıxardı ki, Heydər Əliyev neft, energetika sahəsindən başlayaraq Azərbaycanın gələcək iqtisadiyyatının əsasını qoydu. Nəticə isə göz qabağındadır. Azərbaycan ərazi baxımından çox kiçik ola bilər. Amma bu gün güclü iqtisadiyyata, inkişaf etmiş güclü orduya malik, öz torpaqlarını işğaldan azad edən, beynəlxalq müstəvidə böyük bir siyasi kapital qazanmış, nüfuz əldə etmiş Azərbaycanın dünyanın sayılıb-seçilən bir ölkəsinə çevrilməsi bilavasitə Heydər Əliyevin strateji düşüncəsinin məhsuludur. Yəni bu dövrdə həm iqtisadi, həm sosial, həm də digər sahələrdə əsasını qoyduğu dövlətçilik prinsiplərinin nəticəsidir. Dünyada və regionda gedən çox ciddi və ziddiyyətli proseslərə baxmayaraq, inkişaf etməkdə olan, inkişaf edən və dünyada söz sahibi olan ölkədə yaşayırıqsa, biz Ümummilli liderə borcluyuq.

- Bəs Azərbaycan xalqı onun bu fəaliyyətini, əməyini yetərincə qiymətləndirə bilirmi?

- Bütövlükdə Azərbaycan xalqı onun etdiklərini, onun həyata keçirdiklərini zaman keçdikcə daha şüurlu şəkildə dərk edir. Daha çox təhlil və analiz edir. Bu baxımdan düşünürəm ki, Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı xidmətləri sonsuzdur. Həmin xidmətlər daim təhlil olunmalıdır. Hər zaman öyrənilməlidir. Gənc nəsillərə ötürülməlidir. Çünki tarixdən düzgün nəticə çıxarmasaq, təbii ki, dövlət və millət olaraq uduzan tərəf biz olacağıq. Şübhəsiz ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu və banisidir. Bu, artıq bir tarixi faktdır. Geniş müstəvidən baxanda görürük ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə qardaş qırğınının və bir çox qiyamların qarşısı alındı. Həmin dövrdə hər bir sahədə islahatlar həyatı keçirildi. Əhalinin rifahı yaxşılaşdı. Vətəndaşlara pulsuz torpaqlar verildi. Bu qismdən olan islahatları sadalamaqla bitməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm