Əliyev və Paşinyanın “Brüssel qovluğu”: Bakı və İrəvan “sülh badəsi” qaldıracaqmı?
Bizi izləyin

Xüsusi

Əliyev və Paşinyanın “Brüssel qovluğu”: Bakı və İrəvan “sülh badəsi” qaldıracaqmı?

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçiriləcək. Məlumata görə, görüş mayın 22-də Brüsseldə baş tutacaq. Bir çox ekspertlər düşünür ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü sanki qəfil xarakteri daşıyır. Yəni əvvəlcədən baş tutan görüş təsiri bağışlamır. Özü də bu görüş ermənilərin son günlər sərhəd zolağında baş verən təxribatları, Litva prezidentinin Bakı və İrəvana səfərlərindən çox qısa müddət sonra baş verir.

Bəs nələr olacaq? Qəfil görüşün qəfil xoş sədasını da eşidə bilərikmi? Rusiyanın başının Ukraynada qarışdığı bir məqamda Bakı və İrəvan “sülh badəsini” qaldırmağa yaxındırlarmı? Brüssel Əliyev və Paşinyanın ifasında nəyə şahidlik edəcək. Prezident Əliyevin və baş nazir Paşinyanın “Brüssel qovluğu”nda hansı məsələlər ola bilər?

Publika.az-ın suallarını politoloq İlqar Vəlizadə cavablandırdı

Müsahibəni təqdim edirik:

- İlqar bəy, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə növbəti görüş baş tutacaq. Bir növ qəfil görüş təsiri bağışlayan bu görüşdə nələr müzakirə oluna bilər?

- Adətən, qəfil görüşlər qeyri-adi hadisələr fonunda baş verir. Eyni zamanda, mövcud proseslər fonunda ekstremal vəziyyət yaranarkən həmin durumun normal hala gətirilməsi üçün gerçəkləşir. Hər halda biz belə düşünə bilərik. Düşünürəm ki, tərəflər arasındakı ekstremal vəziyyətin normal hala gətirilməsinə həsr olunub.

- Hazırda Azərbaycan-Ermənistan danışıqlarında ekstremal vəziyyətin konturları nədən ibarətdir?

- Hazırda ekstremal vəziyyət ondan ibarətdir ki, son vaxtlar Ermənistan tərəfi həddindən artıq ziddiyətli və təzadlı fikirlər səsləndirir. Digər tərəfdən, biz görürük ki, ümumiyyətlə, tərəflər arasında yekun sülh sazişi ilə bağlı danışıqlar demək olar ki, dalana dirənməkdədir. Eyni zamanda, delimitasiya və demarkasiya işləri ilə bağlı komissiyanın fəaliyyətə başlamasından sonra da hər hansı bir irəliləyiş əldə olunmayıb. Bütün bunlar ondan xəbər verir ki, ölkə rəhbərlərinin görüşü vacibdir. Yəni proses 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan sonra tərəflərin öz üzərinə götürdüyü öhdəliklər çərçivəsində irəliləsin.

- Qəfil görüş zamanı hər hansı bir sazişin, sənədin imzalanılacağını gözləmək olarmı?

- Xeyr, buna inanmıram. Hətta bəyannamə və ya bəyanatın ərsəyə gəlməsi belə öz-özlüyündə nəticə olardı. Belə bir vəziyyətdə ortaq bəyanatın meydana çıxması da öz-özlüyündə şübhə doğuran bir məsələdir. İnanmıram ki, Azərbaycan və Ermənistan bu cür fikir ayrılıqları ilə hansısa ortaq bəyanata imza atsınlar. Amma bu, baş verərsə, o deməkdir ki, tərəflər ortaq məxrəcə gəliblər. O ki qaldı hansısa sənədin imzalanmasına, indiki məqamda heç bir sənədin imzalanmasını gözləmək lazım deyil. Çünki bu sənədlərin işlənilməsi xeyli vaxt aparır. Sülh müqaviləsi və ya delimitasiya ilə bağlı razılaşma sənəddir, bu da indiki məqamda inandırıcı görünmür.

- Ötən həftələrdə də heç kimin gözləmədiyi halda bəyanat səsləndirilmişdi...

- Bəli, o bəyanat idi, sənəd deyildi. Özü də Avropa İttifaqı Komissiyasının bəyanatı idi. Onu nə Azərbaycan, nə də Ermənistan tərəfi imzalamışdı. Ona görə də burada hansısa sənədin ərsəyə gəlməsini gözləmək düzgün olmaz.

- Litva prezidentinin Azərbaycana gəlişi ilə Əliyev-Paşinyan görüşü arasında hər hansı bir bağlantı qurmaq olarmı?

- Mən buna inanmıram. Ona görə ki, Litvanın özünün maraqları var. Litva indiyə qədər bu məsələdə canfəşanlıq göstərməyib. Birdən-birə, qəflətən Litvanın aktivləşməsi və bu aktivləşmə fonunda Azərbaycan və Ermənistan tərəflərinin qəfil görüş barədə razılaşması bir qədər müəmmalı görsənir. Bu, belə deyil. Çox güman ki, Litva prezidenti Gitanas Nauseda öz gündəliyi çərçivəsində Bakıya gəlib. Çünki Vilnüsün regionla bağlı öz maraqları var.

- Ola bilərmi ki, qəfil görüşdən heç bir nəticə çıxmasın və fevral ayında gerçəkləşən “Fərrux ssenarisi” yenidən təkrarlansın?

- Əvvəla onu qeyd edim ki, Xocalının Fərrux kəndi və Fərrux yüksəkliyində bir neçə ay öncə baş verən hadisələr bu sənədlərdən və danışıqlardan asılı deyil. Fərrux istiqamətində baş verənlər obyektiv səbəblərdən doğub. Azərbaycan tərəfi sənəd ərsəyə gəlsə də, gəlməsə də regionda öz mövqelərini möhkəmləndirməklə məşğul olacaq. Buna heç kəs şübhə ilə yanaşmamalıdır. Sadəcə olaraq burada bir məsələ var; əgər danışıqlar nəticə verərsə, o zaman heç olmasa hadisələr proqnozlaşdırılan səmtə doğru inkişaf edə bilər. Məsələn, bir müddət sonra hansısa nüanslar gerçəkləcək. Həmin nüanslar müəyyən mərhələdə nəticələr verə bilər. Təxminən bu cür irəliləyişlər ola bilər. Aprelin arasında tərəflər razılaşdılar ki, aprelin sonuna qədər Azərbaycan və Ermənistan arasındakı sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı birgə komissiya yaradılsın, onun tərkibi təsdiq olunsun və fəaliyyətə başlasın. Bu, proqnoz yox, proqram idi. həmin proqram çərçivəsində tərəflər irəliləyə bilərlər. Düşünürəm ki, qəfil səfər çərçivəsində bu proqramın müəyyənləşdirilməsi bizə imkan verəcək ki, proseslər daha konstruktiv şəkildə getsin. O ki qaldı, sərhəddə və Rusiya sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə gedən proseslərə, deyə bilərəm ki, bu məsələlərin gündəliyi artıq müəyyənləşdirilib. Özü də həmin məsələlərin gündəliyi birmənalı olaraq Azərbaycan tərəfindən müəyyənləşdirilir, heç kəs bu gündəliyə müdaxilə edə bilməz.

- Ümumiyyətlə, Əliyev-Paşinyan görüşü Kremlin təsir dairəsindən kənarda baş tutur, yoxsa Rusiyanın bu qəfil görüşdən də xəbəri var?

- Bu görüş bu vaxta qədər görülən işlərin məntiqi çərçivəsində həyata keçirilir. Artıq burada Rusiyanın nəyi istəyib-istəməməsinin heç bir önəmi yoxdur. Belə deyək, Avropa İttifaqının da istəyib-istəməməsi heç bir əhəmiyyət daşımır. Bu görüşdə daha çox məntiqə və proseslərin axarına uyğun addımların atılması gözlənilir. Şərti olaraq götürsək, hazırkı proseslərin başlanğıcı və axarı keçən ilin dekabr ayından sonranı əhatə edir. Yeri gəlmişkən, Rusiya bu məntiqə uyğun təkliflər verir. Tutaq ki, dekabrda sülh sazişinin imzalanması, apreldə bəzi məsələlərin dəqiqləşdirilməsi ilə bağlı məsələlər idi. Rusiya bu proseslərlə bağlı yalnız təkliflər irəli sürürdü. Məncə, tərəflər daha iradəli olub bu məntiqlə öz addımlarını atsalar, digər oyunçular da öz ölçülərini həmin məntiqə uyğunlaşdırmalı olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm