Polkovnik-leytenant: “Altı ayın əsgəri düşməni əlbəyaxa döyüşlə məhv edirdi…”
Bizi izləyin

Xüsusi

Polkovnik-leytenant: “Altı ayın əsgəri düşməni əlbəyaxa döyüşlə məhv edirdi…”

Müdafiə Nazirliyində baş zabit, polkovnik-leytenant, Vətən müharibəsi iştirakçısı Baba Hətəmov Publika.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

– Cənab polkovnik-leytenant, əvvəlcə Vətən müharibəsində keçdiyiniz döyüş yolu barədə oxucularımıza məlumat verməyinizi istərdik…

– Bəli, mən Vətən müharibəsində iştirak etmişəm. İlk olaraq Cəbrayıl-Füzuli-Qubadlı, sonra isə Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarının bilavasitə iştirakçısıyam. Müharibədə topçu bölmələrinin atəşinin idarə edilməsi, atəşin planlaşdırılması döyüş tapşırığını icra etmişəm.

– Azərbaycan Ordusunun şəxsi heyətinin müharibə zamanı göstərdiyi igidlik və şücaət, həmçinin, mülki insanların ordumuza dəstəyi barədə nələri qeyd edə bilərsiniz?

– Ümumiyyətlə, 44 günlük Vətən müharibəsini Azərbaycanın ən şanlı zəfəri, ən şanlı tarixi kimi dəyərləndirmək olar. Müharibəni təkcə Azərbaycan Ordusu deyil, bütün xalq, bütün dövlət qurumları vahid rəhbərliyin ətrafında sıx birləşərək aparırdı. Sentyabrın 26-dan 27-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın döyüş mövqeləri, hətta cəbhə xəttinə yaxın olan yaşayış məntəqələri artilleriya silahları cəlb olunmaqla atəşə tutuldu. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən dərhal adekvat addım atılmaqla bağlı göstəriş verildi. Qısa zaman ərazində rəhbərlik tərəfindən qərar qəbul edilərək əks-hücum əməliyyatlarına başlanıldı. Əks-hücum əməliyyatları zamanı Ermənistan tərəfinin 30 ilə yaxın qurub yaratdığı güclü mühəndis qurğularından, mühəndis istehkam maneələrindən ibarət və onların öz sözləri ilə desək “Ohanyan xətti” qısa zaman ərzində Azərbaycan Ordusu tərəfindən yarıldı. 44 gün ərzində işğal altında olan torpaqlarımız düşməndən azad edildi və döyüş Ermənistanın məğlubiyyəti ilə başa çatdı.

– Hazırda Azərbaycan Ordusunun gücü, qüdrəti və şəxsi heyətin döyüş əzmi necədir?

– Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra ordu quruculuğu prosesinə başlandı. Burada da rəhbərliyin əsas məqsədi ordumuzun dünyanın ən güclü orduları sırasında yer tutması idi. Azərbaycan Ordusunun istər kadr potensialının hazırlanması, istərsə də ordunun ən müasir silah və texnika ilə təchiz olunması prioritet məsələlərdən olub. Azərbaycan Ordusu ötən dövr ərzində ən müasir silahları öz silahlanmasına qəbul etdi. Ordumuz daim döyüş hazırlığı üzrə yüksək səviyyədə təlimlərə, məşğələlərə cəlb olundu. Bunun nəticəsi olaraq da Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmış oldu.

Bu işlər ordumuzda yenə də uğurla davam etdirilir. Yeni komando hərbi hissələri yaradıldı. Komando hərbi hissələr ən yüksək mənəvi-psixoloji və fiziki hazırlığa malik hərbi qulluqçularla komplektləşdirildi. Onlarla təlimlər keçirildi və bu hərbi hissələrin komplektləşdirilməsi və təlimlərin aparılması davam etdirilir. Ordumuz günü-gündən güclənir, onun qüdrəti artır. Eyni zamanda şəxsi heyətin döyüş ruhu yüksəkdir və əminik ki, bu işlər uğurla davam etdiriləcək.

– Vətən müharibəsindən xatirənizə əbədi hopmuş hadisə kimi nəyi qeyd edə bilərsiniz?

– Müharibənin 44 gün davam etməsinə baxmayaraq sanki qısa bir zaman ərzində olubmuş kimi insanın gözləri önündən keçir. Lakin buna baxmayaraq müharibənin hər məqamı, hər anı unudulmayacaq qədər yaddaşımızda qalıb. Müharibədən sonsuz sayda kadrlar gözümüzün qarşısındadır. Əsasən, ən çox insana ruh verən hadisə əsgərlərimizin qorxmadan, çəkinmədən düşmənin ağır silahları – tankları, texnikaları üzərinə piyada şəkildə getməsi idi. Bu, heç bir zaman unudulan deyil. Döyüşlərdə bir əsgər var idi. O əsgər indiyədək mənim ağlımdadır. Altı ayın əsgəri olmasına baxmayaraq pulemyot əlində daim düşmən səngərinə girir və düşmən səngərində əlbəyaxa döyüş belə nümayiş etdirərək düşməni öz səngərində məhv edirdi. Yəni, bu hadisəni nümunə çəkməklə mən əsgərlərimizin döyüş məharətini, şəxsi igidliklərini qeyd etmək istərdim.

Bundan əlavə bir bölük komandirinin göstərdiyi şücaəti qeyd etmək istərdim. Təəssüf ki, onun adını unutmuşam. Onun hərəkət etdiyi texnika vurulmuşdu. Buna baxmayaraq o, texnikanı tərk etmədi. Texnikanın silahından istifadə edərək düşmənlə sona qədər döyüşdü və qoyulmuş tapşırığı uğurla yerinə yetirmiş oldu.

– O hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı?

– Xeyr, şükürlər olsun ki, sağdır. Hal-hazırda xidmətini davam etdirir.

– Yəqin ki, siz özünüz də döyüş əməliyyatlarında iştirak edərkən şəxsi igidlik və şücaət nümayiş etdirmisiniz. Buna görə hansı təltiflərə layiq görülmüsünüz?

– Bəli, döyüş əməliyyatları zamanı əməliyyatlarda iştirak etdiyim istiqamətlərin işğaldan azad olunmasına görə medallarla təltif olunmuşam. Cənab Ali Baş Komandan tərəfindən “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad edilməsinə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişəm.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm