Xüsusi
Ordunun əvəzedilməz atributu: Hərbi Orkestr Xidməti - 30 il
6.3.10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
Azərbaycan Milli Ordusunun təməlinin qoyulmasından təxminən on ay sonra, 1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidməti yaradılıb. Hərbi Orkestrimiz bu il 30 illik yubileyini qeyd edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin ordu quruculuğunda yaranan böyük dönüş həm də ordunun hərbi orkestr xidmətində özünü göstərdi. Hərb tariximizə də nəzər salanda görürük ki, döyüşçülərin ruh yüksəkliyini artırmaq üçün hər zaman hərbi musiqilərə müraciət edilib. Bu musiqilərin səsləndirilməsi düşmən üzərində qələbəni şərtləndirib.
Bu gün Azərbaycan Ordusunda da şəxsi heyətin ruh yüksəkliyini artırmaq üçün müəyyən musiqilər ifa olunur ki, bu musiqilərin səsləndirilməsində, hazırlanmasında isə məsuliyyət ordunun orkestr xidmətinin üzərinə düşür.
Ordu quruculuğunda önəm kəsb edən hərbi musiqi ənənələrinin yaşadılmasına və daha da təkmilləşdirilməsinə əvəzsiz töhfələrini verən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisi Xalq artisti, professor, general-mayor Yusif Axundzadə Publika.az-a bildirib ki, Hərbi Orkestr Xidməti 30 il ərzində böyük inkişaf yolu keçib və bu sahə keyfiyyət və mahiyyət etibarilə yeni, professional mərhələyə gəlib çıxıb.
“1992-ci il iyulun 1-də Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi vəzifəsi mənə tapşırıldı, o gündən bu günə kimi xidmət rəisi vəzifəsini mən icra edirəm. 3 aydan sonra - 1992-ci ilin oktyabr ayının 9-da “Azadlıq” meydanında Müstəqil Azərbaycanın Milli Ordusunun ilk hərbi paradı keçirildi. Orkestrimizin qısa müddət ərzində yaranmasına baxmayaraq, bu təntənəli keçidi layiqincə müşayiət edə bildik. Əlahiddə Ümumqoşun Ordunun Nümunəvi Hərbi Orkestrinin kollektivini sıfırdan yaratmışam. Sovetlər dağılandan sonra burada olan orkestrlərin hamısı ölkədən etdi. Ümummilli Liderimizin rəhbərliyi altında aparılan ordu quruculuğu digər xidmətlərlə yanaşı, hərbi orkestr xidmətinin də daha müasir səviyyədə inkişafına təkan verdi. O illərdə qısa müddət ərzində Quru Qoşunlarında, Hərbi Hava Qüvvələrində və Hərbi Dəniz Qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi orkestrlər yarada bildik. Bu gün Müdafiə Nazirliyinin tərkibində çox sayda orkestrlər mövcuddur, onlar 1993-cü ildə yaradılıb və bu gün də fəaliyyətdədirlər. Həm xüsusi günlərdə, həm də gündəlik olaraq öz hərbi hissələrindəki tədbirlərdə çıxış edirlər”, - Y.Axundzadə qeyd edib.
General-mayorun sözlərinə görə, hərbi orkestrlər təkcə orduda hərbi musiqiləri ifa etmək üçün deyil, bu xidmət həm də orduda nizam-intizamın, təlim-tədrisin mütəşəkkiliyini təmin etmək üçün əhəmiyyətə malikdir: “Azərbaycana gələn bütün prezidentləri, baş nazirləri, müdafiə nazirlərini Nümunəvi Hərbi Orkestr qarşılayır. Sovet dövründə ölkəmizə çox az sayda dövlət rəhbəri gəlirdi, amma müstəqilik əldə edəndən sonra saysız-hesabsız dövlət və hökumət başçıları Azərbaycana gəlib və onların qarşılanma mərasimində Nümunəvi Hərbi Orkestr iştirak edib. Hərbi orkestr dövlət səviyyəli rəsmi tədbirlərdə, ölkəmizdə keçirilən idman yarışlarında, mədəni-kütləvi mərasimlərdə nümunəvi çıxışlar edir və mütəmadi olaraq geniş konsert proqramlarını gerçəkləşdirir. Eyni zamanda bayram günlərində yürüşlərdə iştirak edir, xalqla canlı təmasda olurlar”.
Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordunun Nümunəvi Hərbi Orkestrinin rəisi polkovnik-leytenant Rüfət Axundzadənin sözlərinə görə, hərbi musiqi şəxsi heyətin mənəvi-psixoloji hazırlığında, onlara vətənpərvərlik ruhunun və döyüş əzminin aşılanmasında əvəzsiz rola malikdir.
R.Axundzadə qeyd edib ki, bütün dövlət tədbirlərində, rəsmi və diplomatik ali qonaqların qarşılanmasında hərbi orkestrin üzərinə böyük məsuliyyət düşür: “Bu il Nümunəvi Hərbi Orkestrin yaranmasının 30 ili tam olur, 25 ildir bu orkestrdə xidmət edirəm. 16 yaşım olanda Truba nəfəs alətində ifa edirdim, sonra qərara gəldim ki, sevdiyim sahə ilə - hərbi dirijorluqla məşğul olum. Hazırda orkestrin rəisi kimi fəaliyyətimizin yüksək səviyyədə olması üçün əlimdən gələni edirəm. Biz bütün mötəbər tədbirlərdə, dövlət başçıları, baş nazirlər, digər rəsmi şəxslər Azərbaycana gələn zaman onların qarşılanmasında iştirak edirik. Buna görə də ifamız yüksək səviyyədə olmalıdır. Eyni zamanda bizim fəaliyyətimiz həm də orduda ruh yüksəkliyi yaratmaq, vətənpərvər üslubda əsərlər, marşlar ifa edərək əsgərlərimizi ruhlandırmaqdır”.
Polkovnik-leytenant 30 illik yubileylə bağlı həyata keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb: “Yubileylə bağlı silsilə konsertlər təşkil olunacaq. 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə bağlı da paytaxtda möhtəşəm konsertimiz olacaq. Dekabr ayına yaxın silsilə konsertlər planlaşdırırıq. Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Bakı Musiqi Akademiyasının zalında yüksək səviyyədə musiqi proqramı ilə çıxış etməyi düşünürük”.
Orkestrın solisti baş çavuş Pərviz Səfərli 21 ildir vətənpərvər ruhda musiqilər səsləndirdiyini və bundan qürur duyduğunu söyləyib.
Onun sözlərinə görə, hərbi orkestrin fəaliyyəti ordunun, qoşunların həyatı ilə sıx bağlıdır: “Hərbi orkestr ordumuzun əvəzedilməz atributudur. İnsanlar qoşun fəaliyyətinin hərəkətlərini izləyərkən onların nizami yerişini görürlər, addım səslərini eşidirlər. Onun yaratdığı təəssüratı musiqi və marş sədaları altında birləşdirəndə ətrafa verdiyi təsir çox möhtəşəm olur. Gənclər bundan təsirlənib gələcək fəaliyyətlərini ordunun üzərində qururlar. Burada musiqinin böyük təsiri var. Eyni zamanda həmin əsgərin ruh halına çox böyük təsir göstərir. Tarixi nümunələrə baxanda görürük ki, ordunun fəaliyyətində döyüşün içərisində belə hərbi musiqiçilər olub. Tarixi qaynaqlardan bizə bəlli olur ki, hərbi musiqiçilər döyüş zamanı kənarda, arxa cəbhədə deyil, məhz savaşın ən qızğın yerlərində olublar, ən qızğın döyüşlər də hərbi musiqiçinin və bayraqdarın ətrafında baş verib. Keçmiş dövrün döyüş ənənəsinə görə, hərbi musiqiçi və ya bayraqdar təslim edilərdisə, həmin tərəf məğlub hesab olunurdu. Hərbi musiqi və hərbi musiqiçilər təkcə bu gün deyil, tarix böyük orduda əhəmiyyətli yerə sahib olub. Qələbədən sonra emosional duyğular fərqli olur, artıq döyüşə hazırlaşan yox, savaşda qalib gələn ordunun əsgərisən. Biz Şuşaya, Zəngilana səfər etdik, bu hiss və həyəcanı orada yaşadıq, coşqu başqa cür idi”.
Yarandığı 30 il müddətində hərbi musiqiçi və dirijor kadrların hazırlanması, bütün qoşun növləri üçün hərbi orkestrlərin yaradılması, yeni repertuarın formalaşması, zənginləşdirilməsi ordumuzda hərbi musiqi sahəsində atılan ciddi addımlar hesab edilir. Bu gün Əlahiddə Nümunəvi Orkestr xidmətini ən yüksək səviyyədə həyata keçirməyi bacarır.
Akqabay Mıradov
Foto: Rüfət Mikayılov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi