"Rənglər parıltısını itirir, bütün yolların sonu qaranlıq görünür" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Rənglər parıltısını itirir, bütün yolların sonu qaranlıq görünür" - MÜSAHİBƏ

Rusiyanın tanınmış hipnoz mütəxəssisi, psixoloq Anton Kvitçastıy ilə müsahibənin ikinci hissəsini təqdim edirik.

Birinci hissəni buradan oxuya bilərsiniz.

-Doktor ruhumuzun böhranı ilə bağlı danışmaq istərdim. Bu müəmmanı bizim üçün aydın izah edin lütfən...

-İstərdim, öncə oxucularınıza müraicət edim. Ruhunuz böhran vəziyyətində deyilsə, bu müsahibəni oxumayın. Çünki bu dalğaya köklənmədən çətin ki, məzmunu anlaya biləsiniz. İkincisi isə uzun və ətraflı təhlildir. Bəlkə də hələ buna hazır deyilsiniz. Daxili böhran yaşayanlar isə yaxın əyləşsin. Çünki əminəm ki, dediklərim sizə bu ağır günlərdən çıxmağa kömək edəcək.

-Ümumiyyətlə böhran nədir?

-Bir haldan başqa hala keçid deməkdir. Bəzən bu müddət çox tez, yaxud da gec baş verir. Bəzən olduqca yüngül şəkildə, bəzənsə ağrılı və dramatik yol qət edirsiniz. Heç bir halda böhrandan qaçış yoxdur. Bu insan həyatının ən təbii prosesidir.

Bu təbii durumun qarşısını almaq ümumiyyətlə mümkün deyil. Lakin ruhunuzu gücləndirərək ağır günləri daha müdrik qarşılayıb, yola sala bilərsiniz.

-Bəs bu böhran necə irəliləyir?

-Kəskin və uzun sürən şəxsiyyət böhranı depressiyaya çox bənzəyir. Xüsusən ona görə ki, əksər vaxtlarda bu durumu hansısa xarici qüvvənin qıcıqlandırdığını düşünürük. Alışdığınız mühitin dəyişməsi, dəyərli doğmanızın, yaxud qiymətli əşyanızın itməsi, ciddi xəstəlik, yaxınlarınızla ayrılıq kimi məsələlər böhranın başlamasına səbəb olur. Lakin bu durumun əsas səbəbkarı özümüz, daxili problemlərimizdir. Məhz içimizdə düyünlənən problemlər xaricdən gələn mənfi təsirlərin bizi daha çox incitməsinə səbəb olur. Sadə dillə izah etsəm, müəyyən məqamda daxili gərginliyin kritik kütləsi toplanır və bir vəziyyətdən digərinə keçmək zərurəti yaranır. Fərd nə baş verdiyini dərk etmədən, ümidsiz şəkildə gözü önündə dağılan köhnə modellərindən yapışır, Məhz bu durum böhranın başlanğıcıdır.

Artıq rənglər sənin üçün parıltısını itirir. Dadların ləzzətini, səslərin zövqünü duymursan. Adət etdiyin şeylər daxili harmoniyanı təmin etmir. Özünə güvənsizlik, uğurlarını dəyərləndirməmək kimi mənəvi çöküş yaşayırsan. Bütün yolların sonu qaranlıq görünür.

-Sadaladıqlarınız depressiyanın xüsusiyyətləri deyil?

-Xeyr! Çünki bu durumda dərmanlar sizə kömək etməyəcək. Depressiv hal enerji qıtlığı və fəaliyyətsiz qalmaq istəyidir. Bütün gün eyni nöqtədə yatıb qalmaq ehtiyacıdır.

Böhran durumu isə əksinə, bu vəziyyətdən çıxmaq üçün hərəkətə vadar edir. Bütün cəhdləriniz uğursuz olandan sonra isə acı barışıq duyğusu ruhunuza hakim kəsilir. Lakin bu ətalət də depressiya deyil, daxili təlaşınızın fərqinə varmaqdır.

Fərd yalan danışaraq öz uğursuzluqlarına don geyindirmir. Bütün problemlərini çılpaqlığı ilə görməyə çalışır. Həqiqətin ağrısı ikiqat incidir. Böhranın başlanğıcı bir növ ölümlə müqaisə edilə bilər. Ümidlərin öldüyü, dərin məyusluq və ayrılıq duğusunun güc gəldiyi ölüm anı... Böhranın inkişaf xətti isə ağrılı və uzun çəkən doğumu xatırladır. Öncə yeni ümidlər və perspektivlərin toxumu səpilir. Sonra bu yeniliklər daha çox aydınlanmağa başlayır. Nəhayət yenidən qaranlığa qərq olursan. Yenidən keçmişinə, komfort sahənə qayıtmaq istəyirsən. Bu yerdəyişmə bir neçə dəfə davam edə bilər. Amma mütləq peşəkar dəstəyi almalısınız. Həyat dərsinizi alandan sonra artıq yeni xətlə irəliləməyə başlayırsınız.

-Nəticədə böhran bizə nə öyrədir?

-Keçmişi arxada qoyub, önümüzə baxmağı... Oxumağı, öyrənməyi, mübarizə aparmağı, sevinməyi, sevib-sevilməyi, heyrətlənməyi... Odur ki, böhran durumunda heç nə etməyin, ən azı etməyə tələsməyin. İnanın ki, bu çətinlik müvəqqətidir. Böhran xəstəlik deyil, onu müalicə etməyə ehtiyac yoxdur. Düşünün ki, bu təbiətin ən sadə qanunudur. Ata biləcəyiniz ən doğru addım onun təbii axınına mane olmamaqdır.

Belə bir deyim var. Təsadüfən yolda rastlaşdığın insanın qaladığı ocaqdan siqaretini alovlandırmaq. Böhran müddətində ailəniz və dostlarınızla dərdləşməyin faydası çox azdır. Çünki onlar başqa dalğadadırlar. Tövsiyələri də, iradları da aranızda münaqişənin yaranmasına hətta dərinləşməsinə səbəb olacaq. Dərdinizin üstünə yeniləri də yüklənəcək. Bu durumda sizə empatiya duyğusu güclü olan, yaxud sizinlə eyni yolu keçən adamların dəstəyi daha çox toxuna bilər.

-Sonda ən pozitiv və sabaha ümid doğuran tövsiyələrinizi verin lütfən....

-Stiven Kinqin çox gözəl sözü var. "Başınızı gərəksiz suallarla didə-didə sonunda oradan böyük dəlik açacaqsınız. İçindən isə zombi çıxacaq". Odur ki, bir düşüncəni cücərtməyə başlayanda mütləq həqiqətə yaxınlığını yoxlayın. Hər fikri özünüzə yaxın buraxmayın. Bəli, daxili səsinizi dinləyin, amma bilin ki, sizi yoran düşüncələrin faydası yoxdur.

Həyatınızın mənasını şişirtməyin. Həm də kiçiltməyin. Nəyin varsa, indi var. Keçmiş də, gələcək də illüziyadır. Bəzi hallarda baş vermiş hadisə ilə sadəcə barışıb, daha soyuqqanlı olmalısınız. Heç bir arzuya həddən artıq bağlanıb, tək ona istiqamətlənmə... Sırf bugün sənə vacib və mütləq gələn məsələlərin dəyəri əslində düşündüyün kimi olmaya bilər. Həyatın axınına güvənməyi öyrən. Qorxularından qurtul. Çünki müdirk adam bilir ki, qorxu da, stress də ən dəyərli xəzinəsini-vaxtını əlindən alır. Həyat qəddardır. Ölümdən başqa bizə heç nəyi əminliklə vəd etmir. Məhz buna görə nə qədər ki, vaxtın var sev, sevil, sevin və zövq al.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm