Xüsusi
Həmzəni öldürdü və ciyərini çıxarıb Hindiyə apardı - DƏHŞƏT
Kərbəla qədər heç bir müsibətə bu qədər göz yaşı tökülməmiş, heç bir tarixi hadisə bəşərin vicdanında bu qədər böyük yara açmamış, heç bir qəhrəman tarixin qanlı səhifələrində bu qədər görkəmli yer tutmamışdı.
Ancaq hadisələrin üzərində nağılvari təhkiyəni, mifik təfəkkürü götürmək, ona zəkanın soyuq prizmasından baxmaq baş vermiş faciənin dərki və ibrəti yolunda atılan ilk addımdır.
O gün orda nə olmuşdu? O ordular niyə qarşı-qarşıya gəlmişdi? Haqq kim idi, batil kim? Yalana həqiqətin başını kəsəcək qüdrəti verən nə idi? Bu düşmənçilik hardan başlanmış, harda araya nifaq düşmüşdü.
Hüseyni şəhidlərin ən ucasına çevirib Yezidi lənət girdabına batıran Kərbəlanı anlamaq elə tarixi anlamaqdır.
Birinci məqalə
Hər hansı bir şəxsiyyətin, ya da tarixi hadisənin mahiyyətini qavramaq üçün ən adekvat variant həmin dövrün anlamaqdır. Çünki insanlar Əli ibn Əbu Talibin də dediyi kimi zəmanələrinin övladlarıdır. Hər bir fərdin xarakteri, əməlləri və şəxsiyyəti onun yaşadığı dövrün pəncərəsindən, zamanın müstəvisindən aydın şəkildə görünür.
Misal üçün, ABŞ-ın qurucu liderlərinin qul sahibi olduğunu desək, kimlərsə onları “quldar” kimi qavrayıb onları damğalamağa çalışacaq. Ancaq o dövrdə qul sahibi olmaqla, indiki dövrdə qul sahibi olmaq arasında çox böyük fərq vardır. Bu mənada tarixi mühakimə etmək üçün əvvəlcə o tarixi prosesin içində olmaq, ictimai şəraiti düzgün şəkildə şərh edib o hadisənin o tarixi şərait içində hansı mənaya gəldiyini üzə çıxarmaq gərəkdir.
Məhəmməd peyğəmbər ölümündən az əvvəl söylədiyi vida xütbəsində eynilə belə deyirdi: “Cahiliyyə dövrünün bütün adətləri ləğv edilmişdir, mən onları ayaqlar altına atıram”. Ancaq Peyğəmbərin bu əmrinə rəğmən ərəblərin ən böyük Cahiliyyə adəti aradan qalxmadı. Söhbət qəbiləçilikdən gedirdi.
O dövrü və eləcə də ondan sonra baş verən hadisələri və əlbəttə də Kərbalanı anlamaq üçün açar söz də məhz qəbiləçilikdir. Məkkədə o dövrdə bir neçə qəbilə vardı. Bu qəbilələr arasında ikisi xüsusilə güclü idi. Birincisi, Peyğəmbərin də mənsub olduğu Haşimoğulları digəri isə Ümeyyəoğulları yəni Əməvilər. Ancaq başqa qəbilələr də bu siyasi palitraya rəng qatırdılar. Misal üçün, Peyğəmbərin yaxın silahdaşları Əbu Bəkr Teym, Ömər isə Adiyy qəbiləsinə mənsub idi. Məkkənin idarəetməsi Ümeyyəoğullarında idi, Haşimilər isə Kəbə ilə məşğul idilər. Məkkə aristokratiyasının əsas sütunları arasında düşmənçilik uzaq illərdən başlamışdı.
Ərəblərin məişətində, həyatında qəbiləçilik son dərəcə mühüm rol oynayırdı. Mərkəzləmiş bir dövlət aparatı, təhlükəsizlik orqanları, hüquq sistemi olmadığı üçün bu rolu qəbilələr oynayırdı. Bir qəbiləyə mənsub olduğunuz təqdirdə sizin qətlə yetirilməniz bütün qəbilənin intiqam atəşi ilə alovlandırırdı. İqtisadi olaraq da hər kəs öz qəbiləsindən asılı idi, mal-mülk, ticarət və ən əsası güc mübarizəsində qəbiləçilik çox mühüm rol oynayırdı. Qəbilədən kənarda bir həyat yox idi və bir ərəb üçün ən ağır cəza da məhz qəbilədən qovulmaq idi. Bu zaman onun canına asanlıqla qəsd edilə bilərdi. Əmlakı talan, övladları qul edilsə belə heç kim onun dadına yetməzdi.
Məhəmməd peyğəmbər ilahi vəhyi elan etdikdən sonra ona ən çox arxa duranlar öz qohumları, yəni Haşimoğulları idi. Misal üçün Əbu Talib, Abbas, Həmzə kimi əmiləri onu Əməvilərin hücumlarından qoruyur, hətta, misal üçün, Əlinin atası Əbu Talib özü müsəlman olmasa belə öz qardaşıoğlu Məhəmmədin qarşısında sipərə çevrilirdi. Əlbəttə ki, Peypəmbərin tərəfdarlarını təkcə öz qohumlaır ilə məhdudlaşdırmaq olmazdı. Yuxarıda da qeyd edldiyi kimi, Əbu Bəkr və Ömər başqa qəbilədən idi. Bununla belə Məkkə daxilində əsas güc məhz Ümeyyəoğullarında idi. Və onların Peyğəmbər və ardıcıllarına qarşı törətdikləri repressiya peyğəmbərin Mədinəyə hicrət etməsi ilə nəticələndi.
Yeri gəlmişkən, hicrət yeri kimi Mədinənin seçilməsi də elə qəbiləçilik düşüncəsi ilə sıx bağlı idi. Peyğəmbərin babası Əbdülmütəllibin anası Mədinənin Həzrət qəbiləsindən idilər. Buna görə də onlar qohumları Məhəmmədi həvəslə qəbul edib ona hər cür dəstək verdilər.
Peyğəmbərin yaxın ətrafında düşmən qəbilədən olan cəmi iki şəxs vardı. O şəxs sonradan xəlifə olacaq Osman idi. Osman ilk günlərdən peyğəmbərə iman gətirmişdi və Peyğəmbərin ən inandığı insanlardan idi. Və Osman Peyğəmbərin iki qızı ilə (Ruqiyyə vəfat etdikdən sonra Ummugülsüm ilə) evlənmişdi, bu cəhətdən də Peyğəmbərlə xüsusi yaxınlığı vardı.
İkinci şəxs isə Peyğəmbərin həyat yoldaşı Ümmü Həbibə idi. Əbu Süfyanın qızı olan Ümmü Həbibə ilk iman gətirənlərdən biri idi. O, əriylə Həbəşistana hicrət etmiş, əri vəfat etdikdən sonra isə Peyğəmbərlə evlənmişdi.
Ancaq bu iki şəxsin varlığı Ümeyyəoğullarının qəzəbini sevgiyə, hörmətə çevirə bilməyəcəkdi. Bu isə hələ yolun başı idi. Peyğəmbərin hicrətindən cəmi iki il sonra məkkəlilər ordu toplayaraq Mədinəyə hücuma keçdilər. Bədr adlanan ərazidə islam tarixinin ilk döyüşü baş verdi. Döyüş müsəlmanların mütləq qələbəsi ilə başa çatdı. Haşimoğullarının evində təntənə, Ümeyyoğullarının evində isə matəm vardı. Məsələ tək müharibədəki məğlubiyyət deyildi. Əbu Süfyanın həyat yoldaşı Hindin atası Utbə, qardaşı Vəlid və əmisi Şeybə döyüşdə öldürülmüşdü. Onları Peyğəmbərin əmisi Həmzə və əmisioğlu Əli öldürmüşdü. Ox yaydan çıxmışdı.
Yazdıqlarımızı ümumiləşdirib hekayənin davamına gedək. Hindin atası, qardaşı və əmisi Peyğəmbərin yaxın qohumları tərəfindən öldürülmüşdü. Çox illər sonra baş verən Kərbəla da bir cəhət üzrə bu hadisənin qisası idi, ancaq Ümeyyəoğullarının qisası ondan çox tez alınmışdı. Özü də amansız bir vəhşilik, sadizm ilə...
Bir müddət keçməmiş məkkəlilər yeni döyüşə, Uhud döyüşünə başladılar. Bədrdə həlak olan komandir Əmr ibn Hişamın (Əbu Cəhl) yerinə isə Əbu Süfyan təyin edilmişdi. Hindin azadlıq verməklə ələ aldığı Vəhşi adlı kölə xain bir pusqu ilə Peyğəmbərin əmisi Həmzəni öldürdü və ciyərini çıxardıb Hindiyə apardı. Nümayişkəranə şəkildə ciyəri çeynəyən Hindi bununla kifayətlənməyərək Həmzənin burun və qulaqlarını kəsərək özünə boyunbağı düzəltdi. Tarixin şahid olduğu ən dəhşətli qisas əməliyyatı isə hələ sadəcə başlanğıc idi.
Ancaq tarixin çarxları müsəlmanların zəfərinə doğru dövran edirdi. Uhud döyüşündən sonra uğurlu hərbi əməliyatlar keçirərək iqtisadi cəhətdən də güclənən müsəlmanlar 630-cu ildə Məkkəni mühasirəyə aldılar. İndi Ümeyyəoğulları üçün biət zamanı idi. Şəhər hakimi Əbu Süfyanın başçılıq etdiyi heyət sülh üçün müsəlmanların qərargahına getdi. Orda müsəlman olan Əbu Süfyan heç bir müqavimət göstərmədən şəhəri müsəlmanlara təslim etdi.
Peyğəmbər ilə Kəbəyə daxil olub bütləri dağıtdı. Ancaq Əbu Süfyan və övladlarının intiqamı hələ qabaqda idi. O zamana qədər isə pusquya yatacaqdılar...
Qan Turalı
-
Sosial08:12Boşanmaların 47 faizinin səbəbi bu imiş...
-
Magazin106:16"Nəvəmin adı "Məleykə" olsun istəyirəm"
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI
-
Region18 Aprel 23:48"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı
-
Magazin118 Aprel 23:12Vado Korovinin qızının toyudur - VİDEO
-
Sosial18 Aprel 22:24Sumqayıtda FACİƏ - Futbol oynayarkən halı pisləşən gənc öldü
-
İdman18 Aprel 21:12Messi o ulduz futbolçunun yalanını belə gerçəyə çevirdi






































