Azərbaycan əsgərlərinin uniformalarını erməni hərbçilərinə geyindirən İranla bağlı ŞOK FAKTLAR
Bizi izləyin

Xüsusi

Azərbaycan əsgərlərinin uniformalarını erməni hərbçilərinə geyindirən İranla bağlı ŞOK FAKTLAR

Azərbaycan əsgərlərinin uniformalarını erməni hərbçilərinə geyindirən İranla bağlı ŞOK FAKTLAR

Son günlər dünyanın əsas gündəmi İrandır. Ölkədəki “hakimi-mütləq” molla rejimi daxildəki qarşıdurmalardan diqqət yayındırmaq üçün gah Araz çayı hövzəsində hərbi təlim keçirir, gah Bakıya, gah da Ankaraya dişini qıcayır. Haqq və hüquqlarını tapdanmasından cana doyan 30 milyonluq Güney Azərbaycan türkləri də milli hökumət tələbi ilə etirazlara başlayıblar.

Bu gedişlə İran parçalanacaqmı? 200 illik əsarətdən sonra Güney Azərbaycan Respublikası qurulacaqmı?

Suallarımızı Milli Məclisin deputatı Nəsib Məhəməliyevə ünvanladıq.

-Nəsib müəllim, son günlər İranda vəziyyət qarışıb. Amma Tehran rejimi fikrini daxilə yox, Araz çayının şimalına yönəldib. Molla rejiminin Azərbaycana qarşı təxribatlarının arxasında nə dayanır? Ümumiyyətlə, insanların hüquq və azadlıqlarını əlindən alan “əmmaməçilər” son addımları ilə nəyə nail olmaq istəyirlər?

-İranın təxribatları ilk növbədə, onun ideologiyasının mahiyyətidir. Tehranın yürütdüyü dövlət ideologiyasının əsas xəttidir. Bu xətt ondan ibarətdir ki, özünü islam dövləti adlandıran İran, faktiki olaraq İslam dinini parçalayır. İran islama heç bir aidiyyatı olmayan yeni “Hüseyniyyun” adında sektant bir din fomalaşdırmaqla, İslam dünyasını parçalamaqla məşğuldur. 1979-cu ildə molla rejiminin hakimiyyətə gəldiyi andan bu siyasət aparılıb. Bunun mənfi nəticələrini daha çox İslam ölkələri hiss ediblər. Yəməndə, Livanda, İraqda, Suriyada, Bəhreyində və bir çox ölkələrdə yeni yaratdıqları dinin təbliğatını aparmaqla həmin ölkələrin daxili işlərinə qarışır. Həmin dövlətlərdə hərbi-siyasi müxalifət formalaşdırmaqla dövlət çevrilişləri həyata keçirir. Bir sözlə, İran həmin ölkələrin konstitutsion quruluşunu dağıtmaqla məşğuldur. Nəticə göz qabağındadır; Sadaladığım dövlətlərin heç birində normal hökumət fəaliyyət göstərə bilmir. Hətta həmin ölkələrdə dövlət, ümumiyyətlə formalaşa bilmir. İran həmin ölkələrin daxilində savadsız kəsimi ələ alır. Onları müxtəlif vasitələrlə öz təsiri altına salır. Beləliklə, adları qeyd olunan ölkələrdə, faktiki olaraq terror dəstələri yaradır. Həmin terror dəstələri də heç vaxt normal dövlətin qurulmasına imkan verməyəcəklər.

-İran bu siyasəti Azərbaycana qarşı da gerçəkləşdiribmi?

-Bəli. Tehran son 30 ildə Azərbaycana qarşı bu siyasəti aparıb. Çox şükürlər olsun ki, Azərbaycanın dövlət idarəetmə sistemi, hüquq-mühafizə orqanlarımızın sayıqlığı nəticəsində, eyni zamanda, Azərbaycan xalqının dünyəvi dövlət quruluşuna meyilliliyi İranın burada “kərimə dövləti”ni qurmasına imkan vermədi. Biz 1990-cı illərin əvvəllərindən indiyə qədər "İslam partiyası" və bir çox digər qruplaşmalar adı altında İranın Azərbaycan əleyhinə siyasət apardığını bilirdik.

-Bildiyimizə görə, birinci Qarabağ savaşında da İran müsəlman ölkəsi Azərbaycana yox, Ermənistana dəstək verib...

-Təsadüfi deyil ki, 1992-ci ildə də İran Azərbaycanla Ermənistan arasındakı münasibətləri tənzimləmək adı altında hər iki ölkənin rəhbərlərini Tehrana dəvət etdi. Həmin vaxt Şuşa, ardınca da Laçın işğal olundu. Bu gün ortada kifayət qədər videoyazılar, faktlar, rəsmi sənədlər var. Həmin faktlar göstərir ki, İran Birinci Qarabağ savaşında da əhəmiyyətli təxibat işləri ilə məşğul olub. İran Azərbaycan əsgərlərinin uniformalarını əldə edərək erməni əsgərlərinə verib. Erməni hərbçilər də Azərbaycan ərazilərinə bizim əsgərlərin uniformasında daxil olaraq çoxsaylı qətllər törədiblər. İranın apardığı bu “siyasətin” nəticəsi idi ki, onun ətrafında bir dənə də olsun dostu yoxdur. Bu, həm qonşularına, həm də İslam dünyasına aiddir. Əksinə, İran, İslam dünyası, ələlxüsus, Azərbayacan əleyhinə çoxsaylı qətllər törədən, teraktlar gerçəkləşdirən, Xocalı soyqırımı kimi genosid həyata keçirən, digər ərazilərimizdə mülki şəxslərin qətliamını törədən Ermənistana hər cür dəstək verib. 44 günlük müharibədən 2 il keçməsinə baxmayaraq, İran bu gün də sakitləşmir. Əvvəlki 30 illik işğal dövründə Ermənistana verdiyi gizli dəstək artıq açıq xarakter alıb. İran bu mənada öz mahiyyətini ortaya qoyub.

-Bu mahiyyət nədən ibarətdir?

-Bu mahiyyətin hədəfi müharibədə darmadağın olmuş Ermənistan ordusunu bərpa etməkdir. Ermənistan orudusunu silahlarla, pilotsuz uçuş aparatları, ağır texnika ilə təchiz etməyi İran öz qarşısına məqsəd qoyub. Tehran İrəvanın inkişafı üçün bütün iqtisadi dəstək verir. İran Şimal-Cənub dəhlizi adı altında Azərbaycandan yan keçən, Qara dənizə və digər bölgələrə çıxış əldə etmək üçün kommunikasiyalar yaratmaq niyyətindədir. İran Qərb, Şərq və Rusiyadan daha çox Ermənistana dəstək verir. Söhbət həm hərbi, həm də iqtisadi dəstəkdən gedir. Bir sözlə, Tehranın “parçalalama siyasəti”nə görə, onun İslam dünyasında bir dostu da yoxdur. Əksinə, İranın dost kimi qəbul etdiyi yeganə ölkə terrorçu Ermənistan dövlətidir.

-Azərbaycan İranın bu cür təxribatlarına hansı formada cavab verməlidir?

-İran başa düşməlidir ki, Azərbaycan 1990-cı illərin zəif, inkişaf etməmiş dövləti deyil. Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən güclü ölkədir. Eyni zamanda, Azərbaycanın Türkiyə, Pakistan kimi müttəfiqləri var. Eləcə də BMT, Qoşulmama Hərəkatı səviyyəsində çoxsaylı dostlarımız var. Bu baxımdan, İranın Azərbaycana qarşı son təxribatları da onun özünə qarşı yönəldi. Adekvat olaraq bu günlərdə bizim xüsusi təyinatlı qüvvələrimiz Araz çayının sahilində çox ciddi tədbirlər həyata keçirdilər. Molla rejiminə göstərdilər ki, sizin Azərbaycana qarşı planlaşdırdığınız hansısa hücumlar ilk növbədə özünüzün əleyihinizə işləyəcək. Üstəlik, İranın özünün əleyihinə gətirib çıxaracaq.

-Bəs bu gün Cənubi Azərbaycanın müstəqil dövlət olması nə dərəcədə real görünür?

-Açıq deyəcəyəm, bu, indiki geosiyasi şərtlərlə mümkün deyil. Çünki qlobal güclər İranın parçalanmasında maraqlı deyillər. Onlar, sadəcə olaraq, İranın daxilindəki rejimi dəyişmək istəyirlər. Bu rejim dəyişəcək. Ona görə ki, bütün qlobal güclər Qafqazda Azərbaycan kimi yeni, 30 milyonluq türk dövlətinin yaranmasında maraqlı deyillər. Həmin güclər gələcəkdə Turan dövlətinin yaranmasını özləri üçün bir təhlükə kimi görürlər. Bu baxımdan, bizdə Xiyabani, Səttərxan və Pişəvəri təcrübələri var. Hesab edirəm ki, yeni yaranmış reallıqlardan istifadə edərək güneyli soydaşlarımız maksimum təşkilatlanmalıdırlar. Orada çox ciddi parçalanmalar baş verib. Güneyli soydaşlarımız müxtəlif siyasi təşkilatlara, firqələrə parçalanıblar. Onlar bütün inciklikləri, ideoloji fəqlilikləri, parçalanmaları aradan qaldırmağı bacarmalıdırlar. Güneyli soydaşlarımız maksimum şəkildə çalışmalıdırlar ki, İran dövlətinin tərkibində muxtariyyat əldə etsinlər. Muxtariyyat əldə etdikdən sonra həm qanunverici, həm icraedici, həm də məhkəmə sistemi mövcud olacaq. Gələcəkdə, nə zamansa, İranın parçalanacağını gözləmək və o dövr üçün hazırlıq işləri görmək lazımdır. Əgər bu gün konkret olaraq güneyli soydaşlarımız müstəqil dövlət olmaqla bağlı məsələ qaldırsalar, bu ideya onlar üçün olduqca təhlükəli xarakter alacaq. İranın molla rejimi çox ciddi, amansız kütləvi qətllər törədəcək. Əfsuslar olsun ki, dünya birliyi də buna lazımı, adekvat reaksiya verməyəcək. Çünki yeni türk dövlətinin yaranmasında heç kəs maraqlı deyil. Ən yaxşı halda muxtariyat məsələsi ilə bağlı ideyalar olmalıdır. Ana dilində təhsil, ana dilində danışmaq, ikinci dövlət dili olaraq türk dilinin rəsmi şəkildə işlədilməsi, yerli özünüidarə orqanlarının fəaliyyətlərinin təmin olunması ilə bağlı məsələlər ön plana çəkilməlidir. Bunların olması çox böyük nailiyyət deməkdir. Hesab edirəm ki, bütün bunlar gələcəkdə müstəqil Güney Azərbaycan dövlətinin qurulmasında ən ciddi addım sayıla bilər. İndiki halda müstəqil Güney Azərbaycan Dövlətinin qurulmasını real görmürəm.

-Nəsib müəllim, İranın, Kərbəla və Məşhəd ziyarətgahlarından toplanan ianələri terror təşkilatlarını dəstəkləmək üçün xərcləməsi ilə bağlı iddialar var...

-Əgər İran İslam dövləti adına iddia edirsə, bu, çox böyük günahdır. İnsanların inanclarından süi-istifadə edərək milyardlarla vəsait toplamaq və onu terrora və əqidə baxımından, sənin kimi düşünməyən, başqa ideologiyaya xidmət edən insanların qətlə yetirilməsi üçün istifadə etmək ən böyük günahdır. Onun cavabı Allah qarşısında veriləcək. Bu, mütləqdir. Bu, həm də insanlıq əleyhinə cinayətlərdə iştirak deməkdir. Bu baxımdan, heç kim üçün sirr deyil ki, Kərbəlada, Məşhəddə və digər islam inanclarından, pirlərdən, ziyarətlərdən yığılan pulların terror təşkilatlarının maliyyələşdirilməsi üçün istifadə edilməsi ən böyük günahdır. Onun da cavabı mütləq veriləcək. Buna heç bir şübhə ola bilməz.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm