Təkuşaqlı sonsuzlar...
Bizi izləyin

Köşə

Təkuşaqlı sonsuzlar...

Leyla Sarabi

Leyla Sarabi

Universitet illərində şəxsiyyətinə, fikirlərinə böyük hörmətlə yanaşdığım bir filosof müəllim vardı. Onun insan oğlu haqda bəzi təzadlı fikirlərini anlamağa çalışan, kəlmələrini bir-bir təhlil edən, bəzən də söz düyünlərində ilişib qalan tələbənin zehninin pası sanki xaç suyunda təmizlənirdi. Bu bəyin bizi əhatə edən ən mürəkkəb hadisələr üçün sadə çözüm yolları vardı. Yaxşı xatırlayıram, bir dəfə namaza gəlmək istəyən içki düşgünü tanışından danışırdı və belə fikir işlətdi: “Mən ona dedim ki, namaz qılmaq istəyirsənsə, içkini atacağın günü gözləmə. Bunların hər ikisini eyni gündə edə bilərsən. Yetər ki, niyyətin təmiz olsun. O da ilk günlər adi qaydada içib, namazını qılırdı. Gün keçdikcə şüşələrin sayı azaldı və bir gün özünü pak yolda tapdı”. Yəni, insanları pis vərdişlərdən döndərmək üçün onlara qadağa qoymaq əvəzinə dəstək vermək lazımdır.

Bu bəyin daha bir düşüncəsi yəqin ölüb, torpağa qarışanadək mənimlə gedəcək. Bir dəfə dedi ki, kim ikinci, üçüncü və ya dördüncü övladdırsa, əlini qaldırsın. Mənim kimi qrupun yarısı əlini havaya qaldırdı. Dedi, bilirsinizmi, valideynləriniz sizi niyə dünyaya gətirib? Böyük uşaqları ölsə, nəsil sizinlə davam etsin. Hamımız buna etirazımızı bildirdik. Dedi, bu əsrlərdən bəri insanda formalaşan şüuraltı instinktdir. İllər keçdikcə anlayacaqsınız. Dediyi kimi də oldu. İllər bir-birini əvəz etdi və mən anladım ki Azərbaycan cəmiyyətində bir uşağın varsa, sənə sonsuz kimi baxırlar. Xüsusən də çömçələrini yumağa su tapmayan xalalar gəlib, sənin qaynayan qazanını qarışdırılar.

- Ay qızım, bir uşaq uşaq deyil.

- Bəs nədir?

- Heç nə, oyuncaq. Heç belə baxanda iki uşaq da uşaq deyil, amma indiki dövrdə yenə yola vermək olar. Sən necə anasan, uşağını tək böyüdürsən. Sabah bu fərsiz çıxsa, heç olmasa, o biri ağıllı olsun ki, arxanı dayaya biləsən.

Bizim cəmiyyətdə eşitdiyim ən absurd fikirlərdən biri də odur ki, Allah doğulan uşağın bərəkətini özündən öncə yetirir.

Yəni siz bu nağıllara inanırsınız? Övladlarınızın bir qarnı ac, bir ayağı yalın xoşbəxt böyüyəcəyinə əminsiniz? Ürəklərində pas atmış uşaqlıq arzularını özləri ilə bərabər böyüdüb, bir gün daş kimi ağırlaşdığını görməyəcək qədər etinasızsınız? O zaman məni bu analıq zirvəsinə sizinlə qaxmaqda məzur görün, üzrlü sayın. Maddi durumum neçə uşağı xoşbəxt böyütməyə çatsa, o qədərini də dünyaya gətirəcəm. Neyniyə bilərəm? Bura əxlaqsızlıq yuvası Avropa deyil ki, hələ doğulmayan uşağın araba puluna qədər ödənsin. Hətta ən bahalı bağça belə maaşının məbləğınə görə aylıq ödəniş hesablasın. Həkimi də desən, pulsuz, sığortalı...

İmkanım daxilində uşağımın ehtiyaclarını qarşılayıram. Özü də bunu onun böyüyəndən sonra məni saxlamaq məcburiyyətində olduğunu düşünmədən edirəm. Qocalığımı övladımla sığortalayacaq qədər aciz deyiləm. Atasını da, məni də ona həyat verdiyimiz üçün peyğəmbər zirvəsinə ucaltmalı deyil. Bəlkə seçim özünə verilsəydi, başqa ailədə doğulub, böyümək istərdi. Mənim də bu dünyada missiyam onu bu “bəlkə”lərdən azad edib, “yaxşı ki”lərlə böyütməkdir.

Övladımın bu günündə, sabahında yaxından-uzaqdan mənə bir xeyiri toxunmayan xala, səni də qınamıram. Çətin güzəranına rəğmən, balalarını yeməyib, yedirdib, geyməyib, geyindirmisən. İmkanın xaricində olan istəklərini dilə gətirəndə də, "südümü sənə halal eləmərəm" deyib, ürəyinin lap balaca bir köşəsində başına-başına döymüsən.

Ay xala, belə baxanda, çox uşaq da uşaq deyil eee.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm