Anası erməni jurnalistlə baş tutmayan müsahibəm
Bizi izləyin

Köşə

Anası erməni jurnalistlə baş tutmayan müsahibəm

Leyla Sarabi

Dünyanın bütün rəqəmlərini çiyninə alıb göyə qalxan ən böyük say asankheyadır. Mənşəyi buddizmdən gəlir. Tələffüzü heç də asan olmayan bu rəqəm elə fantastikdir ki, ona çatanadək nirvanada taxt qurursan. Zənnimcə, yerdən göyə uzanan bu cığır birbaşa seçilmişlərə aparır. O seçilmişlər ki, mundirinin ulduzları asankheya hesabındadır. Planet həmin qəhrəmanların çiyinlərində fırlanır.

Bu dünya bütün xətalara, bəlalara rəğmən fırlanır. Şəhidin yarası yağışda islanıb, istidə qovrulduqca bir yandan da hərəmizin ovcuna zərrə-zərrə günəş doğur.

Mən bütün acılara rəğmən gözümü qamaşdıran günəşi qucaqlayıram. Ata torpaqda kök salan ən Narın çiçəyin qönçəsini sevirəm.

Dərin Vətən acısının verdiyi qürurla düşmən gülləsindən sərhədlənirəm.

Son günlər məni böyüdən bir fikri rəngli kağızlara qeyd edib, ən qəddar köşələrimə yapışdırmışam. “İnsan övladını itirəndə, ölmür, anası öləndə bir təhər sağ qalır. Amma vətəni üçün ölmək istəyir.

Çox şirinsən, Vətən! Ağrılarınla, yaralarınla vazkeçilməzimsən.

Sevgilim kimisən. Nə qədər incitsən də, ilıq mehinə verirəm küskünlüyümü. Körpəm kimisən. Südüm yaxandakı acı sözlərimi silib aparır.

Bu səhər gürcü jurnalistin hönkürtüsünə ayıldım:

"Anam erməni, atam gürcüdür, Mösyölər! Biz qafqazlılar qardaşıq axı...

Gəlin, sülhü təmin edək! Gəlin, birləşib yumruq olaq"!

Bütün sülh məramımı barmaqlarıma toplayıb, salam yazdım. Müzakirəyə hazıram- dedim.

Eyni fikir süfrəsini paylaşdığımız üçün məmnunluğunu bildirdi. Gürcü jurnalistdən soruşuram:

-Uşaqlarınız necədir? (Məlum videoda övladlarını bu ağır şəraitdə böyütdüyündən dolayı nigaranlığını bildirir)

-(hürkərək) Minnətdaram!

-Qorxmayın, niyyətim sülhdür.

-Leyla, hər ikimizin mətbuat nümayəndəsi olmağına çox sevindim. Bir az özünüzdən danışmağınızı istəyirəm.

- Əlbəttə. Mən 1988-ci ildə Qarabağda doğulmuşam. Ağdam və Şuşa köklüyəm. Nənəmin ulu babaları Şuşada yaşayıblar. Atam isə Ağdam. Ananız tanıyar hər iki şəhəri. Əvvəlcədən deyim, yaddaşım itidir. 3 yaşımda erməni güllələrindən qorunmaqçün gizləndiyimiz zirzəminin rütubət qoxusunu da xatırlayıram. Erməni əsgərləri öldürməsin deyə divanla divarın arasından dartıb özümlə zirzəmiyə qaçırtdığım kuklamın adını da deyə bilərəm. Elə o rütubətli qaranlıqda itirdim bütün oyuncaqlarımı. Təsəvvür edin, 16 yaşlı əmim qızı bombaların səsindən qorxub, ağlını itirdi. 1 il özünə qapanıb otaqdan çıxmadı. Onu da səssiz-səmirsiz itirdik. Anam çox gənc idi. Şəhərindən silah gücünə qovuldu, vətənini itirdi. Əvəzində şəkərli diabet tapdı. Xərçəng boyda oldu içi. Onu da itirdik. Atam müharibədə şəhid daşımaqdan yarımcan qaldı.

-Siz dünyanın ən acı həqiqətlərini dilə gətirdiniz. Amma mən hələ də bir günəş altında birləşmək üçün işıq ucu görürəm.

-Yəqin şəhid xəbərlərini izləyirsiniz. Bir fotoya baxmağınızı istəyirəm. Bir gecədə ömrü çürümüş qadın görəcəksiniz. 18 yaşlı oğlu ölkədə sülhü qoruduğu üçün şəhid olub. Mənim ölkəmdə işğalçı ermənilərin atasız qoyduğu minlərlə uşaq yaşayır.

-Mən Abxaziya savaşından bilirəm. Sağ dönən əsgərlər də ömrünün geri qalanını boz yaşayır, o dəhşətin içində dünyası qaralır. Sizin travmalarınız da heç vaxt sağalmayacaq.

‌-Rəfiqəm Fransada yaşayır. 11yaşlı qızı erməni komanda yoldaşı ilə idman yarışında tatamiyə çıxır. Rəqib erməni uşağı oyunun qaydalarına zidd fəndlərdən istifadə edib, komanda yoldaşının mədəsini zədələyir. Oyun dayanır, balaca erməni idmançı hakim tərəfindən cəza alır. Elə həmin qızın valideynləri bu vəhşi videonu qürurla erməni səhifələrində yayımlayırlar. Biz övladlarımızı belə primitiv hiylələrə alışdırmırıq. Öncə sevgi gəlir, mərhəmət cücərir ürəklərində. Griqori, mən oğluma bütün sevgimlə söz vermişəm ki, onu doğulduğum torpağa aparacam. İllərdir bizsiz can verən Qarabağa...

-İndi nədir təklifiniz?

-Hər ikimiz övladlarımız üçün sülhü elə ürəkdən arzulayırıq ki...

-Əlbəttə Qafqaz xalqları qardaşdır.

-O zaman vətənimizi də bu sevgiyə, məntiqə dayanaraq, boşaldıb, getsinlər. Hamı öz haqqı olana, əzizinə, yurduna geri dönsün. Mən onlardan anamı, əmimin canlı cəsəd qızını, soyuducuda donmuş uşaqlığımı tələb etmirəm. İllərdir kök ata bilmədikləri vətənimi qaytarsınlar. Oğlumla güllər əkəcəm. Olacaq Sülh və əmin-amanlıq...

(susur)

-Bəs siz nə düşünürsünüz bu haqda? Çözüm nədir?

-Mən də sülh istəyirəm. Vaxtım bitdi, təəssüf. Növbəti sülhməramlı video-çarxımı çəkməliyəm. Sağ olun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm