Ən güclü qoşunu belə çökdürən "istedadın bacısı"
Bizi izləyin

Köşə

Ən güclü qoşunu belə çökdürən "istedadın bacısı"

Ən çətin durumlarda beynimi fikir yükü altında əzilməkdən qoruyan, üstəlik yetərincə cazibədar hesab etdiyim bir söz var - lakonik.

Bu kəlmənin cücərdiyi torpağı da sevirəm.

Sən demə, qədim Yunanıstanda Lakoniya adlı vilayət olub. Aristokratların şəhəri Sparta da onun ərazisində yerləşib. Sokrat lakoniyalılardan bəhs edərkən, onlarla ilk görüşdən dil tapmağın mümkünsüzlüyünü vurğulayırdı. “Sizə elə qısa cavab verəcəklər ki, öncə heç bir şey anlamayacaqsınız. Azca düşündükdən sonra xəsisliklə seçilən kəlmələrin dərin məna yükünə tab gətirə bilməyən körpə uşaq kimi əzildiyinizi dərk edəcəksiniz. Belə çıxır ki, Sokrata inansaq, fikir konkretliyi, nitq yığcamlığı qəlbin müdrikliyinə işarədir. Mən filosoflar tanrısına Makedoniyalı Filipp (İskəndərin atası) kimi inanmağı seçərdim.

Günlərin bir günü Gözəl Filipp (deyilənə görə çox yaraşıqlı imiş) lakoniyalılara xəbərdarlıq məktubu yollayır: “Bütün Yunanıstanı istila edəcəm. Dünyanın ən güclü qoşunu məndədir. “Tələb edirəm ki, xoşluqla təslim olasınız. Yoxsa öncə qala divarlarınızı başınıza uçuracam, sonra əhalinizi yerlə yeksan edəcəm. Şəhəriniz torpağa qarışanadək sizdən əl çəkməyəcəm".

Lakoniyalılar Makedoniya hökmdarına “Kaş ki” sözündən ibarət cavab məktubu yazırlar. Vaxt keçir, zaman dövr edir, nə yaraşıqlı Filipp, nə də dünyanı fəth edən oğlu İskəndər Lakoniyanın həndəvərinə yaxınlaşa bilirlər.

Çox düşünüb az danışan lakoniyalılar nadir hallarda savaşlarda yenilirdilər. Onların çöküşünə düşmənləri də heyran qalırdı. Məsələn, farslara uduzan fikir əhlində ölümün belə sarsıda bilməyəcəyi ruh yüksəkliyi vardı. Düşmənin məğlub tərəfə silahlarınızı atın, canınızı bağışlayaq xəbərdarlığına Hökmdar Leonid “gəlin, alın” deyə cavab verir.

İnanırsınız, bu gözəl millətin qadınları da lap azca danışarmışlar. Əsl möcüzə bu deyilmi? Elə həmin hökmdar Leonid müharibəyə gedən dəmdə arvadı ilə arasında Nildən də uzun dialoq yaşanır.

- Ölsən nə edim?

+ Ərə get. Sağlam uşaqlar doğ!

Zaman keçdikcə insan şüuru, düşüncəsi aliləşdikcə lakoniklik bütün sahələrə sirayət etməyə başladı. Məsələn, birinci dünya müharibəsindən sonra Yaponiyadan Avropaya yeni inşaat tendensiyası gəldi. Rəngarəng, əl işləri ilə zəngin divarları, tavanları sadə otaqlar əvəzlədi. Bu üslub ilk baxışdan çox darıxdırıcı görünsə də, insanlar sınaqdan keçirəndən sonra anladılar ki, əslində sadəlik təmizliyin, rahatlığın simvoludur. Bəli, lakoniklik Buddanın özüdür. Budda isə tanrıdır. Demək içimizə, qorxumuza, duyğularımıza hakim tanrılar da konkretliyi sevir. Məsələn, mənən paklaşmaq üçün nəhəng marketoloqlar tərəfindən cahil yerinə qoyularaq uzaq məsafələr qət etməyə, daşı satın alıb şeytanı döyməyə gərək yoxdur. Sahildən cibinizə bir neçə çınqıl doldurub, dənizlə döyüşərək içinizdəki şeytandan qurtula bilərsiniz. Üstəlik tanrı sizə dənizi də, daşı da təmənnasız sunur.

Minimalizm dediyimiz anlayış bu gün fotoqrafiyada da ayaq açıb yeriyir. Psixoloqlar düşünürlər ki, kadra düşən nəsnələrin sayı artdıqca həm fotoqraf, həm də izləyici "nəyi qabardım"la "nəyə baxım" arasında dolaşıb qalırlar.

Lakoniklikdən danışırıqsa, ədəbiyyatı söhbətə qatmamaq günah olar.

Bir gün Fyodr Dostoyevski qardaşına məktub yazır. Sonda isə: “Əziz qardaşım, məni bağışla, zamanın məhdudluğundan məktubu uzun yazdım” deyir.

Əslində bu cümlədə ədibin nəhəng yaradıcılığı boyda dərin məna yatır. Axı, sözü qənaətlə, hətta azca xəsisliklə xərcləmədən, ağırlığını dərk edib, məna yükünü daşımadan onunla doğmalaşmaq olmur.

Dostayevskidən heç də geri qalmayan Çexov isə konkretliyi istedadın bacısı adlandırır.

Hərdən mənə elə gəlir ki, qarşındakı insanı dinləmək özünə tab gətirmək bacarığıdır. İllər öncə alimlər də sübut etdilər ki, həmsöhbəti nə qədər maraqlı danışırsa-danışsın, hətta dünyanın sinir hüceyrələrindən ən zəngin dinləyicisinin belə 15 dəqiqənin tamamında fikri yayınır.

Söhbətini balla kəsim, ay xala, deməyim odur ki, bir az qısa kəs.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm