Köşə
Belə adamların bədəni antivirus formalaşdırır
Mütləq fakt olur ki, yer üzündə nəfəs alan bütün canlılar qüsurludur. Hər birimizin əskiyi bizi tamamlayan, bizdən biz yaradan üstünlüyümüzdür.
Mən dünyanın hər yerində fiziki qüsurun insanın cəmiyyətdə öz yerini bərkitməyi üçün sonuncu əngəl kimi görüb mənimsəmişəm. Planet zərrəsini cəm edib, əlsizə əl, ayaqsıza ayaq yapdığı halda biz nə edirik? Qüsurundan utandığımız övladımızı evə həbs edib qapını həm onun, həm də özümüzün üzünə qıfıllayırıq. Bu ovuc boyda meqapolisin içində nə ona, nə də özümüzə yer tapırıq. Bəlkə də xarakterimizin başlıca qüsurudur bu. Çətinlə mübarizə aparmaq yerinə asanla küsüşüb oturmaq.
Bizim binamızın, blokumuzun, mərtəbəmizin qonşu mənzilində gözəl qadın yaşayır. Dırnaqlarının rəngi, saçının sığalı, üzünün bəzəyi əskik olmur. Mən əslində orta yaşda belə qüsursuz estetikanın tərəfdarıyam. Amma ona hər gün həsədlə baxmağımın başqa səbəbi var. Mənim baxımlı qonşum yeniyetmə qızını həmişə yanında gəzdirir. Bir-birinə dolaşan addımlarından, qaçıb qucaqladığı yadlardan utanmadan bütün yollarda qızının əlindən möhkəm yapışır. Mən insanlıqdan üstün övlad yetişdirən qadınların vurğunuyam. Deyinmədən, ruhunu yatağa qurban vermədən, işığını qaranlıqda gizlətmədən parıldayan qadınlara.
Hər səfər qonşumla rastlaşanda onun iti baxışlarına zillənirəm.
Mən bacarardımmı?!
Övladımın qüsurunu ikimizin də əyləncəsinə çevirib onu hər gün məktəbə, oradan da kurslara, müalicələrə aparıb, üstəlik öz karyerama, vücuduma, ruhuma vaxt saxlaya bilərdimmi?!
Məncə, belə adamların bədəni cəmiyyətin tənəsinə qarşı antivirus formalaşdırır. Gözlərində qaynayan alov bütün soyuq baxışları əridib geri qaytarır.
Əslində biz istəsək, hər şeyə, hər kəsə, özümüzə rəğmən, lap ürəkdən istəsək, dünyanı ram edib ayağımıza sərərik.
Mən ən böyük qorxularımla hələ də savaşıram. Su üzərində qələbəmi elə suyun üzərində qeyd etməyin zövqünü dadıram. Qadağalarımın altında acizliyimin belini bükdükcə, qədimi düzəldirəm. Həllini dönüb-dolanıb özümə qaytardığım problemlərimi qəfəsindən yavaş-yavaş ayırıram. Amma hələ də tam deyiləm. Qüsurlarım, əskiklərim, yol verdiyim xətalarım, süfrəmin başında sümüyümü gəmirən vicdanım məni rahat buraxmır. Mən hələ də doğrularımı öz tərəzimdə ölçməyi öyrənə bilməmişəm. Özümdən öncə borclu olduğum adamların kölgəsində kiçilməyə meyl edirəm. Zəfərimin dadı da bəzən mədəmi göynədir. Amma mən övladımın gözündə əzilməmək üçün bu dünyadan dırnağımla dişimlə yapışıb qalmışam. Və məncə, övlad bizim həssas yox, ən sərt nöqtəmiz olmalıdır. Analarımızın, nənələrimizin miras qoyduğu sevgi formulunun qapağını bağlayıb suda batırmalıyıq. Bizi ana bilənlərə, qolumuzdan yarışmadan da yıxılmamağı öyrətməliyik. Üzləşdiyi acıların qaçınmaz olduğunu, amma ən dərin ağrıların dibində də əllərini isidəcəyimizi bilməlidir. Yox sənin yerinə hər şeyi anan etməyəcək. Amma istəsən etdiklərinə şərik olacaq.
Bu dünya bizə qüsurlarımızı bağışlamır, oğlum. Biz özümüzü bağışlamasaq, bu dünya bizi kor bağırsaq kimi kəsib atacaq.
Ən yaxın dostun özünsən. Əlini möhkəm tut.
Ən qatı düşmənin də sənsən. Silahını yerə qoyma.
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO





































.jpg)

