Qarı və TikTok...
Bizi izləyin

Köşə

Qarı və TikTok...

Özümü zəmanə ilə ayaqlaşan zümrədən sayıram. İstənilən yenilik, cəmiyyətə hopan trendlər mənim üçün qəbulediləndir. Digər məqam da var ki, təəccüblənmədən yaşamaq, istər zəkanın, istərsə də ruhun qürubudur. Ona görə heç gözləmədiyiniz anda adidən adi sıçrayış hələ də yaşadığınızı xatırlatmalıdır.

Smartfon adlı qara qutuda yaşayan kütlə ilə isti empatiya qururam. Çünki ya iş bəhanəsi, ya da informasiya aclığımı təmin etmək məqsədilə mən də saatlarımı sosial hesablarımın ayağı altına sərirəm. Nə qəribədir, artıq doğulan nəsil də həyat yoluna İT mütəxəssisi kimi başlayır. Sözlərimdə zarafatın payı minimaldır. Hələ addım atıb, dili söz tutmayan körpələr smartfonun əlifbasını yazır. Yəqin virtual planet əsrlər sonra dünyaya gələn körpələrin genetik koduna o qədər hopacaq ki, artıq real ünsiyyətə də hacət qalmayacaq. Yəqin ki, müsibət dediyimiz müəmma da elə o dövrün sinonimi olacaq.

Bu gün mənim öz yeməyini önünə qoymaqda çətinlik çəkən azyaşlı oğlum universitet professoru qonşumun kompüterinin imdadına qaçırsa, demək, həmin o müsibətin ipi artıq əlimizdədir.

Amma hadisələri şişirtmədən şərh etmək gərəksə, məncə, bəşəriyyətin xilasına xidmət edən İT bilikləri cəmiyyətin inkişafı naminədir.

Mən yaşlı nəslin qara qutuya sığmayan böyük ürəyinə aşiqəm. Özünü sosial hesabı ilə çərçivələməyən fikir estetikası hələ də sintetikləşməyən insanlığın sübutudur. Məsələn, hər birimizin paylaşdığı fotoların şərh bölümündə bütün hərflərindən səmimiyyət tökən, öz hesabından yazdığı şərhin sonunda ad və soyadını xüsusi qeyd edən orta yaşlı qohumlarımız var. Özü də bu cəhət milliyətindən asılı olmayaraq həmin yaş kateqoriyasının estetikasıdır.

Amma... istisnalar da var. Elə bu günlərdə hər həftə getdiyim idman salonunun yaşlı xadiməsinin ultra gücü ilə tanış oldum.

Əslində onu qaradinməz, həyatı ilə can boğuşan sandıqdakı məxmər parça qalığı ilə müqaisə edirdim. Səthinin hamarını kirpi tikanları əvəzləmiş, rəngi günün altında bozarmış, heç bir paltarın yamağı olmağa da cəsarət etməmiş parça qalığı...

Bəzən onunla elə empatiya qururdum ki, günüm tikan olub bədənimə batırdı. Keçmişi ilə heç vaxt maraqlanmazdım. Buna nə vaxtım, nə də sabit sinir sistemim imkan verirdi.

Ümumiyyətlə, “salam”dan sonra söhbəti dondururdum. Bəlkə də ağır auradan qaçan eqomun etirazı idi.

3 gün öncə yenə eyni məkan, amma bu dəfə yanaqları qızarmış, gözündən od çıxan qarı həvəslə üstümə hücum çəkir.

-Özümə tik-tokda səhifə açmışam. 3 mindən çox adam baxır “canlı”larıma. Amma bu gün nəsə açılmır. Səncə, məni kimsə şikayət eliyib?

-Düzü bilmirəm. Mən tiktok istifadəçisi deyiləm.

-Bilirsən necə məşhuram?! Hamı mənə baxır...

-Sevindim sizin adınıza.

Sevindimmi? Həqiqətən sevindim. Günümüzün ən bəsit platforması saydığım mənasız şəbəkə kiminsə qoca yalqızlığına həmdəm olacaq. Bəzən belə də olur. Planet boyda boşluğunu tiktok doldurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm