Şuşanın daşına yazılan adlar - “Əbədiləşdirmək” istəyərkən nəyi məhv edirik?
Bizi izləyin

Nida Təhlil

Şuşanın daşına yazılan adlar - “Əbədiləşdirmək” istəyərkən nəyi məhv edirik?

Şuşanın daşına yazılan adlar - “Əbədiləşdirmək” istəyərkən nəyi məhv edirik?

Şuşa sadəcə turistlərin ziyarət etdiyi şəhər deyil. Bu torpağın hər qarışı Azərbaycan xalqının yaddaşında tarix, müharibə və şəhidlərin qanı ilə bağlı xüsusi məna daşıyır. Son günlər isə Şuşada qayaların, daşların və tarixi binaların fasadlarının üzərinə müxtəlif adların, o cümlədən şəhidlərin adlarının yazılması ilə bağlı görüntülər ciddi müzakirələrə səbəb olub. Bunu edənlər öz düşüncələrinə görə kiminsə adını əbədiləşdirdiklərini hesab etsələr də, ortaya çıxan mənzərə həm tarixi-mədəni irsin qorunması, həm də şəhidlərin xatirəsinə münasibət baxımından ciddi suallar doğurur.

Bəs şəhidlərin adını yaşatmaq istəyərkən onların uğrunda can verdiyi torpaqların özünə zərər vurmaq nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Publika.az olaraq müxtəlif aspektlərdən yanaşmaq məqsədi ilə millət vəkili, hərbi jurnalist və müharibə iştirakçısı, turizm eksperti və Vətən müharibəsi qazisinin fikirlərini öyrəndik. Ortaya çıxan mənzərə isə bir həqiqəti göstərir: Şuşada söhbət yalnız qayaların üzərinə yazı yazmaqdan getmir. Məsələ həm qanuna, həm şəhidlərin xatirəsinə, həm turizm mədəniyyətinə, həm də azad edilmiş torpaqlara münasibətimizə bağlıdır.

Qayalara ad yazmağın hüquqi tərəfi: Qanun nə deyir?

Məsələnin ilk növbədə hüquqi tərəfinə, yəni qanunvericilik baxımından yanaşdıq. Millət vəkili Vüqar Bayramovun dedikləri diqqətimizi çəkdi.

Millət vəkili bildirdi ki, Azərbaycan qanunvericiliyi tarixi, mədəni, dini və bütövlükdə ölkə üçün xüsusi əhəmiyyət daşıyan məkanların və ənənələrin qorunmasını nəzərdə tutur. Onun sözlərinə görə, bu tələblərin pozulmasına görə müvafiq məsuliyyət və cəzalar da müəyyənləşdirilib.

Vüqar Bayramov qeyd etdi ki, bir müddət əvvəl xarici turistlər tərəfindən törədilən və cəmiyyətin ciddi narazılığına səbəb olan hörmətsizlik faktı da qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymətləndirilib:

“Azərbaycan qanunvericiliyi tarixi, mədəni, dini və bütövlükdə ölkə üçün əhəmiyyət daşıyan yerlərin, ənənələrin qorunmasını özündə ehtiva edir və buna qarşı müvafiq cəzalar da var. Bir müddət əvvəl xarici turistlər tərəfindən edilən hörmətsizlik də qanunla cəzalandırıldı və qanunun tələbinə uyğun olaraq bu məsələyə baxıldı”.

Deputat hesab edir ki, eyni məsuliyyət hissi Azərbaycan vətəndaşlarında, xüsusilə də işğaldan azad edilmiş ərazilərə səfər edən yerli turistlərdə də olmalıdır. Onun sözlərinə görə, vətəndaşlar səfər etdikləri ərazilərdə müəyyən edilmiş qaydalara əməl etməli, tarixi və mədəni məkanlara qarşı diqqətli davranmalıdırlar:

“Şübhəsiz ki, Azərbaycan vətəndaşları, yerli turistlər getdikləri ərazilərdə, yalnız Şuşada deyil, bütövlükdə səfər etdikləri yerlərdə diqqətli olmalı və qaydalara əməl etməlidirlər. Xüsusilə nəzərə alsaq ki, Şuşa Azərbaycan üçün vacib şəhərlərdən biridir, hətta ölkəmizin qürur şəhərlərindən biridir. Bu baxımdan Şuşa şəhərində, xüsusilə bizim üçün əhəmiyyətli olan şəhər və yaşayış məntəqələrində yerli turistlərin çox diqqətli olması vacibdir”.

Vüqar Bayramov vurğuladı ki, məsələ yalnız mövcud qanunların tətbiqi ilə yekunlaşmamalıdır. Baş verən son hadisələr gələcəkdə qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərin nəzərdən keçirilməsinə səbəb ola bilər:

“Təbii ki, bütövlükdə ölkə daxilində diqqətli olunmalı və qaydalara əməl edilməsinə ehtiyac olan nüanslar var. Hər halda qanunvericilik mütəmadi olaraq təkmilləşir. Baş verən son hadisədən sonra da qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərə baxıla bilər”.

Deputatın sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan məsuliyyətlə yanaşı, ən mühüm amillərdən biri də vətəndaşların öz davranışlarına məsuliyyətlə yanaşmasıdır. O hesab edir ki, insanlar tarixi və mənəvi əhəmiyyət daşıyan məkanlarda davranışlarına diqqət etsələr, belə halların qarşısını cərimə və digər hüquqi mexanizmlərdən istifadə etmədən də almaq mümkündür:

“Qanunvericiliklə yanaşı, bütün hallarda vətəndaşlarımızın öz hərəkətlərində diqqətli və məsuliyyətli olması vacibdir. Hər bir vətəndaşımız və hər bir yerli turist öz hərəkətlərinə diqqətli olarsa, məsuliyyətli davranarsa, bu tip hallar da baş verməz. Beləliklə, bu kimi halların qarşısının alınması üçün hansısa yeni aktların qəbul edilməsinə də ehtiyac yaranmaz”.

Şəhidlərin adını qayalara yazmaq hörmət əlaməti sayıla bilməz

Məsələyə hərbi və tarixi aspektdən yanaşdıqda isə hərbi jurnalist, müharibə iştirakçısı, yazıçı, polkovnik-leytenant İbrahim Rüstəmlinin fikirləri diqqət çəkdi.

İbrahim Rüstəmli bildirdi ki, Azərbaycan dövləti və xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən insanları hər zaman ehtiramla yad edib. Onun sözlərinə görə, şəhidlərin adının yaşadılması prosesi də təsadüfi və pərakəndə şəkildə deyil, sistemli formada həyata keçirilir.

“Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün küçələrə, məktəblərə onların adları verilir, abidələr, barelyeflər, memorial komplekslər yaradılır. Bu istiqamətdə görülən işlər bundan sonra da davam edəcək”, - deyə o qeyd etdi.

İbrahim Rüstəmli hesab edir ki, şəhidin adını qayaya və ya daşa yazmaq, xüsusilə bunu pərakəndə, səliqəsiz və hətta orfoqrafik səhvlərlə etmək heç bir halda hörmət əlaməti kimi qiymətləndirilə bilməz:

“Bunu edən insan bəlkə də hörmətsizlik etmək niyyətində deyil. Əksinə, düşünə bilər ki, hansısa şəhidin adını əbədiləşdirir. Amma belə üsul düzgün deyil. Dövlətin bu məqsədlə müəyyən etdiyi hüquqi və ictimai mexanizmlər var və həmin mexanizmlərə əməl edilməlidir”.

Onun sözlərinə görə, xüsusilə Vətən müharibəsində şəhid olanların xatirəsi artıq müxtəlif monumental layihələrdə əbədiləşdirilir və gələcəkdə də bu istiqamətdə yeni addımlar atılacaq.

İbrahim Rüstəmli hesab edir ki, gələcəkdə Şuşada, eləcə də Zəngilan, Ağdam, Füzuli və digər azad edilmiş ərazilərdə şəhidlərin adlarının sistemli şəkildə əks olunduğu memorial məkanların yaradılması daha doğru yanaşma olar.

“Şuşada, məsələn, orada şəhid olanların adlarının toplu şəkildə əks olunduğu böyük bir memorialın yaradılması mümkündür. Eyni yanaşma digər rayonlarda da tətbiq edilə bilər. Birinci Qarabağ müharibəsində itkin düşənlərin, şəhid olanların xatirəsinin də gələcəkdə sistemli şəkildə əbədiləşdirilməsi mümkündür. Bir qədər səbirli olmaq lazımdır. Dövlətin bu istiqamətdə gördüyü işlər var və gələcəkdə də görüləcək. Şəhidlərin heç biri unudulmayacaq”.

Beləliklə, məsələ artıq yalnız hüquqi çərçivədən çıxaraq şəhidlərin xatirəsinə münasibət müstəvisinə keçir. Amma Şuşa həm də Azərbaycanın ən mühüm turizm məkanlarından biridir. Buraya gələn insanların davranışı isə şəhərin yalnız bugünkü görünüşünə deyil, onun gələcəkdə dünyaya necə təqdim olunacağına da təsir edir.

Bu, bir növ tur dərsi kimi qəbul edilə bilər

Publika.az saytının araşdırdığı mövzuya turizm eksperti Ceyhun Aşurovun dedikləri xüsusi dolğunluq gətirdi və bir növ “tur dərsi” kimi qəbul edilə bilər. Ekspert məsələyə turistlərin davranışından tutmuş turizm şirkətlərinin və bələdçilərin məsuliyyətinə, maarifləndirmədən nəzarət mexanizmlərinə qədər geniş prizmadan yanaşdı.

Ekspert bildirdi ki, tarixi və təbii əhəmiyyət daşıyan qayaların üzərinə müxtəlif adların yazılması, işarələrin qoyulması xoşagələn hal deyil. Onun sözlərinə görə, bu, turizm mədəniyyətinin və ictimai məsuliyyətin aşağı səviyyədə olduğunu göstərir.

“Xüsusən söhbət Şuşadan gedirsə, bu şəhərin bizim üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti olduqca böyükdür. Onun mənəvi yükü isə tamam başqadır. Nəzərə alsaq ki, həmin ərazilər məhz Vətən oğullarının qanı bahasına və döyüşlə düşməndən azad olunub, belə halların yaşanması, əlbəttə ki, xoş deyil”, - deyə ekspert qeyd etdi.

Ceyhun Aşurov vurğuladı ki, belə halların qarşısının alınmasında yalnız cərimə və nəzarət kifayət etmir, maarifləndirmə də gücləndirilməlidir. Onun fikrincə, ictimai qınağın formalaşmasında medianın da mühüm rolu var.

“Amma bu hallar ilk növbədə ictimai şəkildə qınanmalıdır. Xüsusən media nümayəndələri məsələləri kifayət qədər maarifləndirici mövqedən işıqlandırmalıdırlar ki, ictimaiyyətin məlumatlılığı artsın və bu, ictimai qınağa çevrilsin”, - deyə ekspert bildirdi.

Onun sözlərinə görə, məsuliyyət yalnız turistin üzərinə düşmür. Turizm şirkətləri və bələdçilər səfər zamanı turistləri əvvəlcədən xəbərdar etməli, tarixi və təbii məkanlarda davranış qaydalarını izah etməlidirlər. Bununla yanaşı, yazı yazılması ehtimalının yüksək olduğu ərazilərdə xəbərdarlıq lövhələri və kamera nəzarəti kimi tədbirlər də görülə bilər.

Ekspert qeyd etdi ki, belə hallara dünyanın müxtəlif turizm məkanlarında da rast gəlinir. Lakin başqa yerlərdə baş verməsi həmin davranışı normal və qəbulolunan etmir.

O, Azərbaycanın digər turizm məkanlarında da oxşar problemlərin yaşandığını xatırlatdı. Ekspert hesab edir ki, bu cür məsələlərin vaxtaşırı gündəmə gətirilməsi insanların davranışına təsir baxımından əhəmiyyətlidir.

“Turizm şirkətləri turistləri hansısa turizm destinasiyasına apararkən bələdçilər vasitəsilə mütləq xəbərdarlıq etməlidirlər. Qarabağ daha həssas mövzudur. Xüsusən Qarabağın gözü olan Şuşada, bizim üçün bu qədər böyük mənəvi dəyər daşıyan bir məkanda kiminsə öz adını xatırlatmaq məqsədilə qayalara yazması, həkk etməsi və ya hər hansı boya ilə iz qoyması həmin yerin mənəvi əhəmiyyətinə zərər gətirir, gələcək mənəvi irsimizə xələl gətirir”, - deyə ekspert qeyd etdi.

Ceyhun Aşurovun fikrincə, turizm mədəniyyəti yalnız göstərilən xidmətin səviyyəsi ilə ölçülmür. Bu anlayış insanların tarixi, təbii və mənəvi dəyər daşıyan məkanlara münasibətini də əhatə edir.

“Turizm mədəniyyəti təkcə turizm sahəsində göstərilən xidmət deyil. Bu, həm də tarixi məkanlara, mənəvi dəyər daşıyan obyektlərə münasibətimizin göstəricisidir. Bu mənada belə məsələlərə daha həssas yanaşmalıyıq”, - deyə ekspert vurğuladı.

O hesab edir ki, Şuşada baş vermiş hadisəyə yalnız cəza müstəvisindən yanaşmaq düzgün deyil. Bu məsələ həm də turist davranışlarının düzgün istiqamətləndirilməsi və cəmiyyətdə turizm mədəniyyətinin formalaşdırılması üçün bir siqnal kimi qəbul edilməlidir.

“Şəhidlərin ruhunu niyə narahat edirsiniz?”

Məsələnin ən həssas yerinə isə 44 Günlük Vətən müharibəsinin iştirakçısı, qazi Şirin Abbasov toxundu. Onun danışdıqları mövzunun hüquqi və turizm tərəflərindən daha çox mənəvi mahiyyətini ön plana çıxardı.

Şirin Abbasov Vətən müharibəsindən əvvəl Füzulidə - Kürmahmudluda təlimlərdə olduqları vaxt yaşadığı bir hadisəni xatırladı. Düşmən işğalında olan ərazilərə baxarkən əsgərlərə həmin dağların sanki onlardan nə vaxt azad ediləcəyini soruşduğunu deyirdi.

“Biz təlimlərdə olanda həmin dağlara baxırdıq. Əsgərlərə deyirdim ki, baxın, bu dağlar sanki bizdən soruşur: nə vaxt gələcəksiniz, bizi bu işğalçıların əlindən nə vaxt azad edəcəksiniz?” - deyə qazi bildirdi.

Şirin Abbasov daha sonra Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” əsərini xatırlatdı. Onun sözlərinə görə, əsərdə divarlara müxtəlif yazılar yazılır və hər kəs bunun uşaqlar tərəfindən edildiyini düşünür. Lakin sonradan məlum olur ki, yazıları edən şəxs başqası - yaşlı təsərrüfat adamı Kəblə Əzimdir. Müsahibim dedi ki, o əsərdə də müəllif Kəblə Əzimi yekə kişi olmasına baxmayaraq, təhsil və mədəniyyətdən uzaq qaldığı üçün onun davranış və düşüncəsini azyaşlı uşağın səviyyəsi ilə müqaisə edir.

Qazi qeyd etdi ki, bu gün Şuşada qayaların, divarların və digər səthlərin üzərinə yazılan adları gördükdə həmin əsər yadına düşür.

“İndi Şuşada belə yazıları görəndə həmin əsər yadıma düşür. Bəlkə də bunu edən insanlar düşünürlər ki, şəhidlərin adını yazmaqla onları əbədiləşdirirlər. Amma mən soruşuram: niyə şəhidlərin ruhunu narahat edirsiniz?” - deyə Şirin Abbasov vurğuladı.

Onun sözlərinə görə, həmin torpaqlar adi turizm məkanı deyil. Burada hər daşın, hər dağın, hər qarış torpağın öz tarixçəsi var.

“Bu torpaqlarda hər bir şəhidin, hər bir qazinin qanı var. Bura adi gəzməli, əylənməli yer deyil. Bura bizim tariximizdir, yaddaşımızdır”, - deyə qazi bildirdi.

Şirin Abbasov məsələni yalnız qayalara və tarixi binalara yazılan adlarla məhdudlaşdırmadı. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə təmizlik məsələsinə də eyni həssaslıqla yanaşmaq lazımdır.

Qazi ilə söhbət zamanı o, başqa bir önəmli məsələyə də diqqət çəkdi. Qeyd etdi ki, ərazilər yeni azad olunanda orada tullantı görmək mümkün deyildi. Lakin sonradan insanların səfərləri artdıqca bəzi yerlərdə yemək və içki qablarına, digər tullantılara da rast gəlinməyə başladı.

“Şəhid qanı ilə yuyulmuş ərazilərin qədrini bilməliyik. Gedib oraları zibilləmək, qayaya, divara yazı yazmaq, xoşagəlməz "iz" qoymaq olmaz. Bu torpaqlara münasibətimiz bizim özümüzə, tariximizə münasibətimizdir”, - deyə Şirin Abbasov söylədi.

Qazi vurğuladı ki, şəhidlərin adının əbədiləşdirilməsi üçün dövlət tərəfindən artıq mühüm işlər görülür və bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək:

“Şəhidlərin adını yaşatmaq üçün qayalara, daşlara yazmağa ehtiyac yoxdur. Dövlət bunun üçün lazımi tədbirləri görür və görəcək. Bizim vəzifəmiz isə onların uğrunda can verdiyi torpaqları qorumaq, bu yerlərin qədrini bilməkdir”.

PS. Bəlkə də məsələnin ən sadə cavabı elə budur: şəhidin adını yaşatmağın ən böyük yolu onun uğrunda can verdiyi torpağa hörmət etməkdir. Şuşanın qayasına ad yazmaq isə həmin hörməti göstərmir. Əksinə, tarixin, təbiətin və yaddaşın üzərinə öz "izini qoymaq" cəhdinə çevrilir. Şuşa bir insanın, bir turistin və ya bir qrupun “imzası” üçün yaradılmayıb. Şuşanın özü artıq Azərbaycanın tarixində ən böyük imzalardan biridir.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm