Nida Xəbər
Qüdrət Həsənquliyev: "Vəkilliyin nüfuzu qaldırılmalıdır"
“2018-ci ilin yaz sessiyasının qanunvericilik işləri
planında ciddi qanunlar nəzərdə tutulub. Bunlar xalqımızın həyatı
üçün əhəmiyyətli qanunlardı. Mən bunu dəstəkləyəcəyəm və əlavə
olaraq təklif edirəm ki, yaz sessiyasında əvvəllər qəbul etdiyimiz
qanunların icrası ilə bağlı məsələləri də zaman-zaman gündəmə
gətirək və müvafiq icra hakimiyyəti orqanlarından hesabat tələb
edək ki, qəbul etdiyimiz qanunlar niyə icra olunmur?”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP)
sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı
səsləndirib.
Millət vəkili xatırladıb ki, Milli Məclis ötən ilin yaz
sessiyasında universitetlərdə hazırlıq kursları ilə əlaqədar olaraq
“Təhlis haqqında” qanun qəbul edib: “O zaman bildirildi ki, vaxt
azdır, yeni dərs ilinin başlanmasına az qalır və buna görə də
hazırlıq kursları ilə bağlı məsələni çatdıra bilmədik. Təhsil
Nazirliyi tərəfindən bütün müvafiq qərarlar qəbul olunub və bütün
müvafiq addımlar atılıb. Amma məsələ Nazirlər Kabinetində ilişib
qalır. İndi də yeni dərs ili üçün qəbulun başlanılmasına çox az bir
vaxt qalıb. Aprel ayında qəbul imtahanları keçiriləcək. Buna
baxmayaraq hələ də bu barədə müvafiq bir qərar yoxdur. Bu da sözsüz
ki, insanları narahat edir. Xeyli insan məndən soruşur ki, hazırlıq
kursları olacaq yoxsa yox? Halbuki qanun qüvvədədir və onu müvafiq
icra hakimiyyəti orqanları sadəcə icra etməlidirlər”.
“Azərbaycanda hər 100 min nəfərə cəmi 8 vəkil
düşür”
Vəkillər və vəkillik fəaliyyəti haqqında qanundan danışan millət
vəkili bu barədə daha öncə də çıxış etdiyini xatırladıb: “Əvvəllər
də söyləmişdim ki, hər 100 min nəfərə düşən vəkillərin sayına görə,
Azərbaycan Avropada ən sonuncu yerdədir: “Yəni Azərbaycanda hər 100
min nəfərə cəmi 8 vəkil düşür. Bizdən sonra Bosniya və Herseqovina
gəlir və bizdən bir pillə yuxarıda olan bu ölkədə də vəkillərin
sayı bizdən 4 dəfə çoxdur. Orada hər 100 min nəfərə 34 vəkil düşür.
Avropanın inkişaf etmiş ölkələrində isə hər 100 min nəfərə düşən
vəkillərin sayı bizdən 40-45 dəfə artıqdır. Söhbət 300-dən yuxarı
vəkildən gedir.
Yanvarın 28-də vəkilliklə bağlı imtahan keçirildi və bura 2000-ə
qədər yeni insan müraciət etmişdi. Amma çox təəssüf ki, onlardan
cəmi 600 nəfəri müvafiq bal toplaya bilib. İmtahandan öncə mən və
həmkarlarım Əli Hüseynli və Çingiz Qənizadə Vəkillər Kollegiyasında
olduq. Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırov kifayət
qədər mütərəqqi bir insandır. O, görüləcək işlər barədə məlumat
verdi və bizi də bu insanlardan neçəsinin keçə biləcəyi ilə bağlı
narahatlığımızı bildirdik.
O, dedi ki, imtahan sualları qismən sadələşdirilib. Amma buna
baxmayaraq çox az sayda insan imtahandan keçə bilir. Ona görə də
təklif edirəm ki, yaz sessiyasında hər şeydən öncə vəkillər və
vəkillik fəaliyyəti haqqında yeni qanun qəbul edək. Həm də
qanunverici, nümayəndəli orqan kimi ölkədəki bu durum bizi də
narahat etməlidir. Tövsiyə etməliyik ki, keçid balını 60-dan 50-yə
endirsinlər. 50-yə endirsələr xeyli sayda vəkillər üzv ola bilərlər
və Vəkillər Kollegiyasının Rəyasət Heyəti onlar üçün sonradan
kurslar təşkil edə bilər. Düşünürəm ki, bu mümkündür.
Anar Bağırov Vəkillər Kollegiyasına sədr təyin olunandan sonra
ciddi bir araşdırma aparıb və bu institutun nüfuzunun qaldırılması
ilə əlaqədar bizə çox mütərəqqi təkliflər verib. Orada xüsusilə
bizim diqqətimizə çatdırıldı ki, ölkə prezidentinin vəkillər üçün
bina ayrılması ilə bağlı xüsusi sərəncamı var. Çox təəssüf ki,
illər keçir, amma prezidentin bu sərəncamı hələ də icra olunmur və
Vəkillər Kollegiyası üçün yeni bina ayrılmır. Oqtay müəllim, mən
sizə tam səmimiyyətlə deyirəm ki, hər hansı bir xarici qonaq
Vəkillər Kollegiyasının binasına daxil olsa dərhal bəlli olacaq ki,
bu ölkədə bu institutun nüfuzu nədən ibarətdir. Birinci mərtəbədə
yerləşir, uzun illərdir ki təmirsizdir. Yəni təmir olunsa belə
orada nəsə yaxşı bir şey yaratmaq mümkün deyil. Binanın quruluşu
elədir ki, orada sadəcə olaraq otaqlar bəs eləmir. Cəmi bir neçə
otaq var, pis vəziyyətdədir. Bu baxımdan, düşünürəm, axır ki,
prezidentin sərəncamı icra olunmalıdır. Vəkillər Kollegiyasına
normal bina ayrılmalı, vəkilliyin nüfuzu qaldırılmalıdır.
“Hər rayonda ən azı 3 hakim, 4-5 vəkil olsun”
Bir məsələni də vurğulamaq istəyirəm: Bu məsələni mən əvvəllər də
qaldırmışam, yəqin ki, hökumətin hesabatında da bir daha
qaldıracam. Elə rayonumuz var ki, cəmi bir hakim var, vəkil isə
ümumiyyətlə yoxdur. Tutaq ki, hakim məzuniyyətə gedəndə onu kim
əvəz edəcək? Yaxud elə rayon var ki, orada bir vəkil belə yoxdur.
Bu insanlar haradan gedib vəkil tutacaqlar? Vətəndaş hüquqları ilə
bağlı olan bu məsələlər hər birimizi ciddi şəkildə düşündürməli,
narahat etməlidir. Elə etməliyik ki, hər rayonda ən azı 3 hakim,
4-5 vəkil olsun. Müraciət edənlərin hamısı vəkiliyyə qəbul
olunsaydı belə, biz yenə də orta Avropa gösrtəricisində 20 dəfə
geridə qalmış olacaqdıq. Ona görə də burada radikal qərarlar qəbul
etmək lazımdır. Düşünürəm ki, 60 bal kifayət qədər yüksəkdir”.
“Amnistiya haqqında hərtərəfli düşünülmüş qərar qəbul edə
bilərik”
Millət vəkili həmçinin digər məsələlərdən də danışıb: “Oqtay
müəllim, ola bilər ki, bəzi deputat həmkarlarımız söhbətlər zamanı
bunu deyirlər, amma rəsmi iclaslarda bu məsələni qaldırmağı zəruri
hesab etmirlər. Amma mən hər halda bunu zəruri hesab edirəm.
Sərnişindaşımada, həm hava limanında, həm dəmiryolu vağzalında VİP
salonlar var. Yəni VİP salondan xidmət haqqında Milli Məclis ayrıca
qanun qəbul etməlidir. Bu ayrı-ayrı məmurların ixtiyarına
verilməməlidir. Düşünürəm ki, millət vəkillərinə kifayət qədər
hörmət nümayiş etdirilməlidir. Bəzi millət vəkilləri ailə üzvlərini
belə gedib oradan qarşılaya, yola sala bilmirlər. Mütləq gərək sən
özün də onlarla bərabər harasa gedəsən ki, o halda bu xidmətdən
istifadə mümkün olsun. Bundan başqa ölkə prezidentinin sərəncamı
ilə ayrı ayrı insanlar dövlət qarşısında xidmətlərin görə, yüksək
orden və medallarla təltif olunublar. Milli Qəhrəmanlar var. Əmək
qəhrəmanları haqqında biz ayrıca qanun qəbul etdik. Ən azı
“İstiqlal” Ordeni, “Heydər Əliyev” Ordeni, “Şöhrət” Ordeni almış
şəxslərin də bu VİP xidmətlərdən istifadə etmək hüququ var. Bəzi
ölkələrdə millət vəkilləri növbəti dəfə seçilməsələr belə onların
diplomatik pasportları saxlanılır və onlar ömürlərinin sonuna qədər
o xidmətdən istifadə edə bilirlər. Bizim nazirlər və deputatlar
üçün də bu hüquq tanınmalıdır.Yəni bir insan ölkədə nazir olubsa,
millət vəkili olubsa o insana xüsusi diqqət və hörmət olmalıdır.
İstəyərdim ki, bu məsələlərlə bağlı da biz yaz sessiyasında müvafiq
qərarlar qəbul edək. Deputat həmkarımız Siyavuş Novruzov burada
məsələ qaldırdı. Mən sonda o məsələyə də münasibət bildirmək
istəyirəm. Düşünürəm ki, biz amnistiya haqqında qərar qəbul edə
bilərik. Bu il yubileylər ilidir. Həm mərhum prezident Heydər
Əliyevin 95 illiyi, mərhum prezident Əbülfəz Elçibəyin 80 illiyi,
cumhuriyyətin 100 illiyidir. Ona görə də düşünürəm ki, belə bir
amnistiya aktı qəbul etsək çoxsaylı insanı sevindirmiş olarıq.
Əlbəttə mən o fikirlə razı deyiləm ki, amnistiya hamıya şamil
olunmalıdır. Dövlət və şəxsiyyət əleyhinə xüsusilə ağır cinayət
törətmiş şəxslər istisna olmaqla digər şəxslərə amnistiya tətbiq
oluna bilər. Bu da o demək deyil ki, digər ağır cinayət törətmiş
şəxslərin də hamısı azadlığa buraxılmalıdır. Onların da cəzaları da
1 il, 6 ay, qismən yüngülləşdirilə bilər. Azadlığa çıxmasına 1-2 il
qalmış şəxslər azad oluna bilər. Hesab edirəm ki, biz, amnistiya
haqqında hərtərəfli düşünülmüş qərar qəbul edə bilərik”.
“Bu kifayət qədər ədalətsiz yanaşmadır”
“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi
haqqında” qanunun layihəsi haqqında da danışan millət vəkili
“düzdür bu texniki xarakterli dəyişiklikdir, amma bu norma ilə
bağlı bir məsələyə münasibət bildirməyi zəruri hesab edirəm”, -
deyə vurğulayıb: “Biz, hətta texniki xarakter daşısa da belə
hansısa bir normaya dəyişiklik ediriksə, o normaya yenidən nəzər
yetirməliyik. Yəni əgər bu norma ilə bağlı dəyişiklik varsa, daha
nələri dəyişmək olar. Məsələn, burada müdafiə olunan şəxs barəsində
sosial müdafiə tədbirlərinin tətbiq edilməsindən danışılır. Cinayət
işi üzrə istintaqın aparılmasına və ya məhkəmə icraatına kömək edən
şəxs öldürülərsə - yəni dövlət onun müdafiəsini təmin edə bilmirsə
və o şəxs dövlətin müdafiəsi altında olmasına baxmayaraq
öldürülürsə ona birdəfəlik 110 manat məbləğində müavinət ödənilir.
Onun arxasınca biz “Terrorçuluğa qarşı mübarizə haqqında qanunda”
da dəyişiklik edəcəyik. Orada da qeyd olunur ki, terrorçuluğa qarşı
mübarizədə iştirak edən şəxs öldürülərsə, ona aylıq əmək haqqının
100 misli miqdarı məbləğində birdəfəlik müavinət ödənilir. Bu gün
Azərbaycanda orta aylıq əmək haqqı təqribən 500 manatdır. Belə
çıxır ki, terrorçuluğa qarşı mübarizə aparan şəxs öldürülərəsə ona
birdəfəlik 50 min manat rüsum ödənilir. Amma tutaq ki, hər hansı
bir cinayətin üstünün açılmasına kömək etmiş əsas şahid, yaxud
cinayət haqqında məlumat vermiş şəxsə isə cəmi 110 manat verilir.
Həmin şəxs cinayətkarlığa qarşı mübarizədə xəsarət alarsa ona 55
manat verilir, terrorçuluğa qarşı mübaizədə isə xəsarət alarsa ona
orta aylıq əmək haqqının 90 misli verilir. Bu kifayət qədər
ədalətsiz yanaşmadır. Ona görə ki, əslində cinayətkarlığa qarşı
mübarizə həm də terrorçuluğa qarşı mübarizə deməkdir. Hər hansı
cinayət istintaqını aparan orqan tərəfindən müdafiə olunan şəxs
tutaq ki elə terrorçuluq haqqında istintaq orqanına məlumat verib
ki, terror hadisəsi hazırlanır, yaxud hansısa terrorçu haqqında
məlumat verib. Dövlət onu müdafiəyə götürür, amma sonda həmin şəxs
öldürülür. Elə o şəxs də terroçuluğa qarşı mübarizədə ölmüş
sayılır. Ona görə də mən, burada sadəcə olaraq məntiq görmürəm və
hesab edirəm ki, biz bu məsələyə indi olmasa da yenidən qayıdıb
mütləq bu ədalətsiz yanaşmanı aradan qaldırmalıyıq. Eynilə də
“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi
haqqında” qanunda da qeyd eləməliyik ki, həmin şəxslər öldürülərsə
onlara da orta aylıq əmək haqqının elə 100 misli miqdarında
müavinət ödənilir”.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
qanununun layihəsi barədə danışan millət vəkili “yəqin hörmətli
həmkarlarım da müşahidə etdilər ki, Əli müəllim bu normanı oxuyanda
çətinliklə üzləşdi”, - deyə diqqətə çatdırıb: “Ona görə ki, cümlə
düzgün qurulmayıb. Burada qeyd olunmalıdır ki, ətraf mühitə və
insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy
salmaqla çirkləndirilməsi. “Səs-küy salmaqla çirkləndiriliməsi” söz
birləşməsi kimi düzgün deyil. Yəni burada əyləşənlərin hamısı bunu
oxuyanda görürlər. Ona görə də xahiş edirəm ki, düzəliş nəzərə
alınsın. Bir də hörmətli Fazil müəllim də qeyd elədi ki, vibrasiya
və səs-küy salmaqla çirkləndirmə deyəndə söhbət təkcə küçələrdən
getmir. Normada da bu qeyd olunmayıb ki, bu ancaq avtomobillərə
aiddir. Şadlıq sarayları da bura aiddir. Amma çox təəssüf ki, bizim
müvafiq icra hakimiyyəti orqanları bu normaya şadlıq saraylarında
əməl olunmasına nəzarət eləmirlər. Nə baş verir? Çox vaxt insanlar
tələb edirlər ki, müvafiq qanun qəbul olunsun. Hamımız toylarda
iştirak edirik. Restoran sahibləri ya kondisionerləri tez
söndürürlər ki, içəri isti olsun. Səs-küyü də çox edirlər ki,
qonaqların hamısı maksiumum 1 saatdan sonra oradan qaçıb getsinlər.
Bunlar da sifarişi qəbul ediblər 400 nəfərə, 1 saatdan sonra orada
zalın yarısı boşalır. Bahalı yeməkləri də saxlayırlar ən axıra.
Məsələn balığın 1 şişi 35 manatdırsa, bunu saxayırlar o vaxta ki,
salonda daha az adan qalısın. Nümunə üçün deyirəm: Nəticədə 200
nəfərə balıq kababı verilir, amma toy sahibindən 400 nəfərin pulunu
alırlar. Ya da kondisioneri söndürmürlər, camaatın boynu donur və
onlar da məcbur olub zaldan tez çıxırlar. Səsi də o qədər uca
edirlər ki... Xərçəng xəstəliyi son vaxtlar çoxalır. Mən mütəxəssis
deyiləm. Bu baxımdan bilmirəm səsin, vibrasiyanın bu xəstəliin
yayılmasında rolu var ya yox. Amma burada qeyd olunur ki, müəyyən
olunmuş normalardan artıq olmaz. Düşünürəm ki, bununla bağlı
restoranlar da yoxlanılmalıdır. Vaxtilə “Azadlıq” meydanında
mitinqlər keçirilirdi. Cəmi 2 səsgücləndirici qoyulurdu və səs
Şıxov çimərliyinə qədər gedirdi. Amma bir şadlıq sarayında bəzən 8
səsgücləndirici qoyulur. Əlbəttə orada insan dayana bilməz. İnsanın
fiziki imkanları buna cavab vermir. Ona görə də düşünürəm ki, biz
bu normanı qəbul ediriksə, müvafiq orqanlardan da tələb edək ki,
nəhayət müvafiq orqanlar səsin, vibrasiyanın normasını şadlıq
saraylarında da ölçsünlər, yoxlasınlar”.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"