Cümhuriyyət nazirinin nəvəsi: "Atatürk babama kömək etdi" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Cümhuriyyət nazirinin nəvəsi: "Atatürk babama kömək etdi" - MÜSAHİBƏ

Onun əsərləri hətta "Viktoriya və Albert" muzeyini bəzəyir. Yaratdığı materialdan hazırladığı keramika nümunələrinin tayı-bərabəri yoxdur. Deyir ki, insanı insan edən əl əməyidir. Həmçinin babası, Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri Əbdüləli bəy Əmircanovla da bağlı xatirələrini qoruyub saxlayır. Çünki insanı güclü edən həm də köklərinə bağlılığıdır.

Publika.az-ın özəl qonağı dünyaca məşhur Alev Ebuzziya Siesbidir.

- Alev xanım, Cümhuriyyətimizin, şanlı tariximizin qurucularından olan Əbdüləli bəy Əmircanov babanızdır. Söhbətimizə də uzaq keçmişdən başlamaq istərdim.

- Babam Əbdüləli bəy Əmircanov 1870-ci ildə Şəkidə doğulub. Tiflisdə ali təhsil alıb, uzun müddət Azərbaycanın müxtəlif bölgələrində müəllim kimi çalışıb. Azərbaycan xalqının maariflənməsində əvəzsiz xidməti olub. Əbdüləli bəy 1918-ci il mart faciəsində minlərlə dinc əhalini erməni daşnakları və bolşeviklərin zülmündən xilas etmişdi. Hətta həmin vaxt qardaşı, yenicə hüquqşünas olmuş Qasım bəy Əmircanov erməni quldurları tərəfindən öldürülmüşdü. Bir neçə ay sonra babam yenicə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri seçilir. Cümhuriyyətin süqutundan sonra isə İstanbula köçür.

Картинки по запросу əbdüləli bəy əmircanov

- Bildiyim qədərilə bu addımı atmaqda Atatürk babanıza böyük dəstək olub.

- Doğrudur. Atatürkün dəstələri babamın İstanbula mühacirət etməsinə dəstək olur. Ancaq ailəsi, anam, xalam Məryəm və dayılarımla nənəm Bakıda qalmalı olurlar. Çox kasıb ömür sürsələr də, bunu babamdan gizlədirlər. Sonra yavaş-yavaş Əbdüləli bəyin yanına köçmək imkanı əldə edirlər. Anam İstanbula gedəndə 5-6 yaşı varmış. İllər sonra ailəsi Əbdüləli bəyin ətrafına toplaşmağa nail olur. Lakin nənəm Səltənət xanım kiçik oğlu Muradı özü ilə Türkiyəyə gətirə bilmir. Bolşeviklər Murada çox əziyyət verirlər, Sibirə sürgünə göndərirlər. Nənəm bundan sonra həyatdan küsür. Amma onlar çox əsilzadə nəsildən idilər. Bəzən ailəmizdə zadəgan soyları, nənəmin xan nəslindən olması ilə bağlı söhbətlər gəzərdi. Öncə bunu mühacir doğmalarımın şişirtməsi kimi qələmə verirdim. Böyüdükcə şahidi oldum ki, bu, faktdır.

- Qohumlarınızla münasibətiniz qalıb?

- Əlbəttə. Babamla nənəm bütün övladlarına ali təhsil verib. Məsələn, dayım Fuad Əmircanov Almaniyada təhsil alandan sonra orada qalır. Jurnalist kimi fəaliyyət göstərir. Həmçinin alman xanımla ailə qurur. Hazırda dayım qızı Tulik Almaniyada yaşayır.

- Bəs Murad bəyin taleyi necə oldu?

- Səhv etmirəmsə 60-cı illər idi. Murad dayım da İstanbula gəlmək imkanı qazanır. Amma sovet hakimiyyəti onu çox incitmişdi. Daim səksəkə içərisində yaşayırdı. Babam dünyasını dəyişəndən sonra nənəm Murad dayımla birgə Bakıya köçür. İstanbuldakı böyük evlərini də satırlar. Murad dayımın bir qızı, bir oğlu olduğunu bilirəm, amma təəssüf ki, əlaqəmiz itib. Murad bəy isə 2000-ci ildə Bakıda vəfat edib.

- Alev xanım, bəs siz Azərbaycanda olmusunuz?

- Bəli. Təəssüf ki, cəmi bir dəfə olmuşam. Amma anam Valiyə xanımla xalam Məryəm xanım dəfələrlə getmişdilər Azərbaycana. Hətta Şəkinin Xan sarayında da olmuşdular. Təəssüf ki, mən bir zamanlar ailəmizin yay tətillərini keçirdikləri bu möhtəşəm sarayda olmamışam. Amma orada çəkilmiş bir sıra ailə fotoşəkillərini saxlamışam.

- Məryəm xalanızın həyat yoldaşının İkinci dünya müharibəsində bir çox azərbaycanlını ölümdən qurtardığı haqda mənbə əldə etmişəm.

- Xalamın həyat yoldaşı Emil Qurr Volqa almanlarından idi. Rusca səlis danışırdı. Emil əmimizi lap çox sevirdik. Bəli müharibə vaxtı onlarla azərbaycanlını ölümdən xilas etmişdi. Lakin bu haqda heç vaxt danışmazdı.

- Türk ata ilə azərbaycanlı ananın övladı olmaq necə duyğudur?

- Bu rəngarəng mədəniyyət mənim və qardaşım Talhanın həyatında əvəzsiz rol oynayıb. Zəngin və heç vaxt silinməyən xatirələrim var. Anamın ailəsi hətta ən təminatsız, çətin, çox ağır vaxtlarında da sınmadı. Nənəm çox vaxt rusca danışardı. Olduqca dadlı xörəklər hazırlayardı. Düşbərə, dovğa, qazmaqlı plov... Hələ də dostlarım üçün hazırlayıram bu yeməklərdən.

- Babanız Əbdüləli bəyi necə xatırlayırsınız?

- O vəfat edəndə 8 yaşda idim. Biz onu "böyükbaba" deyə çağırardıq. Bazar günləri bütün ailə böyük nahar masası ətrafında toplaşardı. Park gəzintilərinə ancaq onunla getməyi sevirdik. Bayramlarda hamımıza zərif hədiyyələr alırdı. Böyüdükcə, onun əslində kim olduğunu daha dərindən dərk etdikcə, ona olan sayğımız, məhəbbətimiz daha da artırdı.

- Çox sevdiyim bir sənətlə - keramika ilə məşğulsunuz. Bir az da özünüz haqda danışaq.

- Liseyi İngiltərədə tamamlamışam. Sonralar Belçika və Almaniyada yaşayıb təhsil almışam. Amma ikinci vətənim Danimarkanı hesab edirəm. Çünki 20 il Kopenhagendə yaşamışam, Danimarka vətəndaşıyam. 35 ildir ki, Parisdə kök salmışam. Uşaqlığımdan bəri sənətlə, ədəbiyyatla iç-içə böyüdüyüm üçün bu sahəyə də meyilli idim. Hətta İngiltərədə yaşadığım müddətdə ingilis dili üzrə filoloq olmaq istəyirdim. Amma fikrimdən tez daşındım. Xoşbəxtəm ki, keramika sahəsində qərar tutdum.

- Əsərləriniz dünyanın bir çox qalereyalarını, muzeylərini bəzəyir.

- Dünyanın 34 muzeyinin kolleksiyasında, həmçinin "Viktoriya və Albert" muzeyində əl işlərim yer alır. Bundan böyük xoşbəxtlik tanımıram. Hər yeni iş, sərgi stress atma qaynağımdır. Yaxşıdır, ya pisdir tərəddüdləri, daha gözəlini hazırlaya bilərdim şübhəsindən qurtulmaq mümkün deyil. Amma nə yaxşı ki, bu yolu seçmişəm.

- Söhbətimizin sonunda gözəlliyinizin sirrini soruşmaya bilmərəm.

- Musiqini çox sevirəm. Məncə, insanı insan edən əl əməyidir. Mən də bu zövqü hər gün dadıram. Bir də bildiyiniz kimi keramikada ən əsas şərt kürə formalaşdırmaq, kürəsəlliyi qorumaqdır. Palçıqların dilində danışmaq, insanı həm müdrikləşdirir, həm də gənc saxlayır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm