Pandemiya günlərində realiti şou başlayacaq, şou biznes nümayəndələri...
Bizi izləyin

Xüsusi

Pandemiya günlərində realiti şou başlayacaq, şou biznes nümayəndələri...

Karantin günləri bütün sahələrdə, o cümlədən şou biznesdə qəribə ətalət hökm sürür. Bu sükunəti jurnalist həmkarım Pərviz Hüseynlə pozmağa çalışdıq.

Publika.az-ın müsahibi jurnalist, şou yazarı Pərviz Hüseyndir.

- Pərviz, sosial şəbəkələrin pozitiv istifadəçilərindən biri də sənsən. Gəl, səni bir az ağladım. Ən son nə vaxt ağlamısan?

- Mən kədərimi büruzə verməyi çox sevmirəm. Anamın bir sözü var. Deyir ki, aclığını o yerdə bildir ki, orada sənin qarnın doysun. Ona görə də kədərimi çox nadir insanlarla bölüşürəm. Həm də yadlar uzağı sənə təskinlik verir: Yaxşı olar, ürəyini sıxma və s. Halbuki insan təskinlik axtarmır axı. Kədərdən qurtulmağın yolunu axtarır. Buna görə də, cəm şəkildə insanların kefini pozmaq, onlara mənfi enerji ötürməkdənsə, sənin kədərini mənimsəyib, səninlə sən olanlarla dərdini bölməlisən. O ki, qaldı nə zaman ağlamağıma. Şablon türk seriallarını xatırlatsa da, başqasının qollarında başqası üçün ağlamışam. Və maraqlısı budur ki, o da nə üçün ağladığımı soruşmayıb. Bax, yenə kədərləndim. İndi isə hər ikisinə görə.

- Gəl, hesab edək ki, pandemiyanın qızğın vaxtında realiti şou fəaliyyətə başlayıb. Bütün inzibati və yaradıcı işləri də sənə həvalə ediblər. Hansı ulduzları böyük bir mənzildə toplayardın?

- Soruşmaq olar bu layihəni hansı kanal edir? Deməyin ki, AYTV1-dir.

- Seçim sənin...

- Tələb və təklif məsələsi var. Əgər klass qalmaqallar istənilirsə, bu şouda küsülü olan klass ulduzları toplayardım. Faiq Ağayevin küsülü olduğu Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Brilliant Dadaşova, həmçinin Brilliant və Tünzaləylə küsülü olan Aygün Kazımova, Aygünlə də küsülü olan Röya Ayxan. Abbas Bağırov, Zamiq Hüseynov, Miri Yusif, Nigar Camal, Nura Suri və Xumar Qədimova. Bunlar bəsdir elə. Harada əkizlər bürcü varsa, orada qalmaqal var. Bunu da unutmayaq. Qeyri-klass bir şou üçün: Mətanət Əsədova, Elnarə Abdullayeva, Bayram Nurlu, Manaf Ağayev, Cavanşir Məmmədov, Şəbnəm Tovuzlu, Çimnaz Sultanova, Şəbnəm Tapdıq. Bu qeyri-klass şounun adını mənə həvalə etsəydilər "Çatlaq şou" qoyardım. Söhbət münasibətlərin çatlamasından gedir, başqa yerə yozmayın.

- Həyatındakı insanları klasslara bölürsən? Yəni həyatını təyyarəyə bənzətsək ekonom klassda sevimli qohumlarından savayı kimləri oturdardın?

- Düzünü desəm, bölürəm. Amma həyatımda ancaq klass saya biləcəyim insanlar var. Buraya oturub rahat çay içə biləcəyim, hər hansı mövzuda məsləhət ala biləcəyim şəxslər aiddir. Ancaq düşüncələri kasad, həyata hamam pəncərəsindən baxan insanlardan maksimum uzaq gəzirəm. Bir də sürətpərəstəm. Düzdür, keçən dəfə məni buna görə az qalırdılar assınlar. Lakin özümdən asılı deyil, zövqümcə olmayan insanlardan uzaq gəzirəm, minimum dialoq qurmağa çalışıram. Təbii ki, istisnalar mövcuddur. Bu da həmin adamların vicdanlı, dostcanlı, qayğıkeş və insanpərvər olmaqlarından irəli gəlir. Ekonom klassda olan dostum yoxdur, çünki orada yalnız qohumlar var. Bu da bir məcburiyyət olduğundan onlarla yoluma davam edirəm. Əslində, qohumlarla bağlı statusları daha çox əhval-ruhiyyəmi yüksək tutmaq üçün yazıram. Ancaq çoxu ciddi qəbul edir. Rayona gedəndə, hərəsinə ayrı hədiyyə almağa çalışıram. Vallah, qohumcanlıyam. Amma nə yalan deyim, çoxu dəxlisizdir. Ümumiyyətlə, qohumluq əlaqələri xala-dayı, əmi-bibidən o tərəfə sərhədlənməlidir. İnsan birini sevirsə, hörmət edirsə, qayğı çəkirsə, dərdini dinləyirsə, onu başa düşürsə, məgər qohum olmağa ehtiyac var? Məncə, yoxdur. Allah hamıya yaxşı qohumlar yetirsin, mənim bəxtim gətirməyib, sizdə gətirsin (gülür). Yaxşı, zarafat edirəm. Hərdən bir ildir tanıdığın insan 100 ildir tanıdığın qohumdan sənə daha yaxın olur. Önəmli olan sevgidir.

- Kifayət qədər cəsarətli açıqlamalar edirsən. Ulduzlara əyilməyini, ümumiyyətlə bir işin getsin deyə riyakarlıq etdiyini görməmişəm. Cəsarətdən kasad olduğun gizli məqamlar varmı?

- Əlbəttə, var. İnsan həyatı zəncirvari bir-birinə elə bağlıdır ki, sən nə qədər cəsarətli olsan da, mütləq ki, bir yerdə sərhədlənirsən. Buna təsir göstərən amillərdən biri də elə sadaladığım qohumluq münasibətidir. Nəisə demək istəyirsən, amma ailənə görə susursan. Digər tərəfdən isə cəsarətli, komplekssiz olmaq həmişə düzgün deyil. Bütün bunları yerinə və zamanına görə istifadə etmək lazımdır. Kimisə sevə bilərsən, birinə aşiq ola bilərsən, kiməsə qarşı intim hisslər bəsləyə bilərsən. Bu, o demək deyil ki, tez ol, cəsarətli ol, de, vəssalam hər şey əladır, sən cəsarətlisən, azadsan. Bəzən bu addımı atıb, insanların gözündən zibil kimi düşürsən. Cəsarətlə birgə ağlı da düzgün istifadə etmək gərəkdir.

- Necə düşünürsən inteligent, ali zövqə sahib, savad gölündə üzən insanlar xoşbəxtdir, yoxsa bayağı mahnılardan eyforiyaya uçanlar?

- Xoşbəxtliyin savadla və dayaz olmaqla əlaqəsi yoxdur. Hər şey insanın həyata baxışıyla formalaşır. Nikbin adam kasıb olsa da, nikbindir. O, günaşırı "Starbucks"da "Capucchino" içməsə də, həyat gözündə qaralmayacaq. Amma elələri var ki, ancaq həyatdan gileylənirlər. Düşünmürlər ki, hər şey karmadır, bumeranqdır. Kainata nə qədər pozitiv enerji ötürsən, bir o qədər də ruhun aydınlanar, müsbətə köklənərsən. Çox savadlı adamlar da var ki, onları uçuruma aparan özlərini cəmiyyətə mənfi obraz kimi tanıtmalarıdır. Halbuki bir gülümsəmə, kiçik bir özgüvən hər şeyi həll edir. Xoşbəxtlik zatən anidir, bu ani hissləri yaşamaqdan özünü niyə məhrum edəsən axı? O gözəl insanın da dediyi kimi... Gülümsəyin, cənablar, gülümsəyin!

- Razıyam. Hətta çox savadlı insanlar fikirlərini tam ötürə bilməyəndə, araya ünsiyyət baryeri qoyanda, sinirlərim gərilir. İstənilən halda qızıl ortanı tapmaq lazımdır. Yaxşı bəs səni ən çox hansı ulduz əsəbiləşdirib bugünədək?

- Əslində, heç biri əsəbiləşdirməyib. Çünki onlara rəvac verməmişəm. Bu da təbii ki, əsl ulduzlara aiddir. Hansı ki, onlar iradı və tənqidi normal qəbul edirlər. Bir dəfə sinirlərimi pozan olmuşdu, bu da türkəsayaq əsəbiləşmək sayılmır, sadəcə mikroəsəbdən gülmüşdüm. Xalq artisti Aygün Kazımovadan sosial məsələ barədə münasibət almaq istəyirdim. Bu zaman ona ünvanladığım sualın içərisində "Aygün Kazımova sözünün bir ağırlığı var" ifadəsi yer almışdı. O da mənə qayıtdı ki, doğrudan? Neçə kilodur? Buna həm əsəbiləşmişdim, həm də gülmüşdüm. Amma ona hər şey yaraşır deyə qısa zamanda unutmuşdum. Məni həqiqi əsəbiləşdirənlər isə özlərini ulduz sayanlar, söndüklərini qəbul etməyənlər və bayağı ifaçılardır. Onlardan biri də Əməkdar artist Tahir İmanovdur ki, onun açıqlamalarını görəndə əsəb keçirirəm. Deyir ki, mən bayağılıqdan qaçıram, belə kino çəkmək olmaz və s. Adam "Bəxt üzüyü" kimi klassik filmi "double" bayağı olaraq qarşımıza çıxarır. Qardaş, əməlinlə dediklərin üst-üstə düşmürsə, xahiş edirəm, sus. Bir də eyni komandadan olan Bəhram Bağırzadə. Yekə kişidir, ikinci sinif uşaqlarının zarafatını edir. Çox təəssüf ki, biz bəzi sənətçilərimizin aliləşməsi əvəzinə adiləşməsini seyr edirik.

- Son günlər yaşadığımız pandemiya şokundan sonra necə düşünürsən, planetin ölümü insanın əlindən olacaq?

- İnsanlar planeti bu günə qoyandan sonra daha nə gözləyirdilər ki? Təbiət hadisələrinin 90%-də insanların əli var. Gah fil ovlayırlar, gah məsuliyyətsizlik edib siqaret kötüyünü atırlar meşəlik əraziyə və sairə. Bəlamızın səbəbi sirkdə əziyyət verilərək hansısa davranışlara uyğunlaşdırılan heyvanlar, çinlilərin diri-diri yediyi itlər, həşəratlar və digər canlıların ah-naləsidir. Bu dünya hamımıza bərabər verilib. Sadəcə biz heyvanlara nisbətən şüurluyuq. Di gəl ki, bəzən heyvanlar bizdən daha şüurlu davranır. Hər şeyin başında eqo, daha çoxuna sahib olmaq istəyi, sevgisizlik dayanır. Təəssüf ki, dünya düzəni artıq eqoya xidmət edir. Bu da belə virusların yayılmasına gətirib çıxarır. Bu cür davam etsə, dünyadan əsər-əlamət qalmayacaq. Amma "SuperBowl"da Şəbnəm Tovuzlunun şousunu görmədən ölmək istəmirəm.

- Arzuların Tovuzun təbiəti kimi gözəldir. Qəlbini viran qoyduğun insan varsa, söhbətimizin sonunda üzr istəyə bilərsən.

- Belə bir insan var. Amma yəqin ki, bir neçə il sonra müsahibəmi oxuyacaq. Dostluqda ona sədaqətli ola bilmədiyim, özümü düşündüyüm, özümü qorumaq üçün ondan vaz keçdiyim üçün üzr istəyirəm.

Leyla Sarabi,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm