Xüsusi
"Bizi yük qatarlarına doldurdular, körpələr susuzluqdan inildəyirdilər" - 41-ci ilin yayında üşüyən doktor Kreyterin qızı - ÖZƏL
I HİSSƏ
Kim deyir ki, nağıl uşaqların qulağına pıçıldamaq üçündür?! Dünyanın bütün pisliklərindən arınıb, yaxın gəlin. Sizə nağıl danışacam. Hər nəfəsdə, hər hecada ürəkdən inanacam ki, oxuduqca savaşı lənətləyib, Mələyə uşaqlardan qeyri kimsənin bilmədiyi dildə dua edəcəksiniz. Müharibənin tozuna bürünmüş uşaqları yaz yağışı yuyub, isti Günəş qurudacaq.
Ovcundakı uşağı bəsləyən oxucu, diqqətinə çatdırım ki, bu hekayənin 3 yaşlı qəhrəmanı ötən il ömrünün 81-ci ilində dünyadan köçüb. Gündəliyini isə Fransada yaşayan qızı Yulya Stepanova alman qohumlarının bu mövzuda etirazına rəğmən öz razılığı ilə mənə təqdim edib. Hekayənin sonunda Yulya ilə müsahibəmizi də oxuyacaqsınız. Hələliksə uşaqları savaşlardan qoruyun.
Liliya Stepanovanın gündəliyindən:
Bakıda yaşayırdıq. Anamın əcdadları əsrlər öncə müasir Azərbaycan ərazisinə köç etmişdilər. Almanlar Qafqazda çoxdan məskunlaşıblar. Xüsusən də şvablar... Əfsus, bu gün şvablar dünya tarixindən silinmiş azsaylı xalqlar sırasındadır. Dəqiq bilirəm ki, Almaniya və Rusiyada şvab qalmayıb. Yəqin ki, biz xalqımızın ən son nümayəndələriyik.
İndi isə atamdan danışım... Ailəsi 100 il öncə Penzadan Bakıya piyada gələnlərdən olub. Düz oxudunuz, piyada. Özü də Azərbaycana köçmələrinin əsas səbəbi dəmir yolunda çalışmaq olub.
İlıq dənizin sahillərini yuduğu günəş şəhəri - günəşli şəhər... Yay mövsümü dəhşətli istilərlə müşayiət olunurdu. Müharibəyədək hər ilin yay mövsümündə anamla birgə Ukraynaya yollanırdıq. Oranın Günəşi sanki daha zərif idi, dərimi göynətmirdi. Kirayələdiyimiz otağın sahibindən təzə xama və süd alırdıq. O qədər zəif uşaq idim ki, az qalsın ilin hər günü xəstələnirdim. Anam isti südümü heç əskik etməzdi. Bizi vətəninə yollamazdan öncə atam dəri gödəkçəsini satdı. Hər baharın son günləri bu ayini təkrarlayırdı. Payızın soyuğunu iliklərində hiss edən kimi isə kənarda gizlətdiyi pula yenisini alırdı.
1941-ci ilin yayı... Atam da, biz də öz ayinlərimizi yerinə yetirmişdik. O, satdığı gödəkçənin pulunu cibinə, biz isə zəruri əşyalarımızı səyahət çemodanlarımıza doldurmuşduq. 3 yaşımla yenicə tanış olurdum. Xəstəliklərimi qışın qucağına verib, Ukrayna günəşinin isti sığalına tələsirdik.
Birdən hər şey alt-üst oldu. Mən hər kəsin fövqəltəbii istedadla doğulduğuna əminəm. Məsələn 8 ayımdan bəri həyatımda baş verən bütün hadisələri dəqiq xatırlayıram. Xüsusən də Günəşin istisindən üşüdüyüm 41-ci ilin yayını...
Mənim üçün müharibə hərbçi və milislərin qadınlı-uşaqlı hamımızı yük qatarlarına doldurub Ukraynadan uzaqlaşdırdıqları məqamdan başladı. Qafqaza yollanan yük qatarlarına onlarla, yüzlərlə çarəsiz can töküldü. Boyat bədənlərin üfunəti bu gün də burnumun ucunda mənimlə birgə yaşayır. O məqamda parovozların tozlu küləyi belə ac nəfəslərə məlhəm olmurdu. Anamla qatarın lap küncündə büzüşmüşdük. Sidikli körpələr susuzluqdan inildəyirdilər. Yük qatarlarında tualet olmur. Deyəsən bəxtim gətirmişdi. Anam yüklərimizlə birgə dəmir vanna götürmüşdü ki, içində rahat yata bilim. 3 yaşımda düyməcik boyda idim. Vanna mənim üçün saray kimi geniş idi. Qatar tısbağa sürəti ilə gedirdi. Tez-tez də dayanıb, əsgər, həkim daşıyan digər dəmir qardaşlarına yol verirdi. Analarımız bəzən ensiz pəncərələrə cumub, qarşıdan gələn qatarlardakı əsgərlərlə baxışırdılar, ağlaşırdılar. Bilirdilər ki, ərlərini də müharibə adlı qara dəlik gözləyir. Vətən yolunda ölümə tələsən əsgərlər də eyni nisgillə körpələri, qadınları seyr edirdilər. Qatarlar gözdən itən kimi bəxtsiz qadınlar yerə çöküb hönkürürdülər. Anam pəncərəyə yaxın durmurdu. Heç ağlamırdı da... Gözlərini bir nöqtəyə zilləyib, fikrə dalmışdı. Sonralar anladım ki, intuisiyasını dinləyib, dua edirmiş. Bizdə nəsildən-nəsilə keçən almanca Mələk duası var. Anam ömrü boyu ən çətin, təhlükəli məqamlarında o duanı oxuyardı, mənsə təkrarlayardım. Kirxada etdiyi kimi əllərini sinəsinə sıxıb, mələyini çağırırdı. Bir yandan da zaman yorğun qatarımızı ötüb keçirdi. Aclıq, susuzluq hamımızı taqətdən salmışdı. Qadınlar qərar verdilər ki, növbəti stansiyada düşüb, çörək və su alsınlar. Sağ əllərinə su dolu dolça, digərinə çoxlu bulka alıb qatara tələsirdilər. Birdən qatar xəbərdarlıqsız hərəkətə gəldi. Divanə analar körpələrini qaçırdan qatarın dalınca var gücləri ilə qaçarkən gah çörəkləri yerə düşüb toza batır, ya da dolçaları torpağa qızıldan qiymətli yaş tökürdü. Ən dəhşətli xatirən hansıdır deyə soruşsalar, düşünmədən həmin məqamı təsvir edərəm - anam son nəfəsi canından çıxacaqmış kimi platforma boyu məni ondan uzaqlaşdıran qatarın dalınca qaçır. Anamın qızılı saçları günün altında lap göz qamaşdırırdı. Bir yandan da əsgərləri ölümün ağzına atmağa aparan qatarlar ilan kimi sürünüb, gözdən itirdi. Bu səhnə ömürlük kabusuma çevrildi. O vaxtdan 80 ilə yaxın vaxt keçib, hələ də 41-ci ilin həmin dəhşətli gününə diksinib, yuxudan oyanıram.
Anamın gözündəki əzab, yorğunluq, məhəbbət, analıq...
Analarımıza o qədər güvənirdik ki, təmkinlə onlara baxırdıq. O gün yerdəki mələklərimiz güvənimizi sarsıtmadılar. Özlərini bizə yetirməklə qalmayıb, yedirib içirdilər. Sanki dünya Qırmızı Ordunun əsgərlərindən ibarət idi. Yolumuzdan sonsuz çay kimi əsgər qatarı axırdı. Anamın nəfəsi mənə toxunduqca, qorxum da buxarlanırdı.
Yaddaşıma möhürlədiyim bir səhifə də mənzil başında atamın bizi gözləməsiydi. Anam gələcəyimizlə bağlı ona teleqram yollamamışdı. Atam gəlişimizi hiss etmişdi. Dəmir yoluna çıxıb bizi gözləyirdi. Qəribədir, valideynlərim bir-birini dərindən duyurdular. Ucsuz-bucaqsız dünyada telefonsuz, məktubsuz xəbərləşə, bir-birini tapa bilirdilər.
Platformadan düşən kimi atam bizə sarıldı. Bir qucağında məni, digər çiynində isə anamın yorğun bədənini qürurla evə aparırdı. Doymadan təkrarlayırdı: "Mənim gözəl qızlarım, hər şey yaxşı olacaq". Atam sehirli sözləri təkrarladıqca, mən daha çox sevinirdim. Birlikdə idik, bütövləşmişdik. Əsas da bu idi.
Anam Bakının sayılıb-seçilən cərrahlarından idi. Müharibəyədək Dəmiryol Xəstəxanasında çalışmışdı. Evə dönən kimi xəstəxanaya yollandı, amma tez qayıtdı. Sən demə, anamı alman olduğu üçün işdən çıxarmışdılar.
Atamı müharibəyə bir müddət sonra apardılar. Bütün Qafqazın dəmir yoluna nəzarət etdiyi üçün arxa cəbhədə daha çox lazım idi. Müharibə vaxtı Bakı SSRİ-nin neft təminatçısı hesab olunurdu. Əslində atamın ən böyük arzusu idi cəbhəyə getmək. Amma onu bu yolla cəzalandırdılar. Müharibə başlayar-başlamaz almanla ailəli olan ruslara boşanmaq tapşırığı verildi. Bakıda təqribi 5 min belə ailə yaşayırdı. Ümumiyyətlə Bakı çoxmillətli şəhər idi. Təbii ki, bizim ailəmiz də bu siyahıda idi. Boşanan almanları isə uşaqları ilə birgə gəmilərə mindirib, Qazaxıstan və Özbəkistana sürgün edirdilər. Bu gəmilər ümidsiz göz yaşları içində boğulurdu. Atamın dostları, iş yoldaşları, ətrafı təkid edirdi ki, boşansın. Qəlyanını çəkib, anamdan imtina etməyəcəyini bildirirdi. Hakimiyyət inadına görə ona rəsmi cəza kəsməsə də, ailəsinin üzünü görməsin deyə əlindən gələni edirdi.
Anam rus almanlarından olduğunu heç kimdən gizlətmirdi. Hətta son gününədək doktor Kreyter kimi tanındı.
Anam küçəyə çıxan kimi ərləri cəbhəyə gedən qadınlar onu döyür, uşaqlar üzünə tüpürürdülər. Mən bütün bunları o öləndən sonra öyrəndim. Müharibə müddətində küçəyə nadir hallarda çıxırdı. Yalnız bazara gedərdi. Məni heç vaxt özü ilə aparmazdı. Qayıdanda isə qızılı saçları qan içində, əyni-başı cırıq-cırıq hamama qaçırdı. Atam işdən dönənədək paltarını tikib yenidən geyinər, üz-gözünü səliqəyə salardı. Atam anamın döyüldüyündən xəbərdar idi. Amma elə müşkül durum idi ki, heç cür kömək edə bilmirdi. Ailələri paramparça olan bəxtsiz insanların nifrəti anlaşılan idi.
Hakim dairədən kimsə atam haqda şikayət ərizəsi yazmışdı. O isə atdığı addımların arxasında duracaq qədər cəsarətli idi. 42-ci ildə gəldi ki, cəbhəyə gedirəm. Anam hıçqıra-hıçqıra dedi, hamımızı öldürəcəklər. Səni cəbhədə, bizi isə vətən xainliyinə görə.
Atam yenə qəlyanını içinə çəkib, cavab verdi: "Hər şey yaxşı olacaq!"
Ertəsi gün atamı cəbhəyə yola saldıq. Bizi tanıyanlar anamın üzünə tüpürür, xain deyib dalımızca söyürdülər. 3 yaşlı ağlımla düşünürdüm ki, müharibədə belə də olmalıdır. Bu daxili mübarizəm, cəsarətim gələcəkdə ən ağrılı dərdlərimin dərmanı olacaqdı...
Atam cəbhəyə getdi. Anamla tək qaldıq. Qırmızı Ordunun əsgərinin ailəsinə heç kim ictimaiyyət içində hücum çəkmirdi. Amma yenə də qorxu və təhlükənin mərkəzində idik. Anam mütəmadi olaraq atamın diplomunu götürüb sovqat almağa gedirdi. Amma yenə də təzyiqlə qarşılaşırdı. Gecələr isə ağ xalatını geyinib xəstələri qəbul edirdi. Şəhərin bütün xəstəxanaları dolub-daşırdı. Həkim çatışmazlığı vardı. Anamın yanına gələn xəstələr pul yerinə adətən yarım çörək, yaxud 1 stəkan süd gətirirdilər. Aclıq dövründə evə gələn bir ovuc un da cəvahirat dəyərində idi. Amma anam hamıdan "zəhmət haqqı" almırdı. Qorxurdu ki, vətən xaini olduğu üçün hakimiyyətin tapşırığı ilə zəhərləyib öldürərlər.
Teatr binalarını yavaş-yavaş xəstəxanalara döndərirdilər. Həkimlərə hava, su qədər ehtiyac vardı. Anamın azərbaycanlı kolleqaları yorulub əldən düşəndə, onu gizli iş başına çağırırdılar. İş gününün sonunda isə çantasına ərzaq doldurub evə yola salırdılar.
Atam isə hətta müharibənin güllələri altında da pozitivliyini qoruyur, tez-tez məktub yazırdı - "Bakı heç vaxt düşmən əlinə keçməyəcək. Canımız bahasına vətəni qoruyacağıq".
Birdən məktubların ardı-arası kəsildi. Atamın ölüsündən, dirisindən xəbərimiz yox idi. Bir gün anam yerə çöküb, özünə qapandı... (ardı var)
Leyla Sarabi
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...