Gündüzlər kardioloq, gecələrsə zərgər-dizayner işləyən həkimdən fərqlənmək istəyən xanımlara məsləhətlər - FOTO
Bizi izləyin

Xüsusi

Gündüzlər kardioloq, gecələrsə zərgər-dizayner işləyən həkimdən fərqlənmək istəyən xanımlara məsləhətlər - FOTO

Əl işləri müasir dəb trendlərindən tamamilə ayrı mövzu və sənət nümunələridir. Trendlərin tez ötüşdüyü, mütərəqqi bəşəriyyətin idman ayaqqabısı kimi moda ilə bağlı gözləntilərini dəyişdirdiyi bir vaxtda “hand made” dünyasında hər şey sakitdir - təkrarolunmazlıq və yüksək keyfiyyət onları digərlərindən fərqləndirən başlıca cəhətlərdir.

İxtisasca kardioloq olan zərgər-dizayner İlahə Məmmədova da şəxsi brendini bu prinsiplər üzərində qurub. Gündüzlər ürək xəstələrinə qulluq edən həkim gecələr yuxusuna haram qatıb olduqca orijinal, hətta dünya şöhrətli zərgərlik brendlərinin kolleksiyalarında rast gələ bilməyəcəyimiz bəzək əşyaları hazırlayır.

Dekorativ tətbiqi-incəsənət və zərgərlik məmulatlarının dekorasiyası ilə məşğul olan İlahə Məmmədova öz ilhamını Azərbaycanın zəngin təbiətindən alır. Sənətkar gül, dəniz, həmçinin rəmzlər və naxışlar tematikasından istifadə edərək özündə həm ənənəvi Şərq, həm də Avropa elementlərini ehtiva edən kolleksiyalar silsiləsi yaradır.

Publika.az İlahə Məmmədova ilə müsahibəni təqdim edir:

- İlahə xanım, sözün hər iki mənasında ürəyə toxunursunuz... Həm kardioloqsunuz, həm də sənət dizayneri. Hansı işiniz sizə daha çox rahatlıq gətirir?

- Deməzdim ki, dizaynerlik mənim peşəmdir. Bu, daxili dünyamda baş verənləri, bütövlükdə emosiyalarımı ifadə etməyin üsulu və mənə xoşbəxtlik bəxş edən bir sənət dünyasıdır. Dizaynerlik həyatımın elə bir kövrək və izzətli hissəsidir ki, onu iş kimi qəbul etmirəm. Peşəm həkim-kardioloq olsa da, ruh halım sənət dünyasında dolaşmağı çox sevir...

- Bəzək əşyalarına maraq nə zaman yarandı?

- Yer üzündəki qadınların əksəriyyəti kimi uşaqlıqdan dəbə və bəzək əşyalarına böyük marağım olub. Özümü tanıyandan rəsm çəkməyə və tikməyə başlamışam. İlk vaxtlarda yalnız özüm üçün nələrsə hazırlayırdım. Yəqin ki, bu da hamı kimi standart görünməmək istəyimdən irəli gəlirdi. Mağazalarda seçilmək üçün zövqümə uyğun aksessuarlar tapa bilmirdim.

Eyni zamanda nənəmin gözəl əl qabiliyyəti var idi, parçalara gözəl naxışlar və işləmələr vurardı. Bu bacarıq nənəmdən anama, anamdan mənə, məndən də qızıma ötürülüb. Yeri gəlmişkən, markamın adındakı 4 rəqəmi bu dörd nəsil deməkdir.

Qələm və rəsm dəftərim demək olar ki, əlimdən düşmürdü. Ağlıma hər an, hər yerdə ilham və ya yeni ideya gələ bilərdi. Sözsüz ki, bu ideyanı dərhal vərəqlərə köçürməyə tələsirdim. Hətta dərs oxuyanda da qələmim əlimin altında olmalı idi. Beləliklə illər sonra şəxsi aksessuar brendimi qurub peşəkar dizaynla məşğul olmağa başladım. Bu işə tək başlasam da, özümə inamım güclü idi. Hiss edirdim ki, uğur qazana bilərəm. Əvvəllər ailəm narahat idi ki, dizaynerliyə başlasam, həkimlikdən uzaqlaşaram. Odur ki, hər bir işi özüm qurdum. Şükürlər olsun ki, hazırda işlərim ürəyimcə gedir, arzuladığımdan daha böyük diqqət və maraq gördüm. Sağ olsun ailəm, dostlarım və həkim həmkarlarımın dəstəyi sayəsində arzumu reallaşdıra bildim. 15 ildən çoxdur ki, Mərkəzi Klinika Xəstəxanasında çalışıram, ilk alıcılarım da həkim rəfiqələrim olub.

- Əl işləriniz olduqca mürəkkəb və rəngarəngdir. Hansısa peşəkardan dərs almısınız, ya bu işin incəliklərinə təkbaşına yiyələnmisiniz?

- Bir müddət tək məşğul oldum, heç bir müəllimim yox idi. Şəxsi brendimi yaratdıqdan sonra işimə daha məsuliyyətlə yanaşdım. Qərar verdim ki, peşəkardan dərs almaq vacibdir. Rəssamlıq Akademiyasının müəllimi, tanınmış rəssam Nadir Cəfərovdan dərs almışam, rəssamlığın sirlərinə onun dəstəyi sayəsində nail olmuşam.

Bəzəklərin hazırlanma texnikası isə məhz özümə aiddir. Texnikanı öyrənmək üçün heç kimdən dərs almamışam.

- İlk düzəltdiyiniz bəzək əşyasını xatırlayırsınız?

- Anam deyir ki, 3 yaşından əlimdə qələmlə gəzmişəm. Düzü, ilk nə hazırladığım yadımda deyil, amma tez-tez göz formaları çəkirdim, elə indi də. Yəqin ki, səbəbsiz deyil, gözlər insan haqqında daha çox informasiya verir. İnsanların kimliyini və ürəyindəkiləri gözlərindən oxumağı sevirəm. İllərlə yığılmış kədəri, narahatlığı və ya sevinci gizlətməyə çalışsan belə, gözlərin səni daim ələ verir.

- Maraqlıdır ki, sənətə hədsiz sevgi bəslədiyiniz halda, niyə əsas peşə kimi həkimliyi seçmisiniz?

- Əslində uşaqlıqda hər ikisinə eyni dərəcədə həvəsim var idi, məktəbdə əlaçı olmuşam. Həkimliyə ürəkdən bağlanmasaydım, bu işlə məşğul ola bilməzdim. Eyni zamanda dizaynerlik eşqimi özümdən heç cürə ayıra bilmədim.

- Hər iki işin öhdəsindən necə gəlirsiniz? Bu enerjini hardan alırsınız?

- Ailə, məişət qayğıları, üstəgəl iki işi bir arada yürütmək çox çətindir. Odur ki, hər sifarişi qəbul etmirəm. Hər şeydən əvvəl ilham pərisi gəlməlidir. Aksessuarlar hazırlayarkən gecələr yuxusuz qalsam da, bu işdə istirahət edirəm.

Enerjini Azərbaycanın nadir təbiətindən alıram. Mənim üçün gözəllik elə təbiətin özüdür. Allah bizə elə gözəl təbiət bəxş edib ki, ondan sonsuza qədər ilhamlanmaq olar. Hər mövsümün öz gözəlliyi və çox zəngin rəng palitrası var. Gül və təbiət motivləri yaradıcılıqda ən sevimli istiqamətlərimdən biridir. Fikrimcə, gül motivləri artıq vizit kartıma çevrilib.

- Dizayner rəsm çəkməyi, toxumağı, birləşdirməyi və rəngləməyi bacarmalıdır... Yalnız bundan sonra usta özünü dizayner adlandıra bilər. Bildiyim qədərilə hər bir detalı özünüz hazırlayırsınız.

- Haqlısınız, bu səbəbdən də hazırlanma texnologiyasının nadirliyini qeyd etmək istərdim. Bütün məhsullar tamamilə əl işidir və ağır zəhmət başına gəldiyi üçün ya tək, ya da məhdud sayda olur. Minimum bir-iki günə, maksimum bir neçə aya başa gələn aksessuarlar var. Bu da bəzəyin ağırlığından asılıdır. Bütün məhsulların hər bir detal və elementini öz əllərimlə hazırlayıram. Aksessuarların hazırlanmasında 750 əyarlıq qızıl suyuna çəkilmiş məmulatlardan, təbii qiymətli və yarımqiymətli daşlardan, polimer gildən, keramikadan, mirvaridən, sədəfdən, soyuq farfordan və digər qiymətli daşlardan istifadə edirəm. Bəzi tapılmayan materialları xarici ölkələrdən gətizdirirəm.

Çalışıram ki, əl işlərimlə ölkəmi beynəlxalq müsabiqələrdə layiqincə təmsil edim. Avropanın bir neçə ölkəsində ümumdünya rəssamlıq müsabiqələrində bir neçə dəfə iştirak etmişəm. Ümid edirəm ki, növbəti müsabiqələrin birində qalib olacam. Bundan başqa, öz işini bilən incəsənət xadimlərinin, gözəl rəssam və dizaynerlərin müsbət rəyini almaq məni daha da ruhlandırdı, daha çox məsuliyyət hiss etdim.

- Şərq xanımları bəzək-düzəyə daha həssas yanaşırlar. Azərbaycanlı xanımlar ən çox hansı bəzək nümunələrinə maraq göstərirlər?

- Sırğalar daha çox üstünlük təşkil edir. Mən boyunbağı və yaxa sancaqlarının hazırlanma prosesindən böyük zövq alıram. Bu da bir işin ikinci təkrarını yaratmağı xoşlamadığımla bağlıdır. Bir əşyanın eynisini hazırlamaq səndən güclü enerji və ikiqat diqqətli olmağı tələb edir.

- Fərqlənmək istəyən xanımlara hansı bəzək əşyalarından istifadə etməyi tövsiyə edərdiniz?

- Mənim üçün obrazı gözəlləşdirən əsas detal sırğalardır. Xanımları sırğasız təsəvvür etmək çətindir. Əgər kimin üçünsə sifariş əsasında nə isə hazırlayıramsa, o xanımın fotosunu görməliyəm. Hər birimizin üz quruluşu fərqlidir, ümumiyyətlə bəzək əşyaları alarkən üz quruluşu, boy və çəkini nəzərə almaq lazımdır. Üz quruluşunun müxtəlifliyinə əsasən onlara yaraşan bəzək əşyaları da bir-birindən seçilir. Həcmli sırğalar arıq xanımlara hər zaman yaraşmır, zərif bəzəklər onların gözəlliyini daha effektiv şəkildə vurğulaya bilər. Uzun sırğalarsa ucaboy xanımlara daha çox yaraşır. Bu baxımdan xanımlara diqqətli olmağı tövsiyə edirəm.

- Rəssamlar adətən əl işlərindən ayrılmaq istəmir. Sizdə vəziyyət necədir?

- Bir aksessuarı hazırlamaq üçün səhərə qədər yuxusuz qaldığım gecələr olub, onlardan bəzilərini satmağa qıymıram. Elə işlər var ki, onları istəsələr də satmıram. Bilirəm ki, onun ikinci variantını edə bilməyəcəm. Dəblə maraqlansam da, tez ötüşən trendlərdən təsirlənmirəm, qeyri-müasirlik məni daha çox cəlb edir, heç kimdə olmayan nadir bəzək nümunələri hazırlamağa üstünlük verirəm. Təkrarolunmazlıq və yüksək keyfiyyət başlıca prinsipimdir. Bir dizayner kimi öz tendensiyalarımı diktə etməyə çalışıram, eyni zamanda münasib qiymətə çox fərqli və maraqlı kolleksiyalar təqdim edirəm.

Alıcının zövq və istəklərinə əsasən trendlərə uyğun nələrsə hazırlaya bilərəm. Lakin sənət naminə bir iş hazırlayıramsa, onun kökündə ideya və orijinallıq dayanmalıdır. Hesab edirəm ki, sənət üçün hazırlanan əşyalar heç vaxt dəbdən düşmür, öz orijinallığını hər zaman qoruyub saxlayır.

- İlahə xanım, koronavirus pandemiyasından hələ xilas olmuş sayılmırıq. Odur ki, bu həssas məqamda həkim tövsiyələrinizi dinləməyə hamımızın ehtiyacı var. Koronavirus infeksiyası ürək xəstələri üçün nə dərəcədə təhlükəlidir?

- Ürək xəstələri daha çox risk altındadır. Ürək çatışmazlığına başqa bir xəstəliyin də əlavə olması orqanın gücünü daha da aşağı sala bilər ki, bu da xəstənin vəziyyətinin ağırlaşmasına gətirib çıxarar. Bu səbəbdən də ürək xəstələri özlərini virusdan daha çox qorumalı və özünütəcrid qaydalarına diqqət etməlidir.

- Bildiyimizə görə, exokardioqrafiya üzrə mütəxəssissiniz. Exokardioqrafiya müayinəsi hər kəs üzərində aparıla bilərmi? Keçirilmiş infarktları exokardioqrafiya müayinəsində görmək mümkündürmü?

- Bəli, yaşından asılı olmayaraq hər kəs exokardioqrafiya müayinəsindən keçə bilər. Bu müayinə sayəsində ürəyin anatomiyası və gücü haqqında məlumat ala bilirik. Hətta keçirilmiş infarktları belə böyük faiz ehtimalla exokardioqrafiyada görmək mümkündür.

- Azərbaycanda ürək-damar xəstəliklərinin statistikası nə deyir?

- Statistikalarda miokard infarktın cavanlaşması qeyd olunur, gənclər arasında da buna rast gəlmək olar. Başlıca səbəbləri arasında artıq çəki, hərəkətsizlik və oturaq həyat tərzi göstərilir, eyni zamanda irsi olması da rol oynayır.

- Ürək-damar xəstəliklərinin profilaktikasında nələrə diqqət edilməlidir?

- Ümumiyyətlə ürək sağlamlığı üçün passiv həyat tərzindən uzaq olmaq lazımdır. Artıq çəki və siqaret ürək xəstələrinə xüsusilə ziyandır. Ürək xəstələrinin profilaktikasında təmiz havada iti addımla yeriməyin böyük faydası var. Yağlı və xəmir yeməklərdən qaçmağa çalışsınlar, həmçinin həddən artıq duzlu məsləhət görülmür. Çünki duz təzyiqin qalxmasına səbəb olur ki, bu da öz növbəsində ürək damarlarına mənfi təsir edir. Meyvə-tərəvəzə üstünlük vermək və bol maye qəbul etmək ürək-damar profilaktikasında böyük rol oynayır.

Aytən Məftun

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm