Ermənilərə qanudduran Azərbaycanın “İkinci Mübariz”i: ÜRƏKDAĞLAYAN SÖZLƏR (REPORTAJ)
Bizi izləyin

Xüsusi

Ermənilərə qanudduran Azərbaycanın “İkinci Mübariz”i: ÜRƏKDAĞLAYAN SÖZLƏR (REPORTAJ)

Mübariz, Fərid, Samid, Polad...

İndiyədək döyüş yolunu təqdim etdiyimiz oğullarımızın bu igidlərin qəhrəmanlığından ilham aldıqlarının, onları özlərinə nümunə seçdiklərinin şahidi oldum. Bu mübariz, qorxmaz, polad oğullar qəhrəmanlıqları, igidlikləri ilə böyük bir kütləni öz arxalarınca apardı. Neçə-neçə mübarizlər, poladlar üzə çıxdı, igidlik, şücaət nümayiş etdirdilər. Bu mərd oğullarımızın sayəsində Vətən müharibəsini zəfərlə başa vurduq. Torpaqlarımızı azad etmək ürəklərindəki Azərbaycan eşqi, bayraq sevgisi, uzun illər beyinlərinə hopan qisas hissi ilə silaha sarılan qəhrəmanlarımızın əsas amalına çevrildi. Yalnız bir məqsəd uğrunda irəlilədilər - qələbə qazanmaq, torpaqlarımızı düşmən əsirliyindən qurtarmaq! Bu savaşdan isə alnıaçıq, üzüağ çıxdılar, Qarabağ torpaqlarını qanları ilə suladılar, 30 illik yağı tapdağında qalan Vətənə ayaq basdılar...

Publika.az Vətən müharibəsinin daha bir qəhrəmanının, şəhid gizir Aslanov Xəyal Qüdrət oğlunun döyüş yolunu təqdim edir.

Ona hərbi hissədə “İkinci Mübariz” deyirmişlər. Xəyal qorxmazlığı, mərdliyi, fədakarlığı ilə ailəsinin, hərbçi yoldaşlarının, əsgərlərinin qəlbini fəth edib. Şəhadəti ilə isə bütün Azərbaycanın qəlbini fəth etdi, qəhrəmanlığı ilə hər kəsin qəlbində taxt qurdu. İgidlik və mərdlik keyfiyyətlərini özündə birləşdirən Xəyal Aslanov Azərbaycana elə özü kimi iki igid oğul övladı, gələcəyin iki əsgərini yadigar qoydu.

Ailəsi ilə həmsöhbət olmaq, onun həyatı, döyüş yoluna nəzər salmaq üçün Xəyalın doğulub böyüdüyü Tərtər rayonuna yollandıq.

Evə girər-girməz Xəyalın bizə əmanət qoyduğu 5 yaşlı Umud və 4 yaşlı Uğur əsgər salamı ilə bizi qarşılayır. Hər ikisi də bayraq libasında bizimlə görüşür, biz də salam verib, əyləşirik...

İçəri girər-girməz Xəyalın divarda asılan hərbi forması, masanın üzərində isə şəhidimizin bütün hərbi həyatını, döyüş yolunu özündə əks etdirən xatirə əşyaları toplanan masa diqqətimizi cəlb edir, fotolara baxıram, müxtəlif illərdə çəkilib, müharibədən əvvəl, müharibə zamanı... Və şəhid olsam, bu fotomu paylaşarsınız, dediyi şəkil...

Xəyal silahdaşlarından şəhid olarsa bu fotosunu paylaşmalarını xahiş edir. Dediyi kimi də olur, indi hər kəs Xəyalın bu şəklini paylaşaraq “Ruhun şad olsun, şəhidim” deyir.

Publika.az-a oğlunun qəhrəmanlığından danışan Nəzakət Aslanova 1992-ci ildən bu günə qədər şəhid qardaşının igidliyindən bəhs edirdi, bu gün isə tək oğlunun şücaətindən, şəhidlik zirvəsinə ucalmasından danışanda gözləri dolur. Nəzakət ana bu dəfə həm şəhid bacısı, həm də şəhid anası kimi fikirlərini bizimlə bölüşür. Birinci Qarabağ müharibəsində qardaşı Natiq Həsənov qəhrəmanlıqla vuruşub, ermənilərə qan uddurub, buna görə də onun öldürülməsi üçün mənfur düşmən pul mükafatı qoyub. Şəhidimizin anası deyir ki, Xəyal Natiqə bənzəyirdi, qəhrəmanlığı, igidliyi, mərdliyi və qorxmazlığı ilə sanki eyni idilər: “Xəyalın şəhid dayısı Sumqayıt Texnologiya Kollecinin ikinci kurs tələbəsi idi. Natiq 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində olan faciədə qəhrəmancasına şəhid oldu. Könüllü orduya yazılmışdı, Ağdabanda böyük qəhrəmanlıq göstərdi. Ermənilər qardaşımın başına pul qoymuşdu, o cür igid idi Natiq. Xəyal da ona oxşayıb”.

Xəyal Aslanov 1994-cü ildə Tərtər rayonunda anadan olub. Orta məktəbi də elə burada bitirib və hərbi xidmətə yollanıb. Naxçıvanda xidmətini başa vurduqdan sonra gizirlik kursuna daxil olub və oranı da uğurla bitirib. Anası deyir ki, oğlumun hərbiyə marağı çox idi. Xəyal həmişə deyirmiş ki, hərbisiz mənə həyat yoxdur, yaşaya bilmərəm hərbi olmadan. İşini, əsgərlərini, komandirlərini, nəhayət Vətəni hər şeydən çox sevirmiş.

Xəyal hərbidə ərzaq-anbar rəisi kimi işə başlayıb, Ağdamda N saylı hərbi hissədə anbar rəisi işləyib. Sonra isə könüllü şəkildə ön xəttə gedib. 2016-cı il Aprel döyüşlərində Ağdamda ön xətdə olub, orada böyük qəhrəmanlıq göstərib. Buna görə Xəyal mükafatla təltif olunub.

Daha sonra kəşfiyyatda operator komandiri işləyib. Növbəti iş yeri Mübariz İbrahimovun xidmət etdiyi post olub, orada Xəyal 3 il post komandiri olub. Burada Xəyala həm Mübariz İbrahimova bənzədiyi üçün, həm də igidliyinə görə “İkinci Mübariz” deyiblər. O, müharibə başlamazdan əvvəl taqım komandiri işləyirmiş. Sentyabrın 27-də, döyüşlər başlayanda isə əks-həmlə hücum taborunda komandiri ilə birgə iştirak edib. Talış-Suqovuşan istiqamətində, 831 adlı yüksəklikdə düşmən dəstəsini məhv ediblər, lakin namərd düşmən Xəyalın qrupunu hədəf alıb, o, komandiri ilə birlikdə sentyabrın 28-də şəhid olub.

Şəhidimizin anasının sözlərinə görə, Xəyal döyüşlərə kəşfiyyatçı kimi qoşulduğunu ailəsindən gizlədib. Lakin Nəzakət ana müharibənin ikinci günündə oğlu ilə əlaqə yarada bilməyəndə narahat olub. Deyir ki, Xəyala nəsə olduğunu həmin gün hiss etdim: “Biz onu taqım komandiri bilirdik, amma şəhid olandan sonra öyrəndim ki, könüllü şəkildə kəşfiyyatçı kimi döyüşlərə qoşulub. Sentyabrın 28-də atası ilə əlaqə saxlayıb, biz əslən Ağdərə rayonundanıq, atasına deyib ki, ata, anama demə, biz sizin torpaqlarınızdayıq. Şəhid olana qədər mən elə bilirdim ki, döyüşlərdə deyil, mənə deyirdi ki, Naftalandayam. Ayın 28-i Xəyala zəng etdim, zəng çatmadı. Atasına dedim ki, oğluma nəsə olub, narahatam, məni onun iş yerinə apar. Getdik iş yerinə, dedim ki, oğlumla əlaqə yaradın, dedilər onlar döyüşdədir, ön xətdədir, indi əlaqə saxlamaq mümkün deyil. Onların qrupundan şəhid olanın, yaralananın olub-olmadığını soruşduq. Atası mənə dedi ki, içəridə bir nəfər ağlayırdı ki, hərbi hissənin gözü - bir gizir, bir də komandir şəhid olub. Onda dedim ki, o, Xəyaldır. Hiss etmişdim... Sonra geri qayıdanda yolda zəng etdilər ki, Xəyal yaralanıb. Gəldik gördük ki, yaralanmayıb, şəhid olub oğlum...”

Divardan asılan hərbi geyimin xatirəsini, döyüş tarixçəsini şəhidimizin anasından soruşuruq. Nəzakət Aslanova qeyd edir ki, komandiri ilə Xəyal ayrı-ayrı həmin yüksəkliyə doğru irəliləyiblər. Xəyala komandiri deyib ki, mənə əsgərlə sarğı göndər, o da yol təhlükəli olduğu üçün əsgərini ora göndərməyib, deyib ki, hava istidir, kitelini soyunub verib əsgərinə, özü də komandirinin yanına gedib: “Bir ay olar ki, onu bizə gətiriblər. Bu formanı oğlum döyüşdə geyinib, son dəfə əynində olub bu forma (divarda asılan əsgər formasını göstərir, gözləri dolur...)”

Daha sonra Xəyal komandiri ilə birgə o istiqamətdən irəliləyib, namərd düşmənin atdığı minomyot yanlarına düşüb. Qəlpələr Xəyalın arterial damarından dəyib, o, elə həmin yerdə ən ali məqama, şəhidlik zirvəsinə ucalıb.

Anası Xəyalın qəhrəmanlığından, qorxmazlığından qürurla danışır. Bildirir ki, ona hətta hərbçi dostları arasında Şirxan da deyirmişlər: “İş yerində həm də oğluma “İkinci Mübariz” deyirmişlər, ona görə də onun belə bir fotosunu çərçivəyə salıb təqdim ediblər (Xəyalın “İkinci Mübariz” yazısı olan fotosunu göstərir). O, qoçaq idi, qorxmaz idi, mərd oğul idi. Mən onun evdə bıçaq gəzdirdiyini heç vaxt görməmişəm, amma onun şəhid olandan sonra bıçağını bizə gətiriblər”.

Döyüş yoldaşları deyirlər ki, Xəyal bizi qorudu. O, təkbaşına ayaqüstə dayanaraq onları müdafiə edib: “Komandiri mayor Sərxan Muxtarov başsağlığına gəlmişdi, deyirdi ki, Xəyal onların postundan başqa yerə taqım komandiri kimi gedəndə, özlərinə sual edirmişlər ki, Xəyal olmadan bu post necə olacaq? Xəyal bambaşqa bir oğul idi...”, - deyib köks ötürür Nəzakət ana.

Bir bacının tək qardaşı olan Xəyal Aslanov anasına, ailəsinə çox bağlı olub: “Xəyalsız çox çətindir, ona çox bağlı olmuşam, o da mənə. Şəhidlər ölməz deyiblər, ona görə də Xəyalın sağ olduğunu düşünürəm, yoxsa ürəyim dayanar”, - Nəzakət ana belə deyir.

Xəyalda qisas hissi güclü olub, dayısı Birinci Qarabağ müharibəsində şəhid olduğuna görə, o, daim ermənilərə qarşı qisas hissi ilə yaşayıb.

Anasının sözlərinə görə, Xəyal o qədər tərbiyəli, böyüyün-kiçiyin yerini bilən olub ki, hətta nişanlananda da bunu hərbçi yoldaşlarından gizlədib: “Ağdamda işləyirdi, nişanına gəlmişdi, dedim ki, şirniyyat, yemək göndərim sənə, dedi ki, işdə nişanlandığımı bilmirlər. Əsgərlərinə çox bağlı idi, məzuniyyəti zamanı evə gəlirdi, dayana bilmirdi burda, darıxırdı əsgərləri üçün. Evdən onlara yemək, şirniyyat aparırdı. Xəyal əvəzedilməz oğul idi...”

Şəhidimizin bizə əmanət qoyduğu övladları ilə maraqlanırıq. Özlərini bizə atalarının adı ilə təqdim edirlər, salamları isə əsgər salamı...

Nəzakət ana deyir ki, uşaqlar əvvəl atalarının yoxluğunu qəbullanmırdılar, onun şəhid olduğunu dərk etmirdilər. İndi isə hər şey fərqlidir. “Müharibədən sonra böyük oğlu Umud deyirdi ki, ki, ay nənə, hamının atası çiynində bayraq evlərinə gəlir, bəs mənim atam niyə gəlmir? Elə sual verəndə ürəyim az qalırdı dayansın. Xəyalın döyüşçü yoldaşları indi müharibədən sonra Laçında olduqları üçün deyirdim ki, atanız Laçındadır, gələcək. Sonradan bildilər hər şeyi, indi Xəyalın məzarı üstünə gedəndə böyük oğlanla balaca Uğur qaçaraq gedirlər ki, mən hamıdan əvvəl öpəcəm atamı. Umud deyir ki, atamız işdədir, balaca da deyir ki, atama güllə dəyib. Uşaqların bu danışığını eşitdikcə ürəyim parçalanır. Mən də atasız böyümüşəm, Xəyalın da balaları atasız qaldı. Biz Xəyalın övladları ilə təsəlli tapırıq. Onun alnına bağladığı hərbi şarfını indi mən başıma bağlayıram, sanki onunla nəfəs alıram...”

Xəyalın anası da, atası da övladları ilə fəxr etdiklərini, onun igidliyi, mərdliyi və göstərdiyi şücaəti ilə daim qürur duyacaqlarını bildirirlər.

Biz də Xəyal Aslanov kimi Vətənin azadlığı uğrunda savaşan, zəfər yolumuzda canından keçən igidlərimizlə fəxr edirik. Xəyalın, neçə-neçə xəyalların uğrunda savaşdıqları Qarabağımız azaddır və öpüb gözlərinin üstünə qoyduqları üçrəngli bayrağımız azad olunmuş Vətəndə dalğalanır.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm