Rəşad İlyasov “Eurovision”dakı erməni təxribatından danışdı: “Vaxtında qarşısı alındı”
Bizi izləyin

Xüsusi

Rəşad İlyasov “Eurovision”dakı erməni təxribatından danışdı: “Vaxtında qarşısı alındı”

Əməkdar artist Rəşad İlyasov bir çox həmkarı kimi toyların keçirilməsinə icazə verilməməsindən narahatdır. Pandemiyanın musiqiçilərə həm mənəvi, həm də maddi zərər vurduğunu dilə gətirən sənətçi bu müddətdə bir neçə mahnı yazdırdığını bildirib.

Publika.az sənətçi ilə müsahibəni təqdim edir.

- Rəşad bəy, pandemiya müddətində nə ilə məşğul oldunuz?

- Bu vaxtı ancaq yaradıcılığa həsr etdim, bir neçə mahnı yazdırdım. Pandemiyanın tüğyan etdiyi vaxtlarda Azərbaycan Dövlət Televiziyası “Eyvan” layihəsi ilə çəkilişə gəldi. Hər sənətçinin eyvanından həm öz qonşularımıza, həm də tamaşaçılara səsləndik, çox razı qaldığım layihələrdən biri idi. Hər bir mahnını həkimlərə, güc strukturlarına və müxtəlif peşə sahiblərinə həsr etdim. Yayı beləcə başa vurduq.

Daha sonra müharibə başladı. Qürur hissilə deyirəm ki, Azərbaycan Ordusu torpaqlarımızı mənfur düşməndən, mikroblardan, yad ünsürlərdən təmizlədi. İgid oğlanlarımız, əsgərlərimiz və qazilərimiz sağ olsunlar. Təbii ki, şəhidlərimiz də oldu, bütün dünyanın rəhməti və gözəllikləri onlara düşür. Allah onların yerini behişt etsin, övladlarına və yaxınlara can sağlığı versin! Ali Baş Komandan başda olmaqla, dəyərli oğulların sayəsində tarixi nəticə əldə etdik. Ön cəbhədə igid oğullarımız döyüşürdü, amma hər kəs öz sahəsində səfərbər olmuşdu. Xalqımızın birliyinin bir daha şahidi oldum. Dövlət başçısı bu müddətdə dünyanın aparıcı media orqanlarına 30-dan çox müsahibə verdi. Cənab İlham Əliyev tanınmış jurnalistlərə verdiyi mükəmməl cavabları ilə Azərbaycan haqqında yaranmış yanlış stereotipləri qırdı. Biz informasiya müharibəsindən də üzüağ çıxdıq, artıq bütün dünya ermənilərin real üzünü tanımağa başladı.

Bu müharibədə həm hüzn, həm qürur hissi, həm sevinc, həm də sarsılmaz bir iradə var idi. Bu duyğulardan da vətənpərvərlik mövzusunda yeni-yeni mahnılar doğdu. Faiq Sücəddinov sözləri Rəsul Rzaya aid olan “Azərbaycan əsgərinə” adlı mahnı yazdı. Bu mahnının tarixçəsi xüsusi diqqətəlayiqdir. Mahnı Rəsul Rzanın oğlu yazıçı Anarın təşəbbüsü ilə meydana gəldi. Sözlərini gözəl şairimiz İkinci Dünya müharibəsində yazsa da, müasir dövrü əhatə edir. Demək ki, o dövrün ziyalıları əsl düşmənimizin kim olduğunu gözəl bilirdi.

“Ay Laçın” əsərini həddən artıq çox sevirəm, bu mahnı hər bir azərbaycanlının ürəyindədir. Ümumiyyətlə, bütün dünyada sevilən mahnılarımızdan biridir, sözləri xalq bayatılarından götürülüb. Ona olan sevgim məni bu günün Laçını haqqında oxumağa həvəsləndirdi. Şair Şəhriyar del Geraniyə azad olunmuş Laçın haqqında oxumaq istədiyimi dedim. O da azad olunmuş Laçına bir şeir yazdı. Qanun, gitara və balabanın müşayiəti ilə mahnının akustik versiyasını yazdırdıq.

Hər kəsin qələbəyə kökləndiyi bir vaxtda şairə və gözəl bəstəkarımız Fidan Cəbiyevanın vətənpərvərlik mövzusunda yazdığı başqa bir əsəri ifa etdim. “İrəli gedir millətimiz” adlanan bu mahnının təsadüfən 8 noyabrda hazır olması da ürəyimcə oldu. Daha sonra Faiq Sücəddinovdan “Qurbanın olsam, incimə”, eləcə də Fidan Cəbiyevadan “Könül bağçam” mahnıları yazıldı.

- Bir mahnının hazırlanması bahalı prosesdir. Onu da bilirik ki, pandemiya maddi baxımdan ən çox sənət adamlarına ziyan vurdu. Siz bu maddi problemlərin öhdəsindən necə gəldiniz?

- Ən birinci mənəvi, daha sonra maddi çətinliklərim oldu. Musiqiçilər sağ olsun, hər iki tərəfə sərf edən qiymətlərlə həll elədik. Həmçinin sənətsevər dostlarım da arenjemana yardımçı oldu. Sözsüz ki, sənətçilərin üzərinə böyük bir yük düşdü. Amma dostlarımız bu müddətdə bizi tək qoymadı. Əslində, burada mənəvi dəstəkdən söhbət gedir. İnsanların sadəcə sözlərlə ilham, ruh və stimul verməsindən gözəl dəstək yoxdur. Dostlarım dinləyicilərimdir, sənət fəaliyyətimdən xəbərdar olan adamlardır. Təbii ki, məni tək qoymadılar.

- Musiqi fəaliyyətinizlə yanaşı, həm də illərdir Azərbaycan Dövlət Televiziyasında çalışmısınız. Natiqlik qabiliyyətiniz hər kəsə məlumdur. Siyasətçinin sahib olmalı olduğu xüsusiyyətlərə maliksiniz. Sizi nə zamansa siyasi arenada görə bilərikmi?

- Millət vəkili kimi namizədliyimi irəli sürmək təklifləri olub. Belə arzum olmasa da, hər bir işimdə Azərbaycana olan eşqimi ifadə etməyə çalışıram. Öz yaradıcılığımızda siyasi baxışlarımızı və mövqeyimizi ortaya qoyuruq, sənətimi atıb sırf siyasətlə məşğul olmaq, hər hansı partiyadan deputat seçilmək barəsində düşünmürəm. İstənilən halda azərbaycançılığı və türkçülüyü, mədəniyyətimizi yüksək səviyyədə təbliğ etməyə çalışıram. Bildiyim odur ki, hər bir insan öz soyuna və kökünə bağlı olmalıdır.

- Necə düşünürsünüz, toy biznesi pandemiyadan sonra əvvəlki üstünlüyünü qoruyub saxlaya biləcək?

- Bu barədə danışmaq erkəndir. Elə bir çətin dönəmdə yaşayırıq ki, mütəxəssislər belə toylara nə zaman icazə veriləcəyi barədə hər hansı proqnoz verməyə çətinlik çəkirlər. Azərbaycan toylarında elə gözəl adət-ənənələr var ki, onları yaşatmağa dəyər. Zövqü olan insanların toyu çox gözəl və maraqlı keçir, sanki nağıla bənzəyir. Düşünmürəm ki, ciddi təsiri olsun, sadəcə müəyyən qaydalar çərçivəsində keçiriləcək. Azərbaycanlıların toy ənənələri çox qədim tarixi köklərə malikdir. Toylarımızda bir qədər israfçılıq görürəm, istəməzdim ki, yeməklərə bu qədər yer verilsin. Məclisin bəzəyi musiqidir. Toy sahibləri yeməklərin sayını az edib bədii hissəyə diqqət ayırsa, daha yaxşı olar. İlk növbədə toyun aparıcısı və musiqiçiləri gözəl olmalıdır ki, gələn qonaqlar da feyziyab olsun. Pandemiyadan sonra yəqin ki, israfçılıq daha az müşahidə olunacaq. İstərdim ki, səhnənin gözəlliyinə, bədiiliyə, işıqlandırmaya və səsləndirməyə daha çox üstünlük verilsin.

- Belə görünür ki, Operativ Qərargah toyların keçirilməsinə hələ bir müddət icazə verməyəcək.

- Toy biznesi çox genişdir, nə qədər insan evinə çörək aparır. Düşünürəm ki, toylara icazə verilsə, yaxşı olar, ən azından insanlar bir qədər rahatlaşar. Bir ifaçı kimi bu qadağalar məni də narahat edir. Bir çox restoranlar müştəri ilə dolub-daşır, toydakından daha çox rəqs edirlər. Səhnə aldığım əyləncə mərkəzlərində insanları rəqs etməyə qoymuram, deyirəm ki, ruhumuz dincəlsə bəsdir. Toyların keçirilməməsi və restoranların bu şəkildə fəaliyyəti təzad yaradır. Amma bir çox qurumlar səfərbər olub, pandemiya ilə mübarizə tədbirləri birbaşa dövlət başçısının diqqətindədir. Düşünürəm ki, bir bildikləri var, məqamı yetişəndə bu problemlər də öz həllini tapacaq. Son yumşaldılmalar könlümüzə su səpdi, inşallah tezliklə toylara da müəyyən qaydalar çərçivəsində icazə verilər.

- “Eurovision” təmsilçimizin çıxışı haqqında nə düşünürsünüz? Sosial şəbəkələrdə daha çox tənqidi fikirlərə rast gəldik.

- Bilirsiniz, niyə tənqid edirlər? Çünki o qız 20-ci yeri tutdu. İlk beşlikdə olsaydı, heç bir tənqid olmayacaqdı. Əyri oturub düz danışmaq lazımdır. Samirə xanımın səsi Avropa tamaşaçısının zövqünə xitab edir, çox gözəl səsi var. Bu nömrədə iki məqamı bəyənmədim. Birincisi, geyimlər xoşuma gəlmədi. Düzünü desəm, geyim məsələsinə toxunmaq istəməzdim, yalnız onu demək istərdim ki, estrada və pop səhnəsində geyimin rahat olması arzuolunandır. Orada xoreoqrafik hərəkətlər də var idi, Samirənin səhnə geyimi uğurlu deyildi. Azərbaycan ifaçısını münsiflər daha çox dəyərləndirmişdi, nəinki tamaşaçıların verdiyi xallar. İkincisi, bu işi hazırlayanlar məndən inciməsin, mahnının bəzi hissələrinin aranjemanında bir balaca demodelik gördüm.

Müəyyən qırğınlıqlar var ki, Samirəlik deyil, onları müşayiət edən insanlar buna diqqət etməli idi. Ola bilsin ki, tamaşaçılarımız bilməsin, kulisdə çox böyük gərginlik olur. Bu il ermənilərin təxribatları gözlənilirdi və oldu da. Sağ olsunlar gənclərimiz, vaxtında qarşısını aldılar. Qondarma “Artsax”ın bayrağını keçirmək istəyiblər, təcavüzkar ölkə kimi bukletlər paylanılıb. Yaxşı ki, azərbaycanlılar bunun yalan olduğunu mütəşəkkil şəkildə söyləyə bilib. Bunlardan bizim üzüağ çıxmağımız hər şeyə dəyər, əsas sevindirici hal budur.

Artıq bir neçə ildir ki, “Eurovision” müsabiqəsində qaliblər başqa meyarlar əsasında seçilir. Müsabiqədə gözəl ifalar və səslər qaldığı halda, birinci yeri güclü olmayan İtaliya müğənnisi tutdu. İtaliya kimi klassik musiqinin beşiyi olan bir ölkənin nə cür bir səsi seçildi. Əlbəttə ki, Avropa tamaşaçısını nəzərə almaq lazımdır, amma mahnıda milli elementlərin olması da çox gözəl qarşılanır.

Bu müsabiqədə çox uğurlu çıxış edən təmsilçilərimiz olub. Elnur Hüseynovla Samir Cavadzadənin çıxışı Avropa tamaşaçısına bir şillə oldu. Araşla Aysel Teymurzadənin, Fərid Məmmədovun, Səbinə Babayevanın çıxışları yaddaqalan idi.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm