Xüsusi
Koronavirusdan daha DƏHŞƏTLİ TƏHLÜKƏ Azərbaycanda: ildə ON MİNLƏRLƏ CAN ALIR - ARAŞDIRMA - - VİDEO
Video əlavə olunub.
xxx
Artıq iki ilə yaxındır ki, koronavirus infeksiyası dünyanı cənginə alıb, on minlərlə insanın həyatını itirməsinə səbəb olub. Hər kəsi qorxuya salan bu infeksiyadan müxtəlif tədbirlərə baxmayaraq, qurtulmamız hələ ki, mümkün deyil və günü-günüdən ölüm halları artır.
Lakin düşünməli və qorxmalı olduğumuz başqa bir, özü də koronavirusdan daha dəhşətli xəstəlik də var: Hipertoniya (qan təzyiqinin yüksək olması). Amerika Ürək Assosiasiyasının yaydığı məlumata görə, ABŞ-da hazırda 100 milyondan çox insan yüksək qan təzyiqindən əziyyət çəkir. Hipertoniya xəstəliyi heç bir simptom olmadan inkişaf etdiyindən həkimlər yüksək qan təzyiqini “səssiz qatil” adlandırır. Azərbaycanda isə hər il hipertoniyadan 24 min insanın öldüyü açıqlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının sözlərinə görə, hipertoniya hər il ölkə iqtisadiyyatında 600 milyon manatlıq itkiyə səbəb olur.
Arterial hipertaniya müalicə edilmədikdə sürətlə inkişaf edən xroniki xəstəlikdir. Ancaq bu xəstəliyə nəzarət edilə bilər! Təzyiqi və ürək-damar ağırlaşmaları riskini effektiv şəkildə azaltmaq üçün mütəmadi olaraq dərman qəbul etmək və sağlam həyat tərzini qorumaq vacibdir.
Publika.az hər il 24 min insanın ölümünə səbəb olan bu xəstəliyin yaranma səbəblərini araşdırıb. Ekspertlər qanda təzyiqin yüksək olmasının səbəblərini genetik və qeyri-sağlam qidalanma ilə əlaqələndirib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov qeyd edib ki, hipertoniyanın nəzarətə alınmasında əlbəttə ki, maarifləndirmə, ən əsası vaxtaşırı olaraq təzyiqin ölçülməsi lazımdır:
Duzun miqdarını azaldın!
“Hipertoniya ürək-damar xəstəliklərində əsas 5 risk faktorlarından biridir. Dünya Səhiyyə Sistemlərində də Milli Səhiyyələr üçün əsasən preventiv tədbirlər içərisində qarşısı alına bilən vacib risk faktoru olaraq qəbul olunur. Cəmiyyətdə həm xəstəliyə qarşı həssaslığın artırılması, həm insanların gizli problemlə mübarizə aparması üçün mütəmadi olaraq həyata keçirilən maarifləndirici tədbirlər, həm də səhiyyə quruluşlarının bu xəstəliklərin ortaya çıxarılmasındakı səyi nəticəsində bu xəstəliklə mübarizədə uğurlar qazanılır. Əlbəttə ki, bu uğurlar fonunda ürək-damar xəstəliklərin azalmasına və ən əsası ölüm faizlərinin əvvəlki illərlə müqayisədə də daha aşağı səviyyəyə düşməsinə kömək edir.
Azərbaycanda illik ölüm statistikası təxminən 70-75 mindirsə, bu rəqəmlərin 57,5 faizi ürək və qan-damar xəstəliklərinə bağlıdır. Bu da illik təxminən 40-45 minə yaxın insanın qan dövranı xəstəliklərindən həyatını itirməsi deməkdir.
Qan dövranı xəstəlikləri içində ürək-damar sisteminin, daha sonra isə beynin işemik xəstəliyi ilk sıralarda yer alır. Bunların yaranmasında əsas risklərdən biri də hipertoniyadır. Hipertoniyanın nəzarətə alınmasında əlbəttə ki, maarifləndirmə, ən əsas gizli şəkildə inkişaf edən yüksək qan təzyiqinin ortaya çıxması üçün vaxtaşırı olaraq təzyiqlərinin ölçülməsi lazımdır. Bu, dünyada olan ən əsas vasitələrdən biridir. Bununla birlikdə əlbəttə ki, hipertoniyası olan insanlar rasiondan başlıca olaraq duzun miqdarı azaltmalıdır, artıq çəki problemi ortadan qaldırılmalıdır. Təzyiq nəzarət altına alına bilmirsə, uyğun anti-hipertansiv preparataların istifadəsi labüddür”.
Bədənə daxil olan qida ilə sərf olunan enerji arasında balans olmalıdır
Professor Adil Qeybulla vurğulayıb ki, dünyada aparılan tədqiqatlar uzun illərdən bəri göstərir ki, qeyri-infeksion xəstəliklərdən ölüm hallarında dünyada birinci yeri hipertoniya tutur.
“Bu xəstəliklərlə mübarizədə şəkərin nəzarət altına alınması, eləcə də hipertoniyaya qarşı həssaslıq artırılmalıdır. Bu, ölkələrdə ölümün nisbətini azaltmaqla birlikdə bu xəstəliklərlə bağlı əmələ gələn əlilliklərin qarşısının alınmasında faydalıdır.
Hipertoniya - qan təzyiqinin yüksək olması həm genetik fatorlardan, həm də həyat tərzinə bağlı bir xəstəlikdir. Hazırda görünən tendensiya odur ki, bədənə daxil olan qida ilə sərf olunan enerji arasında balans olmalıdır. O balans çox vaxt pozulur. Demək ki, əhalinin böyük əksəriyyətində artıq çəki və xolesterinin artıqlığı problemi var. Bu da yavaş-yavaş damarların kirəcləşməsinə, daralmasına və qan təzyiqinin yüksəlməsinə, şəkərli diabetin əmələ gəlməsinə səbəb olur. İnsanlar birbaşa hipertoniyadan ölmürlər. Hipertoniyanın ağırlaşması nəticəsində yaranan fəsadlarından ölürlər. Bütün infarktların böyük əksəriyyəti: miokard infarktı, beyində işemik insultlar məhz hipertoniyaya bağlıdır. İnsanlar hipertoniya xəstələyinin ağırlaşmalarından dünyasını dəyişirlər. Əlbəttə ki, bu az rəqəm təşkil etmir. Ümumiyyətlə, dünyada ölüm göstəriciləri ürək-damar xəstəlikləri arasında birinci yerdə gəlir. O cümlədən qan təzyiqi və qan xəstəliyi sayılan hipertoniya da o sırada gəlir. Dünya göstəricilərini nəzərə alsaq, bu rəqəm Azərbaycan üçün optimaldır”, - həkim əlavə edib.
35 yaşdan sonra artıq genetik kodlar açılır və xəstəliklər üzə çıxır
Həkim-terapevt Ləman Süleymanovanın sözlərinə görə, insanın sağlam həyat sürməsi, özünü genetik xəstəliklərdən qoruması üçün sağlam qidalanması vacibdir.
“Müəyyən yaş həddindən, xüsusilə 35 yaşdan sonra artıq genetik kodlar açılır və genetik baxımdan meyilli olduğunuz xəstəliklər sizi yaxalaya bilər. İnsan özünü sığortalamaq üçün deyərdim ki, 25 yaşdan etibarən düzgün qidalanmalı, sağlam həyat tərzi sürməlidir, fiziki baxımdan aktiv olmalıdır. Əgər insan 25 yaşından başlayaraq düzgün həyat sürmürsə, sağlam qidalanmırsa, çəkisi normadan artıqdırsa, təbii ki, istənilən xəstəlikdən özünü qoruya bilməyəcək. Nəsildə şəkər və ya hipertonik xəstəsi varsa, düzgün qidalanmırsa, erkən şəkər xəstəsinə çevrilə bilər. Məsələn, artıq çəkili insanların böyük bir hissəsi ikinci tip diabetiklərdir. Statistik məlumatlar göstərir ki, son illər ərzində, xüsusilə pandemiya dövründən etibarən şəkər və hipertoniklərin sayında ciddi artım müşahidə olunur.
Genetik xəstəliklərdən özünüzü qorumaq mümkündür. Əgər sağlam qidalanıramsa, özümü qoruyuramsa, deməli, özümü bütün xəstəliklərdən müdafiə edə bilərəm, ən azından təsirini azaltmaq mümkündür. Sağlam həyat tərzi sürən insan hətta genetik kodların açılmasının qarşısını ala bilər. Ümumiyyətlə, insanın taleyi, həyatı və sağlamlığı öz əlindədir”.
Hansı rayonlarda hipertoniya xəstələri üstünlük təşkil edir?
Dietoloqun sözlərinə görə, qan təzyiqinin yüksək olması həm də coğrafi amillərdən asılı ola bilər:
“Məsələn, Zaqatala, Balakən, Qax kimi rayonlarda qalxanvari vəz xəstəliklərindən əziyyət çəkən insanların sayı daha çoxdur. Çünki buranın coğrafi iqlimi təbii ki, öz sözünü deyir. Eyni zamanda arterial təzyiqi yüksək olan insanlar dağlıq rayonlarda üstünlük təşkil edir. Dağlıq rayonlarda yaşayan insanlar uzunömürlü olsa və orqanik qidalansa da, qalxanvari vəz və yüksək qan təzyiqindən əziyyət çəkir. Bu mənada coğrafi amillərin təsirini unutmamalıyıq”.
İnsanı halsız və yorğun edir
Ləman Süleymanova bildirib ki, 2021-ci ildə şəkər xəstələrini də sayı artıb: “İnsan eyni zamanda həm şəkər, həm də yüksək qan təzyiqindən əziyyət çəkirsə, bu, daha təhlükəli ola bilər. Bu halda mədəaltı vəzin hormonu - insulin artır, qidalar çox gec həzm olunur. İnsulin artımı isə insanı halsız və yorğun edir. Beyin və aclıq hormonları isə insanın qidalara olan tələbatını artırır. İnsan yedikcə yemək istəyir və beləliklə bədən kütləsi artır, qanda şəkərin miqdarı və təzyiq yüksəlir. Düzgün qidalanmamağın nəticələri bax budur. Əgər düzgün qidalanır və lazımi miqdarda maye qəbul edirsinizsə, bədənin ehtiyacı olan maddələri qidalardan vaxtlı-vaxtında alırsınızsa, nəsildə olan xəstəliklərdən özünüzü sığortalaya bilərsiniz.
Bu qrup qidalanmasına xüsusilə diqqət etməlidir. Müəyyən qidalar var ki, onların həzmi saat 2 və 3-ə qədər aktivdir. 3-dən sonra metabolizm zəifləyir və qidaların həzm prosesi ləngiyir. Bu həm insanın çəkisini, həm qanda şəkərin miqdarını artırır, həm də təzyiqini yüksəldir. Axşam saatlarında asan həzm olunan karbohidratlara üstünlük verən insanlarda sürətli şəkər artımı müşahidə olunur. Xüsusilə yay aylarında şəkər xəstələrində təzyiq də qalxırsa, bu, həyati təhlükə ola bilər.
Düzgün qidalanma sistemilə təzyiqi yuxarı olan şəkər xəstələrini bərpa etmək mümkündür. İzah etməyə çalışmalıyıq ki, düzgün həyat tərzi sayəsində sağlamlığınızı bərpa edə bilərsiniz. Əvvəlcədən sağlam qidalansaydılar, genetik xəstəlik onları yaxalamazdı. Vaxtında düzgün qidalanmamısınızsa və ya düzgün həyat tərzi sürməmisinizsə, mütəmadi olaraq kardioloq və terapevtin müayinəsində olmasınız. Profilaktik müalicə almalısınız, belə hallarda dərman terapiyaya üstünlük verilir.
12-13 yaşında körpə uşaqlara insulinə qarşı həssaslığını artırmaq üçün dərman müalicəsi yazırlar
Əgər qanda təzyiqin yuxarı olduğu yeni aşkarlanıbsa, dərhal sağlam həyat tərzinə keçməlisiniz ki, yavaş-yavaş bu xəstəlikdən özünüzü sığortalaya biləsiniz. Yaxşı olardı ki, bu insanlar dərman qəbul etməzdən əvvəl həkim dietoloqa müraciət etsinlər, sağlam həyat tərzi proqramı tərtib olunsun. Orqanizm dərmana öyrəşmədən xüsusilə 2-ci tip diabetiklər dərman terapiyasız insulini tənzimləyə bilər. Lakin dərmana başladıqdan sonra orqanizmin dərmanlardan asıllıq fazası müşahidə olunur. Bu fazada dərmanı dayandırmaq orqanizmdə müəyyən təzadlara gətirib çıxara bilər. Xüsusilə mədəaltı vəzlə bağlı problemlər yaşada bilər. Çox təəssüf edirəm ki, müəyyən həkimlər 12-13 yaşında körpə uşaqlara insulinə qarşı həssaslığını artırmaq üçün dərman müalicəsi yazırlar. Bu, çox yanlış müalicə üsuludur. Uşaq orqanizmini indidən belə bir dərmana öyrəşdirmək gələcəkdə onun şəkərli diabetik olmasına zəmin yaradır. Odur ki, buradan valideynlərə müraciət edirəm, əgər övladınızda artıq çəki müşahidə olunursa, insulin normadan artıqdırsa, qətiyyən qorxmayın, terapevt, pediatr-dietoloqa müraciət edin və uşaqlara sağlam həyat tərzi proqramı tərtib olunsun və insulinin miqdarı dərmansız terapiya ilə tənzimlənsin”.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...